Nəsirəddin Tusi - 810
   
   Dünya şöhrətli azərbaycanlı alim, riyaziyyatçı, astronom və filosof Nəsirəddin Məhəmməd ibn Həsən Tusi 1201-ci il fevral ayının 18-də Həmədan şəhərində anadan olub. Sonralar Tus şəhərində məktəb və mədrəsədə təhsilini davam etdirib. 
      
   Təhsilini başa vurduqdan sonra adına “Tusi” təxəllüsü əlavə etməsi təhsil aldığı şəhərə böyük məhəbbəti ilə bağlı olub. Mütəfəkkirin əsl adı Məhəmməd, atasının adı Məhəmməd, babasının adı Həsəndir. Dövrünün ağıllı, bilikli, görkəmli alimi olduğuna görə xalq ona Nəsirəddin adını verib.
   Nəsirəddin Tusi ilk təhsilini atası Məhəmməd ibn Həsəndən alıb. O, gənclik illərində biliyini artırmaq məqsədilə Yaxın və Orta Şərqin bir sıra böyük şəhərlərinə səfər edib. Şərqin bir çox şəhərlərini gəzib dolaşan Tusi Nişapur şəhərində dövrün bir sıra görkəmli alimləri ilə, o cümlədən Fəridəddin Damadla və Qütbəddin Misri ilə tanış olub, onlardan dərs alıb. Nəsirəddin Tusi yaşadığı dövrdə işğalçı hökmdarların ədalətsizliyinə məruz qalaraq dəfələrlə doğma şəhər və kəndlərindən uzaqlaşıb, tərki-vətən olub.
   1259-cu ildə Tusinin təklifi ilə Cənubi Azərbaycanın Marağa şəhəri yaxınlığında rəsədxana inşa olunub. Rəsədxananın yeri elə dəqiq seçilmişdi ki, orada indi də rəsədxana fəaliyyət göstərir. Marağa Astronomiya Rəsədxanasının o dövrdə tayı-bərabəri olmayıb. Sonralar Şərqdə inşa olunan rəsədxanalar məhz Marağa rəsədxanasının planı əsasında tikilib. Ən mürəkkəb alətlər, ən nadir kitablar bu rəsədxanada toplanıb. Bura dünyanın hər yerindən məşhur alimlər dəvət edilib. Faktiki olaraq rəsədxana riyaziyyat və astronomiya üzrə böyük elmi mərkəzə çevrilmişdi. Hülakü xan bu akademiyaya alim və bilikli adamların cəlb edilməsini Tusiyə tapşırmışdı.
   Nəsirəddin Tusi, eyni zamanda Marağa rəsədxanasında böyük bir kitabxana da yaratmışdı. Tusi Bağdada, Dəməşqə, Mosula, Xorasana və başqa şəhərlərə səfər edib qiymətli kitablar toplayıb Marağaya gətirmişdi. Bir sıra tarixi sənədlərdən məlum olur ki, Nəsirəddin Tusi Marağa rəsədxanasında təlim-tərbiyə işi ilə də məşğul olub. Onun “Evklidin həndəsi üsulları kitabı” (“Kitabe osule Erlides dər həndəsi”) uzun müddət tədris vəsaiti kimi istifadə edilib.
   Nəsirəddin Tusi elm tarixində böyük dühalardan, ən parlaq ulduzlardan biri olub. XII əsr elmlərinin bütün sahələrini - astronomiyanı, riyaziyyatı, fizikanı, triqonometriyanı, həndəsəni, tarixi, fəlsəfəni, hüquqşünaslığı, məntiqi, geologiyanı və ən nəhayət ilahiyyat elmini özündə cəmləşdirən nadir ensiklopedik biliyə mənsub mütəfəkkir idi. Tusi bu elmlərin yalnız bilicisi deyil, həm də yaradıcısı və tədqiqatçısı olub, bu sahələrə dair fundamental elmi əsərlər yaradıb. Bu əsərlərin hər biri elm tariximizin parlaq səhifələridir.
   Alimin “Evklidin şərhi”, “Hərəkətdə olan yer kürəsi”, “Almacestin təhlili”, “Gecə və gündüz”, “Teleskop haqqında”, “İki göy cismi”, “Günəşin çıxması və qürubu”, “Kainat cisimlərinin zühuru”, “Kürə və slindr”, “Konuslar”, “Dairənin kvadratlanması”, “Şüanın istiqaməti və əks olunması”, “Yalançı səhər”, “Ulduzların surətləri”, “Məntiqdə əsas ül-iqtibas”, “Kəlam elmi”, “Əxlaqi-nasiri”, “Başlanğıc və son”, “Təqvim və ulduzların seyri”, “Astronomiya elmindən 30 fəsil”, “Musiqi haqqında”, “Rəməl (şeir vəzni) haqqında” və s. başqa cəmi 100-dək əsəri artıq səkkiz əsrdir ki, dünyanın ən böyük alimləri tərəfindən öyrənilir, təhlil və tədqiq olunur.
   Nəsirəddin Tusi ictimai-siyasi əsərlərində “dövlət” anlayışının açılmasına böyük yer ayırıb. Faktiki olaraq Tusi Azərbaycanın siyasi fikir tarixində ilk dövlət nəzəriyyəçisi hesab olunur. “Maliyyə haqqında” risaləsində verilən qayda-qanunlar sonralar bir çox orta əsr dövlətlərində qanunlar toplularına daxil edilib.
   Böyük alim 1274-cü ildə Bağdada səfəri zamanı vəfat edib və Bağdad şəhərinin Kazımiyyə mahalındakı “Cəlil məscid”də dəfn olunub.   

   Hazırladı: Kənan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar