Azərbaycan
   
   3 iyun 1957 - Yazıçı Afaq Məsud Bakıda anadan olub. “İzdiham”, “Azadlıq”, “Dəfn”, “II İohann”, “Fatma” və s. romanların, “O məni sevir”, “Qatarın altına atılan qadın” və s. pyeslərin müəllifidir. 1991-ci ildən Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə rəhbərlik edir. Q.Markesin ("Patriarxın payızı"), Əl-Qəzalinin əsərlərini dilimizə tərcümə edib.
   
   4 iyun 1918 - Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti arasında Batumda aparılan danışıqların yekunu olaraq "Sülh və dostluq haqqında" müqavilə imzalanıb. Bu müqavilə ilə Xalq Cümhuriyyəti birinci olaraq Osmanlı Türkiyəsi tərəfindən tanınıb. Müqaviləni Azərbaycan tərəfdən Milli Şuranın sədri M.Rəsulzadə və xarici işlər naziri M.Hacınski, Osmanlı tərəfdən ədliyyə naziri Xəlil bəy və Qafqaz cəbhəsinin komandanı Vahib paşa imzalamışdı. Müqavilədə Osmanlı dövləti Xalq Cümhuriyyətinə hərbi yardım göstərmək barədə öhdəlik götürüb.
   4 iyun 1926 - Tanınmış xanəndə Fatma Yusif qızı Mehrəliyeva (1926 - 4.1.2000) Qubada anadan olub. Bənzərsiz səsi ilə ifa etdiyi “Kəsmə şikəstə” muğamı, “Qubanın ağ alması”, “Azərbaycan maralı”, “Ahu kimi”və s. mahnılarla musiqi tariximizdə qalıb. "Arşın mal alan" filmində (1945) Telli rolunu ifa edib.
   
   5 iyun 1908 - Görkəmli şair Mikayıl Müşfiq (Mikayıl Əbdülqadir oğlu Mikayılzadə, 1908 - 06.01.1938) anadan olub. Yeniyetmə vaxtlarından şeir yazıb, 18-20 yaşlarında populyarlıq qazanıb. On il ərzində 10 şeir və poemalar toplusu nəşr etdirib. Stalin repressiyasının qurbanı olub. 1937-ci ildə pantürkizm və millətçilikdə ittiham edilərək həbs olunub, 1938-ci il yanvarın 6-da güllələnib.
   5 iyun 1925 - Şair, publisist, nasir Ağaəli Qulu oğlu Qasımlı anadan olub.
   5 iyun 1939 - Xalq şairi, dramaturq, ictimai xadim Vaqif Səmədoğlu (Vaqif Səməd oğlu Vəkilov) anadan olub. Lirik-fəlsəfi poeziyası ilə müasir Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur, “Bəxt üzüyü”, “Yayda qartopu oyunu”, “Yaşıl eynəkli adam”, “Generalın son əmri”, “Mamoy kişinin yuxuları” və s. pyeslərin müəllifidir. 2000-2010-cu illərdə Milli Məclisin deputatı olub.
   5 iyun 1941 - Tanınmış aktyor, Azərbaycan teatrı və kinosunda özünəməxsus iz qoymuş Hamlet Bəbir oğlu Xanızadə (1941 - 3.2.1990) Bakının Şağan kəndində anadan olub. “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Babək”, “Arxadan vurulan zərbə”, “Qızıl uçurum”, “Qətl günü” və s. filmlərdə, televiziya və teatr tamaşalarında yaddaqalan obrazlar yaradıb.
   5 iyun 1949 - Yazıçı, kinossenarist, Əməkdar incəsənət xadimi Natiq Rəsulzadə anadan olub. 30-dan çox kitabın, 10-dan çox filmin (“Gecə qatarında qətl”, “Vahimə”, “Biz qayıdacağıq” və s.) ssenari müəllifidir.
   
   6 iyun 1855 - Şair Əbdülxalıq Cənnəti (1855- 1931) Bakıda anadan olub. “Məcməə üş Şüəra” cəmiyyətinin fəal üzvlərindən biri olub. Klassik üslubda Azərbaycan və fars dillərində şeir və qəzəllər yazıb, “Qız qalası”, “Qılınc və qələm” poemalarının müəllifidir.
   6 iyun 1951 - Məşhur müğənni, Xalq artisti Xuraman Əkrəm qızı Qasımova anadan olub. 1976-cı ildən Opera və Balet Teatrının solistidir, Bakı Musiqi Akademiyasının professorudur. “Liftçi qız”, "Mən ki gözəl deyildim", "Həyat bizi sınayır" filmlərinə çəkilib.
   
