Azərbaycan
   
   12 noyabr Azərbaycanda Konstitusiya Günüdür. 1995-ci il noyabrın 12-də yeni Konstitusiyanın qəbulu ilə bağlı ümumxalq referendumu və çoxpartiyalılıq əsasında ilk parlament seçkiləri keçirilib. Konstitusiya 1995-ci il noyabrın 27-də qüvvəyə mindi. Prezident Heydər Əliyevin fərmanı ilə 12 noyabr Konstitusiya Günü elan edildi.
   12 noyabr 1921 - Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndələrindən biri Güllü Hacağa qızı Mustafayeva (1921-1993) Türkmənistanın Cərco şəhərində anadan olub. Yaradıcılığında uşaq portretləri xüsusi silsilə təşkil edir.
   12 noyabr 1950 - Əməkdar artist Pərviz Sadıq Saleh oğlu Bağırov anadan olub. 1972-ci ildən Akademik Milli Dram Teatrında çalışır. “Azərbaycanfilm”də lentə alınan bir çox filmin səsləndirilməsində, filmlərin dublyajında iştirak edib.
   
   13 noyabr 1945 - Tanınmış şair Vahid Əziz (Vahid Əziz oğlu Cəfərov) anadan olub. Bir çox şeirlərinə populyar mahnılar bəstələnib.
   13 noyabr 1945 - Xalq artisti Elmira Məhərrəm qızı İsmayılova İrəvanda doğulub. 1968-ci ildən İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisasıdır.
   13 noyabr 1948 - Aktyor, dramaturq Arif Mədətov anadan olub. “Qatır Məmməd”, “Dərviş Parisi partladır”, “O qızı tapın” və s. filmlərdə çəkilib. Pyesləri: “Şeytan”, \"Sezarın qətli\" və s.
   13 noyabr 1960 - Kinorejissor, rəssam Şamil Nəcəfzadə anadan olub. Filmoqrafiya: “Qala” (ssenari müəllif və rejissor), “Cin mikrorayonda”, “İmtahan”, “Yarasa” (rəssam).
   13 noyabr 1983 - Kinooperator, Əməkdar incəsənət xadimi Əsgər Cəfər oğlu İsmayılov (1905, Tiflis - 1983) vəfat edib. Filmləri: “Qara daşlar”, “Kölgələr sürünür” və s.
   
   14 noyabr 1925 - Şair, nasir, publisist Gəray Fəzli (Gəray Fəzli oğlu Alimov, 1925 - 26.12.1995) anadan olub.
   14 noyabr 1967 - Tanınmış aktyor, Əməkdar artist Ələkbər Hüseyn oğlu Hüseynzadə (3.10.1887 - 1967) vəfat edib. \"Arşın mal alan\" filmində (1945) yaratdığı Soltan bəy obrazı yaradıcılığında xüsusi yer tutur.
   14 noyabr 2006 - Tanınmış estrada müğənnisi, Xalq artisti Oqtay Ağayev (1934-2006) vəfat edib. 1960-1980-ci illərdə Azərbaycan Televiziyası və Radiosu Estrada Orkestrinin solisti olub.
   
   15 noyabr 1919 - Azərbaycan Xalq Cümhuriyyətinin ilk ali təhsil ocağı - Bakı Dövlət Universiteti fəaliyyətə başlayıb.
   15 noyabr 1927 - Xalq artisti, rəqqasə, pedaqoq Xumar Zülfüqarova (1927) anadan olub. Gənc Tamaşaçılar, Akademik Milli Dram teatrlarının tamaşalarında rəqslərə quruluş verib, Bakı Xoreoqrafiya Məktəbində dərs deyib.
   15 noyabr 1933 - Tanınmış ədəbiyyatşünas alim, professor Firudin Hüseynov (1933-1986) anadan olub.
   
   16 noyabr 1938 - Məşhur aktyor, rejissor, Xalq artisti Abbas Mirzə Şərifzadə (Abbas Mirzə Mirzə Əbdülrəsul oğlu Şərifzadə, 12.12.1893, Şamaxı - 1938) dünyasını dəyişib. Milli teatr tarixində müstəsna xidmətlər göstərib. “Bismillah” (1925), “Hacı Qara” (1929) filmlərinin rejissoru olub. 1938-ci ildə repressiya edilib, İran dövlətinə casusluq etməkdə ittiham olunaraq güllələnib. 1956-cı ildə ölümündən sonra ona bəraət verilib.
   16 noyabr 1995 - Xalq artisti Zemfira Məmmədəli qızı Əliyeva (1941, Gəncə - 1995) vəfat edib. \"Böyük dayaq\" filmində (1962) yaratdığı Pərişan obrazı ilə məşhurlaşıb. Gəncə və Naxçıvan teatrlarında, Akademik Milli Dram Teatrında çalışıb.
   
