və ya 1000 ilin kitabı
 
  
   Daş kitabələr, papirus, perqament və çinlilərin böyük sirri
   
   Maraqlı və zəngin tarixi yol keçən kitabın yaranması və təşəkkülündə bir sıra amillər mühüm rol oynamışdır. Bu təbii amillər sırasında ilk olaraq əlifbanın meydana gəlməsini qeyd etmək olar. Bəşər sivilizasiyasında əlifbanın yaranması eramızdan əvvəl XI-X əsrlərə təsadüf edir. Aralıq dənizinin şərq sahillərində yaşayan finikiyalıların yaratdığı 22 hərfdən ibarət əlifba əsasında sonradan yunan, latın əlifbası tərtib edilmişdir. Kitabın yaranması və inkişafında rol oynayan ikinci əsas amil yazı materiallarıdır.
   Yazı və əlifbadan fikirlərini ifadə üçün müxtəlif vasitələr üzərinə həkk etməklə istifadəyə başlayan insanların ilk kitabları daş, gil lövhələr, metal, ağac, sümük, bitki və heyvan dərisi olub. Bunlardan ən uzunmüddətlisi və geniş yayılanı isə gil lövhələrdir ki, onların ən qədiminin 5 min ilədək yaşı olduğu bildirilir.
   Geniş yayılan bu yazı vasitəsi, təbii ki, ağır, böyük və yöndəmsiz olduğundan ondan istifadə də müəyyən çətinliklər yaradırdı. Ona görə də insanlar getdikcə daha əlverişli vasitələrin axtarışına başladılar. Eramızdan əvvəlki IV-III minilliklərdə qədim misirlilər papirus adlı xüsusi yazı materiallarından istifadə etməyə başladılar. Nil çayı vadisi boyunca yetişən qamışa oxşar bitkidən əmələ gələn bu material da əsl yazı vasitəsi kimi çox yaşaya bilmədi. Sonralar onu Kiçik Asiyanın Perqama şəhərində meydana gələn daha möhkəm və uzun müddət yaşaya bilən perqament əvəz etdi. Heyvan dərisindən hazırlanan bu material da zaman keçdikcə yerini başqa vasitəyə - kitab üçün ən mükəmməl sayılan kağıza verdi. Kağızın meydana gəlməsi haqqında ilk məlumat eramızın I-II əsrlərinə aiddir. Eranın 76-cı ilindən başlayaraq kağızın kitabçılıq işində tətbiqinə başlanılır. Təbii ilkin formasında bəsit və keyfiyyətsiz olan kağız sonradan təkmilləşdi. İlk olaraq 105-ci ildə çinli Tsay Lun kağız istehsalı sahəsindəki təcrübəni ümumiləşdirərək onu təkmilləşdirdi.
   Maraqlıdır ki, Çində kağız müxtəlif növ və rənglərdə inkişaf etsə də, çinlilər onu uzun müddət, təxminən VIII əsrin ortalarınadək gizli saxlamağa müvəffəq olmuşdular. Bu, digər ölkələri maraqlı addımlar atmağa məcbur edir. Belə ki, 751-ci ildə Bağdad xəlifəsinin Səmərqənd nümayəndəsi hərbi səfəri zamanı Çin sərhəddindən iki kağız mütəxəssisini əsir tutur və onların köməyi ilə həmin ildən Səmərqənddə kağız istehsalına başlanılır. Elə bu faktın özü kağızın, kitab istehsalının dünya mədəniyyətində əsas istinad nöqtəsi olan Şərqin payına düşdüyünü təsdiqləyir. Bununla bağlı kitabşünas alim Hacı Həsənovun «Azərbaycan kitabının inkişaf mərhələləri» kitabında maraqlı qeyd var: «Bir müddət Səmərqənd kağızı Şərqin mədəni ölkələrində geniş yayıldı. Nəhayət, 793-cü ildə Bağdadda, 900-cü ildə Misirdə kağız istehsal edilir. Daha sonra kağız istehsalı dünyanın başqa ölkələrinə, təxminən X əsrdə isə Avropa ölkələrinə, o cümlədən Rusiyaya keçir».
   
   Çapçılığın vətəni Şərqdir
   
   Kağızın meydana gəlməsi əlyazma kitablarının yaranmasına və geniş yayılmasına müsbət təsir göstərdi. Lakin mütaliəyə maraq genişləndikcə əlyazma kitabları oxucunun tələbatını ödəyə bilmirdi. Ona görə də irəli düşüncəli insanlar kitab istehsalını sürətləndirmək, onu mexanikiləşdirmək uğrunda uzunmüddətli axtarışlara başladılar. Kitabşünas H.Həsənovun yuxarıda qeyd etdiyim kitabında çapçılığın Şərqdə yaranması ilə bağlı maraqlı faktlar var: «VIII əsrin ilk onilliklərində Koreyada (704-751), Çində (713-741), sonralar Yaponiyada (765-770) ksiloqrafiya üsulu ilə çap işi, çinli Bi Şen tərəfindən mütəhərrik çap literinin hazırlanması (1041-1048) kitab istehsalının sürətini əsaslı şəkildə artıra bilməsə də, kitab çapına doğru ilk müvəffəqiyyətli axtarışlara səbəb oldu».
   Avropada kitab çap üsulu isə çox sonralar meydana gəlib. Belə ki, 1440-cı ildə alman ixtiraçısı Yohan Qutenberq Qərbdə kitab çapının əsasını qoydu. Onun mətbəəsində «Tövrat», «Türk təqvimi», E.Donatın «Latın qrammatikası» və s. kitablar nəşr edilib. Almaniyada meydana gələn kitab çapı 1457-ci ildə Maynsda, 1461-ci ildə Bamberqdə yayılaraq sonradan qonşu ölkələri əhatə etdi. 1465-ci ildə İtaliyada, 1468-ci ildə İsveçrədə, 1470-ci ildə Fransada, 1473-cü ildə Belçikada, Macarıstanda və Polşada, 1474-cü ildə İspaniyada, 1476-cı ildə Çexiyada, İngiltərədə və s. kitab çapına başlanılır. XV əsrdə kitab çapının ən mühüm mərkəzi isə Venesiya hesab olunurdu.
   Kitabın çap texnologiyası zaman keçdikcə təkmilləşərək yeni kəşflər sayəsində daha da zənginləşirdi. XVIII əsrin 90-cı illərində almaniyalı A. Zenefelder daşbasma üsulunu (litoqrafiya), 1867-ci ildə isə rusiyalı P.P. Knyaginski avtomat özüyığan maşını ixtira edir. «Fotoyığım» ideyası isə macar ixtiraçısı E. Porselt tərəfindən irəli sürülsə də (1894), onun geniş tətbiqi XX əsrin ortalarını əhatə edir.
   
   İtaliyadan gələn «Təhriri-öqlidis»
   
   Kitabın istehsalı, xüsusən də əlyazma kitabın inkişafında özünəməxsus dəst-xətti olan Azərbaycan kitabının da maraqlı tarixi var. Azərbaycanda litoqrafiya üsulunda kitab çapı XIX əsrin əvvəllərində tətbiq edilməyə başlanılıb. Ümumilikdə Azərbaycanda kitab çapının iki istiqaməti məlumdur. Təbii ki, burada da müəyyən mübahisələr var. Mənbələrdən birində ilk Azərbaycan çap kitabının Nəsirəddin Tusinin 1594-cü ildə İtaliyanın «Mediçi» nəşriyyatında çap olunan «Təhriri-öqlidis» (“Evklidin şərhi”) əsəri olduğu bildirilir. Riyaziyyata aid bu nəşr nümunəsi xaricdə istehsal olunsa da, ilk çap kitabımız kimi dəyərləndirilir.
   İkinci istiqamət kimi isə Cənubi Azərbaycanla bağlıdır. Belə ki, burada ilk litoqrafiya dəzgahı 1812-ci ildə Təbrizdə qurulub. Azərbaycanlı Mirzəağa Zeynalabdin Təbrizinin yaratdığı mətbəədə ilk kitab isə 1819-cu ildə çap edilir. Bu, Rusiya-İran müharibəsini əks etdirən «Cihadiyyə» və Məhəmməd Füzulinin «Leyli və Məcnun» əsərləridir. Bakı Dövlət Universitetinin professoru, kitabşünas alim Bayram Allahverdiyev mənbələrə istinadən ilk Azərbaycan çap kitabı nümunəsinin məhz «Leyli və Məcnun» əsəri olduğunu deyir. Bundan sonra Şimali Azərbaycanda da litoqrafiya üsuli ilə çap işi geniş yayılmağa başlayır. Mənbələrdə burada 1835-ci ildə kitab çap olunması ilə bağlı qısa qeyd var. Digər tərəfdən, hələ XIX əsrin ikinci yarısından, Azərbaycanda litoqrafiya çap üsulundan da əvvəl mətbəələr fəaliyyət göstərməyə başlayıb. Bakı və Gəncədə qurulan mətbəələrdə də xeyli kitablar çap olunub. XIX əsrin sonlarında Azərbaycanda mətbəələrin sayı, çap olunan kitabların say və tirajı sürətlə artmağa başlayır.
   
   23 ayın 50 kitabı
   
   Müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi 23 aylıq qısa zaman ərzində digər sahələrlə yanaşı mətbuat və kitab çapını da diqqətdə saxladı. 1918-ci ilin 15 sentyabrından Azərbaycan və rus dillərində «Azərbaycan» qəzetinin nəşri başlandı. 1919-cu ildə Azərbaycan hökumətində mətbuat haqqında qanun hazırlandı və parlamentdə müzakirə olundu. «Açıq söz» qəzetinin naşiri Məmməd Əli Rəsulzadə 1919-cu ilin əvvəllərində təşkil olunmuş hökumət mətbəəsinin müdiri təyin olundu. Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimi Adil xan Ziyadxanlının «Azərbaycan», Mirzəbala Məmmədzadənin «Milli Azərbaycan hərəkatı» adlı kitabları 1919-cu ildə həmin mətbəədə çapdan çıxdı. Ümumiyyətlə Xalq Cümhuriyyəti dövründə ölkədə müxtəlif elm və bilik sahələrinə dair təxminən 50 adda kitab və kitabça nəşr edilib.
   
   Milli kitab
   
   Bu fikir müəyyən mənada mübahisə doğura bilər. Amma xaricdə çap edilərək ölkəyə gətirilən istənilən yüksək tərtibatlı kitab milli çap nümunəsi kimi xarakterizə edilə bilməz. Kitabşünasların fikrincə, Azərbaycanın milli kitabları dedikdə, xalqımızın maddi mədəniyyəti və mənəvi həyatının məhsulu olan, ən əsası milli qrafika və bədii tərtibat nümunələrini əks etdirən, Azərbaycan ərazisində çap edilən kitablar nəzərdə tutulur. Yəni məhz Azərbaycan poliqrafiyasının məhsulu olan kitablar milli kitabımızın qiymətli nüsxələri sayılır.
   
   Həmidə Nizamiqızı