“Ənənə kökə sədaqətdir. Ağacın varlığı üçün kök nə qədər vacibdirsə, sənət üçün də ənənə bir o qədər gərəklidir”

Bəxtiyar Vahabzadə 

 

Milli musiqişünaslıq elminin, daha geniş mənada desək, milli mədəniyyətimizin parlaq nümayəndəsi Səadət Təhmirazqızı tanınmış tədqiqatçı, musiqişünas-təbliğatçı, metodist və bizim ənənələrimizi yaşadan gözəl tələbəmiz olub. Mən məqsədli şəkildə unudulmaz Xalq şairimiz Bəxtiyar Vahabzadənin sözlərini epiqraf kimi istifadə etmişəm. Səadət Təhmirazqızı, sözün əsl mənasında, ona dərs deyən müəllimlərin pedaqoji prinsiplərini və metodik tövsiyələrini, arzularını, bir sözlə, yüksək ənənələrini vicdanla yeni nəsillərə ötürür.

Məlumdur ki, ənənə kökə bağlıdır. Atası, tanınmış xanəndə, Azərbaycan Respublikasının Əməkdar artisti Təhmiraz müəllimin mənalı həyat yolu Səadət üçün bir məktəb olub. Qeyd edək ki, Təhmiraz müəllim bəstəkar mahnılarının, muğam və xalq musiqisinin mahir ifaçısıdır. Biz musiqişünaslar, muğamlarımızı ustadlardan öyrənmişik və onların sırasında Təhmiraz müəllimin xüsusi rolu var. O olduqca sakit, təmkinli və zəhmətkeş insandır. Bütün bu xüsusiyyətlər Səadət xanımın fəaliyyətində də özünü büruzə verir.  

Səadət Təhmirazqızı fəaliyyətinin ilk illərindən başlayaraq çoxşaxəli pillələr üzrə addımlayıb. Belə ki, S.Hacıbəyov adına Sumqayıt şəhər Musiqi Texnikumunun Nəzəriyyə şöbəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Musiqi tarixi və nəzəriyyəsi fakültəsini bakalavr və magistr mərhələləri üzrə də fərqlənmə diplomları ilə bitirib. 1990–1993­-cü ildən uşaq musiqi məktəbində müəllim, 1997­-ci ildən Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində redaktor, 2008­-ci ildən Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi­-Metodiki və İxtisasartırma Mərkəzində də çalışır.

Mən Səadət Təhmirazqızını BMA-ya daxil olduğu dövrdən tanıyıram. Səadət dərslərə olan ciddi yanaşması ilə hamını heyran edirdi. Onun gözəl, aydın, cəlbedici diksiyası var. Yuxarıda qeyd etdiyim kimi, Səadət tələbəm olub. Solfecio, harmoniyanın tarixi, musiqi nəzəriyyəsi fənlərindən ona dərs demişəm. O, seminarlarda və imtahanlarda həmişə yüksək səviyyədə cavab verərdi. Həmin fənlərdən onun yazdığı kurs işləri yüksək professionallığı ilə fərqlənərdi. Tələbələrin bütün elmi konfranslarında, respublika üzrə müsabiqələrdə ən fəal və bilikli tələbə kimi parlaq çıxışı ilə diqqəti cəlb edirdi.

Tələbəlik illərindən başlayaraq Səadət Təhmirazqızı Dövlət Televiziya və Radiosunda işləməyə başlayır. Radioda bəstəkarlarımız, ifaçılarımız və musiqişünaslarımız haqqında sanballı, maraqlı, mənalı verilişlər hazırlayır, tez-tez rayonlara yaradıcı ezamiyyətə gedir və müxtəlif ekspedisiyalarda iştirak edir.

Müdriklərin biri necə gözəl deyib: “Əsl istedadın nuru, sübh tezdən açılan günəşin işığına bənzəyir”. Səadətin bütövlükdə yazdığı, yaratdığı elmi əsərlər, məqalələr – esse, hekayə tipli məqalə və digər müəllifi olduğu yazılar – sanki işıq saçaraq gənclərə aydın yol göstərir.

Azərbaycan Radiosunun fondunda onun minə qədər verilişi qorunub saxlanılır. Azərbaycan Telefilm Yaradıcılıq Birliyində Səadət xanımın ssenarisi əsasında “Musiqi aləmində”, “Əlövsət Sadıqov”, “Seyid Şuşinski”, “Xan Şuşinski”, “Fikrət Əmirov”, “Tofiq Əhmədov”, “Cövdət Hacıyev”, “Asəf Zeynallı”, “Zakir Bağırov”, “Vasif Adıgözəlov” və digər görkəmli şəxsiyyətlər haqqında sənədli filmlər çəkilib.

Səadətin yaratdığı yazı üslubu fərqli və orijinal, saf və zəngindir. O, “Süleyman Ələsgərov xatirələrdə”, “Nəğmədir həyat – Şəfiqə Axundova”, “Fikrət Əmirov”, “Nəsimi və musiqi”, “Bizim ustad – Əlibaba Məmmədov”, “Şəkinin ifaçılıq folkloru”, “Şəkinin musiqi folkloru”, “Üzeyir Hacıbəyli müasirlərin düşüncələrində”, “Seyid Şuşinski”, “Fikrət Əmirovun simfonik muğamları” (ingilis dilində), “Akademik Üzeyir Hacıbəylinin elmi fəaliyyətindən səhifələr” və digər elmi-publisist kitabların müəllifidir.

