Səhnə ustalarımız:
   
   Teatr sənətimizin inkişafında Tiflis Azərbaycan teatrının rolu, bu teatrın yaradıcıları, ayrı-ayrı aktyorları barədə bir sıra araşdırmalar aparılmışdır. Xatırlatmaq yerinə düşər ki, İbrahim İsfahanlı, Mustafa Mərdanov, Möhsün Sənani, Əli Qurbanov, Ülvi Rəcəb, Mirzəli Abbasov, Mirseyfəddin Kirmanşahlı, Abbas Qurbanov kimi məşhur səhnə ustaları məhz bu teatrda yetişmiş və fəaliyyət göstərmişlər.
   
   Professor Əziz Şərif xatirələrində yazır ki, Tiflis artistləri o zaman çətin həyat sürür, olduqca ağır şəraitdə çalışırdılar, çünki Azərbaycan teatrının öz binası yox idi, tamaşa göstərmək üçün başqa teatrların binalarından istifadə edilirdi. Artistlər çörəkpulu qazanmaq üçün gündüz başqa işlərdə çalışırdılar: “Bu həvəskar artistlər, bu fədakar səhnə xadimlərinin arasında köhnə paltar satan, dərzi, mətbəə mürəttibi, xırda alverçi, hamamda kisəçi, çəkməçi, məktəbli və sair peşə sahibləri olardı”.
   Bu aktyorların əksəriyyəti maddi sıxıntılarla üzləşsələr də, bəzən təqiblərə məruz qalsalar da, teatr aləmindən ayrılmamış, Tiflisdə Azərbaycan teatrı yaratmış, öz peşəkarlıqlarını durmadan artıraraq bu sənəti yaşatmış və inkişaf etdirmişlər. Bir sözlə, sözün həqiqi mənasında sənət fədaisi olmuşlar.
   Belə sənət fədailərindən biri də məşhur komik Mirzəxan Quliyevdir. Görkəmli aktyor Mustafa Mərdanov onu “Azərbaycan səhnəsinin ilk professional artistlərindən biri” adlandırmışdı. Mustafa Mərdanov «50 il Azərbaycan səhnəsində» (Bakı, 1959) adlı xatirələr kitabında sənətkar həmkarından hörmətlə söz açır. Teatrşünas, akademik Cəfər Cəfərov həmin kitaba yazdığı ön sözdə bu məqamı xüsusi vurğulamışdır. Cəfər Cəfərov ön sözdə yazırdı: «Tiflis Azərbaycan teatrına həsr olunmuş səhifələrdən bir çox tanınmış aktyorların, məsələn, Ülvi Rəcəb, Möhsün Sənani, Əli Qurbanov və başqalarının öz fəaliyyətlərini məhz Tiflisdə başlayıb, sonradan Bakıya gəldiklərini öyrənməklə bərabər, Azərbaycan tamaşaçı və oxucularına az məlum olan və bəlkə də məlum olmayan görkəmli Azərbaycan aktyorlarının da həyat və yaradıcılığına dair maraqlı faktlarla tanış oluruq. Bu aktyorlardan xüsusilə məşhur komik Mirzəxan Quliyevi və görkəmli sənətkar Mirzəli Abbasovu qeyd etmək lazımdır ki, «Xatirələr»in bir çox səhifələrində onların fəaliyyətindən hörmət və məhəbbətlə bəhs edilir».
   Yeri gəlmişkən, qeyd edək ki, Mustafa Mərdanov bir sıra müasirləri, o cümlədən Mirzəxan Quliyev haqqında ayrıca xatirələrini də qələmə almış və bunlar aktyorun «Mənim müasirlərim» adlı kitabında toplanmışdır.
   1910-cu ilin dekabr ayında neçə il əvvəl Tiflisdə yaradılmış «Müsəlman teatr cəmiyyəti»nin nizamnaməsi təsdiq olunur və cəmiyyət “Zubalov xalq evi”ndə rəsmi surətdə fəaliyyət göstərir. Cəmiyyətin təsisçilərindən biri də Mirzəxan Quliyev idi. Bundan sonra Tiflisdə Azərbaycan teatrına maraq daha da artır.
