Azərbaycan
   
   23 avqust 1943 - Görkəmli aktyor, Xalq artisti Şahmar Zülfüqar oğlu Ələkbərov (1943-1992) Gəncədə anadan olub. Əslən Cəbrayıl rayonundandır. “Dağlarda döyüş” (Fərrux), “Yeddi oğul istərəm” (Qəzənfər), “Axırıncı aşırım” (İman), “Həyat bizi sınayır” (Arif), “Qatır Məmməd” (Qatır Məmməd), “Arxadan vurulan zərbə” (Gündüz Kərimli), “Babək” (Cavidan) və s. filmlərdə unudulmaz obrazlar yaradıb. Rejissor kimi “İmtahan” (1987, Gülbəniz Əzimzadə ilə birlikdə), “Sahilsiz gecə” (1989), “Qəzəlxan” (1991) filmlərini çəkib. Bir çox filmlərin səsləndirilməsində iştirak edib.
   23 avqust 1990 - Məşhur saz-söz ustadı Aşıq Əkbər (Əkbər Zərbalı oğlu Cəfərov, 1933, Tovuz, Bozalqanlı - 1990) vəfat edib. “Leyli və Məftun” dastanının, “Dağlar”, “Bənövşələr”, “Doymaq olmaz”, “Gözəl vətənim”, “İstərəm” və s. məşhur gəraylı, qoşma, təcnislərin müəllifidir.
   
   24 avqust 1896 - Sənətşünas alim Məhəmməd Ağaoğlu (1896-1949) İrəvan şəhərində anadan olub. Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal muzeyinin yaradılmasında (1919) iştirak edib. 1920-ci ildə Türkiyəyə, oradan isə Amerikaya gedib. Detroytda "İslam incəsənəti qalereyası"nda çalışıb, Miçiqan Universitetində dərs deyib, "Art islamika" ("İslam incəsənəti") jurnalının redaktoru olub. "Səfəvi xalçaları və parçaları", "İslam incəsənəti haqqında qeydlər" və s. kitabların müəllifidir.
   24 avqust 1926 - Bəstəkar Nazim Ağalar oğlu Əliverdibəyov (1926 - 16.2.1986) anadan olub. Üzeyir Hacıbəylinin "Əsli və Kərəm", "Leyli və Məcnun" operalarını yenidən orkestrləşdirib. “Gilas ağacı”, “Çarvadarların izi ilə”, “Vulkana doğru” və s. filmlərə musiqi yazıb.
   
   25 avqust 1926 - Xalq rəssamı Xalidə Ələkbər qızı Səfərova Gəncədə anadan olub. Yaradıcılığında natürmort, mənzərə, xalq nağıllarına illüstrasiyalar geniş yer tutur: "Dağ çayı", "Aşıq Qərib", "Çövkən oyunu", "Payız bağında" və s.
   25 avqust 1935 - Xalq şairi Fikrət Qoca (Fikrət Göyüş oğlu Qocayev) Ağdaş rayonunun Kotanarx kəndində doğulub. "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər", "Rəssam düşünür", "Oddan keçənlər" və s. poemaların müəllifidir. Müxtəlif ölkələrin inqilabçı qəhrəmanlarına (Çe Gevara -Kuba, Xose Risal - Filippin və s.) poemalar həsr edib. Bir sıra şeirlərinə ("Anacan, dostum evlənir", "Gəl ey səhər", "Gecə yaman uzundur", "Payız gəldi" və s.) populyar mahnılar bəstələnib.
   25 avqust 1940 - Ədəbiyyatşünas alim, pedaqoq, şair Ağasən Mehdi oğlu Bədəlzadə İsmayıllı rayonunun Pirəbilqasım kəndində anadan olub. “Yanmaq ona deyərəm ki”, “Payızda məhəbbət” və s. şeirlər kitablarının müəllifidir.
   25 avqust 1945 - Tanınmış aktrisa, Əməkdar artist, Azərbaycan Dövlət mükafatı laureatı Vəfa Nüsrət qızı Fətullayeva (1945 - 21.5.1987) anadan olub. 1970-ci ildən Akademik Milli Dram Teatrında çalışıb. Teatrla yanaşı, televiziya tamaşalarında ("Göz həkimi", "Alov", "Atayevlər ailəsi") yaddaqalan obrazlar yaradıb. “Firəngiz” filmində (1975) baş rolda çəkilib.
   
