Onun kətan-“kitab”larındakı peyzaj-qəzəllər, tablo-poemalar...
   
   Mənə elə gəlir, indi çəkəcəyim ad-soyadla mən özüm də bir “əlif-bey” portret yaratmış olacağam: Səttar Bəhlulzadə!..
   Sizə də elə gəlmədimi ki, bu imzanın aurasında gözlərinizə təbiətin heç bir naturasında görmədiyiniz görəcəklər göründü?
   Bu ad-soyadın doğurduğu əfsanəvi-xəyali aləmə real fon kimi baxa bilənlərə salam olsun!
   Bu dünyaya yalnız ailə-övlad yaradıcılığı, o dünyaya son kimi baxanlarasa elə gəlməsin ki, bu qədər sənət zürriyyətlərinə şöhrət atası olan Səttar Bəhlulzadə sonsuz getdi bu dünyadan! Kimin buna şəkki varsa, onun vəfalı-səfalı ömür yoldaşından - təbiətdən soruşa bilər. Əlbəttə, əgər bu əzəli-əbədi “gəlin-xanım”ın dilini Səttar bəyin bildiyinin mində biri qədər bilirsə. Onun çiçəyini-gülünü bu aşiqin yüzdə biri qədər sevirsə. Cənnət qəlbinin guşələrini bu sənət qartalı kimi görürsə. Dəlisi olduğu, “eşq rəssamı, söz heykəltəraşı, fikir memarı” adlandırdığı Füzulisi kimi “rindü-şeydadır”sa, “Məcnundan füzun aşiqlik istedadı var”sa, “sonunda hicran görünür” deyə “neylərəm ol vəsli” nəfsinə malikdirsə...
   
   Sənət səyyahı, zinət səyyadı
   
   Çörəyi-gərəyi canlı insanlarla ünsiyyətdən çıxan, adı-sanı kilkə-kilkə ölkələr, “təzə” toponimlər, “yeni” Amerikalar kəşfində şöhrətlənən klassik səyyahlığın aborigen haqqı məlum. Bəs, nə “işıq gələn, nə it hürən” tərəfləri olan bu sənət səyyahlığının haqqı necə, naməlum?
   Yuxularında butalanan, “altdan geyib üstdən, üstdən geyib altdan qıfıllanan” aşiqlərin öz məşuqları dalınca səfərlənmələrini bəyan edən telli sazlar, allı sözlər, güllü dastanlar. Bəs, hörmətli oxucu-tamaşaçılar, bəs, könül aynasında çeşnilənən çəmənlər, qönçə-xonçalanan gül-çiçəklər, tumurcuqlanan budaqlar, poqquldaşan bulaqlar, şaqqıldaşan şimşəklər dalınca qoşub, o milli məşuqları əbədi muzey-düzey yarı edən aşiqə nə avazlar, nə sözlər, nə kəlamlar?..
   Zərifləriniz çox kövrəlməsin - “Kəpəzin göz yaşları” leysanlanar. Optimistlər çox zilə çıxmasın - “Suraxanı atəşgahı”ndan odlanarlar. Pessimistlər özlərini “Əbədi məşəllər” üstə kökləsinlər. Bu halətin göyçəkləri, “ay qaşı-gözü qara”ları “Xəzər gözəli”nə baxıb, tellərini yan darasınlar. Özlərini “həyət-vətən”ə yox, Həyat-Vətənə həsr edən cütlüklər “Qızılbənövşəyə gedən yol”la adaqlanıb, “Axşamçağı Ordubad bağlarında” əhd bağlayıb, adaxlansınlar, “Qudyalçay vadisi”ndə bir-birinə qovuşsunlar. Bu sənətin sərxoşları “Şamaxı üzümlükləri”nə “Vətənimin baharı” mövsümü kimi göz yetirsinlər - “Payız”sayağı baxsalar, ayılmaq təhlükəsi yarana bilər. “Əncir ağacı”na “bu, təbiətdəkilərdən də canlıdır!” - deyə təəccüblənənlər heyrətlərini “Əfsanəvi torpaq” tablosuna nəql eləsinlər. “Azərbaycan nağılı”ndan doymayanlar “Şahnabat” noğulundan dadsınlar. Vurğunluqdan qaşları tale yazılı alınlarına qalxanlar “Qayıqlar”da “Neft daşları” sarı üzüb, sənət təşnəliklərini söndürsünlər. “Əmircan”a ikinci - bədii sənət yurdu kimi baxan həmyerliləri, “Azərbaycan”ı sənətkar ölkəsi kimi seyr edən həmvətənləri olaraq da - bəzilərimiz bu total tərənnümçünü lokallaşdırıb “mənimdir!” nidası ilə ədalanmayaq. Onun Azərbaycan sərhədlərini çoxdan aşdığını, bütün dünyaya yol açdığını da xəyalımızda portretləyək, tablolayaq, peyzajlayaq...
   
