Azərbaycan
   
   3 fevral 1924 - Bakıda ilk tramvaylar işləməyə başlayıb. Azərbaycanda polad relslər üzərində ilk nəqliyyat - Bakı-Tiflis dəmir yolu - 1883-cü il mayın 8-də işə salınmışdı. 1899-cu ildə Bakıda konka işləməyə başladı. 1924-cü ildə elektrik tramvay xəttinin istismara verilməsindən sonra 1926-cı ildə SSRİ-də ilk elektrik dəmir yolu xətti də Bakıda (Bakı-Sabunçu elektrik qatarı) işə salındı.
   3 fevral 1938 - Yazıçı, publisist Şamil Süleymanlı anadan olub.
   3 fevral 1949 - Azərbaycanın Milli Qəhrəmanı Şahin Talıb oğlu Tağıyev Tərtər rayonunda anadan olub. Qarabağ döyüşlərindəki şücaətinə görə 23 iyun 1992-ci il tarixli prezident fərmanı ilə bu ada layiq görülüb.
   3 fevral 1958 - Ədəbiyyatşünas Esmira Şükürovanın doğum günüdür.
   3 fevral 1990 - Görkəmli aktyor Hamlet Xanızadə (5. 6. 1941 - 1990) vəfat edib.
   
   4 fevral 1921 - Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə (Lütfi Rəhim oğlu Ələsgərzadə) Bakıda anadan olub. 1930-cu ildə ailəsi ilə İrana köçüb. Tehran Universitetini bitirdikdən sonra 1944-cü ildə ABŞ-a gedib, Massaçusets Texnologiya Universitetində oxuyub, Kolumbiya Universitetində elektron mühəndisliyi üzrə professor elmi dərəcəsi alıb. 1960-cı illərdən Berkli Universitetində (Kaliforniya) işləməyə başlayıb. Lütfi Zadəyə şöhrət gətirən qeyri-səlis məntiq nəzəriyyəsi 80-ci illərdən dünyanın ən aparıcı texnologiya şirkətlərində, Amerika Milli Aerokosmik Agentliyində (NACA) istifadə olunur.
   4 fevral 1939 - Xalq artisti, aktyor Tariyel İsgəndər oğlu Qasımov Ağstafanın Köçəsgər kəndində anadan olub. “Axırıncı aşırım”, “Vulkana doğru”, “Doğma sahillər” və s. filmlərdə çəkilib.
   4 fevral 1945 - Tanınmış müğənni və bəstəkar, Xalq artisti Polad Bülbüloğlu anadan olub. 1988-2006-cı illərdə Azərbaycanın mədəniyyət naziri olub. 2006-cı ildə Azərbaycanın Rusiyada səfiri təyin edilib.
   4 fevral 1954 - Azərbaycanda ən iri su elektrik stansiyası - Kür çayı üzərində Mingəçevir SES istifadəyə verilib. Cənubi Qafqazda ən iri su elektrik stansiyası olan Mingəçevir SES-in inşası 1945-ci ildə başlamışdı. Stansiyanın işə salınması ilə respublikanın yeni sənaye mərkəzinin - energetiklər şəhəri Mingəçevirin təməli qoyulub.
   4 fevral 1956 - Xalq artisti, xanəndə Səkinə Qulu qızı İsmayılovanın doğum günüdür. Opera və Balet Teatrında uzun illər Leyli ("Leyli və Məcnun", Ü.Hacıbəyli), Ərəbzəngi ("Şah İsmayıl", M.Maqomayev) və s. partiyaları uğurla ifa edib.
   4 fevral 1974 - Görkəmli riyaziyyatçı alim, akademik, Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti Zahid Xəlilov (17.1.1911-1974) vəfat edib. 1962-1967-ci illərdə Azərbaycan SSR EA-nın prezidenti olub.
   5 fevral 1918 - Böyük bəstəkar, pedaqoq, alim, Azərbaycan EA-nın akademiki, SSRİ Xalq artisti Qara Əbülfəs oğlu Qarayev (1918-13.05.1982) anadan olub. Dünya müsiqi xəzinəsinə daxil olan “Yeddi gözəl" (1952), “İldırımlı yollarla" (1958) baletlərinin, üç simfoniyanın, “Don Kixot" (1960) simfonik qravürünün, “Leyli və Məcnun" simfonik poemasının, “Vyetnam" süitasının, fortepiano üçün 24 prelüdün, skripka və fortepiano üçün sonatanın, romansların müəllifidir.
   5 fevral 1925 - Azərbaycan Xalq Komissarları Soveti Bakıda Kitab Palatası (passajı) təşkil etmək bərədə qərar verib
   5 fevral 1930 - Görkəmli xanəndə, muğam ustası Əlibaba Balaəhməd oğlu Məmmədov Bakının Maştağa kəndində doğulub. Yaradıcılığı ilə Azərbaycan musiqi mədəniyyətinin inkişafına dəyərli töhfələr verib. 100-dən artıq mahnı və təsniflər yaradıb.
   5 fevral 1939 - Yazıçı-dramaturq, ssenarist və rejissor Rüstəm İbrahimbəyov Bakıda anadan olub. Əsərləri əsasında 30-dan çox film çəkilib, dünyanın bir sıra teatrlarında səhnələşdirilən pyeslərin müəllifidir.
   5 fevral 1948 - Şair, dramaturq Mərkəz Qacar anadan olub.
   5 fevral 1963 - Teatr və kino aktrisası Münəvvər Səməd qızı Kələntərli (1912, Lənkəran - 5.2.1963) vəfat edib. 1933-cü ildən səhnə fəaliyyətinə başlayıb, əvvəl milli opera tamaşalarında, sonralar əsasən musiqili komediyalarda çıxış edib. "Arşın mal alan" (1945), "Bəxtiyar”, "Qızmar günəş altında", "Görüş", "O olmasın, bu olsun" və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   5 fevral 1991 - Azərbaycan Ali Sovetinin iclasında Dövlət bayrağı haqqında qərar qəbul edilib. Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Azərbaycanın Dövlət bayrağı kimi təsdiq edilib. Dövlət bayrağı bərabər enli üç üfüqi (mavi, qırmızı, yaşıl) zolaqdan ibarətdir. Mavi rəng - Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng - müasir cəmiyyət qurmaq istəyini, yaşıl rəng - İslam dininə mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib.
   