   Dünya
   
   3 iyun 1796 - Rus şairi, ədəbi tənqidçi Mixail Aleksandroviç Dmitriyev (1796-1866) anadan olub.
   3 iyun 1906 - Məşhur rus kinorejissoru, SSRİ Xalq artisti Sergey Gerasimov (21(5).3 (6).1906 - 1985) anadan olub. Filmləri: “Gənc qvardiya”, “Sakit Don” və s. Uzun illər Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda dərs deyib, aktyor və rejissorların hazırlanmasına töhfə verib.
   3 iyun 1875 - Görkəmli fransız bəstəkarı Jorj Bize (Georges Bizet - Alexandre-Cesar-Leopold Bizet, 25.10.1838 - 1875) vəfat edib. Məşhur “Karmen” operasının müəllifidir.
   3 iyun 1922 - Fransız kinorejissoru Alen Rene (Alain Resnais) anadan olub.
   3 iyun 1924 - Alman yazıçısı (yəhudi əsilli) Frans Kafka (Franz Kafka; 3.7.1883, Praqa - 1924, Vyana) vəfat edib. Əsərləri: «Bir xanımın xülasəsi», «İtaətçi ilə söhbət», «Çevrilmə», «Qəsr», «Kənd həkimi», «Qətl» və s.
   3 iyun 1963 - Böyük türk şair, yazıçı-dramaturq, ictimai xadim Nazim Hikmət (15.1.-1902 - 1963) vəfat edib. Siyasi baxışlarına görə kommunist olan şair 1938-ci ildə Türkiyədə həbsə məhkum edilib, 1951-ci ildə Türkiyə vətəndaşlığından məhrum olunaraq SSRİ-yə mühacirət edib. Ömrünün axırınadək SSRİ-də, o cümlədən bir müddət Bakıda yaşayıb. Moskvada dəfn olunub.
   4 iyun 1882 - Rus teatr rejissoru Fyodor Komissarjevski (1882-1954) anadan olub.
   4 iyun 1960 - Amerikalı fantast-yazıçı Kristin Ketrin Raş (Kristine Kathryn Rusch) anadan olub.
   4 iyun 1975 - Amerika kinoulduzu Ancelina Coli (Angelina Jolie) anadan olub.
   
   5 iyun Dünya ətraf mühit günüdür (World Environment Day).1972-ci il dekabrın 16-da BMT Baş Assambleyasının 27-ci sessiyasında təsis olunub.
   5 iyun 1723 - Görkəmli şotland filosofu, dünya iqtisad elminin banilərindən biri Adam Smit (Adam Smith; 1723-1790) anadan olub.
   5 iyun 1898 - Məşhur ispan şairi və dramaturqu, musiqiçi və rəssam Federiko Qarsia Lorka (Federico Garcia Lorca; 1898-1936) anadan olub. İspaniyada Vətəndaş müharibəsində həlak olub.
   5 iyun 1931 - Fransız kinorejissoru Jak Demi (Jacques Demy, 1931-1990) anadan olub.
   5 iyun 1941 - Məşhur Polşa aktrisası (E.Ryazanovun «Taleyin ironiyası və ya həmişə təmizlikdə» filminin qəhrəmanı) Barbara Brılska (Barbara Brylska) anadan olub.
   5 iyun 1946 - İtalyan kinoaktrisası Stefaniya Sandrelli anadan olub. Filmləri: “XX əsr”, “Alfredo, Alfredo” və s.
   
   6 iyun 1599 - Görkəmli ispan rəssamı Dieqo Rodriqes de Silva Velaskes (Diego Rodriguez de Silva y Velazquez, 1599-1660) anadan olub.
   6 iyun 1606 - Məşhur fransız dramaturqu, “Fransa tragediyasının atası” Pyer Kornel (Pierre Corneille; 1606-1684) anadan olub. Əsərləri: “Sid”, “Edip”, “Psixeya”, “Medeya” və s.
   6 iyun 1799 - Dahi rus şairi, dramaturq və nasir Aleksandr Sergeyeviç Puşkin (1799 - 10.02.1837) anadan olub. Əsərləri: "Yevgeni Onegin" mənzum romanı, "Ruslan və Lyudmila", "Qafqaz əsiri", "Mis atlı" poemaları, "Boris Qodunov", "Motsart və Salyeri" pyesləri, “Kapitan qızı”, “Mərhum İvan Petroviçin povestləri”, “Qaratoxmaq qadın” povestləri və s.
   6 iyun 1875 - Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1929) Tomas Mann (Paul Thomas Mann 1875-12.08.1955) anadan olub. İntellektual nəsrin ustası olub. Əsərləri: “İosif və onun qardaşları” tetralogiyası, “Buddenbroklar”, “Doktor Faustus” romanları və s.
   
   Hazırladı: Vüqar Orxan