Azərbaycan
   
   2 dekabr 1929 - Tanınmış şair, ədəbiyyatşünas, pedaqoq, tərcüməçi, teatr xadimi Həsənəli xan Qaradaği (28.1.1848, Şuşa - 1929) vəfat edib. Rus satirik şairi İ.S. Krılovun təmsillərini ilk dəfə dilimizə çevirib, A.O.Çernyayevski ilə birgə “Vətən dili” dərsliyini (1882) hazırlayıb.
   2 dekabr 1930 - Şair, ədəbiyyatşünas alim Şükür Xasay oğlu Xanlarov (1930 -10.5.2001) anadan olub.
   2 dekabr 1938 - Şair-publisist Zeynal Vəfa anadan olub.
   
   3 dekabr 1920 - Şair Ələkbər Şahbaz oğlu Axundov (Ələkbər Şahid; 1920 -12.12.1999) anadan olub.
   3 dekabr 2008 - Bakıda Avropa Şurası ölkələrinin mədəniyyət nazirlərinin «Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır» adlı konfransında «Bakı bəyannaməsi» qəbul olunub. İlk dəfə olaraq Bakı konfransında Avropa dövlətləri ilə yanaşı, müsəlman ölkələri də təmsil olunub.
   
   4 dekabr 1825 - Rəssam Mirzə Qədim İrəvani (1825-1875) anadan olub.
   4 dekabr 1929 - Azərbaycanda dövlət əhəmiyyətli ilk qoruq - Zaqatala qoruğu yaradılıb. Zaqatala və Balakən rayonları ərazisində 25 min hektardan çox ərazini əhatə edən qoruqda adı «Qırmızı kitaba» düşmüş onlarla nadir bitki və heyvan növü mühafizə olunur.
   4 dekabr 1950 - Filologiya elmləri doktoru, professor Kamal Abdulla (Kamal Mehdi oğlu Abdullayev) anadan olub. 80-ci illərdə populyar televiziya verilişlərinin (“Qoşma”, “Dəfinə”) aparıcısı olub. “Unutmağa kimsə yox”, “Bir, iki, bizimki” pyesləri, “Yarımçıq əlyazma” romanı və s. əsərlərin müəllifidir. 2000-ci ildən Bakı Slavyan Universitetinin rektorudur.
   4 dekabr 1979 - Xalq artisti, aktrisa Sona Salman qızı Hacıyeva (25.6.1907, Şəki - 1979) vəfat edib. «Bəxtiyar» (Zəhra xala), “O olmasın, bu olsun”, “Qızmar günəş altında” və s. filmlərdə çəkilib.
   
   5 dekabr 1906 - Xalq artisti Əşrəf Əmrah oğlu Yusifzadə (1906 - 7.3.1963) Naxçıvanın Şərur rayonunun Sərxanlı kəndində doğulub. Bakı Türk İşçi Teatrında, 1933-cü ildən ömrünün sonunadək Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərib. “Səhər” (Mirəli), “Kölgələr sürünür” filmlərində çəkilib.
   5 dekabr 1921 - Tanınmış aktyor, Xalq artisti Həsənağa Salayev (1921 - 2.10.1981) anadan olub. "Görüş" (Musa), "O olmasın, bu olsun" (Əzim Əzimzadə), "Onu bağışlamaq olarmı?" (Qüdrət), "Aygün" (Əmirxan) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   5 dekabr 1924 - Aktrisa Şəfiqə Qasım qızı Qasımova (1924 - 3.4. 2008) anadan olub. Musiqili Komediya, Opera və Balet teatrlarında çalışıb. “Görüş”, “Ögey ana” (Zeynəb), “Milli bomba” filmlərində çəkilib.
   5 dekabr 1924 - Tanınmış kinorejissor, Əməkdar incəsənət xadimi Şamil Fərəməz oğlu Mahmudbəyov (1924-1997) anadan olub. “Qaraca qız”, “Romeo mənim qonşumdur”, “Şərikli çörək”, “Həyat bizi sınayır”, “Dərviş Parisi partladır” (Kamil Rüstəmbəyovla birgə) və s. filmlərə quruluş verib.
   5 dekabr 1925 - Xalq rəssamı, Dövlət mükafatı laureatı, professor Nadir Qənbər oğlu Əbdürrəhmanov (1925 - 26.7.2008) Laçında doğulub. Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin sədri olub.
   5 dekabr 1927 - Tanınmış yazıçı, Əməkdar mədəniyyət işçisi Cəmil Adil oğlu Əlibəyov Füzuli rayonunun Dədəli kəndində anadan olub. “Azərbaycanfilm”in direktoru, “Azərnəşr”, “Yazıçı” nəşriyyatlarının baş redaktoru olub. “Sınaq", "Mənim analı dünyam", "Həyatın özü", "İlk məhəbbət" romanları, "Qayaların göz yaşı" povesti, "Gülüstanda qətl" pyesi, sənədli filmlərin ssenari müəllifidir. Ç.Aytmatovun əsərlərini dilimizə tərcümə edib.
   