   Şəxslər və şəxsiyyətlər
   
   Bu seçki - “məntəqə”lərsiz, “dairə”lərsiz, qutularsız olur. Bu seçkinin qalibləri normativ-platformativ “asfaltçəkən”, “körpüsalan”, alternativlərilə üz-göz olanlardan deyillər. Başlarını aşağı salıb çalışır, yaradır, məhəlləsini, bölgəsini, ölkəsini yarıdırlar. Və sonda vətəndaş, yurddaş, soydaş çəkili başlarını yuxarı qaldırıb görürlər ki, baa, özlərini də yaradıb-yarıdıblar ki!..
   Həyatın hər sahəsinə aid olan bu məsələni də elm hesab edənlər şəxsiyyət olur, helm hesab edənlər şəxs. Məsələn, “Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur - yer üzünü!” mənzum-monoloqu zaman-aman dramatizmi ilə hayqıran mogikan Ərəblinskilər kim, “Bu gecə, bu qoca, bu cücə” məzlum-monoloqu “zəhmət olmasa, əllər yuxarı” “xlam”atizmi ilə söyləyən tipaj Kəbirlinskilər kim?..
   Əslinə uyğun qəbildə çatdırıb-çatırmayacağıma zəmanət vermədən deyim ki, ömrünün son illərində hərdən muzeylərdə, daha tez-tez isə asfalt-betonlu paytaxtımızın Filarmoniya bağı təbiətində gördüyüm Səttar Bəhlulzadə biz tələbələrin gözündə “Bu qoca, bu xoca, bu uca” şəxsiyyət-portreti kimi obrazlaşmışdı. Çayxanada, yeməkxanada görünmürdü ki, stoluna stul çəkib söhbət edəsən. Heç vaxt qoşa görmürdük ki, yanındakını üzümüzə qara verib, bu ciddidən ciddi persona ilə salamməlik şərəfinə nail olaq, təbiətdəkilərdən çox fərqli yanaşdığı cəmiyyət dostları haqda yalnız onun özünə məxsus replikalarını, tostlarını eşidək.
   “Persona”, “dost-tost” ifadələri o vaxtlar onunla bağlı dillərdə gəzən bir olayı xatırlatdı mənə. Məclislərin birində gözəl bir rəssam haqda qırılan qeybətə, demək olar, hamının qoşulduğunu görən sənətkar şana barmaqlı əllərilə havada “qədeşi” bir dairə fırlayıb: “Sizin hamuuzun beləsi belə!” - deyir. Məclis dağılır və özünü pilləkənlərdə ona yetirən birisi: “- Qədeş, qədeş, yəni, o söz mənə də aiddir?!” - deyə incik-incik təkzibi-üzrxahlıq gözləyirkən, “sözübir Səttar” kişidən: “Yox, səninkiləri personalnı!” - cavabını eşidir.
   Onun tez-tez araya-ortaya çıxan bənzərsiz əsərləri necə qəbul edilir, necə baxılır, səs-sorağı necə yayılırdısa, hərdən dediyi sözləri, atmacaları da elə oca təsir bağışlayırdı. Onun qartal-qırğısayağı gözləri bizim gözlərimizdən iraq gəzən nələri görürdüsə, fırçavari barmaqları onları dərhal “tovlayıb”-ovlayırdı.
   Onun sirli sir-sifətində bütöv bir cəmiyyət təbiəti bərqərar idi. Qaşları daim sənət hədəfinə tuşlanmış yaylar, uzun saçlarının rəngləri, fonar gözlərinin işığı, halət-siluet “qarmaqarışığı”nın şölələri ilahi bir politra!..
   Sənətşünaslar, qəzet-jurnalçılar, kamermanlar onun yaradıcılığı ilə bahəm xarakterindəki “işıq-kölgə” kontrastlarından, “model-modul” effektlərindən nə qədər yazıb-göstərsələr də, əsərləri bütün xalqın ürəyinə yatan bu sənətkar heç bir qarı qəlib, quru ənənəviçilik tikən ipə-sapa yatmadı.
   Özü 15 yaşında rəssamlıq məktəbinə, 22 yaşında Azərbaycan Rəssamlıq Məktəbinə, 24-ündə Moskva Dövlət Rəssamlıq İnstitutuna, 32-sində Surikov adına Moskva Rəssamlıq İnstitutuna qəbullara hazır gedib ustad qayıtmış bu sənətkar istər məktəb, istər həyat auditoriyalarındakı tələbələrindən heç vaxt “əlifba” tələb etməyib. Onlara verdiyi dərslərin hər biri bir-birini əvəz edən “gələcək”lərdə bitkin əsərlərə çevrilib. Onun ağır-uğur davranışları sənət adamları üçün məclis-mərəkələrdə özünü necə aparmağın etiket nümunələri kimi qəbul edilib. Onun impessionizm nümunələrinin bəziləri bu cərəyanla həmvətən olanların özlərini belə heyrətə gətirib...
   Və... olunub, edilib, çevrilib, gətirib, anılıb, sanılıbların harmoniyasından bütöv bir sənətkar şəxsiyyəti yaranıb!
   Bu şəxsiyyət saysız-hesabsız yazılarda, kitablarda, filmoqrafik kadrlarda yaşamaqda. Zəngin irsi dünyanın möhtəşəm muzeylərini şərəfləndirməkdə. Xalq rəssamı, Azərbaycan Dövlət mükafatı laureatı kimi təltifatları bu xalqın adını, istedadını daha da şöhrətləndirib, ürəyini fərəhləndirməkdə...
   
   Tahir Abbaslı