“Bu cavan Amerika salonu qocaman Şərq xəyalatına dalmışdı...”
   
   Bu dünyanın nəğməsiz günləri, nəqaratsız saatları, urvatsız dəqiqələri də varmış. Mayasında heç bir xoş not, nuş ovqat olmayan problemlərdən də xali deyilmiş bu aləm. Elə onlardan bir-ikisi bu ayın iyirmi ikisinə çatdırıb çap etdirəcəyim bu yazının yubanmasına səbəb oldu. Sonra belə qərara gəldim ki, neynək, onun bu dünyaya gəlişi gününə çatdıra bilmədiyim materialı bu dünyadan gedişi tarixçəsinə - fevralın iyirmisinə daha geniş, əhatəli hazırlayaram. Ancaq, sən demə, mənə mane olub ruhdan salan o minor səbəblərin vaxt-taxt qonşuluğunda məni tamam dirçəldəsi bir major səbəb də doğulmaqdaymış...
   
   Dünyanın nəhəng musiqi sənəti dəryasına qışov axarlı, lirik baxarlı böyük bir çay bəxş etmiş Fikrət Əmirovun olum gününün axşamı Az.TV-nin “Mədəniyyət” kanalında “Azərbaycan kapriççiosu” gurlayırkən, öz tank “uğunnu”sunu darısqal otağımızın döşəməsi boyunca uğuldadan nəvəm Qarabağ savaşına “hazırlıq fəaliyyəti”nə ara verib, ekrana diqqət kəsildi. Anasına təbəssüm, mənə - gah məlum, gah da məchul, atasına sual dolu baxışlarla nəzər yetirib, yekə-yekə kişilənməyə, əkə-əkə nəşələnməyə başladı. Atası: “Hə, Atilla, kapriççio!” - dedi, sonuncu yad, çətin kəlməni bir neçə kərə təkrar etdi və efirdən eşitdiyi ecazkar taktların sədalarından, atasının hiss-həyəcan dolu nidalarından vəcdə gəlibən daşıb-köpürən uşaq o termini belə ifadə etdi: “Köprüçço!”
   Yaşı min illərlə ölçülən bu qəlb sənətinin, könül sərvətinin, iki yaşlı uşaq cismini də təlatümə gətirən bu növbəti Azərbaycan tilsiminin körpənin çaşlı dilində təsadüfən (?!) məhz bu sayaq tələffüzü məni bütün problem-varımdan yox elədi, “yazım-yazmayım” istixarələrimdən isə var...
   Məsələnin “giriş”i ki belə başladı - böyük bəstəkarın milyonlarla nəvə-nəticələrindən biriylə ilgili belə alındı - gərəkdir ki, sözün-söhbətin üzünü elə sağlığındaykən ululaşmağa başlamış ustadın - yeribehiştlik sənət babamızın uşaqlıq çağlarına sarı çevirməklə davam edək.
   
