Azərbaycan
   
   28 (köhnə təqvimlə 15) oktyabr 1911 - XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, dramaturq, ictimai xadim, akademik Mirzə Əjdər oğlu İbrahimov (1911 - 17.12.1993) Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olub. 1918-ci ildə ailəsi ilə Bakıya gəlib. «Gələcək gün», «Böyük dayaq» romanlarının, povest və hekayələrin, “Həyat”, “Kəndçi qızı” və s. pyeslərin müəllifidir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958), SSRİ-nin Asiya və Afrika xalqları ilə Həmrəylik Komitəsinin sədri olub. Azərbaycan Yazıçılar Birliyinə rəhbərlik edib. Sosialist Əməyi Qəhrəmanı (1981) adına layiq görülüb.
   28 oktyabr 1941 - Kinooperator Vaqif Muradov anadan olub. Filmləri: “Uşaqlığın son gecəsi” (operator assistenti), “Yuxu” (ikinci operator) və s. “Mozalan” kinojurnalının bir çox buraxılışlarının operatoru olub.
   28 oktyabr 1946 - Kulturoloq, tarix elmləri doktoru, professor Fuad Teyyub oğlu Məmmədov anadan olub. “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidentidir.
   
   29 oktyabr 1937 - Görkəmli dirijor, Xalq artisti, professor Rauf Abdullayev anadan olub. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijordur, 1991-1994-cü illərdə Ankara Dövlət Opera və Balet Teatrının baş dirijoru işləyib.
   29 oktyabr 1941 - Xalq artisti Ağaxan Əli oğlu Salmanlı Bakıda anadan olub. Uzun illərdir ki, Gənc Tamaşaçılar Teatrında çalışır. Televiziya tamaşalarında (“Ordan-burdan”, “Nigarançılıq” və s. ) çəkilib. Uşaqlar üçün pyeslərin müəllifidir, bir neçə tamaşaya quruluş verib.
   29 oktyabr 1949 - Aktyor Şahin Cəbrayılov (1949 - 5.9.2007) anadan olub. Televiziya tamaşalarında (“Kökdən düşmüş piano”, “Qatarda”, “Topal Teymur”), filmlərdə ( “Yol əhvalatı”, “Alman klinikasına şəxsi səfər”, “Qızıl uçurum”) yaddaqalan obrazlar yaradıb.
   
   30 oktyabr 1907 - Tanınmış jurnalist, tərcüməçi və naşir Adil Əfəndiyev (1907-1973) Gürcüstanın Axalsix rayonunda anadan olub. «Azərnəşr»in direktoru, Dövlət Mətbuat Komitəsi sədrinin müavini işləyib. Azərbaycan Jurnalistlər Birliyinin ilk sədri olub. Rusca-Azərbaycanca 4-cildlik lüğətin tərtibçisi və redaktoru olub, rus və Avropa yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə edib.
   30 oktyabr 1928 - Görkəmli sənətşünas alim, akademik Rasim Əfəndiyev (1928 - 13.2.2010) Qazaxda doğulub. 30-dək kitabın müəllifi, Azərbaycan milli sənətşünaslıq tarixi məktəbinin banilərindən biridir. “Azərbaycan dekorativ-tətbiqi sənəti”, “Azərbaycanın bəzək sənəti”, «Azərbaycan daş plastikası» kitabları xarici dillərə tərcümə olunub. Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun direktoru işləyib.
   30 oktyabr 1930 - Azərbaycan Yazıçılar İttifaqının “Hücum” jurnalı nəşrə başlayıb.
   30 oktyabr 1941 - Televiziya rejissoru, Əməkdar incəsənət xadimi Oqtay Ələkbər oğlu Babazadə anadan olub. AzTV-də lentə alınan 100-dən çox musiqili, sənədli filmin rejissoru və ssenari müəllifidir.
   30 oktyabr 1948 - Yazıçı-dramaturq Əli Məmməd oğlu Əmirli Ağdamda doğulub. "Meydan", "Axirətdən qabaq gəzinti", "Ölü doğan şəhər" romanlarının, "Bala bəla sözündəndir", "Köhnə ev", "Ağqoyunlular və qaraqoyunlular", “Yeddi məhbusə”, “Mesenat”, "Varlı qadın" və s. pyeslərin müəllifidir.
   30 oktyabr 1880 - Məşhur tarzən, Xalq artisti Qurban Bəxşəli oğlu Pirimov (1880 - 29.8.1965) Şuşa qəzasının Abdal-Gülablı (indiki Ağdam rayonu) kəndində doğulub. 1905-ci ildən məşhur xanəndə Cabbar Qaryağdıoğlu və kamançaçı Saşa Oqanezaşvilli ilə birlikdə yaratdığı muğam üçlüyündə 20 ilə yaxın fəaliyyət göstərib, xarici ölkələrdə konsertlər verib. 1920-ci ildən Opera və Balet Teatrının solisti olub.
   30 oktyabr 1992 - Ankarada türkdilli ölkələrin dövlət başçılarının birinci zirvə toplantısında (29-31 oktyabr) TÜRKSOY (Türk Kültür və Sənət Ortaq Yönətimi) təşkilatı təsis edilib. Türkiyə prezidenti Turqut Özalın təşəbbüsü ilə keçirilən sammitdə Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dövlət başçıları iştirak edirdi. Bu toplantı ilə türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşlərinin əsası qoyulub. Növbəti sammitlər: 1994 - İstanbul, 1995 - Bişkək, 1996 - Daşkənd, 1998 - Astana, 2000 - Bakı, 2001 - İstanbul, 2006 - Antalya, 2009 - Naxçıvan, 2010 - İstanbul, 2011 (21 oktyabr) - Almatı.
   30 oktyabr 2005 - Xalq artisti, müğənni, bəstəkar Məmmədbağır Bağırzadə (21.7.1950, Bakı, Nardaran - 2005) vəfat edib. Xalq və bəstəkar mahnılarının unudulmaz ifaçısı, bir sıra populyar mahnıların (“Kimlərə qaldı dünya?”, “Yadıma düşdü”) müəllifi olub.
   
