Azərbaycan
   
   12 avqust 1880 - Tanınmış dilçi alim, jurnalist Fərhad Rasim oğlu Ağazadə (1880-1931) anadan olub.
   12 avqust 1921 - Görkəmli yazıçı Ələviyyə Hənifə qızı Babayeva anadan olub. "Mənim müəllimim", "Kənd yolları", “Sehirli pillələr" və s. kitabların, "Adamlar və talelər", “Haradasan dost, harada”, “Bəlkə, sabah olmadı”, “Səni axtarıram”, “Sönmüş ulduzların işığı” və s. romanların müəllifidir. Uşaq və gənclərin həyatından bəhs edən əsərləri dünyanın bir sıra dillərinə tərcümə olunub.
   12 avqust 1923 - Xalq rəssamı, Əməkdar incəsənət xadimi, tərcüməçi Kamil Həsən oğlu Məmmədov (1923-1989) anadan olub.
   12 avqust 1926 - Xalq şairi Qabil (Qabil Allahverdi oğlu İmamverdiyev; 1926 - 3.4.2007) anadan olub. Kitabları: “Mənim mavi Xəzərim”, “Ömrüm boyu”, “Nəsimi”, “Ömrün həbləri”, “İlahi qisməti” və s. Respublika Dövlət mükafatı (1976), "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif olunub.
   12 avqust 1942 - Tarixçi, jurnalist və publisist Şəmistan Nəzirli anadan olub. Azərbaycanın hərb tarixi, tanınmış azərbaycanlı generalların həyatına dair kitabların müəllifidir.
   12 avqust 1943 - Ədəbiyyatşünas, tənqidçi İntiqam Böyükağa oğlu Qasımzadə Şuşa şəhərində doğulub. "Bayatı" ədəbi televiziya almanaxının müəllifi olub, "Azərbaycan" jurnalının baş redaktorudur (1997-ci ildən). Rus dilindən tərcümələr edir. Ssenarisi əsasında bir neçə cizgi filmi və sənədli film çəkilib.
   12 avqust 1954 - Tanınmış ədəbiyyatşünas alim, professor, yazıçı-publisist, tərcüməçi, Milli Elmlər Akademiyasının müxbir üzvü Rafael Baba oğlu Hüseynov anadan olub. “Vaxtdan uca”, “1002-ci gecə”, “Məhsəti necə varsa” və s. populyar kitabların, dərslik və monoqrafiyaların müəllifidir. AMEA-nın Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatıdır.
   
   13 avqust 1941 - Xalq artisti, tanınmış müğənni Elmira Allahverdi qızı Rəhimova anadan olub. 1957-ci ildə Hindistanın Baş naziri C.Nehrunun dəvəti ilə bu ölkəyə gedib, üç il orada hind rəqs sənətini, hind mahnıları oxumağı öyrənib. 1982-ci ildə Hindistanda keçirilən festivalın laureatı olub. Dünyanın 50-dən çox ölkəsində qastrol səfərlərində Azərbaycan musiqisini təbliğ edib.
   13 avqust 1947 - Tanınmış rejissor, Xalq artisti Azər Paşa Nemət anadan olub. 70-80-ci illərdə Gənc Tamaşaçılar Teatrında işləyib, bir müddət Sankt-Peterburqda çalışıb. 1990-cı ildən Akademik Milli Dram Teatrının quruluşçu rejissoru kimi işləməyə başlayıb. Azərbaycan Teatr Xadimləri İttifaqının sədridir.
   13 avqust 2004 - Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması, inkişaf etdirilməsi və təbliği sahəsindəki aktiv fəaliyyətinə görə UNESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb.
   
   14 avqust 1923 - Görkəmli ədəbiyyatşünas alim, akademik Kamal Abdulla Şaiq oğlu Talıbzadə (1923 - 20.1.2006) anadan olub. “Abbas Səhhət”, “Qorki və Azərbaycan”, “XX əsr Azərbaycan tənqidi”, “Ədəbi irs və varislər”, “Azərbaycan ədəbi tənqidinin tarixi” (1986-cı ildə Respublika Dövlət Mükafatına layiq görülüb) və s. monoqrafiya və kitabların müəllifidir.
   14 avqust 1948 - Şair, nasir Qəşəm İsa oğlu İsabəyli Kürdəmirin Xəlsə kəndində doğulub. “Bir qarıyla bir qoca”, “Bir qəlbin məhəbbət etirafları” və s. kitabların müəllifidir.
   
   15 avqust 1784 - Görkəmli şair, Azərbaycanın realist və satirik poeziyasının banilərindən biri Qasım bəy Zakir (1784-1857) Şuşada anadan olub.
   15 avqust 1832 - Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvan (1832-1897) Şuşada doğulub (bəzi mənbələrdə doğum günü 6 avqust göstərilir). İbrahimxəlil xanın nəvəsi, sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızıdır. Natəvan istedadlı şairə olmaqla yanaşı, xeyriyyəçiliyi ilə də tanınıb, imkansızlara əl tutub, Şuşaya su kəməri çəkdirib.
   15 avqust 1867 - Cənubi Azərbaycan türklərinin mübariz lideri Səttarxan (1867-1914) anadan olub. 1905-1911-ci illərdə İranda şah üsul-idarəsinə qarşı Məşrutə (Konstitusiya) inqilabına rəhbərlik edib. Məşrutə inqilabında oynadığı rola görə şah rejimi devriləndən (1979) sonra İranda “Milli sərdar” adına layiq görülüb.
   15 avqust 1930 - Nasir Nəriman Qoca oğlu Süleymanov (1930-1995) anadan olub.
   15 avqust 1955 - Xalq artisti, məşhur aktrisa Afaq Bəşirqızı anadan olub. Lənkəran Dövlət Dram Teatrında, Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışıb, bu teatrda "Bəxt üzüyü" tamaşasında (Vaqif Səmədoğlu) Söylü obrazı ilə məşhurlaşıb. 1989-cu ildən Musiqili Komediya Teatrında fəaliyyət göstərir. Televiziya tamaşalarında (“Yaşıl eynəkli adam”, “Bala - başa bəla”, “Yarımştat” və s.), filmlərdə («Bəxt üzüyü», «Girov») yaddaqalan obrazlar yaradıb.
   
   Dünya
   
   12 avqust Beynəlxalq Gənclər Günüdür (İnternational Youth Day). 1998-ci ilin 8-12 avqustunda Lissabonda (Portuqaliya) keçirilmiş dünya gənclər nazirlərinin I toplantısının tövsiyəsi əsasında BMT Baş Assambleyası tərəfindən (17 dekabr 1999) təsis edilib.
   
   12 avqust 1866 - İspan dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1922) laureatı Xasinto Benavente-i-Martines Jacinto Benavente Martinez (1866-1954) anadan olub. "Məşhur adamlar", "Qubernatorun xanımı", "Şənbə gecəsi", "Yaxşı məhəbbətin dərsləri" və s. pyeslərin müəllifidir.
   12 avqust 1881 - Amerika rejissoru, «Paramaunt pikçerz» kinoşirkətinin qurucusu Sesil Blaunt de Mill (Cecil Blount de Mille; 1881-1959) anadan olub.
   12 avqust 1881 - Rus rəssamı, SSRİ Rəssamlar İttifaqının sədri Aleksandr Gerasimov (1881-1963) anadan olub.
   12 avqust 1907 - Tanınmış rus kinorejissoru Aleksandr Stolper (1907-1979) anadan olub. Filmləri: “Bizim şəhərli oğlan”, “Əsl insan haqqında povest”, “Dirilər və ölülər” və s.
   12 avqust 1955 - Görkəmli alman (yəhudi əsilli) yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1929) Tomas Mann (Paul Thomas Mann; 6.6.1875 - 1955) vəfat edib. İntellektual nəsrin ustası olub. Əsərləri: “İosif və onun qardaşları” tetralogiyası, “Buddenbroklar”, “Doktor Faustus” romanları və s.
   13 avqust 1655 - Alman musiqiçisi, klarnet alətinin ixtiraçısı Yohann Xristof Denner (Johann Christoph Denner, 1655-1707) anadan olub.
   13 avqust 1899 - Məşhur Amerika rejissoru, bir neçə dəfə «Oskar» mükafatı laureatı Alfred Hiçkok (Alfred Joseph Hitchcock; 1899-1980) anadan olub. Filmləri: “Quşlar”, “Naməlum insanlar qatarda”, “39 pillə” və s.
   13 avqust 1907 - Rus aktrisası, SSRİ Xalq artisti Tamara Makarova (1907-1997) anadan olub. Filmləri: “Yeddi cəsur”, “Gənc qvardiya”, “Pyotrun gəncliyi” və s.
   
   14 avqust 1714 - Fransız rəssamı Klod Jozef Verne (Claude Joseph Vernet; 1714-1789) anadan olub.
   14 avqust 1860 - Kanada yazıçısı, heyvanlar haqqında məşhur əsərlərin müəllifi Ernest Seton-Tompson (1860-1946) anadan olub.
   14 avqust 1866 - Görkəmli rus yazıçısı, şair, ədəbiyyatşünas, filosof Dmitri Merejkovski (1866-1941) anadan olub. Rus ədəbiyyatında simvolizminin banilərindən biri, tarixi-fəlsəfi roman janrının yaradıcısıdır: “Xristos və Antixrist” trilogiyası və s. 1919-cu ildən mühacirətdə yaşayıb.
   14 avqust 1867 - Məşhur ingilis yazıçısı, dramaturq və şair, ədəbiyyat üzrə Nobel mükafatı (1932) laureatı Con Qolsuorsi (1867-1933) anadan olub. Məşhur “Forsaytlar haqqında saqa” trilogiyasının, “Gümüş qutu” pyesi və s. əsərlərin müəllifidir.
   14 avqust 1945 - Tanınmış alman rejissoru Vim Venders (Wilhelm Ernst Wenders) anadan olub. Filmləri: “Paris-Texas” (Kann kinofestivalının baş mükafatı, 1984), “Lissabon tarixi”, “Berlin üzərində səma” və s.
   14 avqust 1963 - Fransız aktrisası Emmanuel Bear (Emmanuelle Beart) anadan olub. Filmləri: “Liftdən solda” (Pyer Rişarın iştirakı ilə komediya), “Qeyri-mümkün missiya” və s.
   
   15 avqust 1771 - Şotland yazıçısı, şair, tarixçi Valter Skott (Walter Scott, 1771-1832) anadan olub. Tarixi roman janrının banisidir. Əsərləri: “Edinburq həbsxanası”, “Rob Roy”, “Ayvenqo”, “Kventin Dorvard”, “Marmion” (ilk mənzum roman) və s.
   15 avqust 1879 - Amerika kinoaktrisası Etel Berrimor (Ethel Barrymore, 1879-1959) anadan olub. Filmləri: “Rasputin və imperatriçə” (“Oskar” mükafatı), “Spiralvari pilləkan” və s.
   15 avqust 1890 - Fransız bəstəkarı Jak İber (Jacques François Antoine Ibert; 1890-1962) anadan olub. Əsərləri: “Anjelika”, “Kral İveto” operaları, “Səyyah cəngavər” baleti və s.
   
   Hazırladı: Vüqar Orxan