“kobud” bir daşlıq sahəsi də var: heykəltəraşlıq
   
   Məncə, bu incə sənət adamları yeganə sənətçilərdir ki, əllərindəki “çörək ağacı” “qabar məhsulu” da yetirir. Məsələn, elə bu yazının qəhrəmanı heykəltəraş Cəlal Qaryağdının əmisi - yetmiş il qaval vurmuş Qaryağdıoğlu Cabbarın əli qabar görməyib. Yaxud bütün digər sənətçiləri, lap elə bu əza ilə səsləşən “Nazik əllər” mahnısının şeirçi-bəstəçi-ifaçı dəstlərinin, hətta bu qəbil zəriflik konsertlərində iştirak imkanı olanların əllərini təsəvvürə gətirsək, nə görərik? Əlbəttə, doxsan doqquz faiz “Ağ biləklər, nazik əllər”...
   
   Hələ...
   
   Hələ bu qabar ornamentli əllərin istehsal etdiyi materiya-məhsulların ictimai formasiya, siyasi deqradasiya, ideoloji bazar müsibətləri! Bəli, bütün başqa sənət adamlarının problemi - bir qədər redaktə, əlgəzdirim şərtilə - “bazar münasibətləri” olduğu halda, heykəltəraşlarınkı mənəvi “bazar” müsibətləridir. Onların illərlə tişələdikləri monumental bir əsər, bəzən, bir “inqilab” əsiminin badına qurban gedir.
   Başqalarının işi xeyli asandır; zəmanə bəd gəldimi, vəzndə nə qədər ağır olur-olsun, çəkidə yüngül portretləri aradan yığışdıra, romanları yeni “seçilmiş əsərlər”inə salmaya, simfoniyanı səsləndirməyə, filmi göstərməyə, əzbərlədiyin saysız “tribun”al şeirləri deklamasiya etməyə bilərsən. Bəs sənətin bu möhtəşəm çöl növünü, gecə-gündüz kütləvi tamaşaçı-xalq qarşısında psixo-ideoloji atəşlər saçan “ağır artilleriya”ları neyləyəsən?
   Dövrünün baş heykəltəraşlarından sayılan Cəlal Qaryağdıya bilavasitə dəxli olan bu “sinsitmə” təsirli fikirlərimə daha bir bənzətmə əlavə edib, onun sovetizmdən dolayı - yaralı yaradıcılığına keçirəm. “Bənzətmə” dediyimsə budur ki, əgər başqa sənətkarların matahları nəhəng “ictimai seyf”in içərisindəki götürülməsi, təkrar işlənməsi, reval-devalvasiyası mümkün olan baratlardırsa, heykəltəraşlarınkı məhz o zindan seyfin özüdür...
   
   26 il əvvəl - bu gün...
   
   Həmin gün heykəltəraşın yetmiş yaşı tamam olurdu və AzTV-nin “Xəbərlər” baş redaksiyasından məni göndərdilər ki, onun yubileyilə bağlı “Günün ekranı”na 4-5 dəqiqəlik bir süjet hazırlayım. Bu yetmiş sinli kişinin sifətində, yalan olmasın, yeddi yaşlı bir uşaq məsumluğu müşahidə etdim. Hazırlayacağım süjetin həcm sıxıntısına görə, əvvəlcə onunla bir atüstü “dedim-dedi” kəşfiyyatı apardım. Məlum oldu ki, əsil-kök və şəxsi məfkurə etibarilə təpədən-dırnağa özgür olan bu sənətkarın bütün yaradıcı ömrü, beş-on milli işi istisna edilməklə, özgələri tərənnüm etməkdə, yadları yonub-yontalamaqda keçib. Vladimir Lenin, İosif Stalin, İvan Fioletov, Caparidze və başqaları. Bu “və başqaları” mənim hazırladığım süjetin saniyələrindən də çox olduğuna görə, söhbət və hisslərinin gizlinində bir faciə yaşayan qocaman sənətkara çox əziyyət verməli olmadım.
   Qərəz, “çərəz” söhbətimizə son verib, onun böyük sənət tikintisi meydançasını xatırladan emalatxanasına keçdik. “İncə sənətin yaradıcısı əllər” motivimdən xəbərdar teleoperatorumuz onun qabarlı əllərini, damarlı barmaqlarını obrazlaşdırmaqda, mən isə bu zəhmətkeş, istedadlı əllərin illərlə sığal-tumar verib yaratdığı saysız barelyef, qorelyef, büst, heykəl, eskiz, bəzisi sınmış, bəzisi heç vaxt tamaşaçı, küçə, meydan vüsalına yetməyəsi fiqur və abidələri müşahidə etməkdə.
   Qısaca tanışlıq ərzində mənə inanıb bel bağladığından, söhbətində “lazım olmayan” yerlərə də dil çalan sənətkar M.Ə.Sabirin Elmlər Akademiyası Rəyasət Heyəti binası yanındakı heykəlindən söhbət düşəndə gülümsündü. Dedi ki, bəli, əvvəl o heykəl ayaqüstü formada idi. Sonra... köhnə millətçi kişilərin “Sabiri də oturtdular!” dediyi o işin müəllifi mənəm...
   Dedim, ən qədim sələflərinizdən olan Fərhadın heykəlini yaratmaq arzunuz da olubmu? Dedi, olub, amma heç vaxt duyurmamışam. Bilirəm ki, desəm, deyəcəklər olar, amma nəsə bir sovet ştrixi, bolşevik çaları ilə...
   Söhbətimizin qaçaraq bir dəmində soruşdum ki, niyə bu Qırat, Dürat xalqının paytaxtında bir at heykəli yoxdur? Dedi: “O atı minib İran-Turana atlanmaq xəyallarımızın qarşısının alınması üçün...”
   Stolun üstünə göz gəzdirib gördüm, Andropov şəkildən mənə baxır, saata baxıb gördüm xəbərlər proqramına 3 saatdan da az qalır, dövran mükaliməsindən keçdim ekran müsahibəsinə. Elə müsahibələrə isə nə vardı ki, sən nəsə de, qoy o da nə deyir desin...
   
   Nə qaldı...
   
   Yəni ondan - Cəlal Qaryağdı sənətkarımızdan bizə nə qaldı? Nüvəsində tər-təmiz bizlik, özümüzlük olan çox şey. Əvvəla, onun ömrü, şəxsiyyəti, 15 yaşında Azərbaycan Rəssamlıq Texnikumunu, 20 yaşında Tbilisi Rəssamlıq Akademiyasını bitirməsi, 22 yaşında mükafata layiq görülən üç büst, beş barelyef yaratmasının özü bir fenomenal sənətkar nümunəsidir. Sovet İttifaqı Qəhrəmanı H.Aslanovun, görkəmli ədib, ictimai-siyasi xadim N.Nərimanovun, böyük alim Y.Məmmədəliyevin abidələri, dahi Q.Qarayevin, F.Əmirovun büstləri, dillər əzbəri S.Vurğunun qəbirüstü abidəsi onun o vaxtkı müsahibəmizdə danışmağa çətinlik çəkdiyi “əsərsiz” əsərlərindən fərqli olaraq, yüzillərlə ucadan və qürurla danışacaqlar. Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qərb fasadı lojasındakı monumental işi - M.P.Vaqifin son dərəcə lirik, şairanə heykəli isə, tək elə “Xumar-xumar baxmaq göz qaydasıdır” kimi misralar yox, həm də “usta-usta yonub-yapmaq ustad əl qaydasıdır!” kimi öygü nidaları da dalğalandıracaq...
   
   Tahir Abbaslı