   6 fevral 1905 - Bakıda erməni daşnak qüvvələrinin müsəlman (türk) əhaliyə qarşı kütləvi qırğınları başlayıb. Çar Rusiyası hakim dairələrinin ölkədəki inqilab dalğasından diqqəti yayındırmaq üçün təhrik etdikləri toqquşmalar fevralın 9-dək sürdü. Bu toqquşmalardan sonra Bakıda hərbi vəziyyət elan edildi, lakin erməni qüvvələrinin müsəlman əhaliyə qarşı hücumları aralıqlarla sonrakı dövrdə də (1907-ci ilədək) davam etdi.
   6 fevral 1924 - Tanınmış aktrisa, Xalq artisti Firəngiz Şərifova anadan olub. Görkəmli aktyor, rejissor, Abbasmirzə Şərifzadənin və aktrisa, SSRİ Xalq artisti Mərziyə Davudovanın qızıdır. "Qaraca qız" (Yasəmən), "Qərib cinlər ölkəsində (Tükəz), "Qətl günü" (Nənə) və s. filmlərdə çəkilib.
   6 fevral 1927 - Rejissor, Xalq artisti Lütfi Şahbaz oğlu Məmmədbəyov (1927 - 1.2.2004) Ağdaşda doğulub. Televiziyada 60-dan çox televiziya tamaşasının rejissoru olub.
   6 fevral 1938 - Xalq artisti, aktyor Rafiq Əşrəf oğlu Əzimov Bakıda anadan olub. 1962-ci ildən Akademik Milli Dram Teatrında çalışır. Bir sıra televiziya tamaşalarında, “Yeddi oğul istərəm”, “Arxadan vurulan zərbə” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   6 fevral 1950 - Xalq artisti, xanəndə Ağaxan Minəxan oğlu Abdullayev Bakının Əmircan kəndində anadan olub.
   6 fevral 1970 - Azərbaycanın Milli Qəhrəmanı Mirəsgər Mirabdulla oğlu Seyidov anadan olub.
   
