Azərbaycan
   
   17 may 1870 - Görkəmli yazıçı-dramaturq, publisist Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev (1870-1933) Şuşada anadan olub. "Dağılan tifaq", "Bəxtsiz cavan" və s. pyeslərin, bir çox hekayələrin müəllifidir. Rusiya Dövlət Dumasının (1906-1907) deputatı olub.
   17 may 1928 - Xalq artisti, tanınmış rəqqasə Roza İsmayıl qızı Cəlilova Dəvəçi (indiki Şabran) rayonunda doğulub. Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri, Muğam Teatrının baletmeysteri olub. "Qavalla rəqs", "Azərbaycan süitası", "Ağ çiçək", "Durnalar" və s. rəqslərə quruluş verib.
   17 may 1944 - Şair, ədəbiyyatşünas Əhməd Elburus (Elburus Misir oğlu Əhmədov) anadan olub.
   17 may 1945 - Ədəbiyyatşünas, tərcüməçi, publisist Əsgər Hüseyn oğlu Əliyev anadan olub.
   
   18 may 1906 - Tanınmış filosof alim, professor Mehbalı Məhəmməd oğlu Qasımov (1906 - 1963) Naxçıvan MR Culfa rayonunun Xoşkeşin kəndində anadan olub. “Azərbaycanın estetik fikir tarixindən" monoqrafiyasının müəllifidir.
   18 may 1933 - Ədəbiyyatşünas, tərcüməçi, biblioqraf Əmin Tahir oğlu Əfəndiyev Qax rayonunun İlisu kəndində doğulub.
   18 may 1990 - Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə respublikada yeni ərazi-inzibati vahidləri - Ağstafa, Qobustan, Xızı, Hacıqabul, Samux, Siyəzən rayonları təşkil olunub.
   
   19 may 1907 - Bakıda "Bəhlul" satirik jurnalı nəşrə başlayıb. “Molla Nəsrəddin” jurnalının təsiri altında nəşr olunan dərginin redaktoru Ələsgər Əliyev idi. Altı ay ərzində (1907-ci il noyabrın 4-dək) jurnalın 9 sayı işıq üzü görüb. M.Ə.Sabirin Bəhlul Danəndəyə həsr olunmuş bir neçə şeiri ilk dəfə bu dərgidə dərc olunub.
   19 may 1910 - Xalq şairi Rəsul Rza (Rəsul İbrahim oğlu Rzayev; 1910 - 1.4.1981) Göyçayda doğulub. Vətənpərvərlik, humanizm üzərində köklənən fəlsəfi ruhlu şeir və poemaların («Rənglər» silsiləsi, "Qızılgül olmayaydı" və s.) müəllifidir. Nizami Gəncəvinin «Xosrov və Şirin» poemasını, rus (A.Puşkin, M.Lermontov, N.Nekrasov, V.Mayakovski və s.) və Avropa şairlərinin (Esxil, C.Bayron, H.Heyne və s.) əsərlərini dilimizə tərcümə edib. Türk şairi Nazim Hikmətin əsərlərini Azərbaycan türkcəsinə uyğunlaşdırıb. Yazıçılar İttifaqının sədri (1938-1939) olub. SSRİ-nin ali mükafatı olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.
   19 may 1935 - Şair və tərcüməçi Vladimir Əbüləzim oğlu Qafarov (1935-2000) Sabirabad rayonunda anadan olub. Klassik və müasir Azərbaycan şairlərinin bir çoxunun əsərləri məhz onun tərcüməsində rusdilli oxuculara təqdim olunub.
   