   17 noyabr Azərbaycanda Milli Dirçəliş günüdür. 1988-ci il noyabrın 17-də ermənilərin Qarabağ iddialarına və azərbaycanlı əhalinin Ermənistandan deportasiyasına etiraz olaraq Bakıda, Lenin (indiki Azadlıq) meydanında mitinqlər başlayıb. Dekabrın 4-dək davam edən mitinqlər Azərbaycan tarixinə milli dirçəliş aksiyaları kimi düşdü. 1992-ci ildə 17 noyabr Milli Dirçəliş Günü elan edildi.
   17 noyabr 1883 - Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti, görkəmli alim Mirəsədulla Mirqasımov (1883-1958) anadan olub.
   17 noyabr 1906 - Dünya şöhrətli xalçaçı rəssam, dekorativ sənət ustası, sənətşünas, Xalq rəssamı Lətif Hüseyn oğlu Kərimov (1906 - 9.9.1991) Şuşada anadan olub. \"Azərbaycan xalçalarında ornament\", \"Azərbaycan xalçası\" çoxcildliyi və s. kitabların müəllifidir. Lətif Kərimovun təşəbbüsü ilə 1972-ci ildə Bakıda xalça muzeyi təşkil olunub.
   17 noyabr 1990 - Naxçıvan MSSR Ali Məclisinin yeni seçilmiş tərkibdə ilk iclası keçirilib. Məclisin qocaman deputatı Heydər Əliyevin sədrliyi ilə keçən iclasda tarixi qərarlar qəbul edilib: Ali Məclisdə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qaldırılıb, muxtar respublikanın adından “Sovet Sosialist” sözləri çıxarılıb.
   17 noyabr 2006 - Türkiyənin Antalya şəhərində türkdilli dövlət başçılarının 8-ci zirvə toplantısı keçirilib. Prezident İlham Əliyev sammitdə iştirak edib.
   17 noyabr 2006 - Xalq artisti, tanınmış aktrisa Gülşən Ağadadaş qızı Qurbanova (19.12.1950 - 2006) vəfat edib.    

   Dünya
   
   12 noyabr 1833 - Məşhur rus bəstəkarı Aleksandr Borodin (1833-1887) anadan olub. “Knyaz İqor” operasının müəllifidir.
   12 noyabr 1840 - Görkəmli fransız heykəltəraşı, heykəltəraşlıqda impressionizmin (“Mütəfəkkir” heykəli) banilərindən biri Fransua Ogüst Roden (François-Auguste-Rene Rodin; 1840-1917) anadan olub.
   12 noyabr 1929 - Rus aktyoru və kinorejissoru, SSRİ Xalq artisti Rolan Anatolyeviç Bıkov (1929-1998) anadan olub. Filmləri: “12 stul” (Mark Zaxarovun quruluşunda, Fyodor ata), “Əlibaba və 40 quldurun macəraları” (sovet-hind filmi).
   12 noyabr 1935 - Tanınmış rus aktrisası və müğənnisi, SSRİ Xalq artisti Lyudmila Markovna Qurçenko (1935 - 30.3.2011) anadan olub. Filmləri: “Mexanik Qavrilovun sevimli qadını”, “İki nəfər üçün vağzal” və s.
   
   13 noyabr 1745 - Fransız xeyriyyəçisi, pedaqoq, korlar üçün ilk əlifbanın müəllifi Valentin Hauy (Valentin Haüy, 1745-1822) anadan olub. Onun doğum günü şərəfinə 13 noyabr “Beynəlxalq gözdən əlillər günü” kimi qeyd olunur.
   13 noyabr 1850 - Məşhur ingilis (şotland əsilli) yazıçı, macəra romanlarının müəllifi Robert Luis Stivenson (Robert Louis Stevenson, 1850- 3.12.1894) anadan olub. Əsərləri: “Dəfinələr adası”, “Şahzadə Otto”, “Qara ox” və s.
   13 noyabr 1889 - Ukrayna satirik yazıçısı Ostap Vişnya (əsl adı Pavel Mixayloviç Qubenko, 1889-1956) anadan olub.
   13 noyabr 1921 - Finlandiya bəstəkarı Yonas Kokkonen (Joonas Kokkonen, 1921-1996) anadan olub.
   13 noyabr 1955 - Amerika kinoaktrisası Vupi Qoldberq (Whoopi Goldberg - Caryn Elaine Johnson) anadan olub.
   