   Mirzəxan Quliyevin aktyor və rejissor kimi gərgin və məhsuldar fəaliyyəti ötən əsrin 10-20-ci illərinə təsadüf edir. Professor Əziz Şərifin yazdığına görə, 1911-1912-ci illər teatr mövsümü Tiflisdə zəngin və maraqlı olmuş, burada birpərdəli komediya və vodevillərlə yanaşı, «Yağışdan çıxdıq, yağmura düşdük», «Hacı Qara», «Müsyö Jordan və dərviş Məstəli şah», «Pəhləvanani-zəmanə», «Bəxtsiz cavan», «Zorən təbib», «Tamahkarlıq düşmən qazanar» və s. irihəcmli tamaşalar da göstərilmişdir.
   Bu tamaşalarda Mirzəxan Quliyev də çıxış etmiş, «Yağışdan çıxdıq, yağmura düşdük» tamaşasında yaratdığı Hacı Qəmbər və Cəbi obrazları aktyora şöhrət gətirmişdir.
   Mustafa Mərdanovun «Xatirələr»i yalnız xatirə olaraq qalmır, aktyor oyununa və rejissor işinə bir mütəxəssis baxışı kimi də diqqəti cəlb edir. «50 il Azərbaycan səhnəsində» kitabından: «Mirzəxan Quliyevin oyunu sadə və son dərəcə inandırıcı idi; elə buna görə də xalq onu sevirdi. «Hacı Qara» komediyasında Kərəməlinin, «Yağışdan çıxdıq, yağmura düşdük» komediyasında Hacı Qəmbərin, «Əlli yaşında cavan» operettasında Muradxanın, Molyerin «Jorj Danden» komediyasında Jorj Dandenin rolunu böyük məharətlə ifa edən Mirzəxan Quliyev qoca qarı rollarını da çox yaxşı oynayırdı».
   Mirzəxan Quliyev, eyni zamanda, rejissor kimi də fəaliyyət göstərmişdir. O, rejissorluqda da öz çərçivəsindən çıxmamış, bir qayda olaraq həmişə komediya quruluşçusu kimi çıxış etmişdir. «Hacı Qara» və «Müsyö Jordan və Dərviş Məstəli şah» komediyalarının tamaşaları onun bu sahədə də böyük imkanlara malik olduğunu göstərmişdir. Azərbaycan səhnəsində Molyerin «Jorj Danden» komediyasının ilk quruluşçusu Mirzəxan Quliyev olmuşdur.
   Böyük səhnə xadimi Hüseyn Ərəblinski XX əsrin əvvəllərində bir neçə dəfə Tiflisdə olmuş, yerli aktyorların iştirakı ilə tamaşalar hazırlamışdır. Onun hazırladığı və özünün də oynadığı tamaşalar böyük uğur qazanmışdır. Şübhəsiz, bu uğurlar, hər şeydən əvvəl, Hüseyn Ərəblinskinin adı, onun böyük istedadı ilə bağlı idi. Bununla yanaşı, professor Abbas Hacıyevin yazdığı kimi, «Hüseyn Ərəblinskinin böyük müvəffəqiyyətinin bir sirri də bu dövr Tiflis Azərbaycan teatrının güclü aktyor kollektivinə malik olmasında idi. 1905-1920-ci illərdə teatrın yaradıcı heyətinə Mirzəli Abbasov, Mirseyfəddin Kirmanşahlı, Mirzəxan Quliyev… və başqa istedadlı aktyorlar daxil idi».
   Mirzəxan Quliyev digər aktyorlarla dostluq etmiş, onlarla yaradıcılıq əlaqəsi saxlamışdır. Aktyorun dostları sırasında məşhur dram və komediya ustası Vaso Abaşidze (sonralar Gürcüstanın Xalq artisti adına layiq görülmüşdür) və Korş teatrının məşhur komiki Boris Borisov da vardı. Onun Vaso Abaşidze ilə müştərək yaradıcılıq işi Azərbaycan-gürcü teatr əlaqələri tarixində parlaq iz qoymuşdur.
