Azərbaycan
   
   29 iyun 1913 - Xalq şairi, tərcüməçi Nigar Xudadat bəy qızı Rəfibəyli (1913 - 7.10.1981) Gəncədə anadan olub. Lirik şeirləri ilə XX əsr Azərbaycan poeziyasını zənginləşdirib, xarici dillərdən bir sıra ədəbi nümunələri (F.Şillerin «Məkr və məhəbbət», A.P.Çexovun «Vanya dayı», «Albalı bağı» pyesləri, E.L.Voyniçin «Ovod» romanı, A.S.Puşkin, M.Y.Lermontov, T.Q.Şevçenkonun şeirləri və s.) Azərbaycan dilinə çevirib.
   29 iyun 1944 - Tanınmış şair, Əməkdar incəsənət xadimi Çingiz Əlioğlu (Çingiz Əli oğlu Əliyev) Füzuli şəhərində anadan olub. Ümumittifaq poeziya müsabiqəsinin qalibi kimi "Yunost" jurnalının "Yaşıl yarpaq" mükafatına layiq görülüb. Rus dilindən ədəbi tərcümələrin müəllifidir. Əsərləri keçmiş SSRİ və bir çox Avropa xalqlarının dillərinə tərcümə olunub.
   
   30 iyun (yeni təqvimlə 12 iyul) 1812 - Görkəmli yazıçı, dramaturq, şair və filosof Mirzə Fətəli Axundov (1812 - (26.2) 10.3.1878) Şəkidə anadan olub. Yaradıcılığa şeirlə başlayıb, "Puşkinin ölümünə Şərq poeması" (1837) ilə məşhurluq qazanıb. 1850-ci illərdə yazdığı 6 komediya Azərbaycan dramaturgiyasının, 1857-ci ildə qələmə aldığı "Aldanmış kəvakib" povesti ilə realist Azərbaycan nəsrinin təməlini qoyub. 1873-cü ildə Axundovun “Lənkəran xanının vəziri” komediyasının səhnələşdirilməsi ilə Azərbaycan teatrının əsası qoyulub.
   
   1 iyul 1858 - Bakıda Xəzər gəmiçiliyi fəaliyyətə başlayıb. Prezident Heydər Əliyevin imzaladığı fərmana əsasən, 1998-ci ildən etibarən iyulun 1-i Dövlət Xəzər Dəniz Gəmiçiliyi işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
   1 iyul 1909 - Tanınmış alim, akademik Rüstəm İsmayılov (1909-1972) anadan olub. 1967-1970-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti olub.
   1 iyul 1925 - Ədəbiyyatşünas alim, tərcüməçi Pənah İmran oğlu Xəlilov Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində doğulub.
   1 iyul 1926 - Bakıda "Komsomol" adlı aylıq ədəbi, siyasi və elmi jurnalın 1-ci sayı çapdan çıxıb.
   1 iyul 1933 - Dramaturq Firudin Aşurov anadan olub.
   1 iyul 1948 - Sənətşünas, tədqiqatçı jurnalist, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev anadan olub. İncəsənət tariximizə dair dəyərli tədqiqatların, kitabların (“Sənətin Məcnunu” - Səttar Bəhlulzadə haqqında, “Azərbaycan incəsənəti” - uşaqlar üçün ensiklopedik toplu və s.) müəllifidir.
   
   2 iyul 1892 - Tanınmış yazıçı, maarif və mədəniyyət xadimi Tağı Şahbazi Simurğ (1892-1937) anadan olub. Xarkov Universitetinin tibb şöbəsini bitirib. 1919-cu ildə Bakıya qayıdaraq maarif və mədəniyyət sahəsində çalışıb. 1920-1930-cu illərdə respublika xalq maarif və səhiyyə komissarlarının müavini, "Maarif və mədəniyyət" jurnalının redaktoru, Mərkəzi İcraiyyə Komitəsinin katibi, Azərbaycan Dövlət Universitetinin rektoru işləyib. Povest və hekayələrində dini fanatizm, qadın azadlığı, mənəviyyat problemlərini təsvir edib. «Ağanın kənizi», «Azadlıq üçün cinayət», «Aldanmış ümid», «Əzab qorxusu» (1926) və s. kitabların müəllifidir. Stalin repressiyasının qurbanı olub.
   2 iyul 1918 - Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli xan Xoyski ölkədə ilk polis bölümünün yaradılması barədə əmr verib. Bununla Azərbaycan polis orqanlarının əsası qoyulub. Prezident Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə iyulun 2-si Azərbaycanda Polis günü kimi qeyd olunur.
   2 iyul 1921 - Azərbaycanda pedaqoji kadrlar hazırlayan ilk ali məktəb - Kişi Pedaqoji İnstitutu yaradılıb. Sonralar V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu adlanıb, hazırda Azərbaycan Pedaqoji Universiteti adı ilə fəaliyyət göstərir.
   2 iyul 1922 - Azərbaycan SSR hökuməti (Mərkəzi İcraiyyə Komitəsi) yanında Yeni Türk Əlifbası Komitəsi təşkil olunub. Bir il sonra, 1923-cü il oktyabrın 20-də Azərbaycan MİK "Yeni Azərbaycan əlifbasının dövlət əlifbası kimi tanınması haqqında" dekret qəbul etdi. Latın qrafikalı əlifbaya tam keçid 1929-cu ildə reallaşdı. 1939-cu ildə onu kiril əlifbası əvəzlədi.
   