   31 oktyabr 1955 - Bəstəkar Cahangir Oqtay oğlu Zülfüqarov Bakıda doğulub.
   31 oktyabr 1963 - Bəstəkar Nadir Nəriman oğlu Əzimov anadan olub.
   31 oktyabr 1969 - Aktrisa, Əməkdar artist Mələk Abbaszadə anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kino aktyorluğu fakültəsini bitirib. S.Vurğun adına Rus Dram Teatrının aktrisasıdır.
   
   Dünya
   
   28 oktyabr Beynəlxalq animasiya günüdür (İnternational Animation Day). 2002-ci ildə Beynəlxalq Animasiya Kinosu Assosiasiyası tərəfindən təsis olunub. 1892-ci ilin 28 oktyabrında fransalı ixtiraçı rəssam Emil Reno ekranda ilk animasiya lentini nümayiş etdirib.
   28 oktyabr 1903 - İngilis yazıçısı İvlin Vo (Evelyn Arthur St. John Waugh, 1903-1966) anadan olub.
   28 oktyabr 1936 - Məşhur ukraynalı teatr rejissoru, Ukrayna və Rusiyanın Xalq artisti Roman Vityuk anadan olub.
   28 oktyabr 1957 - Türkiyəli müğənni, bəstəkar Əhməd Qaya (1957, Malatya - 16.11.2000, Paris) anadan olub.
   28 oktyabr 1967 - Amerika kinoaktrisası Culiya Roberts (Julia Roberts) anadan olub. Filmləri: “Gözəlçə”, “Düşmənlə yataqda”, “Ən yaxın dostun toyu”, “Erin Brokoviç” (“Oskar” mükafatı, 2000) və s.
   
   29 oktyabr 1863 - Beynəlxalq Qırmızı Xaç Komitəsinin (İnternational Committee of the Red Cross - İCRC) yarandığı gündür. İsveçrəli iş adamı, xeyriyyəçi və ictimai xadim Anri Dünan (Jean Henri Dunant, 1828-1910) tərəfindən təsis edilən humanitar təşkilat silahlı münaqişələrdən zərər çəkənlərə yardım göstərir.
   29 oktyabr 1947 - Amerika aktyoru, “Oskar” laureatı Riçard Dreyfus (Richard Stephen Dreyfuss) anadan olub.
   
   30 oktyabr 1751 - İngilis-irland yazıçısı Riçard Brinsli Şeridan (Richard Brinsley Sheridan, 1751-1816) anadan olub.
   30 oktyabr 1762 - Görkəmli fransız şairi Andre Şenye (Andre Marie de Chenier, 1762-1794) anadan olub.
   30 oktyabr 1839 - İngilis əsilli Fransa rəssamı, impressionizmin tanınmış nümayəndəsi Alfred Sisley (1839-1899) anadan olub.
   30 oktyabr 1855 - Rus yazıçısı, dramaturq, sənətşünas-tarixçi Pyotr Petroviç Qnediç (1855-1925) anadan olub.
   30 oktyabr 1871 - Fransız şairi, yazıçı, filosof Pol Valeri (Paul Valery - Ambroise Paul Toussaint Jules Valery, 1871-1945) anadan olub.
   30 oktyabr 1937 - Məşhur fransız rejissoru, ssenarist, operator, aktyor Klod Leluş (Claude Lelouch) anadan olub. “Qadın və kişi” filminə görə iki “Oskar” mükafatı (1966, ən yaxşı xarici film və ssenari) alıb.
   
   31 oktyabr 1517 - Alman teoloqu Martin Lüter xristianlıqda islahatları ön görən məşhur "Doxsan beş tezis"ini Vittenberq (Wittenberg) kilsəsinin qapısına asaraq protestanlıq dini məzhəbinin yarandığını elan edib. Protestant kilsələri bu tarixi Reformasiya günü kimi qeyd edirlər.
   31 oktyabr 1795 - İngilis şairi Con Kits (John Keats, 1795-1821) anadan olub.
   31 oktyabr 1907 - Amerika aktrisası Şeyla Bromli (Sheila Bromley, 1907- 23.7.2003) anadan olub.
   31 oktyabr 1912 - Amerika aktrisası, müğənni və yazıçı Deyl Evans (Dale Evans, 1912-7.2.2001) anadan olub.
   31 oktyabr 1922 - Görkəmli rus aktyoru, SSRİ-nin Xalq artisti Anatoli Papanov (1922 - 5.8.1987) anadan olub. Filmləri: “Dirilər və ölülər”, “Avtomobildən qorun”, “Brilyant əl”, “12 stul”, ”Uğur centlemenləri”, “Şikayət kitabını verin”, “Sabah gəlin” və s.
   31 oktyabr 1928 - Məşhur Amerika kinoaktrisası Kleo Mur (Cleo Moore, 1928 - 28.10.1973 ) anadan olub.
   31 oktyabr 1993 - Dünya şöhrətli italyan kinorejissoru Federiko Fellini (Federico Fellini, 20.1.1920 - 1993) vəfat edib. Beş dəfə “Oskar” mükafatına (o cümlədən fəxri “Oskar”) layiq görülüb. Filmləri: “Yol”, “Kabiriyanın gecələri”, “Şirin həyat”, “Səkkiz yarım”, “Amarkord” və s.
   
   Hazırladı: Vüqar Orxan