Tanınmış gürcü aktyoru, SSRİ Xalq artisti Vaxtanq Kikabidze 19 iyul 1938-ci ildə Tbilisi şəhərində anadan olub. Uşaq vaxtlarından o, incəsənətə həvəs göstərib, müxtəlif rəsm əsərləri çəkib.
  
   Musiqiyə meyli isə məktəbdə oxuyarkən yaranıb. Vaxtanq Kikabidze iki dəfə ali məktəbə daxil olsa da, heç birini də sona qədər oxumayıb. 1959-cu ildə Tbilisi filarmoniyasına işə düzəlir, solist kimi qastrollara gedir. Dostları ilə birlikdə əvvəlcə “Velo”, sonra isə “Orero” qrupunu yaradaraq gürcü, rus, italyan və ingilis dillərində mahnılarla konsertlər verir.
   Vaxtanq Kikabidzenin kinoya gəlişi 1966-cı ilə təsadüf edir. İlk çəkildiyi film “Dağlarda görüş” filmi olur. Burada o tanınmış gürcü aktrisası Leyla Abaşidze ilə tərəf-müqabil olur. 1969-cu ildə məşhur rejissor Georgi Daneliya onu özünün ilk filmi olan “Qəm yemə” filminə həkim roluna dəvət edir. Bu rol Kikabidzeyə böyük uğur gətirir.
   Ancaq ona böyük şöhrət gətirən, SSRİ-də və onun sərhədlərindən kənardan məşhurlaşdıran “Mimino” (gürcü dilində “şahin” deməkdir) filmindəki təyyarəçi Valiko (Valentin) Mizandari rolu olur. Film 1978-ci ildə SSRİ Dövlət mükafatına layiq görülür. Kino karyerası boyu V.Kikabidze bir-birindən maraqlı rollar yaradıb və geniş tamaşaçı sevgisi qazanıb. O, həm də bir çox beynəlxalq mahnı və kinofestivalların laureatı olub. Vaxtanq Kikabidze Azərbaycanda da çox sevilir. Onun Bakı şəhərində bir neçə solo-konserti keçirilib.
  
   Çingiz