   3 iyul 1920 - Azərbaycan SSR İnqilab Komitəsi (müvəqqəti hökumət) respublikada kinematoqrafiya müəssisələrinin milliləşdirilməsi haqqında dekret qəbul edib.
   
   Dünya
   
   29 iyun 1798 - İtalyan şairi, filosof Cakomo (Giacomo) Leopardi (1798-1837) anadan olub.
   29 iyun 1900 - Fransız yazıçısı, şair Antuan de Sent-Ekzüperi (Antoine Marie Roger Vicomte de Saint-Exupery; 1900-1944) anadan olub. Peşəkar təyyarəçi olub. “Gecə uçuşu”, “Külək, qum və ulduzlar”, “Hərbi təyyarəçi”, “Balaca şahzadə”, “Qala” romanları və s. əsərlərin müəllifidir.
   29 iyun 1908 - Amerika bəstəkarı Leroy Anderson (1908-1975) anadan olub.
   29 iyun 1957 - Kuba əsilli Amerika aktrisası və müğənnisi Mariya Konçita Alonso (Maria Concepcion Alonso Bustillo) anadan olub. “Ruhlar evi”, “Vampirin öpüşü”, “Güllər” və s. filmlərdə çəkilib.
   29 iyun 1964 - Məşhur gürcü estrada müğənnisi Soso (İosif) Pavliaşvili anadan olub.
   
   30 iyun 1685 - İngilis şairi və dramaturqu Con Gey (John Gay, 1685-1732) anadan olub.
   30 iyun 1789 - Fransız rəssamı Horas Verne (Horace Emile Jean Vernet; 1789-1863) anadan olub.
   30 iyun 1884 - Fransız yazıçı-dramaturqu, şair, ədəbiyyatşünas Jorj Düamel (Georges Duhamel; 1884-1966) anadan olub. “Tərk edilmişlər”, “Gecəyarısı etiraf”, “Salavenin gündəliyi” romanları və s. əsərlərin müəllifidir.
   30 iyun 1911 - Polyak şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1980) laureatı Çeslav Miloş (Czeslaw Milosz, 1911-2004) anadan olub.
   30 iyun 1918 - Amerika kinoaktrisası Süzen Heyuord (Susan Hayward, əsl adı Edythe Marrenner; 1918-1975) anadan olub. “Mən yaşamaq istəyirəm” filmində roluna görə “Oskar” mükafatı (1958) alıb.
   
