Seyfəddin Dağlı - 90
         
   Avqustun 27-si nasir, dramaturq, publisist, tərcüməçi kimi Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan Seyfəddin Dağlının anadan olmasının 90 ili tamam olur.
   
   Ömür yolundan qısa qeydlər
   
   Seyfəddin Dağlı (Seyfəddin Əliağa oğlu Abbasov) 1921-ci il avqustun 27-də Xızıda dünyaya gəlib. Bir müddət “Kommunist” və “Ordu” qəzetlərində müxtəlif vəzifələrdə işləyib. Dövlət Radio Komitəsində baş redaktor (1956-1959), sonra Bakı Telestudiyasının direktoru və sədr müavini vəzifələrində çalışıb. Uzun müddət “Kirpi” jurnalının baş redaktoru, “Azərbaycanfilm” kinostudiyasında ssenari redkollegiyasının üzvü, “Yazıçı” nəşriyyatında redaktor işləyib. 1948-ci ildə “Dəniz kəşfiyyatçısı” adlı ilk kitabı nəşr edilib. “Adı sənin, dadı mənim”, “Aydınlığa doğru”, “Mənziliniz mübarək”, “Təzə gəlin”, “Kölgələr pıçıldaşır” pyesləri, “Bahar oğlu”, “Məşəl”, “Kəcil qapısı”, “Sabiqlər” və sair kitabları geniş oxucu kütləsinin rəğbətini qazanıb. Pyesləri Akademik Milli Dram Teatrı, Musiqili Komediya Teatrı, Gənc Tamaşaçılar Teatrında dəfələrlə tamaşaya qoyulub. Yazıçı 1983-cü il yanvarın 18-də dünyasını dəyişib.
   
   Cəmi 62 il yaşasa da, Seyfəddin Dağlı mənalı ömür yaşadı. Həm insan, həm yazıçı, həm həyat yoldaşı, həm ata, həm dost kimi. Bu gün də - ölümündən 29 il keçsə belə, yaddaşlarda, xatirələrdə sanki hələ həyatda yaşayırmış kimi yaşayır. Seyfəddin Dağlının ömür-gün yoldaşı Cəfər Cabbarlının qızı Gülarə xanım illərin o üzündə qalmış Seyfəddinli günlərini xatırlayır.
   - Seyfəddinin bir az mənə qohumluğu çatır. Onun həyatı asan olmayıb. Dünyaya gələndən 13 gün sonra anası Qəmər xanım rəhmətə gedib. Seyfəddinin atası Əlağa Abbasov dövlət qulluqçusu olub, müxtəlif rayonlara işləməyə göndərilib. Elə buna görə də uşaq ata babası Bəhlul kişinin ümidinə qalıb. Bir müddət sonra Seyfəddinin atası mənim əmim qızı ilə ailə qurub. Seyfəddin ailəsi ilə birgə Bakıya köçüb, orta məktəbi də elə bu şəhərdə oxuyub.
   
   Bir müddətdən sonra Seyfəddinin babası da rəhmətə gedir. Seyfəddin taleyin bu zərbəsini də sakit qarşılayır.
   Gülarə xanım deyir ki, Seyfəddin tez-tez atamın - Cəfər Cabbarlının yanına gələrdi. Atam onu əzizləyər, könlünü alardı.
    - Atamın gənc yaşında dünyasını dəyişməsi 13 yaşlı Seyfəddinə də böyük dərd oldu. Onu çox sevən, qayğı göstərən insanlardan birini də itirdi.
   Seyfəddin orta məktəbi bitirib, əvvəlcə texnikumda təhsil alır. İlk iş yeri "Kommunist" qəzetinin redaksiyası olur.
   
   Taleyin qisməti
   
   - Seyfəddin bədii yaradıcılığa orta məktəbdə oxuduğu illərdən başlayıb. 1941-ci ildən 1956-cı ilədək hərbi xidmətdə olub. Həmin illərdə "Ordu" qəzetində ədəbi işçi, "Diviziya" qəzetində redaktor işləyib. Sovet ordusunun tərkibində İrana gedib. Sonra Moskvada Hərbi Akademiyaya qəbul olunub. O vaxt artıq mən də tələbə idim, universitetdə oxuyurdum.
   
