Azərbaycan
   
   17 iyun 1926 - Xalq rəssamı Elbəy Rzaquliyev (1926 - 15.9.2007) anadan olub. Əsərləri dünyanın bir sıra ölkələrində sərgilənib. “Qara daşlar”, “Telefonçu qız”, “Arşın mal alan” (1965), “Bakıda küləklər əsir”, “Gün keçdi”, “Arxadan vurulan zərbə” və s. filmlərin rəssamı olub.
   17 iyun 1947 - Tanınmış müğənni, Azərbaycan və SSRİ Xalq artisti Fidan Əkrəm qızı Qasımova anadan olub. Beynəlxalq müsabiqələr laureatı adına layiq görülmüş (1977, C.Viotti adına müsabiqədə birinci mükafat) ilk azərbaycanlı qadın müğənnidir. 1974-cü ildən Dövlət Opera və Balet Teatrının solistidir. Bakı Musiqi Akademiyasının professorudur. "Torpaq. Dəniz. Od. Səma" (1967) filmində (Sevda) çəkilib.
   17 iyun 1956 - Fəlsəfə elmləri doktoru Vilayət İsmayıl oğlu İsmayılov Ağstafa şəhərində anadan olub. 2006-cı ildən Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktorudur. Ali məktəblər üçün dərsliklərin, monoqrafiyaların müəllifidir. “Müasir mədəniyyətşünaslıq” elmi-metodiki-publisistik jurnalının baş redaktorudur.
   
   18 iyun 1917 - Xalq artisti, bəstəkar Cövdət Hacıyev (1917-1994) anadan olub. Azərbaycanda simfonik musiqinin yaradıcılarından biridir, xalq musiqisi elementlərinin yer aldığı altı simfoniya, orkestr və xor üçün əsərlər bəstələyib.
   18 iyun 2001 - Prezident Heydər Əliyev "Dövlət dilinin işlənməsinin təkmilləşdirilməsi haqqında" fərman imzalayıb. Fərmana əsasən, 2001-ci il avqustun 1-dən ölkədə Azərbaycan dilində olan bütün çap məhsulları latın qrafikalı əlifbaya keçib.
   
   19 iyun 1900 - Xalq artisti, görkəmli teatr və kino aktyoru Möhsün Sadıq oğlu Sənani (Cəfərov; 1900 - 11.2.1981) Tiflisdə doğulub. “Kəndlilər”, “O olmasın, bu olsun” “Səhər”, “Sehrli xalat”, “Dağlarda döyüş” və s. filmlərdə çəkilib.
   19 iyun 1924 - Ədəbiyyatşünas, professor, Əməkdar elm xadimi Seyfulla Qüdrət oğlu Əsədullayev anadan olub.
   
   20 iyun 1898 - Xalq artisti, aktyor Əli Mirzə oğlu Qurbanov (1898 - 14.10.1962) Tiflisdə anadan olub. Səhnə fəaliyyətinə Tiflis Azərbaycan Dram Teatrında başlayıb, 1925-ci ildə Bakıya gələrək ömrünün sonunadək Dövlət Akademik Dram Teatrında çalışıb. "Bəxtiyar" (Qurban), "Qızmar günəş altında" (Əli dayı), "Qara daşlar" (usta Ramazan), "Bir qalanın sirri" (Kamran baba) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   20 iyun 1921 - Görkəmli bəstəkar, Xalq artisti Cahangir Şirgəşt oğlu Cahangirov (1921 - 25.3.1992) Bakının Balaxanı kəndində doğulub. Xor üçün işlənmiş “Arazın o tayında” vokal-simfonik poeması, “Füzuli”, “Nəsimi” kantataları, «Sabir», «Hüseyn Cavid» oratoriyaları, “Azad”, “Xanəndənin taleyi” operalarının, “Təzə gəlin” operettasının, çoxsaylı mahnıların müəllifidir. “Koroğlu”, “Yenilməz batalyon”, “Dəli Kür” filmlərinə musiqi yazıb.
   20 iyun 1924 - Biblioqraf, ədəbiyyatşünas, professor Nazim Fərrux oğlu Axundov (1924- 10.3.1994) anadan olub.
   
