Azərbaycan
   
   22 mart 1898 - Aktyor, Əməkdar artist Hacıməmməd Ələkbər oğlu Qafqazlı (Quliyev, 1898 - 21.9.1982) Lənkəranda anadan olub. “Qızmar günəş altında”, “Arşın mal alan” (1965), “Yeddi oğul istərəm” və s. filmlərdə epizodik rollarda çəkilib.
   22 mart 1895 - Nasir Hacıbaba Hacı Ələsgər oğlu Nəzərli (1895-28.1.1938) anadan olub. «Qışlaqdan kəndə», «Laçın» və s. kitabların müəllifidir. Repressiya qurbanı olub.
   22 mart 1900 - Xalq yazıçısı, ictimai xadim Süleyman Hüseyn oğlu Rəhimov (1900 - 11.10.1983) anadan olub. "Şamo", "Saçlı", "Mehman", "Medalyon", "Qafqaz qartalı" və s. əsərləri ilə Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur.
   22 mart 1909 - Xalq yazıçısı Mehdi Əli oğlu Hüseyn (1909 - 10.3.1965) Qazaxın Şıxlı kəndində doğulub. "Səhər", "Abşeron", "Qara daşlar" romanları, «Alov» pyesi və s. əsərlərin müəllifidir.
   22 mart 1910 - Şair Soltan Məcid oğlu İsmayılov (1910-1963) Göyçayda doğulub. "Məhsəti", "Pəri qala", "Məhəbbət" və s. poemaların müəllifidir, Puşkin, Lermontov, Nekrasov və s. rus şairlərinin əsərlərini dilimizə çevirib.
   22 mart 1913 - Xalq artisti, tanınmış aktyor Əlağa İsmayıl oğlu Ağayev (1913 -21.12.1983) anadan olub.
   22 mart 1913 - Yazıçı-dramaturq, ssenarist Məhərrəm Əlizadə (1913-1983) anadan olub. "Gözün aydın", "Səndən mənə yar olmaz" və s. pyeslərin, “Kazbek qutusu” filminin ssenari müəllifidir.
   22 mart 1913 - Yazıçı, ədəbiyyatşünas Mirzə Müştaq (Mirzəyev Mirzə Bağır oğlu, 1913 - 11.12.2001) anadan olub. "Məni bağışla" , "O, mənim dostumdur", "Aydın yollarda" və s. roman və povestlərin müəllifidir.
   22 mart 1913 - Yazıçı Qəhrəman Rüstəm oğıu Qəhrəmanzadə (1913 - 22.1.1990) Cənubi Azərbaycanda, Qaradağ mahalının Vərdin kəndində anadan olub.
   22 mart 1914 - Xalq artisti, məşhur komediya aktyoru Lütfəli Əmir oğlu Abdullayev (1914 - 9.12.1973) Şəkidə doğulub.
   22 mart 1917 - Görkəmli aktyor, Xalq artisti Yusif Abdulla oğlu Vəliyev (1917 - 18.3.1980) Dərbənddə anadan olub. “Nəsimi” (Teymurləng), “Arxadan vurulan zərbə” (Fəttah - Qurd Cəbrayıl) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   22 mart 1919 - Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlı (1919 - 6.7.1995) Qazax rayonunun II Şıxlı kəndində anadan olub. «Dəli Kür» romanının, povest və hekayələrin müəllifidir. Yazıçılar Birliyinin sədri, Milli Məclisin deputatı olub.
   22 mart 1925 - Xalq artisti, aktrisa Zəroş Mirzəbağır qızı Həmzəyeva (1925 -5.6.2004) Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində doğulub.
   22 mart 1931 - Məşhur şair Əli Kərim (Əli Paşa oğlu Kərimov, 1931 - 30.6.1969) Göyçayda anadan olub. Populyar şeirlərin, “Pillələr” romanının müəllifidir.
   22 mart 1933 - Xalq artisti, tanınmış xanəndə Rübabə Xəlil qızı Muradova (1933-1983) Ərdəbildə doğulub. Uzun illər Opera və Balet Teatrının solisti olub. Əsas partiyaları: Leyli, Əsli ("Leylı və Məcnun", "Əsli və Kərəm", Ü.Hacıbəyli), Ərəbzəngi ("Şah İsmayıl", M.Maqomayev) və s.
   22 mart 1938 - Yazıçı, tərcüməçi Sabir Əli oğlu Azəri (1938 - 28.1.2010) Ağstafa rayonunun Dağkəsəmən kəndində anadan olub. «Dalanda», “Qorxu” və s. romanların müəllifidir. “Köhnə bərə” filminin (1984) ssenari müəlliflərindən biridir.
   
