Arkadi Raykinin anadan olmasının 100 ili tamam olur
   
   Sovet estrada teatrının ən məşhur simalarından biri, aktyor, rejissor, SSRİ-nin Xalq artisti Arkadi İsaakoviç Raykin 1911-ci il oktyabrın 24-də Riqa şəhərində anadan olub. 1935-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) Teatr Texnikumunu bitirib. Əvvəl Leninqrad fəhlə-gənclər teatrında, sonralar Lenin komsomolu adına teatrda, eyni zamanda estradada çıxış edib. 1939-cu ildə Moskvada keçirilən Ümumittifaq estrada artistləri müsabiqəsinin laureatı olub. Həmin il Leninqrad Miniatür Teatrını yaradıb, teatrın artisti, bədii rəhbəri və quruluşçu rejissoru olub. 1982-ci ildə Raykinin Leninqrad şəhər (partiya) rəhbərliyi ilə konfliktindən sonra teatr Moskvaya köçüb.
   Raykinin yaradıcılığı üçün zəngin ifadə vasitələri, dərin ictimai kəskinlik, güclü satira səciyyəvidir. Raykin həmçinin pantomima və lirik monoloq ifaçısı kimi də məşhur olub. Raykin teatrının ən yaxşı tamaşaları: “80 günlük dünya səyahəti” (1956), “Məhəbbət və üç portağal” (1956), “İkidən əlliyədək” (1961), “Svetofor” (1969), “Seçmələr-73” (1973), “Əlahəzrət teatr” (1981) və s. O, keçmiş Sovet İttifaqının sərhədlərindən kənarda da məşhur idi, xarici ölkələrə tez-tez səfərlər edir və tamaşaçıları komik rolları ilə sevindirirdi. Qazandığı sənət uğurlarına görə o, 1968-ci ildə SSRİ Xalq artisti, 1981-ci ildə Sosialist Əməyi Qəhrəmanı kimi fəxri adlara layiq görülmüşdü. 1980-ci ildə məşhur gülüş ustası Lenin mükafatına layiq görülmüşdü.
   Arkadi Raykin 1987-ci il dekabrın 17-də vəfat edib. Ölümündən sonra yaratdığı teatra onun adı verilib. Arkadi Raykin adına “Satirikon” teatrına sənətkarın oğlu Konstantin Raykin rəhbərlik edir
   
   Çingiz