   Günlərin birində tale onları yenidən qarşılaşdırır.
   - 1951-ci ildə nişanlandıq. Hər ikimiz tələbə idik. Ona görə də 1953-cü ildə, mən universiteti bitirəndən sonra toyumuz oldu. Sonra Moskvaya getdik. Seyfəddin dərslərini davam etdirdi. Akademiyanın əlaçı tələbələrindən olan Seyfəddinin güclü hafizəsi vardı. Bakıda Azərbaycan dilində təhsil alsa da, rus dilini mükəmməl öyrənmişdi. Çoxları buna inana bilmirdi. Tələbə yoldaşlarına hansı material lazım olurdusa, ondan soruşurdular, Seyfəddin də hansı kitabın neçənci cildində, neçənci səhifəni oxumalı olduqlarını deyirdi.
   Təhsilini başa vurub Bakıya qayıtdıqdan sonra Seyfəddin həm jurnalistlik, həm də yaradıcılıqla məşğul olur. İllər keçir. Seyfəddin Dağlı ilk övladına babası Bəhlulun, ikinci övladına Cəfər Cabbarlının ədəbi qəhrəmanlarından birinin - Altayın, qızına isə anası Qəmərin adını qoyur.
   Seyfəddin Dağlı 1956-1959-cu illərdə Dövlət Radio Komitəsində baş redaktor, sonralar isə "Bakı" telestudiyasının direktoru və sədr müavini vəzifələrində işləyir. Yaradıcı fəaliyyətinin böyük bir hissəsi "Kirpi" jurnalı ilə bağlı olur. Həmin dərgidə o, uzun illər baş redaktor vəzifəsində çalışır.
   Gülarə xanım o günləri belə xatırlayır:
   - Gərgin iş gününün sonunda Seyfəddin evə yorğun-arğın dönərdi. İki-üç saat dincələr, gecə saat üçə-dördəcən, bəzən lap səhərə qədər yazı masasının arxasından qalxmazdı. Nə qədər çox işi olsa da, həmişə ailəsinin qayğısına qalardı. Heç vaxt istirahətə təkcə getməzdi. Hər yay bizi istirahətə aparardı. Riqada, Sankt-Peterburqda, Volqaboyu şəhərlərdə keçirdiyimiz o günlər ömrümüzün ən şirin günlərindəndir.   

   “Satira onun ruhuna yaxın idi”
   