   Dünya
   
   17 iyun 1818 - Fransız bəstəkarı, dirijor və pedaqoq Şarl Quno (Charles François Gounod, 1818-1893) anadan olub. “Faust”, “Romeo və Cülyetta” operalarının müəllifidir.
   17 iyun 1882 - Məşhur rus bəstəkarı, dirijor, pianoçu İqor Stravinski (1882-1971) anadan olub. “Müqəddəs bahar”, “Səməndər quşu”, “Petruşka” baletlərinin, “Bülbül” operasının müəllifidir.
   17 iyun 1903 - Rus şairi Mixail Svetlov (Şeynkman; 1903-1964) anadan olub. Əsərləri: “Qrenada” poeması, “İyirmi il sonra” lirik pyesi və s.
   17 iyun 1939 - Tanınmış Polşa kinorejissoru Kşiştof Zanussi (Krzysztof Zanussi) anadan olub. Filmləri: “Ailə həyatı”, “Spiral” və s.
   
   18 iyun 1812 - Rus yazıçısı İvan Aleksandroviç Qonçarov (1812-1891) anadan olub. “Oblomov”, “Uçurum”, “Adi əhvalat” romanlarının müəllifidir.
   18 iyun 1919 - SSRİ Xalq artisti, tanınmış aktyor Yuri Yarvet (1919-1995) anadan olub. “Ölü mövsüm”, “Kral Lir”, “Solyaris” və s. filmlərdə çəkilib.
   18 iyun 1929 - Müasir dünya fəlsəfəsinin görkəmli nümayəndəsi, alman sosioloqu Yurgen Habermas (Jürgen Habermas) anadan olub.
   18 iyun 1935 - SSRİ Xalq artisti, məşhur rus aktyoru Yuri Solomin anadan olub. Filmləri: “Əlahəzrətin yavəri”, “SİTA bəyan etmək üçün vəkil edilmişdir” və s.
   18 iyun 1936 - Böyük rus yazıçısı və dramaturqu Maksim Qorki (Aleksey Maksimoviç Peşkov; 28.3.1868 - 1936) vəfat edib. Əsərləri: “Ana”, “Foma Qordeyev”, “Artamonovların işi”, “Klim Samqinin həyatı” romanları; “Uşaqlıq”, “Mənim universitetlərim” povestləri; “Meşşanlar”, “Həyatın dibində”, “Yeqor Bulıçev və başqaları”, “Vassa Jeleznova” pyesləri və s.
   18 iyun 1942 - İngilis müğənnisi və bəstəkarı, əfsanəvi «Bitlz» qrupunun üzvü Pol Makkartni (James Paul McCartney) anadan olub.
   
   19 iyun 1623 - Məşhur fransız filosofu, fizik, riyaziyyatçı, ədəbiyyatşünas Blez Paskal (Blaise Pascal; 1623-1662) anadan olub. Riyazi analizin banilərindən biri, “Din və digər şeylər haqqında düşüncələr”, “Əyalət adamına məktublar” və s. əsərlərin müəllifidir.
   19 iyun 1920 - Fransız kinorejissoru İv Robber (Yves Robert, 1920-2002) anadan olub. “Qara çəkməli ucaboy sarışın”, “Ucaboy sarışının qayıtması” və s. komediyaların müəllifidir.
   19 iyun 1921 - Fransa və Amerika kinoaktyoru Lui Jurdan (Louis Jourdan) anadan olub. Filmləri: “Səkkizayaq”, “Qraf Monte-Kristo”, “Kolombo” serialı və s.
   19 iyun 1924 - Belarus yazıçısı Vasil Bıkov (1924-2003) anadan olub. Əsərləri: “Alp balladası”, “Ölülər ağrı hiss etmir”, “Sotnikov”, “Sübhədək yaşamalı” və s. Bir çox əsərləri əsasında filmlər çəkilib.
   
   20 iyun 1819 - Fransız bəstəkarı Jak Offenbax (Jacques Offenbach, 1819-1880) anadan olub. “Gözəl Yelena”, “Paris həyatı”, “Quldurlar” və s. operettaların müəllifidir.
   20 iyun 1932 - Rus şairi Robert Rojdestvenski (1932-1994) anadan olub. Əsərləri: “Rekviyem”, “Otuzuncu əsrə məktub”, “210 addım” poemaları və s.
   20 iyun 1933 - Amerika aktyoru, ssenarist Danni Ayello (Danny Aiello) anadan olub. “Bir dəfə Amerikada”, “Qahirənin al qızılgülü”, “Leon” və s. filmlərdə çəkilib.
   20 iyun 1941 - İngilis kinorejissoru Stiven Frirz (Stephen Arthur Frears) anadan olub. Filmləri: “Təhlükəli əlaqələr”, “Şeri” və s.
   20 iyun 1967 - Məşhur Avstraliya kinoaktrisası, “Oskar” mükafatı laureatı Nikol Kidman anadan olub.
   
   Hazırladı: Vüqar Orxan