Mirzə İbrahimov - 100 
   
   Xalq şairi Səməd Vurğunun yaradıcılığı daim tənqid və ədəbiyyatşünaslığın diqqət mərkəzində olmuşdur. Tənqidçi və ədəbiyyatşünaslarla yanaşı şairin müasirləri olmuş ədiblərimiz də onun barəsində yazmış, fikir və mülahizələrini bildirmişlər. Mehdi Hüseyn, Mir Cəlal, İlyas Əfəndiyev və başqalarının bu mövzuda qələmə aldığı yazılar bu gün də öz təravətini itirməmişdir.
   
   Şair haqqında maraqlı tədqiqat və xatirə müəlliflərindən biri də Azərbaycanın Xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı, akademik Mirzə İbrahimov olmuşdur. Mirzə İbrahimov onun haqqında ilk yazılarını 1940-cı illərdə qələmə almış, bu yöndə araşdırmalarını sonralar da davam etdirmişdir.
   Mirzə İbrahimovun araşdırmalarında Səməd Vurğun xalqımızın dünya mədəniyyətinə bəxş etdiyi görkəmli şəxsiyyət­, Azərbaycan ədəbiyyatının klassiki, böyük şair və dramaturq, nəzəriyyəçi və ədəbi prosesin təşkilatçısı kimi təqdim olunur. Yazıçı xüsusi olaraq vurğulayır ki, Səməd Vurğun yaradıcılığının əsas mövzusu mənsub olduğu xalqın keçmişi və bu günü, gələcək taleyidir.
   Şairin hələ sağlığında geniş şöhrətlənməsi, Azərbaycandan çox-çox uzaqlarda tanınması və sevilməsi bir dost kimi Mirzə İbrahimovu da ürəkdən sevindirmişdir. O, 1947-ci ildə rəsmi nümayəndə heyətinin tərkibində Hindistanda olarkən Səməd Vurğun haqqında verilən suallara fərəhlə cavab verdiyini öz xatirələrində xüsusi qeyd etmişdir: «O zaman biz Səmədin cəmi qırx bir yaşında olduğunu, ürəyinin hərarət və ehtirasla çırpındığını, canının, başının salamatlığını, hələ çox yazıb-yaradacağını söylədikdə xaricdəki dostlarımızın gözləri şad təbəssümlə işıqlanırdı».
   Şairin başqa millətlərdən olan həmkarları onun yaradıcılığını və şəxsiyyətini yüksək qiymətləndirir, eyni zamanda, onunla dostluq edirdilər.
   Mirzə İbrahimovun fikrincə, N.Tixonov, K.Simonov, A.Fadeyev, V. Luqovskoy, P.Antokolski, M.Adalis və başqa qələm sahiblərini Səməd Vurğunla bağlayan tellər, hər şeydən əvvəl, şairin böyük sənəti, böyük istedadı ilə əlaqədar idi, bu dostluq çox dərin hissi və fikri estetik mahiyyətdə idi. Şairin həmkarları səbirsizliklə onun yeni şeirlərini gözləyir, dərhal və böyük ilhamla öz dillərinə tərcümə edirdilər.
   Mirzə İbrahimovun 1975-ci ilin oktyabr ayında şairin ev-muzeyinin açılışı mərasimdə üzünü iştirakçılara tutaraq dediyi bu sözlər heç vaxt təravətini itirməyəcəkdir:
   - Biz Azərbaycan poeziyasının bayraqdarı Səməd Vurğunun ev-muzeyinin təntənəli açılışında iştirak etmək üçün buraya toplaşmışıq. İllər böyük ustadın yaradıcılığını xələldar edə bilmir. Səməd Vurğun yüksək amallar və duyğular şairidir, romantika və poeziya cəngavəridir. Vurğun ən adi şeylər haqqında həyəcan və ilhamla söhbət açan, hər hansı bir faktın sadəliyində onun əzəmətini görən şairdir.
   Mirzə İbrahimovun özünün dediyi kimi, onlar düz iyirmi beş il duz-çörək kəsmiş, dostluq etmişlər. Müxtəlif tədbirlərdə birlikdə olmuş, bir yerdə uzaq səfərlərə çıxmış, ova getmiş, kənd evlərində bir yerdə gecələmişlər.
   Məhz buna görə də yazıçının tədqiqat işləri ilə yanaşı Səməd Vurğun haqqında xüsusi maraq doğuran xatirələri də vardır. Müəllif bu xatirələrin bir qismini qələmə alaraq dərc etdirmiş, bir qismi isə ayrı-ayrı tədbirlərin lent yazılarında mühafizə olunur. Bu xatirələrdə Səməd Vurğun öz xalqının təəssübünü çəkən, onu hər hansı bir hücumdan cəsarətlə qoruyan, sözün həqiqi mənasında alovlu bir vətənpərvər kimi təqdim olunur.