   23 mart 1915 - Xalq artisti, rəqqas, baletmeyster Əlibaba Əbdül oğlu Abdullayev (1915 - 1980) anadan olub. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri olub, bir sıra flimlərdə (“Görüş”, “O olmasın, bu olsun”, “Əhməd haradadır?”) rəqslərə quruluş verib.
   23 mart 1920 - Bəstəkar, musiqişünas, pedaqoq Əşrəf Cəlal oğlu Abbasov (1920-1992) anadan olub.
   23 mart 1942 - Şair, yazıçı, uşaqlar üçün çoxsaylı əsərlərin müəllifi Zahid Abdulla oğlu Xəlil Yevlax şəhərində anadan olub.
   23 mart 1942 - Tanınmış aktyor, teatr xadimi Rza Darablı (Rza Nəcəfəli oğlu Hüseynov) (1883-1942) vəfat edib. “Kəndlilər” (Hacı Həsən) və s. filmlərdə çəkilib.
   23 mart 1946 - Yazıçı, şair Seyran Səxavət (Seyran Əsgər oğlu Xanlarov) Füzuli rayonunun Yağlıvənd kəndində doğulub.
   
   24 mart 1872 - Görkəmli yazıçı, dramaturq, publisist Məmməd Səid Ordubadi (1872-1.5.1950) Naxçıvanın Ordubad şəhərində doğulub. "Dumanlı Təbriz", "Qılınc və qələm", "Döyüşən şəhər", "Gizli Bakı" romanları ilə Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi sayılır.
   24 mart 1938 - Xalq artisti, aktyor, rejissor Həsənağa Turabov (1938 - 23.2.2003) anadan olub. 1960-cı ildən Akademik Dram Teatrında çalışıb, 1987-2001-ci illərdə teatra rəhbərlik edib. “Yeddi ogul istərəm”, “Babək”, “Qəm pəncərəsi” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb, “Qaçaq Nəbi” (“Atları yəhərləyin”) filminə quruluş verib.
   
   25 mart 1897 - Tanınmış alim, teatrşünas, publisist Qulam Məmməd oğlu Məmmədli (1897- 18.11.1994) Təbrizdə doğulub. Cənubi Azərbaycan şairlərinin (Heyran xanım, Mirzə Əli Möcüz və s.) əsərlərini toplayıb və nəşr etdirib.
   25 mart 1907 - Görkəmli şair Almas İldırım (İldırım Almaszadə, 1907 - 14.1.1952) Bakıda doğulub. İstiqlal və millətçilik ruhlu şeirlərinə görə 1930-cu ildə isə Yazıçılar Birliyindən xaric edilərək Türkmənistana sürgün edilib. 1933-də İrana, oradan da Türkiyəyə mühacirət edib. Elazığda vəfat edib.
   25 mart 1933 - Şair, dramaturq Rüfət Zülfüqar oğlu Əhmədzadə (1933-15.12.1988) Balakən rayonunda anadan olub. «Bildirçinin bəyliyi», «Zarafatsız zarafat», «Hələlik» və s. komediyaların müəllifidir.
   
   26 mart 1893 - Məşhur opera müğənnisi Fatma Muxtarova (1893 - 19.10.1972) Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. Uşaq yaşlarında ailəsi Rusiyaya köçüb. Rostovda, Peterburqda yaşayıblar. 1938-ci ildə Bakıya gəlib. Uzun illər Opera və Balet Teatrının solisti olub.
   26 mart 1910 - Görkəmli aktyor, SSRİ Xalq artisti Ələsgər Hacıağa oğlu Ələkbərov, 1910 - 31.1.1963) anadan olub. 1933-cü ildən Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. Teatr tamaşalarında (“Vaqif”, S.Vurğun), (“Otello”, V.Şekspir) və s.), “Fətəli xan» (Fətəli xan), “Qara daşlar” (İsmayılzadə), «Səhər» (Rəhim bəy), «Böyük dayaq» (Rüstəm kişi) və s. filmlərdə unudulmaz obrazlar yaradıb.
   26 mart 1910 - Məşhur yazıçı-dramaturq Sabit Rəhman (Sabit Kərim oğlu Mahmudov, 1910-1970) Şəkidə anadan olub. Məşhur pyeslərin ("Toy", "Xoşbəxtlər", "Əliqulu evlənir" və s.), "Nina" romanı, "Vəfasız", "Son faciə" povestlərinin, “Arşın mal alan” (1945)", "O olmasın, bu olsun, "Əhməd haradadır?”, “Ulduz” filmlərinin ssenarilərinin, “Yeddi gözəl” baletinin (Q.Qarayev) librettosunun müəllifidir.
   