Onun monoqrafiyaları sanki iki üslubu birləşdirir – ciddi akademik və peşəkar danışıq dili. Bu baxımdan Səadət xanımın 2019-cu ildə çap olunmuş “Akademik Üzeyir Hacıbəylinin elmi fəaliyyətindən səhifələr” adlı araşdırması xüsusilə əhəmiyyətlidir. Bu tədqiqat işi arxiv sənədləri əsasında yazılıb. Lakin oxucu görür ki, müəllif hər bir sənəd haqqında öz fikirlərini və ümumiləşdirilmiş nəticələrini verir. Kitab haqqında rəy verən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə yazır: “Səadət Təhmirazqızı öz oçerkində AMEA-nın və Üzeyir Hacıbəylinin Ev-Muzeyinin arxiv materiallarından bu dahi şəxsiyyətin akademik kimi fəaliyyətini əks etdirən tarixi sənədlərdən bəhs edir. Bu tədqiqatın ən ümdə cəhəti odur ki, buradakı sənədlər ilk dəfə olaraq araşdırılır. Beləliklə də, Üzeyir bəyin akademik kimi fəaliyyəti məhz sənədlərin vasitəsilə oxuculara çatdırılır”.

Səadət xanımın öz fikirlərini, daha doğrusu, nəticələrini qeyd etmək istəyirik. O bütün akademiklərin, ümumi iclasın stenoqramını oxuyub maraqlı fikirləri ümumiləşdirərək yazır: “Bu gün həmin iclasın stenoqramının hər sətrini bu görkəmli, müdrik şəxsiyyətlərin söylədiyi fikirləri izlədikcə onların hər növ şəxsi-qərəzlikdən uzaq olan sağlam düşüncə tərzi, diskussiya yaratmaq bacarıqları ilə daha yaxından tanış oluruq”.       

Beləliklə, biz Səadət xanımın yazdığı hər bir elmi-tədqiqat işindən geniş şəkildə bəhs edə bilərik. Şəxsən bu sətirlərin müəllifinə Səadət Təhmirazqızı bütün nəşr olunan kitablarını bağışlayıb. Məlum olduğu kimi, dahi Üzeyir Hacıbəyli haqqında çoxsaylı kitablar və monoqrafiyalar yazılıb. Bu ənənənin davamı olaraq, Səadət xanım 2016-cı ildə Üzeyir Hacıbəyliyə həsr olunmuş bir toplu hazırlamışdı. “Üzeyir Hacıbəyli müasirlərin düşüncəsində” adlı bu kitab S.Təhmirazqızının dahi bəstəkarın xatirəsinə bir töhfəsidir.

Səadət xanım həmişə öz müəllimlərinə böyük hörmət və diqqətlə yanaşır, onlarla bağlı radio və televiziya verilişləri hazırlayır, məqalə və oçerklər qələmə alır. Onun mənim haqqımda da hazırladığı radio verilişləri, qələmə aldığı məqalələr yaradıcılığımı dolğun şəkildə əks etdirir.

Səadət xanım müasir dövrdə baş verən ictimai-siyasi hadisələri də musiqi ilə qovuşduraraq dəyərli mənbələr ərsəyə gətirib. Bu baxımdan möhtərəm Prezidentimizə həsr olunan “İlham Əliyev və musiqi mədəniyyəti”, Ulu öndərimizin 100 illiyi ilə əlaqədar “Heydər Əliyev və musiqi mədəniyyəti”  kitablarını xüsusi qeyd etməliyik. Bu kitablar tarixi faktlar, rəsmi sənədlər əsasında hazırlanıb. Qeyd edək ki, “İlham Əliyev və musiqi mədəniyyəti” kitabı Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr olunub. Bu dəyərli kitablar Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən nəşr olunaraq  AMEA-nın müxbir üzvü, Xalq artisti, Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun “Sülh artisti” Firəngiz Əlizadənin giriş məqalələri ilə açılır. Onu da qeyd edək ki, Səadət Təhmirazqızı Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü kimi ittifaqın fəaliyyətində də özünəməxsus xidmətləri var. Keçirilən elmi konfranslarda, plenumlarda və digər tədbirlərdə fəal iştirak edir.

O, eyni zamanda “İrsimizin Tədqiqi və Təbliği” İctimai Birliyinin sədri, “Musiqi aləmində” jurnalının təsisçisi və baş redaktorudur.

Biz – onun müəllimləri istedadlı yetirməmizlə fəxr edirik və Səadətin hər bir uğuruna qəlbən sevinirik.

Dahi yazıçı Viktor Hüqonun “Ya elə yaz ki, səni oxusunlar, ya da elə yaşa ki, səndən yazsınlar” fikrini Səadətin də yaradıcılığına şamil edə bilərik. Çünki onun yazdıqları maraqla oxunur və onun haqqında yazmaq da maraqlıdır. Düşünürəm ki,  hər tələbə haqqında müəllimi belə sevgi ilə yaza bilməz. Mən Səadət haqqında düşündüklərimi sevgi ilə qələmə aldım. Əminəm ki, o bundan sonra musiqi mədəniyyətimizə daha gözəl töhfələr verəcək.

Biz məqaləmizi Bəxtiyar Vahabzadənin sözləri ilə açdıq və unudulmaz şairimizin sözləri ilə də tamamlayırıq:

Vətəni sevən kəslər
Vətən qədər ucalar.

İmruz Əfəndiyeva
sənətşünaslıq elmləri doktoru, professor, Əməkdar incəsənət xadimi, ABİ İdarə Heyətinin üzvü