   14 noyabr 1719 - Avstriya bəstəkarı, skripkaçı və pedaqoq Leopold Motsart (Leopold Mozart, 1719-1787) anadan olub. Dünya şöhrətli bəstəkar Volfqanq Amadey Motsartın atasıdır.
   14 noyabr 1812 - İtalyan şairi Aleardo Aleardi (Aleardo Aleardi, 1812-1878) anadan olub.
   14 noyabr 1840 - Görkəmli fransız rəssamı, impressionizmin banilərindən biri Klod Mone (Oscar-Claude Monet, 1840-1926) anadan olub. Əsərləri: \"Təəssürat. Doğan günəş”, \"Kapusin bulvarı\", \"Bağda qadınlar\" və s.
   14 noyabr 1900 - Amerika bəstəkarı, pianoçu və dirijor Aron Koplend (Aaron Copland, 1900- 1990) anadan olub.
   14 noyabr 1907 - Məşhur İsveç yazıçısı, uşaqlar üçün əsərlərin (“Balaca və Karlson”) müəllifi Astrid Lindqren (Astrid Anna Emilia Lindgren-Griksson, 1907- 28.1.2002) anadan olub.
   14 noyabr 1924 - Dünya şöhrətli skripkaçı, SSRİ Xalq artsiti Leonid Borisoviç Koqan (1924 - 17.12.1982) anadan olub.
   
   15 noyabr 1862 - Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1912) laureatı Gerhart Qauptman (Gerhart Johann Robert Hauptmann, 1862 - 6.6.1946) anadan olub. “Atlantida”, “Kabus” romanlarının, “Tənhalar”, “Kasıb Henrix”, “Qış balladası” və s. pyeslərin müəllifidir.
   15 noyabr 1916 - Polyak yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1905) laureatı Henrik Senkeviç (Henryk Adam Aleksander Pius Sienkiewicz; 5.5.1846 - 1916) vəfat edib. Əsərləri: \"Quo Vadis\" (rus nəşrlərində \"Kamo qryadeşi\" - “Hara gedirsən”), \"Polonetskilər ailəsi\", “Xaçpərəstlər”, “Od və qılıncla” və s.
   15 noyabr 1925 - Rus yazıçısı və şairi, tərcüməçi, məşhur dissident Yuli Markoviç Daniel (1925- 30.12.1988) anadan olub.
   15 noyabr 1976 - Dünya şöhrətli fransız aktyoru Jan Qaben (əsl adı Jean-Alexis Moncorge, 17.5.1904 - 1976) vəfat edib.
   
   16 noyabr Beynəlxalq Tolerantlıq günüdür (İnternational Day for Tolerance). 1995-ci ildə UNESCO-nun Baş konfransında qəbul olunan “Tolerantlıq prinsipləri Bəyannaməsi”ndə təsis olunub. 1997-ci ildə BMT-nin Baş Assambleyası dünya dövlətlərinə bu beynəlxalq günü qeyd etməyi tövsiyə edib.
   16 noyabr 1717 - Fransız filosofu və mütəfəkkiri, məşhur “Elm, incəsənət və peşə Ensiklopediyası”nın müəlliflərindən biri Jan Leron D\"Alamber (Jean Le Rond D\"Alembert, 1717 - 29.10.1783) anadan olub.
   16 noyabr 1895 - Alman bəstəkarı və dirijoru, musiqi nəzəriyyəçisi Paul Hindemit (Paul Hindemith, 1895-28.12.1963) anadan olub.
   16 noyabr 1900 - Rus yazıçı-dramaturqu Nikolay Poqodin (Stukalov; 1900-1962) anadan olub. Lenin və Oktyabr inqilabı haqqında pyeslərin müəllifi kimi məşhurlaşıb.
   
   17 noyabr Beynəlxalq tələbə günüdür. Çex tələbələrin faşizm işğalı əleyhinə çıxışının (28 oktyabr 1938) ildönümü münasibətilə 1946-cı il noyabrın 17-də Praqada keçirilən beynəlxalq tələbələr konqresində təsis edilib.
   17 noyabr 1788 - Rus aktyorluq məktəbinin banilərindən biri Mixail Semyonoviç Şepkin (1788-1863) anadan olub.
   17 noyabr 1895 - Məşhur rus filosofu, incəsənət nəzəriyyəçisi Mixail Baxtin (1895-1975) anadan olub.
   17 noyabr 1925 - Amerika kinoaktyoru Rok Hudson (Rock Hudson, 1925-1985) anadan olub.
   17 noyabr 1942 - Amerika kinorejissoru, ssenarist və prodüser Martin Skorseze (Martin Marcantonio Luciano Scorsese) anadan olub. Filmləri: “Taksi sürücüsü”, “Pulların rəngi”, “Qəzəbli öküz”, “Satqınlar” (“Oskar” mükafatı, 2007) və s.
   17 noyabr 1966 - Məşhur fransız kinoaktrisası və rejissoru Sofi Marso (Sophie Daniele Sylvie Marceau) anadan olub. Çəkildiyi filmlər: “Cəsur ürək”, “Buludların arxasında”, “Bütün dünya da azdır” (Ceyms Bond seriyasından bu filmin bir bölümü Bakıda çəkilib, 1998).
      
   Hazırladı: Vüqar Orxan