   27 mart Beynəlxalq (Dünya) Teatr Günüdür (World Theatre Day). 1961-ci ildə Beynəlxalq Teatr İnstitutunun (1948-ci ildən UNESCO nəzdində fəaliyyət göstərir) Vyanada keçirilən IX konqresində qəbul edilmiş qərara əsasən qeyd olunur.
   
   27 mart 1927 - Dünya şöhrətli musiqiçi, violonçelist, dirijor, SSRİ Xalq artisti Mstislav Leopoldoviz Rostropoviç (1927 - 27.4.2007, Moskva) Bakıda anadan olub.
   27 mart 1930 - Şair, folklorşünas alim, professor Rüstəm Bayraməli oğlu Rüstəmzadə Ağstafa rayonunun Poylu qəsəbəsində anadan olub.
   
   28 mart 1886 - Azərbaycan teatrının görkəmli simalarından biri, SSRİ Xalq artisti Sidqi Ruhulla (Ruhulla Fətulla oğlu Axundov, 1886 - 5.5.1959) Bakının Buzovna kəndində doğulub. Tiflis Azərbaycan Teatrının inkişafında xüsusi xidmətləri olub. Təbrizdə milli teatrın yaradıcısıdır. 1916-cı ildə Daşkənddə Üzeyir Hacıbəylinun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarını tamaşaya qoyub. 1924-cü ildən Azərbaycan Dövlət Dram Teatrında çalışıb. “Kəndlilər”, “Fətəli xan” filmlərində çəkilib.
   28 mart 1895 - Görkəmli ədəbiyyatşünas, tərcüməçi Əziz Şərif (Əziz Qurbanəli oğlu Şərifzadə 1895 - 1.6.1989) anadan olub.
   28 mart 1919 - Tanınmış mədəniyyət xadimi, aktyor, ssenarist, rejissor Cahangir Aslanoğlu (Məmmədov) (1919 - 1998) anadan olub.
   28 mart 1924 - Şair, uşaqlar üçün çoxsaylı əsərlərin müəllifi Teymur Elçin (Teymur Süleyman oğlu Əliyev, 1924 - 19.3.1992) anadan olub.
   
   29 mart 1873 - Şair Mirzəli Möcüz Şəbüstəri (1873-1934) Cənubi Azərbaycanda Şəbüstər qəsəbəsində anadan olub.
   29 mart 1939 - Görkəmli yazıçı, dramaturq Süleyman Sani Axundov (3.10.1875, Şuşa - 1939) vəfat edib. Yazıçının «Qorxulu nağıllar» adı altında toplanan hekayələri Azərbaycan uşaq ədəbiyyatının klassikası sayılır.
   29 mart 1976 - Tanınmış ədəbiyyatşünas, akademik Feyzulla Qasımzadə (19.10.1898-1976) vəfat edib. Uzun illər Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasına rəhbərlik edib.
   
   30 mart 1945 - Xalq artisti, tanınmış aktrisa, pedaqoq Şəfiqə Haşım qızı Məmmədova Dərbənddə doğulub. “Qaraca qız” (Pəricahan), “Dədə Qorqud” (Burla xatun), “İstintaq” (Gülya), “Bizim Cəbiş müəllim” (Cəbişin arvadı) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub. Mədəniyyət və İncəsənət Universitetinin professorudur.
   30 mart 1952 - Şair, tanınmış oftalmoloq Paşa Qəlbinur (Paşa İsmayıl oğlu Musayev) Şəmkir rayonunun Çinarlı qəsəbəsində doğulub.
   
   Dünya
   
   22 mart 1394 - Böyük özbək astronomu, mütəfəkkir Məhəmməd Taragay Uluqbəy (1394-1449) anadan olub. Əmir Teymurun nəvəsidir, Teymurilər dövlətinə başçılıq edib. Səmərqənd yaxınlığında məşhur rəsədxananı yaradıb.
   22 mart 1915 - SSRİ Xalq artisti, aktyor Georgi Stepanoviç Jjenov 1915-2005) anadan olub. “Avtomobildən qorun”, “Ekipaj” və s. flimlərdə çəkilib.
   