   “Sevil”dəki
   
   “Balama qurban alçalar - balam haçan əl çalar, Balama qurban inəklər - balam nə vaxt iməklər” kimi həyat-bayatı simfoniya Fikrət Əmirovun bütün yaradıcılığının əzəl-ibtida mübtədaları, proloq-epiloqları idi. Beləliklə, böyük Cəfər Cabbarlının bütün gələcəkdə də əl çalınası bu qələm qənimətlərinə böyük Fikrət Əmirov partitura əbədiyyəti də bəxş etdi. Hələ çox əmin bir gümanla bunu da qeyd edim ki, Cəfər bu ecazkar xalq yaradıcılığı portretinə Bakıda karandaş çalarkən, Fikrət də bunları Gəncədə yaddaş partiturasına alırmış.
   Sonu çox böyük, qüdrətli nəticələrə gedib çıxası bu əməllərin təməli 1922-ci il noyabrın 22-də qoyulmuşdu. Dövrünün məşhur sənətçilərindən olan Məşədi Cəmilin adi evində, sadə ailəsində baxışlarından od saçan, qırımından qeyri-adilik yağan bir oğlanın doğulduğu gündən başlamışdı. Orta məktəbdəki “istedadlı dəcəllik”, fəhm-fərasət bioqrafiyası bir ayrı söhbətin mövzusu olan bu oğlan 20 yaşında Gəncə Filarmoniyasının, 23-ündə isə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri kimi - “sinninə natab, zehninə bab” vəzifələrə layiq görülmüşdür. Camaat ali, bəzən də orta vəzifələrə ali məktəb bitirəndən sonra irəli çəkilirkən, Fikrət, əksinə - Bakı Konservatoriyasında ali təhsilə belə vəzifələrdən keçib getmişdi.
   Sonralar “...bütöv bir xalqdır!” epitetilə dəyərləndirəcəyi Üzeyir Hacıbəylinin və Boris Zeydmanın siniflərində dərs aldığı bu məktəbi 1948-ci ildə bitirmiş tələbə Fikrət Əmirov o çağadək artıq, əsl ustad nominasiyası ilə qiymətləndiriləsi əsərlər bəstələmişdi.
   Üç il (1956-1959) direktoru olduğu Azərbaycan Dövlət Opera və Balet Teatrında sənətin ali sirlərini də öyrənib-öyrədən bəstəkar bundan sonra rəsmi işlərdən, sənəd vəzifələrindən uzaqlaşıb, özünü büsbütün bədii, sənət vəzifələrinə həsr edir. Ucqar Bakısında doğma, “kəndçi” notlarla əlləşən bu “periferik” gənc dünyanın böyük mərkəzlərilə vuruşa, nəhəng bəstəkarları ilə yarışa, əlləri sehr çubuqlu azman dirijorları ilə döyüşə hazırlaşırdı. Amerika, Almaniya, Fransa, Rusiya kimi siyasət derjavalarında isə Stokolovski, Abendrot, Müns, Rojdestvenski kimi sənət bahadırları özlərini “Fikrət Əmirov epoxası”na, “Əmirov zəlzələsi”nə, “Şur” təlatümü”nə, “Kürd ovşarı” arxeologiyası”na, “Gülüstan Bayatı-Şiraz” ekzotika-ekologiyası”na hazırlayırdılar.
   Adları qeyd olunan dahiyanə simfonik-muğam triosu ilə bu janrın bünövrəsini qoymuş dahi bəstəkar hələ vur-tut otuz bir yaşında ikən yazdığı “Sevil” operası ilə milli lirik-psixoloji opera və “Azərbaycan - konsert” janrlarının banisi idi. 1953-cü ildə Opera və Balet Teatrında tamaşaya qoyulan “Sevil” bütöv bir onilliyin hadisəsi olmaqla bərabər, sonrakı dövrlərin də dilindən düşməyən sənət nümunəsi kimi qiymətləndirilməkdədir.
   Ölməz sənətkarın həmin əsərlərilə son iri işlərindən olan “Min bir gecə”, “Nəsimi” baletləri məsafəsi arasında yüzlərlə nümunələr var ki, onların hər biri haqda saatlarla danışmaq, səhifələrlə yazmaq olar. “Nizami” simfoniyasını, “Azərbaycan kapriççiosu”nu, “Azərbaycan süitası”nı, “Azərbaycan qravürləri”ni ürək dolusu, zövq doyusuyla, xatırladınızmı? “Gözün aydın”, “Ürəkçalanlar” kimi duzlu-məzəli komedik musiqilərini yad edib, təbəssümləndinizmi? Özünəməxsus sənət, sənətkar dəst-xəttilə yazdığı instrumental, kamera-vokal əsərlərini - “Fortepiano üçün 12 miniatür”, “Ulduz”, “Azərbaycan elləri”, “Gülüm”, “Gülərəm - gülsən”, “Reyhan”, “De görüm neyləmişəm”, “Toy” kimi romans və mahnılarını, neçə-neçə pyes-prelüdlərini, dram-tamaşalarına, kinofilmlərə (“Səhər”, “Böyük dayaq”, “Mən ki gözəl deyildim”) yazdığı lirik, dinamik, dramatik musiqiləri anıb, özünüzü “Nəğmə üfüqləri” qoynunda sandınızmı?..
   Onun söz, məqalə, kitab yaradıcılığından xəbərdar olanlar da az deyil, məncə. Sözün zərif çalarları, üslubu, deyim tərzi, təsvir, dil obrazlılığı da musiqisi kimi aydın, dərin, maraqlı, mənalı məqalələrini, kitablarını deyirəm. Birinin də adı:   

   “Musiqi düşüncələri”
   
   O düşüncələr bir qəlbin duyğu-duyurmalarından çox, bir xalqın zəngin sənət monoloquna bənzəyir. O düşüncələr oxucu gözləri önündə bənzərsiz folklorumuzdakı “sazla deyilənlər”in sözlə ifadəsi kimi canlanır. Bitkin fəsillər, yetkin sərlövhələrlə müşayiət olunan o düşüncələr “sənət və sənətkar”, “mədəniyyət və əbədiyyət”, “uzaqgörənlik və qədirbilənlik”, “əzmkarlıq və təvazökarlıq” kimi fəlsəfi sinonimlərin böyük sənətin mənəvi məbədi qarşısında qoşa and, əngin səma-fəzasında qoşa qanad olması zərurətini vurğulayıb, doğrulayır. O düşüncələr bizim xalq üçün o qədər də tanış olmayan böyük bəşəri musiqi janrlarının adca “yad”, dadca doğma olması frazalarını, böyük musiqiçi isimlərimizin mükəmməl obrazlarını yaradır...
   Böyük sənətkar musiqi dilində bir qədər çətin anlanan fikirləri bu və digər kitablarında, məqalələrində, müsahibələrində əsl söz ustadı kimi açır. Onun telekanallarda ara-sıra nümayiş etdirilən xoş duyğular doğuran hərəkətləri, baxışları, heç kəsə bənzəməyən jestləri, Qurban Pirimov, Bəhram Mənsurov kimi “canlı yaradıcılığa” bənzəyən ustadlarla təmaslarının özü də bioqrafik simfoniya təsiri bağışlamırmı?
   ...Bu qədər bənzədib-bənzəyən, canlandırıb-canlanan, yaradıb-yaranan müəllifin özü haqda heç nə yazmaması isə, təkrarsız musiqilərilə matımızı-qutumuzu qurudan, sevgilərimizi “əsir”, zövqlərimizi fəth edən bu fatehi gözlərimizdə daha da ucaltmırmı? İki dəfə - iyirmi yeddi və əlli səkkiz yaşlarında təltif edildiyi SSRİ Dövlət Mükafatı laureatı, qırx üç yaşında layiq görüldüyü SSRİ Xalq artisti (yerli mükafat və təltifləri qeyd etmək üçün “dəryalar mürəkkəb, meşələr qələm” məsələsi) kimi adlar az görünür. “Şur” simfonik muğamı Amerikanın ən böyük, ən ünlü, ən müasir, ultra-infra salonlarında ifa edilərkən Kolumb kəşfini belə adi iş saymağa girişmiş qəzetlərin yazdığı “Bu cavan Amerika salonu qocaman Şərq xəyalatına dalmışdı” kimi postulat-təltifatlar gözümüzə “surəti-canan” timsallı heyrəti-aman görünür...
   
   Tahir Abbaslı