   Qeyd etdiyimiz kimi, Mirzəxan Quliyev həm də istedadlı rejissor idi. O, Üzeyir Hacıbəylinin məşhur «Arşın mal alan» operettasını hazırlamış və bu tamaşa Tiflisdə, habelə Gürcüstanın bir sıra şəhərlərində uğurla göstərilmişdir. Onun hazırladığı «Arşın mal alan» eyni vaxtda iki dildə - Azərbaycan və gürcü dillərində oynanılırdı. Tamaşada Vaso Abaşidze ilə birlikdə onun qızı Taso (Anastasiya) Abaşidze də (sonralar o da Gürcüstanın Xalq artisti adına layiq görülmüşdür) iştirak edirdi. Hər iki aktyor öz rollarını gürcü dilində ifa edirdilər.
   Mustafa Mərdanovun xatirələrindən: «Bir axşam Tiflisdə - «Dvoryan teatrı»nın (indiki Tbilisi Dövlət Rus Dram Teatrı - A.B.) səhnəsində yenə də «Arşın mal alan» iki dildə gedirdi. Vəli ilə Tellinin görüş səhnəsi başlandı. Vəli - Mirzəxan heç gözlənilmədən, hətta iştirakçıların belə xəbəri olmadan, başladı gürcü dilində oxumağa: «Qoy xanımı bəy aparıb tezliklə toy eləsin». Mirzəxanın gürcücə oxuması tamaşaçıların gurultulu alqışlarına səbəb oldu. Dueti dörd dəfə oxutdular».
   Mustafa Mərdanovun xatirələrində «Arşın mal alan»ın başqa bir tamaşası da xüsusi qeyd edilmişdir: «1915-ci ildə Mirzəxan Quliyevin rəhbərliyi ilə bir dəstə artist Kutaisi şəhərinə «Arşın mal alan» əsərini oynamağa getmişdik. Gülçöhrəni Taso Abaşidze gürcü dilində, Tellini Panfiliya Tanailidi Azərbaycan dilində, Sultan bəyi mən, Əsgəri İbrahim İsfahanlı oynayırdı. Tamaşaçılar burada da Mirzəxan Quliyevi hərarətlə alqışladılar».
   Azərbaycan teatrı ilə çox yaxından bağlı olan və bir müddət Tiflis Azərbaycan Teatrının baş rejissoru işləmiş Aleksandr Tuqanov bu teatrın tanınmış simaları - İbrahim İsfahanlı və Mirzəli Abbasovla birlikdə Mirzəxan Quliyevin də istedadını və fədakarlığını yüksək qiymətləndirmişdir.
   Mirzəxan Quliyevin Tiflis teatrında aktyorların yetişməsində və püxtələşməsində də əməyi olmuşdur. Mustafa Mərdanov, Möhsün Sənani, İbrahim İsfahanlı və bir çox başqaları sənət sirlərini ilk dəfə ondan öyrənmişlər.
   1921-ci ilədək truppa şəklində fəaliyyət göstərən Tiflis teatrı həmin il hökumətin müvafiq qərarı ilə Tiflis Dövlət Azərbaycan Dram Teatrına çevrilir. Əlbəttə, bu kollektivin gərgin əməyi nəticəsində mümkün olmuşdu. Bu işdə teatr fədailəri - İbrahim İsfahanlı, Mirzəli Abbasov, Mustafa Mərdanov və Mirseyfəddin Kirmanşahlı ilə birlikdə Mirzəxan Quliyev də fədakarlıq göstərmişdi.
   Həmişə komik rollar oynayan və komediyalara quruluş verən Mirzəxan Quliyev həyatda da şən, zarafatcıl və hazırcavab bir adam olmuşdur. Ailəsini dolandırmaq üçün ağır zəhmətə qatlaşsa da, çox ağır günlər keçirsə də, teatrdan ayrılmamış, bu sənətin inkişafı yolunda yorulmadan çalışmışdır.
   
   Adilxan Bayramov