Vaqif İbrahimoğlunun xatirəsinə
   
   “YUĞ”lu vaxtlarımı xatırlayıram. Sevgiylə dolu vaxtları. “YUĞ”un isti ocaq olduğu vaxtları. Hələ “YUĞ”dan uzaq düşmədiyim vaxtları. Vaqif İbrahimoğlunun, “YUĞ” teatrının baş rejissorunun kitablarla, suvenirlərlə, müxtəlif əşyalarla dolu, dar, dəfələrlə ağlagəlməz qədər çox adamın yığışıb söhbət etdiyini gördüyüm bapbalaca otağını. Bir ruh, düşüncə genişliyi bu qədər adamı belə dar, çəkdiyi papiros tüstüsü ilə dolu otağa sığdıra bilərdi. “YUĞ”dan, Vaqif müəllimlə söhbətdən çıxan adamlar Füzuli meydanında həmən seçilirdilər - tüstülü fikirlərlə yorğun...
   
   Məşqləri, tamaşaları xatırlayıram. Zalı... Aktyorları... Müzakirləri...
   Nə qədər tamaşaya baxdıq! Nə qədər tamaşadan təsirləndik! Nə qədər çox yaşadıq!
   Adam bunları nəyin qarşılığında edirdi? İndi teatrı bütün şəxsi və qeyri-şəxsi mənafelərindən yuxarıda tutan neçə rejissor tanıyırıq? Bunları Vaqif müəllimin xəstə olduğunu eşitdiyim vaxtlarda tez-tez özümdən soruşurdum. O görüşləri, qapısını hər öyrənmək istəyən, teatrı sevən, zehni açıq gənclərə açdığı otağındakı dərsləri, görüşləri, tamaşaları, məşqləri yada salırdım.
   Bir dəfə yer olmadığından məni yuxarı, işıq otağına apardı. Tamaşanı oradan izlədim. İlk dəfə teatrdan bərk qorxdum. Günbəzdəki pəncərədən aşağı baxdıqca tamaşanın - «burada və indi»nin bütün işığı və qaranlığı ilə, əbədi və ötəriliyi ilə üzbəüz qaldım. O dar otaqda tək idim. Yuxarı işıqçıyla gələndə «Görürsən» soruşdu. Bu sualla lap indicə duyduğum qorxunu faş edəcəyimdən utanıb «Hə, burdan lap yaxşı görünür» dedim...
   Ən çox insan eqosentrik məxluqdu. Tanıdığın biri səni tərk edəndə həyatının onunla bağlı olanları xatırlayır, amma lap əslində onun səninlə bağlı epizodlarını danışırsan...
   Mən son vaxtlar əşyaları xatırlayıram. Əşyalar tamamən dəxilsiz bir vaxtda bütün detallarıyla gözümün qabağına gəlir.
   Bunlar istifadə olunanlar deyil, artıq kiməsə gərək olmayan əşyalardır - uşaqlıqda geyindiyim paltarlar, oynadığımız oyuncaqlar, mərhum nənəmin otağındakı ən adi əşyalar, qapı dəstəkləri, rəngi getmiş süfrə, oyuncaq at, rezin tutuquşu, şərf, papaq... Sizin tanımadığınız, eşitməkdə maraqlı olmadığınız bu əşyalar tək-tək məni kədərləndirir, narahat edir.
   Əhəmiyyət vermədiyimiz şeylər nə qədər iddialıdır! Yalnız bizə aid olan, bizə əziz olan bu şeylərlə nə etməli? Bu əşyaların xatirələrini kiminlə bölüşməli?
   Sapsarı, təzə qəpiklər... Bir dəfə təsadüfən Vaqif müəllimlə piyada şəhərin içində bir yerdə getməli olduq. Yolda bir dilənçi yaxınlaşdı. O, söhbətini kəsmədən dilənçiyə pul verdi. Bunlar sarı, təzə qəpiklər idi. Lap təzə. O qəpikləri xatırlayıram. Bilmirəm niyə...
   Otağında cürbəcür nişanlar asılan - gərək ki, Qaragöz kukla teatrının personajları təsvir olunmuş tikməni xatırlayıram.
   Qapının üstündə Tofiq Kazımovun rəsmini. Qırağında qoca əyriburun bir kişinin balaca heykəlciyi olan külqabını. Masanın üstündəki şüşəni. Bir cüt qədimi çarığı. «Ümid» tamaşası üçün çox güman ki, Rəşid Şerifin çəkdiyi səhnə eskizini. İşıq otağına qalxan taxta pilləkənləri. Tamaşalardakı saysız əşyaları: telefon aparatını, kauçuk insanın daxili orqanlarını, alışqanları, ipləri, nərdtaxtanı, geyimləri...
   “YUĞ” teatrının qrim otağına gedən dəhlizlərində qopmuş parketin yaratdığı çökəkliyi. Tamaşa zalındakı dörd sütunu...
   Tamamən dəxilsiz bir məqamda xatırlayacağım çox şeyi...
   Söhbətləri, tamaşaları, fikirləri, epizodları dəxli olduqca xatırlayacam. Bax belə...
   Onunla vida mərasimi idi. Sözsüz ki, hamı orada. Birdən ağlıma gəldi ki, indi “YUĞ”da heç kim yoxdu - qapını çöldən bağlayıb gediblər. “YUĞ”un interyeri, boş qalmış rejissor otağı, dəhlizdəki səssizlik, divardakı portretlərin ömürlük sükutu, tamaşa zalının kimsəsiz qaranlığı gəldi gözümün önünə. Bircə-bircə, sanki kameranın ən yavaş hərəkətilə seyr edirsənmiş kimi. Bu interyer qədər heç kim duyura bilməz yoxluğunu. Onun qədər kədərli, ürəksıxan nəsə təsəvvür etmək mümkün deyil...
   Vaqif müəllimlə vidalaşa bilmədim. Əvvəl istəmədim, sonra peşman oldum. Uşaqların tabutunun baş ucunda dayandığı, mənim onları qucaqlamaq istədiyim dəqiqələrdə internet xəbərlərinə göz atırdım mexaniki. Bir şəklini gördüm. Uzaqdan kiməsə əl edəndə çəkilmiş bir foto idi. Şəkil uzaqdan çəkilmişdi - fotokamera ilə təsvirin yaxınlaşdırıldığı keyfiyyətindən də görünürdü. Adətən görüşə bilməyənlər belə vidalaşırlar...
   Biz hələlik bu dünyada qaldıq. Az əvvəl axşam düşdü. Sıradan deyə biləcəyimiz, amma heç vaxt da sıradan olmayan yaz axşamı. Bu şeri xatırlatdı Nazim Hikmətdən. Və Sizi xatırlatdı. Yəni, hamımızı. Axşam günəşilə yüklü olanları...
   Dağın üstündə...
   Axşam günəşi ilə yüklü bulud var dağın üstündə.
   Bu gün də...
   Sənsiz, yəni, yarı yarıya, dünyasız keçdi bu gün də...
   Bir azdan açar gecə çiçəkləri qırmızı-qırmızı,
   Daşıyar havamızda igid, səssiz qanadlar ayrılığında
   Vətən ayrılğına bənzəyən ayrılığmızı...
   
   Aliyə