İncəsənət əsərləri profilindən asılı olmayaraq bütün muzeylərin, o cümlədən ədəbi-xatirə muzeylərinin fondlarında mühüm yer tutur. Buraya rəsm və heykəltəraşlıq əsərləri, xalq tətbiqi sənəti nümunələri, portretlər, yazıçının əsərlərinə çəkilmiş illüstrasiyalar, geyim eskizləri və s. daxildir. Bütün bunlar sənətkar ömrünün aynasıdır. Sənətkarın ömür yolu, yaşamış olduğu anlar, yaratdığı obrazlar... rənglər vasitəsilə seyrçilərə çatdırılır.
   
   İncəsənət əsərlərinin xeyli sayda toplandığı məkanlardan biri də Səməd Vurğunun ev-muzeyidir. Şairin şəxsiyyəti və yaradıcılığı ilk günlərdən tənqid və ədəbiyyatşünaslığın diqqət mərkəzində olduğu kimi, incəsənət sahəsində çalışanların da maraq dairəsində olmuş, onlar bu mövzuya dönə-dönə müraciət etmiş və bu gün də maraq göstərirlər. Fırça və tişə ustalarından M.Abdullayev, F.Əbdürrəhmanov, P.Sabsay, O.Sadıqzadə, K.Kazımzadə, B.Əfqanlı, N.İsmayılov, D.Kazımov, T.Kərimov, H.Zeynalov, A.Hüseynov və bir çox başqaları şairin əzəmətli obrazını, habelə əsərləri əsasında illüstrasiyalar və tamaşa eskizləri yaratmışlar.
   Bu sənət əsərlərinin əksəriyyəti şairin ev-muzeyində toplanmışdır. Əlbəttə, muzeydə toplanmış bu sənət əsərlərinin hamısının eyni vaxtda ekspozisiyada nümayiş etdirməsi mümkün deyil. Xatirə muzeylərinin özünəməxsus spesifik xüsusiyyətləri, habelə mövcud sahəsi buna imkan vermir.
   Səməd Vurğunun ev-muzeyinin kollektivi ötən il maraqlı bir layihəni uğurla həyata keçirərək, «Səməd Vurğun təsviri sənətdə» (tərtib edəni Aygün Vəkilova) adlı albom nəşr etdirmişdir. Albomda muzeydə toplanmış sənət əsərlərinin fotoşəkilləri çap olunmuş, bu əsərlər barədə qısa məlumat verilmişdir.
   Albom mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sənətsevərlərə müraciəti ilə açılır. Nazir incəsənət əsərlərinin muzey işində xüsusi əhəmiyyətini qeyd etdikdən sonra yazır: «Səməd Vurğunun ev-muzeyi də belə əsərlərlə zəngindir. Bu poeziya ocağına gələnlər bu cür dəyərli sənət əsərlərinin bir qismi ilə tanış olmaq imkanı əldə etsələr də, gündən-günə çoxalmaqda olan və muzeyin saxlancında qorunan həmin əsərlərin əksəriyyətindən bəlkə də tamam xəbərsizdirlər. Bu albom məhz bu baxımdan son dərəcə qiymətli nəşrdir. İnanıram ki, o həm də Azərbaycan təsviri sənətinin təbliğinə xidmət edəcəkdir».
   Sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin «Səməd Vurğun dünyası rənglərin işığında» adlı ön söz yazdığı nəşrin elektron versiyası da buraxılmışdır.
   Muzey bu günlərdə yeni bir layihəni reallaşdırmışdır. Bu dəfə həmin əsərlərdən seçmələrin fotoşəkilləri ayrı-ayrı açıqcalar şəklində təqdim olunmuşdur. Açıqcalar iki dəstdə toplanmışdır. Dəstlərdən biri rəngkarlıq və qrafika, digəri heykəltəraşlıq nümunələrinin fotoşəkillərindən ibarətdir. Hər bir açıqcanın arxa hissəsində həmişəyaşar Vurğun poeziyasından nümunələr verilmişdir ki, bu da onların emosional təsir gücünü xeyli artırır.
   İlk dəstdə maraq doğuran kiçik ölçülü bir rəsm əsərinin fotoşəkli var. Bu rəsm əsərini şairin böyük oğlu Yusif (Xalq yazıçısı Yusif Səmədoğlu) çəkmişdir. Yusifin on altı yaşında olarkən çəkdiyi rəsm Qazax Müəllimlər Seminariyasının tələbəsi Səməd Vurğunun fotoşəklinin surətidir. Açıqcanın arxa hissəsində məhz gənclik illərində qələmə aldığı «Ana» şeiri verilmişdir.
   Xalq rəssamı Mikayıl Abdullayevin çəkdiyi tablo «Şairin gəncliyi» adlanır. Burada təsvir olunan kənd uşağının - Səmədin nikbin nəzərləri parlaq gələcəyə dikilmişdir. Rəssamın yağlı boya ilə işlənilmiş başqa bir əsəri - «Səməd Vurğunun portreti» adlanır. Mikayıl Abdullayev bu tablonu şairin sağlığında - 1944-cü ildə naturadan çəkmişdir. Şair Şüvəlandakı bağında, tut ağacının altında yaradıcılıq prosesində təsvir edilmişdir. Rəssamın böyük ustalıqla yaratdığı tablonun qarşısında öz dostlarını bağına dəvət edən şairin bu misralarını oxuyursan:
   
   Gəlin dostlar, məclis quraq mənim bağımda,
   Araq deyil, şərab deyil, sadə çay içək.
   Açılmamış bir kitab var can otağımda,
   Varaqlayaq, bir çoxunun üstündən keçək...
   
