Azərbaycan
   
   30 noyabr 1934 - Şair, tərcüməçi İlyas Tapdıq (İlyas Oruc oğlu Tapdıqov) Gədəbəy rayonunun Əli İsmayıllı kəndində anadan olub. “Arxalı dağlar”, ” Bir eşqin şimşəyi”, “Meşənin mahnısı”, “ Qızlar və qağayılar”, ”Məhəbbət yolları” və s. kitabların müəllifidir. Rus dilindən tərcümələr (M.Zoşşenko. E.Mejelaytis və s.) edib.
   
   1 (bəzi mənbələrdə 12) dekabr 1926 - Tanınmış aşıq, Əməkdar mədəniyyət işçisi Əlipənah Ələsgər oğlu Pənahov (Aşıq Pənah; 1926-1978) Neftçala rayonunun Aşağı Surra kəndində doğulub. Salyan Dövlət Dram Teatrında çalışıb. Yaratdığı “Kür” aşıqlar ansamblı keçmiş SSRİ-də məşhur olub. “Böyük dayaq” filmində aşıq havasını (partkom Şirzadın ifası) səsləndirib.
   1 dekabr 1940 - Teatr xadimi, dramaturq, aktyor, Əməkdar artist Mirmahmud Mirələkbər oğlu Kazımovski (1882-1940) vəfat edib. 1906-cı ildə yaradılan Bakı Müsəlman Teatrının təşkilatçılarından və ilk üzvlərindən biri olub. Kiçik pyeslər, vodevillər, musiqili komediyaların müəllifidir. “Bakılılar” (1938), “Kəndlilər” (1939) və s. filmlərdə çəkilib.
   1 dekabr 1940 - Nasir, publisist, tərcüməçi Rafiq Savalan (Rafiq İmanqulu oğlu Ağayev) anadan olub. Azərbaycan televiziyası və radiosunda işləyib. Rus ədəbiyyatından (L.Tolstoy və s.) tərcümələr edib.
   1 dekabr 1946 - Bəstəkar Azər İsmayıl oğlu Dadaşov anadan olub."Şahid qız" (1990), "Yuxu" (1994), "Özgə vaxt" (1996) filmlərinə musiqi yazıb.
   
   Dünya
   
   30 noyabr Beynəlxalq İnformasiya Təhlükəsizliyi günüdür (Computer Security Day). 1988-ci ildə Amerika Kompyuter Avadanlıqları Assosiasiyası tərəfindən kompyuter virusları ilə mübarizə devizi altında təsis edilib.
   30 noyabr 1667 - Məşhur ingilis (irland) yazıçısı, “Qulliverin səyahəti” əsərinin müəllifi Conatan Svift (Jonathan Swift; 1667- 19.10.1745) anadan olub.
   30 noyabr 1817 - Alman filoloqu və tarixçisi, ədəbiyyat üzrə Nobel mükafatı (1902, “Roma tarixi” əsərinə görə) laureatı Teodor Momzen (Theodor Mommsen; 1817-1903) anadan olub.
   30 noyabr 1835 - Məşhur Amerika yazıçısı Mark Tven (Mark Twain - əsl adı Samuel Langhorne Clemens; 1835 - 21.4.1910) anadan olub. “Heklberri Finnin macəraları”, “Tom Soyerin macəraları” və s. romanların müəllifidir.
   30 noyabr 1934 - Rus aktyoru, SSRİ Xalq artisti Vyaçeslav Nevinnı (1934-2009) anadan olub. Filmləri: “Ruslan və Lyudmila”, ”Qaraj”, “Ola bilməz”, “Ölü canlar” və s.
   
   1 dekabr dünyada QİÇS-lə (qazanılmış immun çatışmazlığı sindromu) mübarizə günüdür. 1988-ci ildə Dünya Səhiyyə Təşkilatı tərəfindən təsis edilib.
   1 dekabr 1935 - Məşhur Amerika kinorejissoru, prodüser, üç dəfə “Oskar” mükafatı laureatı Vudi Allen (Woody Allen - əsl adı Allen Stewart Konigsberg) anadan olub. Filmləri: “Enni Holl”, “Hanna və onun bacıları”, ”Manhetten”, “Qahirənin al qızılgülü” və s.
   1 dekabr 1940 - Amerikalı komediya aktyoru, ssenarist Riçard Prayor (Richard Pryor, 1940 - 2005) anadan olub.
   1 dekabr 1945 - Rusiyanın Xalq artisti, məşhur estrada aktyoru Gennadi Xazanov anadan olub.
   1 dekabr 1952 - Yəhudi-rus əsilli ingilis dramaturqu, rejissor, ssenarist Stiven Poliakoff (Stephen Poliakoff) anadan olub.
   1 dekabr 1966 - Amerika rejissoru, ssenarist, bəstəkar Endryu Adamson (Andrew Ralph Adamson) Yeni Zelandiyada doğulub. Məşhur “Şrek” cizgi filmlərinin müəllifidir.
   
   Hazırladı: Vüqar Orxan