Zalımların gücü soymağa çatdı, iki cahanı görməyə yox...
  
   İki cahandan birinin - özü də nahaqqının bir küncünə sığanlar onun canındakı cahanları necə görə bilərdilər, axı?! Başı daş-qaş dərinliyindən aşağı, düşüncəsi saray tavanlarından yuxarı işləyə bilməyənlər bu canlı, məkansız gövhəri (“gövhəri laməkan”ı) necə qiymətləndirə bilərdilər?..
  
   Əynindəki hikmət libasını soyundurmağa gücü yetməyənlər onun can-qan örtüyünü soydular.
   Əqidəsindəki irfan tufanından titrəyənlər onun cismini susdurdular.
   Piltəsindəki işığı söndürə bilməyib, çırağın özünü məhv etdilər.
   Aynasındakı bədənnüma eyiblərini görüb bəşəriyyətin bu əqlnüma güzgüsünü sındırdılar.
   Az etdilər, yüz etdilər, dərə-təpə düz getdilər, axır, öz yenik qərarları ilə ucaltdıqları daha bir Nəsimi zirvəsinə yetdilər...
  
   Zirvələr fatehi
  
   O, cəzanın da son zirvəsini fəth etdi. Özünə qədər asılmışların ah-nalələrindən qurumuş dar ağacını Azərbaycan qanı ilə suvarıb, göyərtdi. O vaxta qədər əsasən “gül-bülbül”, “yari ah-zar” meyvələyən şairiyyət-şeiriyyət bağça-bağları o ağacdan calaqlanıb əqidə-əxlaq “mən”i də barlamağa başladı. Hər ölkənin, hər millətin öz xarakter təbiətinə uyğun növlər məhsullandı o calaqdan. Dahi bağbanın mənsub olduğu yurdda fərli-fərmuda qol-budaqlar yarandı: “Xətainin qılıncını suvardım, Məmməd Araz karandaşı göyərdi...”
   Qırx səkkiz il cismani, beş yüz doxsan dörd il mənəvi ömür sürən ulu babam! Hələ əbədiyyət qədər uzanası bu uzun ömrün nə qədərini azad, nə qədərini müstəmləkeyi-naşad yaşadığın ruhuna məlum. Bəs daha nə bəlli? Ən əsası bu bəlli ki, bu altı yüz qırx iki ilin son iyirmisini - müstəqillik illərini nəzərə almasaq, “öz əlimiz, öz başımız” zərb-məsələmizin ikinci tərəfi birinci tərəfində olmayıb. Və elə buna görə də sənin taleyinlə bağlı misilsiz bəşəri cəza faktını cahanşümul səviyyədə aktlaşdıra bilməmişik. “Pələng dərisi geyən pəhləvan”ların dünya ədəbi çempionatında yıxmadığı qəhrəman, “dabanına ox batan”ların çıxmadığı turne qalmayıb. Sən isə - ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə çəkilən çox uğurlu kinofilmə, böyük şair Rəsul Rzanın təəssübkeşliyi ilə çap olunan kitablarına qədər dünyanın laqeydlik arxivində qalmışdın.
   “Sən isə” yazdım və cümləni başa vurduqdan sonra qayğılandım. Nədən ki, bu ifadədə sıradanbir xitabət təsiri bağışlamaq ehtimalı var. Axı sənin cəza, zədə cövri-cəfa müsibətlərin sənə qədər xatırlatdığım və nəzərdə tutduğum əcnəbi fələkzədələrin hamısınınkından daha “maraqlı”, daha yüksək nominasiyalıdır, babam!
   Sənin üslubun bütün şairlərinkindən fərqlidir, ustad! Yəqin ruhun da dünyasını dərisilə birgə dəyişən bütün bəşər övladlarınınkından fərqlidir. Cismin dəri-“kəfən”siz, ruhun nuri-libasda... Görəsən, bu qiyafənin qiyməti neçə müdrik sözə dəyər?
   Görəsən, sənin şərəfli, gövhər vücudunu soydurub-soyanların dəriləri neçə qəpiyə dəyər, ey hikmətlər xəzinədarı?!
   Görəsən, səni tanıdıqdan sonra Hələb şəhərinə bəslədiyim nifrəti necə soyarlar - o dabbaqçılar?
   Görəsən, bu gün Suriyadakı qırğın-qarışıqlıqlarda o məlum zalımların da ruhları iştirak edirmi?..
   Əcnəbi filosoflardan biri qılınc qəhrəmanımız Babək haqda deyib ki, ərəb xilafəti onun qol-qıçını kəsdi, lakin ona bütün dünyanı dolaşmaq üçün daha çevik əzalar verdi.
   Hələb isə bizim qələm qəhrəmanımızın dərisini soydu. Lakin Nəsimi cismən, Hələb isə mənən ölmüş oldu. Sağlığında dünyaya poetik, fəlsəfi, sufilik, hürufilik zirvələrindən baxan bu fatehimiz analoqu olmayan cəza zirvəsini də fəth etdi...
  
   “Cinayət”ləri?..
  
   Heç nə, “yer üzünün əşrəfi” olduğunu ola bilməyənlərə, olmaq istəməyənlərə duyurmaq cəhdləri. “Ənəlhəqq!” boyda haqqı hər namazdan sonra ədalətsiz ölüm fərmanları imzalayan, hər Qurban bayramında kəsdiyi qoçlardan ziyadə başlar kəsən, övrətləri dul, kişiləri qul eləyən nahaqlar necə qəbul edəydilər?
   Bir şairin ki ustadı Nəimi kimi canlı universitet, xisləti gözdən, mətləbi sözdən tutan filosof ola - onun əşarı nəsilbəsil “əvvamlar çobanı” olmaq istəyənlərin boğazından keçərmi?
   Bir kəs ki üç dil bilə və yazdıqlarını, bədahətən qoşduqlarını hər kəsin “fəhm edə bilməyəcəyinə” işarəylə “Bu, quş dilidir - bunu Süleyman bilər ancaq” kimi hikmətlər şahlığı edə - adam və edam “dilləri”ndən savayı heç nəyə vaqif olmayan, “hır” “kəlam”ının məlum qafiyə davamı olanlar onu necə sinirəydilər?
   Bəli, əsərlərinin təhlili sübut edir ki, İmadəddin Nəsimi hələ Şamaxıda ikən dövrünün ədəb-irfan adamlarından, binə-kitab və sinədəftərlərindən, ictimai mühitdən ən yüksək universitet tələblərinə uyğun səviyyədə dərs almış, kamillik dərəcəsinə yetmişdir. O, klassik Şərq və qədim yunan fəlsəfəsini, tarix və ədəbiyyatını dərindən mənimsəmiş, İslam və Xristian dinlərinin məğzinə bələd olmuş, tibb, astronomiya, astrologiya, riyaziyyat, məntiq elmlərinə yiyələnmişdi. Öncə sufilik, sonralar hürufilik məqamlarında məşhurlaşan şair türk, ərəb və fars dillərində yazdığı mükəmməl şeirlərilə bu dillərin arealında müstəsna populyarlıq qazanır. Lakin zaman gəlir ki, hürufilər Teymurləng tərəfindən də olmazın təzyiqlərə məruz qalır və məşhur İbn əl-İmad Hənbəlinin “hürufilərin şeyxi” adlandırdığı Nəsimi vətəndən didərgin düşüb, İraq, Türkiyə və Suriyada yaşamağa məcbur olur. Elə həmin hürufilik təlimi əsasında irəli sürdüyü panteist ideyaları üstdə 1417-ci ildə Hələbdə - məlum qəddarlıqla həlak edilir.
   Panteist düşüncələr bu alovlu şairi lirik üsyançı məqamına yetirmişdi. Onun qələmi bəşəriyyətin ən ali və ortaq hissələrinin, arzu və diləklərinin tərənnümçüsü, yaxşılıqlarının yayıcısı, yamanlıqlarının “durnanı gözündən vuran” ovçu silahı idi. İki cahana məkan olan bu ali-ülvi candakı məhəbbət mövzusu isə əzəli-əbədi vəhdəti-vicud timsalı idi.
  
   Üzünü məndən nihan etmək dilərsən, etməgil.
   Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil.
   Bərqi nəsrin üzrə miskin zülfünü sən dağıdıb,
   Aşiqi bixaniman etmək dilərsən, etməgil...
  
   O, yazıb-yaradıb getdi, biz oxuyub-yarınıb qaldıq. O, illərin, günlərin birində getdi, oxuyub-yarınanlar isə dünən də vardı, bu gün də var, sabahlar da olacaq...
  
   Tahir Abbaslı