“Qafqazda “erməni məsələsi”. 1724-1914. Rusiya arxiv sənədləri və nəşrləri üzrə” üçcildliyi Londonda nəşr edilib
  
 
   Avropa Azərbaycan Cəmiyyəti tərəfindən Londonda “Qafqazda “erməni məsələsi”. 1724-1914. Rusiya arxiv sənədləri və nəşrləri üzrə” üçcildliyi nəşr olunub. Xatırladaq ki, üçcildliyin Azərbaycan və rus dillərində təqdimatı bu ilin aprelində Bakıda keçirilib.
   
   “Garnet” nəşriyyatında ingilis dilində nəşr edilmiş topluda dünya tarixşünaslığında ilk dəfə olaraq Qafqazda “erməni məsələsi” xüsusi problem kimi irəli sürülüb.
   Bu problem Sankt-Peterburqdakı Rusiya Dövlət Tarix Arxivi və Moskvadakı Rusiya Dövlət Hərbi Tarix Arxivindən aşkar edilmiş‚ uzun müddət “məxfi” və “tamamilə məxfi” qrifi ilə mühafizə olunan müxtəlif arxiv işlərindən toplanmış 300-dək nadir sənəd -‚ dövrü mətbuat materialları və nəşrlər əsasında təqdim edilir. Topluda verilmiş sənəd və materialların böyük əksəriyyəti ilk dəfədir ki, geniş ictimaiyyət və elmi dairələrin mühakiməsinə verilir. Bu yeniliklər “erməni məsələsi” anlayışına, o cümlədən Qafqazda “erməni məsələsi”nə fərqli yanaşmağa imkan verir.
   Nəşrdə toplanmış sənəd və materiallar bir daha sübut edir ki, ermənilər Qafqazda gəlmə xalq olub. Qafqazda “erməni məsələsi” onların məqsədyönlü şəkildə buraya köçürülməsi ilə başlayıb. I Pyotrun 1724-cü il 10 noyabr tarixli fərmanı ilə genişlənən bu proses XIX əsrin əvvəllərindən başlayaraq müntəzəm hal alıb. Qafqazdakı rus qoşunlarının komandanı İvan Paskeviç Baş Qərargah rəisinə 1828-ci il 26 may tarixli raportunda yazırdı ki, ermənilərin köçürülməsi uğurla həyata keçirilir, artıq Qarabağda 279 və İrəvan vilayətində 948 ailə məskunlaşdırılıb, tezliklə bu rəqəm beş minə çatacaq.
   Topluda vurğulanır ki, ermənilərin Qafqazda sayı artdıqca onlar ərazi iddiaları və separatizm məqsədlərini,‚ mifik “Böyük Ermənistan” xülyasını həyata keçirməyə cəhdlər göstəriblər. Ermənilərin 1905-1906-cı illərdə azərbaycanlılara qarşı törətdikləri soyqırımı burada xüsusi yer tutur. Nəşrin ikinci cildi bilavasitə bu hadisələrə həsr olunub. Nadir sənədlərdən 1905-1906-cı illər hadisələrinin miqyası və coğrafiyası haqqında tam təsəvvür yaranır. Sənədlərdən birində, Yelizavetpol (Gəncə) Dairə Məhkəməsinin Tiflis (Tbilisi) Məhkəmə Palatasının prokuroruna 1906-cı il 5 yanvar tarixli təqdimatında qeyd olunur ki, həmin ilin yanvarın 1-nə keçən gecə ermənilərdən ibarət üç min nəfərlik kütlə azərbaycanlıların Gədəbəy kəndinə basqın etmiş,‚ 100-dək kişi‚ qadın və uşağı kəsib-doğrayan bu kütlə bütün evlərə od vuraraq azərbaycanlıların daşınan əmlakını qarət etmişlər.
   “Erməni məsələsi”ndə erməni Qriqoryan kilsəsi və “Daşnaksütyun” partiyasının oynadığı rola dair sənədlər və materiallar topluda xüsusi qeyd olunub. Rusiyanın arxiv sənədləri Qafqazla bərabər Türkiyədə də “erməni məsələsi”nin əsl mahiyyətinin aşkar edilməsi üzrə olduqca mühüm faktlarla zəngindir. Nəşrdə vurğulanır ki, “Erməni məsələsi” adlandırılan problemin əsassız olaraq gündəmdə qalmasına onun əsl mahiyyətinin dünya ictimaiyyətinə düzgün çatdırılmaması və həqiqətlərin təhrif edilməsi də səbəb olub. “Daşnaksütyun”un üzvləri üzərində 1912-ci ildə Peterburqda keçirilən məhkəmə prosesinə dair dövrün kütləvi informasiya vasitələrinin materialları xüsusi diqqət doğurur. “Russkoe znamya” qəzetindəki məqalədə yazılıb: “Çox təəssüflər olsun ki‚ proses bağlı qapı arxasında keçirilir. Bütün rus xalqı bu proseslə bağlı hər şeyi bilməlidir və xalqdan təfsilatları gizlətmək lazım deyildir. Rus xalqı bilməlidir ki, ermənilər kimdir və biz kiminlə münasibətdəyik”.
   Üçcildlikdə toplanmış sənəd və materiallardakı təkzibedilməz faktlar “erməni məsələsi ”nin bütün həqiqətlərini aşkar etməyə imkan verir. İki əsrlik dövrü əhatə edən sənədlər “erməni məsələsi ”nin dəyişən tarixi dövrlərə necə uyğunlaşmasını açıb göstərir.