   1 iyul 1646 - Alman idealist filosofu, tarixçi, dilçi və riyaziyyatçı Qotfrid Vilhelm Leybnis (Gottfried Wilhelm Leibniz, 1646-1716) anadan olub.
   1 iyul 1751 - Fransız maarifçiləri Deni Didro və Jan Leron D’Alamber tərəfindən hazırlanan və dünya mədəniyyəti tarixində mühüm hadisə sayılan «Ensiklopediya» («Elm, incəsənət və sənətlərin izahlı lüğəti») kitabının ilk cildi çapdan çıxıb.
   1 iyul 1862 - Moskva Kitabxanası (Rusiya Dövlət Kitabxanası) fəaliyyətə başlayıb. Dünyanın ən böyük kitabxanalarından biridir, fondlarında 247 dildə 17 milyon nüsxə kitab, ümumilikdə 43 milyon müxtəlif nəşr saxlanılır.
   1 iyul 1804 - Məşhur fransız yazıçısı Jorj Sand (əsl adı Amandina Avrora Düpen) - (George Sand - Amantine-Aurore-Lucile Dupin de Francueil; 1804-1876) anadan olub. Əsərləri: “Roz və Blanş”, “İndiana”, Leliya”, “Konsuelo” və s. romanlar.
   1 iyul 1889 - Rus heykəltəraşı, məşhur «Fəhlə və kolxozçu qadın» əsərinin müəlliflərindən biri Vera Muxina (1889-1953) anadan olub.
   1 iyul 1892 - Amerika yazıçısı Ceyms Keyn (James Mallahan Cain, 1892-1977) anadan olub. Detektiv əsərlərin müəllifidir. “Poçtalyon həmişə iki dəfə zəng çalır” əsəri üzrə məşhur film çəkilib.
   1 iyul 1902 - Amerika rejissoru, prodüser Uilyam Uayler (William Wyler; 1902-1981) anadan olub. “Roma tətili”, “Həyatımın ən yaxşı illəri” və s. filmləri çəkib, üç dəfə “Oskar” mükafatına layiq görülüb.
   1 iyul 1909 - Məşhur gürcü aktyoru, SSRİ-nin Xalq artisti Serqo Zakariadze (1909-1971) Bakıda anadan olub. “Keto və Kote”, “Əsgər atası” (Georgi Maxaraşvili) və s. filmlərdə çəkilib.
   1 iyul 1934 - Amerika aktyoru və kinorejissoru Sidni Pollak (Sydney İrwin Pollack; 1934-2008) anadan olub. Filmləri: “Yakudza”, “Afrikadan” (“Oskar” mükafatı), “Sabrina”, “Tutsi” (“Oskar” mükafatı) və s.
   
   2 iyul 1714 - Alman bəstəkarı Kristof Villibald Qlük (Christoph Willibald Ritter von Gluck; 1714-1787) anadan olub. “Orfey və Evridika”, “Paris və Yelena”, “İfigeniya Tavridada” və s. operaların müəllifidir.
   2 iyul 1877 - Görkəmli alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1946) laureatı Herman Hesse (Hermann Hesse, 1877-1962) anadan olub. Əsərləri: “Təkər altında”, “Çöl canavarı”, “Şərq ölkəsinə ziyarət”, “Muncuq oyunu” və s.
   2 iyul 1923 - Polyak şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1996) laureatı Vislava Şimborska (Wislawa Szymborska) anadan olub. “Son və əvvəl”, “Yüz ....” və s. kitabların müəllifidir.
   2 iyul 1961 - Görkəmli Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1954) laureatı Ernest Hemenquey (Ernest Miller Hemingway; 21.7.1899 - 1961) vəfat edib. Əsərləri: "Kişisiz qadınlar" (1927), "Əlvida, silah" (1929), "Zəng kimin üçün çalınır" (1940) romanları, "Qoca və dəniz" povesti və s.
   2 iyul 1977 - Dünya şöhrətli rus yazıçısı Vladimir Nabokov (22.4.1899 - 1977) vəfat edib. 1919-cu ildə Avropaya, oradan Amerikaya (1940) mühacirət edib, sonra yenidən Avropaya qayıdıb. Əsərləri: “Lujin müdafiəsi”, “Qətlə dəvət”, “Lolita” və s.
   2 iyul 1986 - Amerika aktrisası və müğənnisi Lindsey Lohan (Lindsay Morgan Lohan) anadan olub.
   
   3 iyul 1883 - Yəhudi əsilli çex-alman yazıçısı, filosof Frans Kafka (Franz Kafka, 1883 - 3.6.1924) Praqada doğulub. Əsərləri: “Bir xanımın xülasəsi”, «İtaətkarla söhbət», «Çevrilmə», «Qəsr», «Kənd həkimi», «Qətl» və s.
   3 iyul 1908 - Fransız yazıçısı və ssenaristi Toma Narsejak (Thomas Narcejac, əsl adı Pierre Robert Ayraud; 1908-1998) anadan olub. Fransız yazıçısı Pyer Bualo (1906-1989) ilə yaradıcılıq tandemində bir çox dedektiv filmlərin ssenarisini (“Şeytanlar”, “Başgicəllənmə” və s.) yazıb.
   
   3 iyul 1962 - Amerikalı aktyor, rejissor, Hollivud ulduzu Tom Kruz (Thomas Cruise Mapother) anadan olub. Filmləri: “Riskli biznes”, “Geniş bağlanmış gözlərlə” və s.
   
   Hazırladı: Vüqar Orxan