   Gəlin dostlar! Mənim könlüm dönməmiş sizdən,
   Bağımdakı tut ağacı bir alaçıqdır.
   Məhəbbətlə tutacağam əllərinizdən,
   Qəlbim kimi üzünüzə qapım açıqdır.
   
   Muzeydə Səməd Vurğunun naturadan çəkilmiş daha iki portreti - iki qrafika işi də var. Bunlardan biri 1950-ci ildə Bakıda rəssam Yar Kravçenko, digəri isə 1954-cü ildə Moskvada, şair Pavel Antokolskinin evində rəssam Bunin tərəfindən çəkilmişdir.
   Başqa bir boyakarlıq əsəri «Şair, nə tez qocaldın sən» adlanır. Rəssam Nəcəfqulu İsmayılov öz tablosuna Səməd Vurğunun eyni adlı şeirinin adını vermişdir. Bu tabloda bütün həyatı boyu mənsub olduğu xalqın təəssübünü çəkən, onu hər bir hücumdan cəsarətlə qoruyan, sözün həqiqi mənasında alovlu bir vətənpərvər olan, xalq tərəfindən sevilən, bununla birlikdə 1937-1938-ci illərdə, habelə 1950-ci illərin əvvəllərində haqsız hücumlara məruz qalan və nəticədə «tez qocalan şairin» obrazı yaradılmışdır. Lakin bu «qocalıq» şərtidir. Tablo qarşısında elə böyük şairin öz misraları yada düşür:
   
    Saç ağardı, ancaq ürək
    Alovludur əvvəlki tək.
    Saç ağardı, ancaq nə qəm!
    Əlimdədir hələ qələm...
    Bilirəm ki, deməyəcək
    Bir sevgilim, bir də Vətən:
    Şair, nə tez qocaldın sən?!
   
   Şairin həmin şeiri açıqcanın arxasında da verilmişdir.
   Fırça ustalarından Oqtay Sadıqzadənin, Davud Kazımovun, Arif Hüseynovun, Əhməd Cuanın (İran) və Hafiz Zeynalovun ərsəyə gətirdikləri tablolarda da bütün yaradıcılığı boyu mənsub olduğu xalqın keçmişini və bu gününü, arzu və istəklərini qələmə alan, onun gələcək taleyini düşünən, xalq ruhunun, xalq həyatının tərcümanı olan, böyük şair, alovlu vətənpərvər, elini, obasını, xalqını bütün varlığı ilə sevən, hansı mövzuda yazmasından asılı olmayaraq həmişə Azərbaycan şairi və Azərbaycan vətəndaşı kimi çıxış edən Səməd Vurğunun əzəmətli obrazı yaradılmışdır.
   Qeyd etdiyimiz kimi, ikinci açıqca dəstinə şairin heykəllərinin fotoşəkilləri daxil edilmişdir. Təqdim olunan heykəltəraşlıq əsərlərinin bəziləri muzeydədir. Digərləri isə Bakı şəhərində və respublikamızın müxtəlif guşələrində, bir abidə isə Kiyev şəhərində ucaldılmışdır.
   Səməd Vurğunun ev-muzeyinin yerləşdiyi binanın birinci mərtəbəsinin bayır divarında şairin büstü (heykəltəraş Pyotr Sabsay) qurulmuşdur. Binanın giriş qapısına daxil olub üçüncü mərtəbəyə qalxırıq. Divar boyu şairin portreti mozaik pannoda canlandırılmışdır. Muzeyə giriş qapısının önündə isə tamaşaçı onun büstü (heykəltəraş Aslan Rüstəmov) ilə qarşılaşır...
   Son illər muzeylərimizin nəşriyyat sahəsində fəaliyyəti xeyli genişlənmişdir. Müstəqil bir elm sahəsi olaraq muzeyşünaslığın yaranması və müəyyən inkişaf yolu keçməsi bu işə xüsusi təkan verir.
   Mədəniyyətimizin, o cümlədən muzeylərimizin xüsusi qayğı ilə əhatə olunduğu indiki mərhələdə Səməd Vurğunun ev-muzeyinin ərsəyə gətirərək oxuculara təqdim etdiyi bu nəşrlər şairin ədəbi irsinin, habelə təsviri sənətimizin təbliğində mühüm rol oynayacaqdır.
   
   Adilxan Bayramov