   Dünya
   
   17 may - Dünya İnformasiya Cəmiyyəti Günüdür (World İnformation Society Day). BMT Baş Assambleyasının 27 mart 2006-cı il tarixli qətnaməsi ilə təsis edilib. Bu günün tarixi 1865-ci il mayın 17-də Parisdə Beynəlxalq Teleqraf İttifaqının (İnternational Telegraph Union) yaradılması ilə bağlıdır. 
   17 may 1510 - Görkəmli italyan rəssamı Sandro Bottiçelli (əsl adı Alessandro di Mariano Filipepi, 1445-1510) vəfat edib.
   17 may 1820 - Məşhur rus tarixçisi Sergey Mixayloviç Solovyov (1820-1879) anadan olub.
   17 may 1873 - Fransız yazıçısı Anri Barbüs (Henri Barbusse, 1873-1935) anadan olub. Əsərləri: “Alov”, “Gerçək əhvalatlar” və s.
   17 may 1904 - Məşhur fransız aktyoru Jan Qaben (Jean Gabin - Jean-Alexis Moncorge; 1904-1976) anadan olub. Polis komissarı Jül Meqredən bəhs edən filmlərdə baş rolu oynayıb. “Böyük illüziya”,, “Qənimətə toxunma”, “Parisin havası” və s. filmlərdə çəkilib.
   17 may 1936 - Amerika aktyoru və rejissoru Denis Hopper (1936-2010) anadan olub. Filmləri: “Göy məxmər”, “Sürət” və s.
   
   18 may - Beynəlxalq Muzeylər Günüdür (İnternational Museum Day). Beynəlxalq Muzey Şurasının (İnternational Council of Museums - ICOM) 1977-ci ilin mayında SSRİ-də (Moskva və Leninqrad) keçirilən 11-ci baş konfransında sovet nümayəndə heyətinin təşəbbüsü ilə təsis olunub.
   18 may 1048 - Böyük fars (tacik) şairi, filosof, astronom və riyaziyyatçı Ömər Xəyyam (Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri, 1048 - 4.12.1131) anadan olub.
   18 may 1546 - İran tarixçisi Qazi Əhməd Qumi (1546-1606) anadan olub. “Xülasət ət-təvarix” əsərinin, orta əsr xəttatları və rəssamları haqqında tarixi qaynaqların müəllifidir.
   18 may 1869 - Məşhur ləzgi xalq şairi, aşıq Süleyman Stalski (Həsənbəyov, 1869-1937) anadan olub.
   18 may 1872 - İngilis filosofu, riyaziyyatçı, ictimai xadim Bertran Rassel (Bertrand Arthur William Russell; 1872-1970) anadan olub. "Məntiqi atomizm" konsepsiyasının, "deskripsiya nəzəriyyəsi"nin yaradıcısıdır. "Rasionalizm və humanizmin ən parlaq nümayəndələrindən biri” kimi ədəbiyyat üzrə Nobel mükafatına (1950) layiq görülüb.
   18 may 1912 - Amerika kinorejissoru, “Oskar” laureatı Riçard Bruks (Richard Brooks - Ruben Sax; 1912-1992) anadan olub. Filmləri: “Karamazov qardaşları”, “Elmer Hentri” və s.
   18 may 1913 - Fransız müğənnisi və bəstəkarı Şarl Trene (Charles Trenet, 1913-2001) anadan olub.
   18 may 1936 - Görkəmli qazax şairi, ədəbiyyatşünas, dövlət xadimi Oljas Süleymenov anadan olub. Qədim türk tarixindən bəhs edən “AziYa” kitabının müəllifi kimi məşhurlaşıb. 2002-ci ildən Qazaxıstanın UNESCO-da daimi nümayəndəsidir.
   18 may 1962 - Ötən əsrin 80-90-cı illərinin populyar estrada ulduzu, alman pop-müğənnisi Sandra (Sandra Cretu -Sandra Ann Lauer) anadan olub.
   
   19 may 1762 - Alman filosofu Yohann Qotlib Fixte (Johann Gottlieb Fichte; 1762-1814) anadan olub.
   19 may 1898 - İtalyan yazıçısı və mütəfəkkiri Yulius Evola (Julius Evola; 1989-1974) anadan olub.
   19 may 1904 - Rus kinodramaturqu və kino nəzəriyyəçisi Mixail Yuryeviç Bleyman (1904-1973) anadan olub.
   19 may 1924 - Rus-sovet kinorejissoru Naum Borisoviç Birman (1924-1989) anadan olub.
   19 may 1946 - İtaliya aktyoru Mikele Plaçidonun (Michele Placido) doğum günüdür. «Sprut» teleserialı (komissar Korrado Kattani rolu) ilə şöhrət qazanıb.
   19 may 1948 - Amerika aktrisası və müğənnisi Qrey Cons (Grace Jones) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan