Azərbaycan
   
   16 avqust 1925 - Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ictimai xadim Bəxtiyar Mahmud oğlu Vahabzadə (1925 - 13.2.2009) Şəkidə anadan olub. İkiyə bölünmüş Azərbaycanın tarixi faciəsindən bəhs edən "Gülüstan" poeması (1959) şairə məşhurluq gətirib. Yaradıcılığı boyunca 20-dək poema, 10 dram əsəri (“Vicdan”, “Yollara iz düşür”, “Fəryad”, “Hara gedir bu dünya?”, “Özümüzü kəsən qılınc”, “Dar ağacı” və s.) yazıb. Azərbaycan Ali Sovetinin (1980-1995), Milli Məclisin (1995-2000) deputatı olub, «Şöhrət» və «İstiqlal» ordenləri ilə təltif olunub.
   16 avqust 1925 - Yazıçı-dramaturq, şair, ədəbiyyatşünas alim, dövlət xadimi Şıxəli Qurban oğlu Qurbanov (1925 - 24.5.1967) Bakıda doğulub. “Əcəb işə düşdük”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”, “Milyonçunun dilənçi oğlu” “Sənsiz” pyeslərinin, poema, şeir və hekayələrin müəllifidir. Azərbaycan KP MK-nın katibi olub. 1967-ci ildə onun təşəbbüsü ilə Novruz bayramı dövlət səviyyəsində qeyd edilib.
   16 avqust 1998 - Xalq yazıçısı Yusif Səmədoğlu (Yusif Səməd oğlu Vəkilov; 25.12.1935 - 1998) vəfat edib. «Ulduz”, “Azərbaycan» jurnallarının baş redaktoru, Milli Məclisin deputatı (1995-1998) olub. «Qətl günü» romanı, «220 saylı otaq», «Qalaktika» kitablarının, “Yeddi oğul istərəm”, “Qətl günü” filmlərinin ssenari müəllifidir.
   
   17 avqust 1933 - Ədəbiyyatşünas alim, professor Şamil Məmməd oğlu Salmanov (1933-2006) anadan olub. İkicildlik "Azərbaycan sovet ədəbiyyatı tarixi"nin, "Ədəbiyyat" dərsliyinin həmmüəllifidir.
   17 avqust 1942 - Dünya şöhrətli Azərbaycan müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayev (1942 - 25.10.2008) Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib, 1969-cu ildə Sopotda (Polşa) beynəlxalq mahnı festivalında ilk mükafatını qazanıb. Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub. Populyar mahnıların, o cümlədən Nəbi Xəzrinin sözlərinə bəstələdiyi “Azərbaycan” (“Baharlı yurdum”) mahnısının müəllifidir. Rejissor Eldar Quliyevin “Nizami” filmində baş rola çəkilib, “Gümüşgöl əfsanəsi”, “İstanbul reysi” filmlərinə musiqi yazıb. Azərbaycanın “Şöhrət”, “İstiqlal” ordenləri ilə təltif edilib. Bakıda, Fəxri xiyabanda dəfn olunub.
   17 avqust 1948 - Xalq artisti, müğənni İlhamə Quliyeva anadan olub. Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, Dövlət Filarmoniyasının, Dövlət Qastrol-Konsert Birliyinin solisti olub.
   17 avqust 1950 - Tanınmış aktyor, Əməkdar artist Ənvər Həsənov Bakıda doğulub. Kinoda yaddaqalan obrazlar yaradıb. Çəkildiyi filmlər: “Uşaqlığın son gecəsi”, “Yeddi oğul istərəm”, “Dərviş Parisi partladır”, “Arxadan vurulan zərbə”, “Gözlə məni”, “Qanlı zəmi”, “Cavad xan” və s.
   17 avqust 1950 - Tanınmış aktyor, Əməkdar artist Cəfər Namiq Kamal (Əhmədov) Bakıda doğulub. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlayıb. 1996-cı ildən Akademik Milli Dram Teatrında çalışır. Teatrla yanaşı, televiziya tamaşalarında da maraqlı rollar oynayıb. “Yalan”, “Yük”, “Günaydın, mələyim!” filmlərində çəkilib.
   
   18 avqust 1946 - Tanınmış ədəbiyyatşünas alim, türkoloq, professor Kamil Vəli Nərimanoğlu Cəbrayıl rayonunda anadan olub. BDU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri olub. 1990-cı ildən Türkiyədə, Şimali Kiprdə universitetlərdə çalışır. Türk Dil Qurumunun üzvüdür. 40-dək kitabın müəllifidir.
   18 avqust 1991 - Görkəmli dilçi və ədəbiyyatşünas, şair, tərcüməçi, pedaqoq Əkrəm Cəfər (Əkrəm Səftər oğlu Cəfərov, 5.5.1905 - 1991) vəfat edib. "Dilşünaslıq elementləri", "Müasir Azərbaycan dili oçerkləri" kitablarının, bir çox elmi-tədqiqat əsərlərinin müəllifidir. 
   
   Dünya
   
   16 avqust 1645 - Tanınmış fransız yazıçısı və mütəfəkkiri Jan de Labryuer (Jean de La Bruyere: 1645-1696) anadan olub. Əxlaq və fəlsəfi dəyərlərdən bəhs edən “Xarakterlər” əsərinin müəllifidir.
   16 avqust 1902 - Görkəmli rus şərqşünas alimi, sənətşünas və etnoqraf Yuri Rerix (1902-1960) anadan olub.
   16 avqust 1934 - Məşhur fransız aktyoru, komik rolların ifaçısı Pyer Rişar (Pierre Richard - Pierre Richard Maurice Charles Leopold Defay) anadan olub. Filmləri: “Oyuncaq”, “Çətirin ucu ilə”, “Bəxti gətirməyənlər”, “Liftdən solda”, “Atalar” və s.
   16 avqust 1954 - Dünya şöhrətli Amerika-Kanada kinorejissoru Ceyms Kemeron (James Francis Cameron) anadan olub. Filmləri: “Terminator” (1-2), “Özgələr”, “Doğru yalan”, “Titanik” (11 “Oskar” mükafatı), “Avatar” (3 “Oskar”) və s.
   16 avqust 1958 - Amerika müğənnisi Madonna (Luiza Veronika Çikkone) anadan olub. Dünyada ən çox tirajla musiqi albomu (300 milyondan çox) satılan qadın müğənni hesab olunur. 9 dəfə “Grammy”, 24 dəfə “MTV Video Music Awards” mükafatı qazanıb.
   16 avqust 1987 - Görkəmli rus aktyoru Andrey Mironov (8 mart 1941-1987) vəfat edib. “Brillyant əl”, “Avtomobildən qorun”, “İtalyanların Rusiyada ağlasığmaz macəraları”, “12 stul” (1976, rej. Mark Zaxarov) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   
   17 avqust 1935 - Rus teatr və kino aktyoru, rejissor, SSRİ Xalq artisti Oleq Tabakov anadan olub. Çexov adına Moskva Bədaye Teatrına rəhbərlik edir. 100-dən çox filmdə çəkilib: “Hərb və sülh”, “Baharın on yeddi anı”, “D’Artanyan və üç muşketyor” və s.
   17 avqust 1941 - Rus aktyoru və rejissoru, SSRİ Xalq artisti Nikolay Qubenko anadan olub. SSRİ-nin sonuncu (1989-1991) mədəniyyət naziri olub.
   17 avqust 1943 - Amerika kinoaktyoru, rejissor və prodüser Robert de Niro anadan olub. Məşhur filmləri: “Xaç atası-2” (“Oskar” mükafatı), “Bir dəfə Amerikada”, “Qudurmuş öküz” (“Oskar”), “Taksi sürücüsü” və s.
   17 avqust 1960 - Amerika kinoaktyoru Şon Penn (Sean Justin Penn) anadan olub. Filmləri: “Karlitonun yolu”, “Sirli çay” (“Oskar” mükafatı, 2004), “Harvi Milk” (“Oskar”, 2009) və s.
   
   18 avqust 1750 - İtalyan əsilli Avstriya bəstəkarı Antonio Salyeri (1750-1825) anadan olub. Tarixdə yazdığı musiqi əsərlərindən daha çox dahi bəstəkar Volfqanq Amadey Motsartla düşmənçiliyi ilə yadda qalıb.
   18 avqust 1850 - Böyük fransız yazıçısı Onore de Balzak (Honore de Balzac 20.5.1799 - 1850) vəfat edib. “Bəşəri komediya" silsiləsindən əsərləri («Şaqren dərisi», «Yevgeniya Qrande», «Qorio ata», «Sezar Biroto», «İtirilmiş illüziyalar» və s. romanlar) ilə şöhrət qazanıb.
   18 avqust 1922 - Fransız kinorejissoru, yazıçı Alen Rob-Qriye (Alain Robbe-Grillet, 1922-2008) anadan olub. Filmləri: “Anjelika”, “Odla oyun” və s.
   18 avqust 1933 - Polyak (yəhudi) əsilli Amerika kinorejissoru Roman Polanski (əsl adı Rajmund Roman Liebling) anadan olub. Filmləri: “Acı ay”, “Çin məhəlləsi”, “Pianoçu” (Kann kinofestivalının qalibi və “Oskar” laureatı), “Dalan” (Berlin kinofestivalının qalibi) və s.
   18 avqust 1937 - Amerika rejissoru və aktyoru Robert Redford (Charles Robert Redford) anadan olub. “Adi adamlar” filminin rejissoru kimi “Oskar” qazanıb. Çəkildiyi filmlər: “Brubeyker”, “Ədəbsiz təklif” və s.
   
   Hazırladı: Vüqar Orxan