   Dünya
   
   23 avqust 1851 - Çex yazıçısı Alois Yirasek (1851-1930) anadan olub. “Yan Qus” trilogiyası, “Yan Jijka” romanı və s. tarixi romanların müəllifidir.
   23 avqust 1880 - Görkəmli rus yazıçısı Aleksandr Qrin (əsl adı Aleksandr Qrinevski; 1880-1932) anadan olub. Əsərləri: “Al yelkənlər”, “Dalğalar üzərində qaçan”, “Qızıl zəncir” və s.
   23 avqust 1912 - Amerika aktyoru, müğənni və kinorejissor Cin Kelli (Gene Kelly; 1912-1996) anadan olub. Filmləri: “Amerikalı Parisdə”, “Yağış altında rəqs edənlər” (aktyor və rejissor).
   
   24 avqust 1899 - Argentina yazıçısı və şairi Xorxe Luis Borxes (Jorge Luis Borges; 1899-1986) anadan olub. Əsərləri: “Alef”, “Yaradan”, “Uydurmalar” və s.
   24 avqust 1903 - İngilis rəssamı və dizayneri Qrehem Vivian Sazerlend (Graham Vivian Sutherland, 1903-1980) anadan olub.
   24 avqust 1947 - Tanınmış Braziliya yazıçısı və şairi Paulo Koelyo (Paulo Coelho) anadan olub. "Kimyagər" romanı ilə məşhurlaşıb. "Valkiriya", "Beşinci dağ", "İblis və senyorita Prim", "On bir dəqiqə", "Qalib tək qalır" və s. romanların müəllifidir.
   24 avqust 1948 - Fransız bəstəkar, elektron musiqinin ilk yaradıcılarından biri Jan-Mişel Jarr (Jean-Michel Andre Jarre) anadan olub.
   24 avqust 1957 - Məşhur ingilis komediya aktyoru, rejissor, teleaparıcı və yazıçı Stiven Fray (Stephen John Fry) anadan olub.
   
   25 avqust 1724 - İngilis rəssamı Corc Stabbs (George Stubbs, 1724-1806) anadan olub.
   25 avqust 1891 - İtalyan yazıçısı, rəssam və bəstəkar Alberto Savinyo (Alberto Savinio - Andrea Di Chirico, 1891-1952) anadan olub. Sürrealizmə meyl edib, “Niobeyanın ölümü”, “Kapitan Uliss” dramlarının müəllifidir.
   25 avqust 1900 - Görkəmli alman filosofu Fridrix Nitsşe (Friedrich Wilhelm Nietzsche; 15.10.1844 - 1900) vəfat edib. Dünya fəlsəfi fikrinə güclü təsir edən əsərlərin müəllifidir: “Faciənin doğuluşu”, “Zərdüşt belə deyirdi”, “Xeyir və şərdən o yana”, “Bütlərin qürubu”, “Antixrist”, “Hakimiyyət iradəsi” və s.
   25 avqust 1918 - Amerika bəstəkarı və dirijoru Leonard Bernstayn (1918-1990) anadan olub.
   25 avqust 1930 - Məşhur gürcü rejissoru, SSRİ Xalq artisti Georgi Daneliya anadan olub. Filmləri: “Mən Moskvada addımlayıram”, “Afonya”, “Mimino”, «Payız marafonu», “Kin-dza-dza!” və s.
   25 avqust 1930 - Şotland əsilli Amerika aktyoru, «Oskar» laureatı Şon Konneri (Thomas Sean Connery) anadan olub. 1962-1971-ci illərdə Yan Fleminqin əsərləri əsasında lentə alınan Ceyms Bond haqqındakı 6 filmdə baş rola çəkilib. "Toxunulmazlar" (1988) filmindəki roluna görə “Oskar” mükafatına layiq görülüb.
   25 avqust 1938 - İngilis yazıçısı Frederik Forsayt (Frederick Forsyth) anadan olub. Əsərləri: “Çaqqal günü”, “Müharibə köpəkləri” və s.
   25 avqust 1939 - Amerika kinorejissoru Con Bedem (John Badham) anadan olub. Filmləri: “Şənbə axşamı qızdırma”, “Drakula”, “Mavi ildırım” və s.
   25 avqust 1958 - Amerika kinorejissoru Tim Berton (Timothy William Burton) anadan olub. Filmləri: “Pi-Vinin böyük macərası”, “Betmen”, “Ed Vud”.
   
   Hazırladı: Vüqar Orxan