   Gülarə xanım Seyfəddin Dağlının yaradıcılığından da söz açır:
   - Bir çoxları kimi o da yaradıcılığa şeirlə başlamışdı. Sonralar bunu ardıcıl şəkildə davam etdirmədi. Amma şeir yazmaqdan əl də çəkmədi. Onun satirik şeirlərindən bəzilərinə musiqi də yazıldı. Bunların içərisində bəstəkar Cahangir Cahangirovun bəstələdiyi, müğənni Mirzə Babayevin oxuduğu "Çayçı" mahnısı çox məşhurdur.
   Yazdığı əsərlərin əksəriyyətinin ilk oxucusu idim. Onun qələmindən çıxan bütün yazılar mənə maraqlı görünürdü. Arabir deyirdim ki, belə yazsaydın, daha yaxşı olardı. Məni diqqətlə dinləyirdi. Amma sonda yenə öz fikrində qalırdı. Həyatda da belə idi. Seyfəddini fikrindən daşındırmaq çətin məsələ idi.
   Seyfəddin Cənubi Azərbaycan həyatından bəhs edən "Kəcil qapısı", Cəfər Cabbarlıya həsr etdiyi "Bahar oğlu" əsərləri oxucular tərəfindən böyük rəğbətlə qarşılansa da, daha çox satirik əsərlər yazardı. Bu janr onun ruhuna yaxın idi. Məqalələrində, satirik hekayələrində, novellalarında gördüyü nöqsanları tənqid edirdi. Deyib-gülməyi, maraqlı söhbətlər etməyi çox xoşlayırdı. Amma kənardan baxanlara elə gələrdi ki, bu adam hələm-hələm gülməz. Görkəmi çox ciddi, zəhmli idi. Elə xarakterində də ciddilik vardı. Ancaq danışmağa başlayanda özünü gülməkdən saxlaya bilmirdin. İştirak etdiyimiz toy məclislərində, şənliklərdə hamı onun çıxışını səbirsizliklə gözləyərdi.
   Seyfəddinin ədəbi qəhrəmanlarının hər biri həyatdan götürülüb. "Sabiqlər" əsərinin qəhrəmanları kimlərdir? Vəzifələrindən uzaqlaşdırılmış nazirlər. Məgər biz belələrini az görmüşük? Onun tənqid obyektləri "Kirpi" jurnalında dərc etdirdiyi yazılarda konkretləşirdi. Əlbəttə, bunlar Seyfəddinə bəzən başağrısı da gətirirdi. Amma onu tutduğu yoldan çəkindirmək mümkün deyildi.
   Mərd adam idi. Elə buna görə də ona hörmət eləyir, xətrini istəyirdilər.
   Həmişə bizə deyirdi: "Gecə saat üçdə də qapımı döysələr, gedib ürəyi rahat açacağam. Ona görə ki, heç kimin yanında nə dilim qısadır, nə də gözüm kölgəlidir. Mən yalnız öz zəhmətimin haqqını yemişəm. Uşaqlarına nəsihət edirdi ki, hər şeyə özləri nail olsunlar, iş-gücdən, zəhmətdən qorxmasınlar. Çox məsuliyyətli adam idi. Bir işi öhdəsinə götürübsə, onu mütləq görməli idi. Heç vaxt boş yerə kimsəyə söz verməzdi. Vəd verdisə, hökmən yerinə yetirməli idi. Yorulmaq nə olduğunu bilməzdi. Ona üz tutanları naümid qaytarmazdı. Əlindən gələn qədər hamıya yaxşılıq edirdi.
   Gülarə xanım Seyfəddin Dağlının son günlərindən də danışdı:
   - Onun ölümü mənim üçün qəflətən oldu. Seyfəddinin bir gün dünyasını dəyişəcəyini ağlıma belə gətirmirdim. Elə bilirdim ki, o heç vaxt ölməyəcək. Biz bir-birimizi çox istəyirdik. Bilmirəm, bəlkə elə buna görə mən onun xarakterində, davranışında heç bir nöqsan görmürdüm. Yoldaşım olduğuna görə demirəm, uşaqlarımın atası olduğuna görə demirəm, Seyfəddin yaxşı adam idim. Yaxşıya yaxşı deyərlər. Seyfəddin həmişə çalışırdı ki, xalqa yaxın olsun.
   
   “Darıxıram onun üçün”

   
   - Seyfəddin Dağlı 1950-ci ildən yazmağa başladığı və hissə-hissə yazdığı "Şirin duz" əsərinin çap edilməsini çox arzulasa da, bu əsərin nəşrini görmək ona qismət olmur. Atasının ölümündən üç-dörd ay sonra Qəmər "Şirin duz"u köçürür və çap etdirir.
   Seyfəddin Dağlının qızı, C.Cabbarlının ev-muzeyinin baş elmi işçisi Qəmər Seyfəddinqızı atası ilə bağlı xatirələrini bizimlə bölüşdü:
   - Nə qədər yaxşı sözlər, yaxşı hisslər varsa atama aid edirəm. Atam çox dürüst, çox zəhmətkeş, namuslu, öz xalqını istəyən bir insan idi. Kömək lazımdırsa, tanımadığı adama belə kömək edərdi. Fikirləşirəm, bir dənə mənfi xüsusiyyətini tapa bilmirəm. Zəhmi vardı, amma çox zarafatcıl adam idi.
   Qəmər xanım bildirdi ki, Seyfəddin Dağlının 90 illik yubileyini sentyabr ayında Cəfər Cabbarlının ev-muzeyi ilə C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım İctimai Birliyi birgə keçirməyi planlaşdırırlar.
   Söhbət zamanı Qəmər xanım bir arzusunu da dilə gətirdi: “Atamın əsərləri o zamanlar kiril əlifbası ilə çap olunub. Ona görə də gənc nəslin Seyfəddin Dağlı yaradıcılığı barədə məlumatı azdır. İstərdim ki, atamın əsərləri latın qrafikası ilə çap olunsun. Çünki bu əsərlər, çox dəyərli əsərlərdir”.
   Görüşümüzün sonunda Gülarə xanım “Seyfəddinlə bağlı hər bir xatirə mənim üçün əzizdir. Darıxıram onun üçün” - dedi. Gülarə xanım aşıb-daşan xatirələrini bir söhbətə sığışdıra bilməsə də, biz böyük insanı şirin, kövrək xatirələrlə yad etdik. Yad edilmək isə hər insana nəsib olmur...
   
   Təranə Vahid