   Mirzə İbrahimov fikrini əsaslandırmaq üçün özünün şəxsi müşahidələri ilə yanaşı şairin müxtəlif çıxış və məqalələrinə, məruzələrinə də istinad edir. Səməd Vurğun ömrü boyu yurdsevərliyi təbliğ etmiş, öz soydaşlarını bu müqəddəs hissi yüksək tutmağa çağırmışdır. Onun fikrincə, vətənpərvərlik insan hissləri içərisində ən müqəddəs, əbədi, tərəqqi və inkişafa təkan verən amillərdən bəlkə də ən mühümüdür. Bu xatirələrdə Səməd Vurğun qayğıkeş, səxavətli və xeyirxah bir adamdır. Qələm dostlarına, digər vətəndaşlara sonsuz yaxşılıqlar etmiş şəxsiyyətdir. Heç nədən çəkinməyən, sözü üzə deyən bir insandır.
   Yazıçının xatirələrindən: «Səməd Vurğun mənim həyatımda, mənim xəyalımda ən dərin iz buraxmış, ən çox kəşməkəşlər, mübarizələr, sevinc və kədərlə bağlandığım şəxsiyyətlərdən biridir. Təqribən iyirmi beş il çox qızğın və gərgin fəaliyyət fasiləsiz olaraq bizi bir-birimizə bağlamışdı. Fəaliyyətimiz və işimiz isə minlərlə adamların gözü qabağında, geniş meydanda baş verdiyindən və çox zaman ideoloji sahənin mühüm məsələləri ilə əlaqədar olduğundan təbiidir ki, aydın, sakit, buludsuz günlərlə yanaşı dumanlı, coşqun, fırtınalı anlar və günlər də olurdu». İnsan xarakterinin, onun möhkəmliyinin və boşluğunun məhz belə anlarda sınaqdan çıxdığını xüsusi qeyd edən Mirzə İbrahimov yazır ki, bəzən insanı çaşdıran, qorxudan, səhv hərəkətlərə sövq edən belə fırtınalı anlarda Səməd Vurğun möhkəm durardı, öz fikrini, öz mövqeyini mərd-mərdanə qoruyar, sinəsini həqiqətin müdafiəsinə qalxan edərdi.
   Yazıçının xatirələrindən məlum olur ki, Səməd Vurğun belə anlarda nəinki yaxın olduğu, dost bildiyi adamları, hətta xoşu gəlməyən adamları, ona qarşı xeyirxah duyğu bəsləməyənləri də müdafiə etmişdir. Ona görə ki, fürsətdən istifadə edib ixtilafda olduğu adamlara zərbə vurmaq, onları aradan götürmək bu böyük şairin və insanın təbiətinə, insaniyyət və nəcabətinə zidd olmuşdur.
   Qeyd etdiyimiz kimi, Mirzə İbrahimovun şair haqqında xatirə və söhbətlərinin bir qismi lent yazılarında mühafizə olunur. Onlardan bəziləri Səməd Vurğunun ev-muzeyindədir. Bunlardan biri 1985-ci il mayın 27-də muzeydə lentə alınmışdır. Yazıçı öz söhbətində Azərbaycan poeziyasının aşağıdakı mərhələlərini göstərir: Vaqif mərhələsi, Sabir mərhələsi, Vurğun mərhələsi.
   Yazıçı Səməd Vurğunla bağlı bəzi xatirələrini yada salır. Bu xatirələrdən biri belədir: onlar (Səməd Vurğun, Mirzə İbrahimov və başqaları) Daş Salahlı kəndində gecələyib səhər tezdən ova çıxırlar.
   «Birdən Səməd həyəcanla dedi:
   - Ayə, bir oraya bax, Göyəzən dağına...
   Baxdım ki, orada bir təpə var. Dedim:
   - Ay Səməd, sən deyəndə «Göylərə baş çəkir Göyəzən dağı», mən elə bilirdim ki, Elbrusdu, ya hansı dağdı?
   Səməd cavab verdi:
   - Mənim «veliçiyem» (bunu rusça dedi) ondadır ki, mən təpəni dağ kimi təsvir edirəm. Sən qorx o adamlardan ki, dağı təpə kimi təsvir eləsinlər...».
   Mirzə İbrahimov öz xatirələrində şairin həmişə ədəbiyyat və sənət, yaradıcılıq məsələləri barədə düşündüyünü, yüksək sənətdən, böyük fəlsəfi fikirlər və qüdrətli insan ehtirasları ilə yaşayan sənətdən danışdığını qeyd etmişdir.
   Yazıçının dediklərindən: «O, doğma Azərbaycan ədəbiyyatının bayraqdarı idi, bu bayrağı xalqına nəhayətsiz sədaqət və məhəbbətlə ucaltdı... Bu bayrağı həmişə uca tutmaq, həmişə xalq həyatını, qabaqcıl idealları tərənnüm etmək, qədim tarixli Azərbaycan ədəbiyyatının ən yaxşı milli ənənələrini yaşadıb inkişaf etdirmək, obrazlı, ahəngdar Azərbaycan dilində böyük sənət əsərləri yaratmaq bizim şərəf işimizdir, bununla biz böyük şairimizin qaldırdığı bayrağı daha da ucaltmış olarıq».
   Bu sözlər, heç şübhəsiz, böyük yazıçı, dramaturq, ədəbiyyatşünas və publisist Mirzə İbrahimovun özünə də aiddir...
   
   Adilxan Bayramov,
   filologiya elmləri doktoru