   23 mart 1826 - Çex əsilli Avstriya bəstəkarı Lüdviq Minkus (Ludwig Minkus, 1826-1907) anadan olub. “Don Kixot”, “Qızıl balıq” və s. baletlərin müəllifidir.
   23 mart 1875 - Məşhur türk şairi, yazıçı, mütəfəkkir, türk millətçiliyi məfkurəsinin yaradıcısı Ziya Göyalp (Mehmet Ziya Gökalp, 1875 - 25.10.1924) Diyarbəkirdə doğulub.
   23 mart 1881 - Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1937) laureatı Roje Marten dü Qar (Roger Martin du Gard, 1881-1958) anadan olub.
   23 mart 1910 - Dünya şöhrətli yapon kinorejissoru Akira Kurosava (1910-1998) anadan olub. “”Yeddi samuray”, “Dersu Uzala” və s. flimlərə quruluş verib.
   
   24 mart 1926 - İtalyan dramaturqu, rejissor, teatr nəzəriyyəçisi, ədəbiyyat üzrə Nobel mükafatı (1997) laureatı Dario Fo anadan olub.
   24 mart 1930 - Amerika kinoaktyoru Stiv MakKuin (Steve McQueen, 1930-1980) anadan olub. “Möhtəşəm yeddilik” , “Qaçış” filmlərində çəkilib.
   
   25 mart 1897 - Fransız rejissoru, ssenarist, kino nəzəriyyəçisi Jan Epşteyn (Jean Epstein, 1897-1953) anadan olub.
   25 mart 1908 - İngilis kinematoqrafının tanınmış siması, rejissor Devid Lin (David Lean, 1908-1991) anadan olub.
   
   26 mart 1874 - Amerikanın ən məşhur şairlərindən biri Robert Frost (1874-1963) San-Fransiskoda doğulub.
   26 mart 1911 - Amerika yazıçı-dramaturqu Tenessi Uilyams (Tennessee Williams, 1911-1983) anadan olub. Yazıçının “Arzu tramvayı” pyesi Azərbaycanda da tamaşaya qoyulub.
   26 mart 1933 - Məşhur italyan rejissoru Tinto (Giovanni ) Brass anadan olub.
   
   27 mart 1871 - Görkəmli alman yazıçısı Henrix (Heinrich) Mann (1871-1950) anadan olub.
   27 mart 1952 - Məşhur fransız aktrisası Maria Şnayder (Schneider, 1952-3.2.2011) anadan olub.
   27 mart 1963 - Amerika kinorejissoru Kventin Tarantino (Quentin Jerome Tarantino) anadan olub. "Quduz köpəklər", "Kriminal qiraət" və s. flimlərə quruluş verib, “Oskar”, “Qızıl palma budağı” mükafatları laureatıdır.
   
   28 mart 1483 - Böyük italyan rəssamı, qrafik, arxitektor Rafael (Raffaello Santi, 1483-1520) anadan olub.
   28 mart 1868 - Görkəmli rus yazıçısı və dramaturqu Maksim Qorki (Aleksey Maksimoviç Peşkov) (1868 - 18.6.1936) anadan olub.
   28 mart 1925 - SSRİ Xalq artisti, məşhur rus teatr və kino aktyoru İnnokenti Mixayloviç Smoktunovski (1924-1994) anadan olub.
   
   29 mart 1936 - Məşhur rus kinorejissoru, aktyor Stanislav Sergeyeviç Qovoruxin anadan olub. “Görüş yerini dəyişmək olmaz”, “Voroşilov nişançısı” və s. filmlərə quruluş verib.
   29 mart 1949 - Məşhur türk musiqiçisi, bəstəkar, müğənni Kayahan (Açar) İzmirdə doğulub.
   
   30 mart 1746 - Görkəmli ispan rəssamı, romantizmin parlaq nümayəndəsi Fransisko Xose de Qoyya (Francisco Jose de Goya y Lucientes, 1746-1828) anadan olub.
   30 mart 1844 - Fransız şairi, ədəbiyyatda impressionizm və simvolizmin banilərindən biri Pol Verlen (Paul Marie Verlaine, 1844-1896) anadan olub.
   30 mart 1853 - Məşhur holland rəssamı, postimpressionizmin nümayəndəsi Vinsent Uilyam van Qoq (Vincent Willem van Gogh, 1853-29.7.1890) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan