Azərbaycan
   
   14 oktyabr 1875 - Tanınmış maarif xadimi, nasir, mühərrir Əlisgəndər Hacıbaba oğlu Cəfərzadə (1875 - 1941) anadan olub.
   14 oktyabr 1933 - Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Məmməd Araz (Məmməd İnfil oğlu İbrahimov; 1933 - 2.12.2004) Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Nurs kəndində doğulub. Vətənpərvərlik, milli ruha sayğı şairin əsərlərinin aparıcı mövzusudur. Bir sıra rus şairlərinin əsərlərini dilimizə tərcümə edib.
   14 oktyabr 1962 - Xalq artisti, aktyor Əli Mirzə oğlu Qurbanov (20.6.1898, Tiflis - 1962) vəfat edib. Səhnə fəaliyyətinə Tiflis Azərbaycan Dram Teatrında başlayıb, 1925-ci ildən Bakıda Akademik Dram Teatrında çalışıb. "Bəxtiyar" (Qurban), "Qızmar günəş altında" (Əli dayı), "Qara daşlar" (usta Ramazan), "Bir qalanın sirri" (Kamran baba) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   
   15 oktyabr 1910 - Tarixçi, ictimai xadim İsmayıl Abbas oğlu Hüseynov (1910-1969) anadan olub.
   15 oktyabr 1910 - Xalq rəssamı Yusif İsmayıl oğlu Hüseynov (1928 - 1.9.2009) anadan olub. Əsərləri dünyanın bir çox sərgi salonlarında, muzeylərində nümayiş olunaraq milli mədəniyyətimizi layiqincə təmsil edib. 1977-1987-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının sədri olub.
   15 oktyabr 1910 - Tanınmış kinorejissor Hüseyn Seyidzadə (1910 - 2.6.1979) İrəvan şəhərində anadan olub. Milli kino tariximizdə özünəməxsus yeri olan “O olmasın, bu olsun, “Koroğlu”, “Dəli Kür”, “Yenilməz batalyon”, “Qayınana” filmlərini çəkib.
   15 oktyabr 1950 - Xalq artisti, tarzən Ağasəlim Sahib oğlu Abdullayev anadan olub.
   15 oktyabr 1996 - Tanınmış diktor Gültəkin Əjdər qızı Cabbarlı (9.3.1929 - 1996) vəfat edib. Azərbaycanda peşəkar diktorluq məktəbinin yaranmasında xidmətləri olub.
   
   16 oktyabr 1923 - Şair, nasir, filologiya elmləri doktoru, professor Gülhüseyn Hüseynoğlu Masallı rayonunun Mollaoba kəndində doğulub. Azərbaycan ədəbiyyatında mənsur şeirin yaradıcısı kimi tanınır.
   16 oktyabr 1926 - Bəstəkar, pedaqoq, Xalq artisti, professor Ramiz Mustafayev (1926 - 10.4.2008) anadan olub. “Vaqif”, “Polad”, “Xan və əkinçi” operalarının, operettaların, simfoniyaların və s. müəllifidir.
   16 oktyabr 1946 - Kinooperator Köçəri Məmmədov (1946-2008) Gədəbəy rayonunda doğulub. Azərbaycanın yeni tarixini əks etdirən sənədli və xronikal filmlərin operatoru olub.
   16 oktyabr 1949 - Akademik, ədəbiyyatşünas alim İsa Əkbər oğlu Həbibbəyli Naxçıvan MR Şərur rayonunun Danyeri kəndində anadan olub. Naxçıvan Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatıdır.
   
   17 oktyabr 1905 - Məşhur yazıçı Məhəmməd Əsəd bəy (Qurban Səid; 1905-1942) Bakıda anadan olub. Sovetləşmədən sonra Almaniyaya mühacirət edib. “Əli və Nino” romanı ilə şöhrət qazanıb, tarixi mövzuda 20-dək əsərin müəllifidir. İtaliyada vəfat edib.
   17 oktyabr 1915 - Operator, rejissor, Xalq artisti Cavanşir Məmmədov (1915-1997) Şuşada doğulub. Müharibə illərində (1941-1945) Mərkəzi Sənədli Filmlər Studiyasının operator qrupunda fəaliyyət göstərib. Bakı kinostudiyasında 10-dan çox sənədli film çəkib.
   17 oktyabr 1924 - Şair Hüseyn Razi (Hüseyn Məmməd oğlu Rzayev; 1924-17.2.1998) Ordubad rayonunun Dəstə kəndində anadan olub.
   17 oktyabr 1936 - Yazıçı Çingiz Əbülhəsən oğlu Ələkbərzadə (1936 - 7.1.1999) anadan olub. Əsərləri: “Qızıl yəhərli at”, “Çılpaq”. “Vulkana doğru” üçseriyalı filmin ssenari müəllifidir.
   17 oktyabr 2003 - Görkəmli şair, publisist Nüsrət Yusif oğlu Kəsəmənli (25.9.1946 - 2003) vəfat edib. 100-dən çox şeirinə musiqi bəstələnib, sənədli filmlərin ssenari müəllifıdir. «Azərbaycanfilm»də baş redaktor işləyib, “Doğma sahillər” (1989) filmində çəkilib.
   
   Dünya
   
   14 oktyabr 1585 - Alman bəstəkarı, dirijor və pedaqoq Henrix Şüts (Heinrich Schütz, 1585-1672) anadan olub.
   14 oktyabr 1864 - Polyak yazıçısı Stefan Jeromski (Stefan Zeromski, 1864-1925) anadan olub. “Kül”, “Həyatın bəzəyi”, “Dənizdən külək”, “Günahın tarixi” romanları, “Qızılgül” pyesi və s. əsərlərin müəllifidir.
   14 oktyabr 1896 - Amerika kinoaktrisası, “Oskar” laureatı Lilian Qiş (Lillian Diana Gish, 1896- 1993) anadan olub. Filmləri: “Toy”, “Komediyaçılar”.
   14 oktyabr 1925 - Rus kinorejissoru Vladimir Fetin (1925-1981) anadan olub. Filmləri: “Zolaqlıların səfəri”, “Lyubov Yarovaya”, “Tayqa povesti”.
   14 oktyabr 1927 - Məşhur ingilis aktyoru Rocer Mur (Roger George Moore) anadan olub. “Agent 007” silsilə filmlərində Ceyms Bond rolunun ifaçısı (1973-1985) kimi məşhurlaşıb: “Yaşa və ölməyə imkan ver”, “Qızıl tapançalı adam”, “Səkkizayaq” və s.
   14 oktyabr 1946 - Rus kinorejissoru, aktyor, ssenarist Pavel Çuxray anadan olub. Filmləri: “Oğru”, “Açar”, “Zina-Zinulya” və s.
   
   15 oktyabr 1814 - Görkəmli rus şairi, yazıçı, dramaturq Mixail Yuryeviç Lermontov (1814 - 27.7.1841) anadan olub. Əsərləri: “Zəmanəmizin qəhrəmanı” romanı, “Mtsırı”, “Hacı Abrek”, “Qafqaz əsiri” poemaları, “Maskarad” pyesi və s. Azərbaycanda olub, “Aşıq Qərib” dastanını qələmə alıb. 1841-ci ildə Pyatiqorskda dueldə öldürülüb.
   15 oktyabr 1836 - Fransız rəssamı Ceyms (Jak Jozef) Tisso (James Tissot, 1836-1902) anadan olub.
   15 oktyabr 1844 - Məşhur alman filosofu Fridrix Nisşe (Friedrich Wilhelm Nietzsche; 1844 - 25.8.1900) anadan olub. Dünya fəlsəfi fikrinə güclü təsir edən əsərlərin müəllifidir: “Faciənin doğuluşu”, “Zərdüşt belə deyirdi”, “Xeyir və Şərdən o yana”, “Bütlərin qürubu”, “Antixrist” və s.
   15 oktyabr 1859 - Osetin ədəbiyyatının banisi, şair, rəssam Kosta Xetaqurov (1859-1906) anadan olub.
   15 oktyabr 1897 - Rus yazıçısı İlya İlf (İxeil Faynzilberg; 1897 - 13.4.1937) anadan olub. Yevgeni Petrov (Katayev) ilə məşhur “12 stul”, “Qızıl buzov” və s. əsərlərin həmmüəllifidir.
   15 oktyabr 1905 - İngilis yazıçısı Çarlz Persi Snou (Charles Percy Snow, 1905-1980) anadan olub. Əsərləri: “Özgələr və qardaşlar”, “Hakimiyyət dəhlizləri”, “Yelkənlər altında ölüm” və s.
   15 oktyabr 1920 - İtalyan əsilli Amerika yazıçısı, ssenarist Mario Pyuzo (Mario Puzo, 1920-1999) anadan olub. Əsərləri “Xaç atası” (roman və eyniadlı filmin ssenarisi), “Siciliyalı”, “Qaranlıq arenası”, “Xoşbəxt səhifə” və s.
   15 oktyabr 1926 - Fantast yazıçı, ixtiraçı alim Henrix Altov (Altşuller) (1926- 24.9.1998) Daşkənddə doğulub. 1931-ci ildə ailəsi Bakıya köçüb, 1990-cı ilədək burada yaşayıb, “Gənc ixtiraçılar məktəbi”ni yaradıb. 1990-cı ildən Rusiyaya (Petrozavodsk) köçüb.
   15 oktyabr 1926 - Fransız filosofu, mədəniyyət tarixçisi Mişel Fuko (Michel Foucault, 1926-1984) anadan olub.
   15 oktyabr 1929 - Tanınmış serb şairi, yazıçı, tərcüməçi Milorad Paviç (1929-2009) anadan olub. Xəzər xaqanlığından (VIII-IX əsrlər) bəhs edən “Xəzər lüğəti” tarixi-ensiklopedik romanı ilə məşhurlaşıb.
   
   16 oktyabr 1854 - Görkəmli irland şairi və dramaturqu Oskar Uayld (Oscar Fingal O"Flahertie Wills Wilde, 1854-1900) anadan olub. “Diriana Qreyin portreti” romanı, “İdeal ər”, “Diqqətə layiq olmayan qadın” və s. pyeslərin müəllifidir.
   16 oktyabr 1888 - Amerika dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1936) laureatı Yudjin O’Nil (Eugene Gladstone O"Neill, 1888-1953) anadan olub. “Üfüqün arxasında”, “Buz paylayan gələcək”, “Qarağaclar altında məhəbbət” və s. pyeslərin müəllifidir.
   16 oktyabr 1927 - Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1999) Günter Qrass (Günter Wilhelm Grass) anadan olub. Əsərləri: "Tənəkə təbili", "Pişik və siçan”, “İt illəri”, “İblisin gündəliyindən”.
   16 oktyabr 1948 - Məşhur hind aktrisası (“Zita və Gita”), rejissor Hema Malini (Hema Malini) anadan olub. Çəkildiyi filmlər: “Qisas və qanun”, “Əlibaba və qırx quldurun macəraları”, “Cəngəlliklər kralı” və s.
   
   17 oktyabr 1760 - Fransız mütəfəkkiri və sosioloqu Klod Sen-Simon (Claude-Henri de Rouvroy, Comte de Saint-Simon; 1760-1825) anadan olub.
   17 oktyabr 1849 - Dünya şöhrətli polyak bəstəkarı və pianoçusu, romantizmin parlaq nümayəndəsi Frederik Şopen (Fryderyk Chopin, 22.2.1810 - 1849) vəfat edib.
   17 oktyabr 1915 - Amerika dramaturqu Artur Miller (Arthur Aster Miller, 1915-2005) anadan olub. Əsərləri: “Mənim bütün oğullarım”, “Kommivoyacerin ölümü”, “Sərt sınaq” və s.
   17 oktyabr 1920 - Amerika kinorejissoru Montqomeri Klift (Montgomery Clift, 1920-1966) anadan olub.
   17 oktyabr 1931 - Rus yazıçısı Anatoli Pristavkin (1931- 11.7.2008) anadan olub. Əsərləri: “Qızıl bulud gecələyərdi...”, “Ölüm kölgəsinin vadisi”, “Qızıl cəllad” və s.
   17 oktyabr 1972 - Türk estrada ulduzu Tarkan Tevetoğlu Almaniyanın Frankfurt şəhəri yaxınlığındakı Alzey qəsəbəsində doğulub. 1986-cı ildən Türkiyədə yaşayır.
   
   Hazırladı: Vüqar Orxan