   Dünya
   
   3 fevral 1809 - Alman bəstəkarı, dirijor Mendelson Feliks Mendelson (Jakob Ludwig Felix Mendelssohn Bartholdy (1809-4.11.1847) anadan olub. Məşhur “Toy” marşının müəllifidir.
   3 fevral 1872 - Məşhur rus memarı, neoklassisizmin nümayəndəsi İvan Aleksandroviç Fomin (1872-1936) anadan olub.
   3 fevral 1874 - Amerika yazıçısı Gertruda Staynın (Gertrude Stein, 1874-1946) doğum günüdür.
   3 fevral 1881 - Rus kinematoqrafının banilərindən biri, rejissor Yakov Akeksandroviç Protazonov (1881-1945) anadan olub.
   3 fevral 1899 - Çin ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı-dramaturq Lao Şe (1899-1966) anadan olub.
   
   4 fevral 1873 - Rus yazıçısı Mixail Mixayloviç Prişvin (1873-1954) anadan olub.
   4 fevral 1889 - Rus filosofu və kulturoloqu, sosiologiyada sosial çeviklik və stratifikasiya nəzəriyəsinin banisi Pitirim Aleksandroviç Sorokin (1889-1968) anadan olub.
   
   4 fevral 1900 - Fransız şairi, kinossenarist Jak Prever (Jacques Prevert, 1900-1977) anadan olub.
   4 fevral 1915 - İngilis aktyoru, “mister Pitkin” haqqında kinokomediyalarda baş rolun ifaşısı Norman Uizdom (Norman Joseph Wisdom, 1915-2010) anadan olub.
   4 fevral 1933 - Rusiyanın Xalq artisti, aktyor İqor Kvaşanın doğum günüdür.
   4 fevral 1948 - Amerika rok-musiqiçisi Elis Kuper (Alice Cooper - Vincent Damon Furnier) anadan olub.
   
   5 fevral 1808 - Alman rəssamı, bidermayer (məişət və interyer detallarının, sadə adamların təsviri) üslubunun məşhur nümayəndəsi Karl Şpisveq (Carl Spitzweg, 1808-1885) anadan olub.
   5 fevral 1810 - Norveç milli musiqi məktəbinin banilərindən biri, bəstəkar, skripkaçı Ule Bull (Ole Borneman Bull, 1810-1880) anadan olub.
   5 fevral 1836 - Görkəmli rus ədəbiyyatşünası Nikolay Aleksandroviç Dobrolyubovun (1836-1861) doğum günüdür.
   5 fevral 1864 - Alman bəstəkarı, çoxsaylı hərbi marşların müəllifi Karl Teyke (Carl Albert Hermann Teike, 1864-1922) anadan olub.
   5 fevral 1914 - Tanınmış Amerika yazıçısı Uilyam Stüard Berrouz (William Seward Burroughs, 1914-1997) anadan olub.
   
   5 fevral 1923 - Belarus təsviri sənətinin klassiki, məşhur rəssam Leonid Şmelev anadan olub.
   5 fevral 1943 - Amerika kinorejissoru, ssenarist və prodüser Maykl Mann (Michael Mann) anadan olub.
   5 fevral 1945 - İngilis aktrisası Şarlotta Remlinq (Tessa Charlotte Rampling) anadan olub.
   
   6 fevral 1894 - Gürcü kinorejissoru və ssenaristi, SSRİ Xalq artisti Mixail Edişeroviç Çiaureli (1894-1974) anadan olub.
      
   6 fevral 1895 - Alman rəssamı Frans Radzvill (Franz Radziwill) anadan olub.
   
   6 fevral 1932 - Fransız aktyoru və rejissoru, kino sənətində “yeni dalğa”nın banilərindən biri Fransua Trüffo (François Roland Truffaut) anadan olub.
   6 fevral 1951 - Fransız komediya aktyoru Jak Vilre (Jacques Villeret , 1951-2005) anadan olub.
      
   Hazırladı: Vüqar Orxan