   6 dekabr 1881 - Azərbaycan rabitəsinin yarandığı gündür. Həmin gün Bakıda ilk telefon rabitə qurğusu istifadəyə verilib. Prezident İlham Əliyevin 2006-cı il 2 dekabr tarixli sərəncamı ilə 6 dekabr Azərbaycanda “Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü” elan edilib.
   6 dekabr 1937 - Xalq yazıçısı, dramaturq, tərcüməçi, Əməkdar incəsənət xadimi Əkrəm Əylisli (Əkrəm Nəcəf oğlu Naibov) Ordubad rayonunun Yuxarı Əylis kəndində doğulub. “Azərbaycan" jurnalının baş redaktoru, Yazıçılar İttifaqının katibi, "Yazıçı" nəşriyyatının direktoru işləyib. Əsərləri: “Adamlar və ağaclar”, ”Bu kənddən bir qatar keçdi”, "Quşu uçan budaqlar", “Mənim nəğməkar bibim", "Bağdada putyovka var" və s. Ssenariləri əsasında "Gilas ağacı", “Tənha narın nağılı”, "Sürəyya" filmləri çəkilib. Rus dilindən tərcümələr (V.Şukşin, K.Paustovski. İ.Turgenev, Ç.Aytmatov) edib.
   6 dekabr 1954 - Əməkdar artist Ayşad Kamal oğlu Məmmədov anadan olub. Şəki, Gənclər teatrlarında işləyib, hazırda Milli Dram Teatrında çalışır. “Bəxt üzüyü”, “Güllələnmə təxirə salınır!”, “Yalan”, “Məhkumlar” və s.filmlərdə çəkilib.
   
   Dünya
   
   2 dekabr 1859 - Fransız rəssamı, neoimpressionizmin banilərindən biri Jorj Syera (Georges Seurat; 1859-1891) anadan olub.
   2 dekabr 1888 - Məşhur türk yazıçısı, şair, teatr xadimi Namiq Kamal (21.12.1840 - 1888) vəfat edib. Əsərləri: “İntibah”, “Cezmi”, “Cəlaləddin”, “Şah”, “Vətən, yaxud Silistre” və s. 
   2 dekabr 1891 - Alman boyakarı və qrafiki Otto Diks (1891-1969) anadan olub.
   2 dekabr 1923 - Yunan əsilli Amerika opera müğənnisi (soprano) Mariya Kallas (Maria Callas - Sophia Cecelia Kalos; 1923-1977) anadan olub.
   2 dekabr 1981 - Məşhur amerikalı müğənni, aktrisa Britni Spirs (Britney Jean Spears) anadan olub.
   
   3 dekabr Beynəlxalq Əlillər Günüdür. BMT Baş Assambleyasının 1992-ci il 14 oktyabr tarixli qətnaməsi ilə təsis olunub. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır.
   3 dekabr 1358 - Osmanlı imperatorluğunda məşhur sufi şeyxi və dinşünas kimi ad çıxarmış Bədrəddin Mahmud Simavi (1358 - 1416/1420) anadan olub.
   3 dekabr 1895 - Avsrtiya əsilli Britaniya psixoloqu, uşaq psixoanalizinin yaradıcısı Anna Freyd (1895-1982) anadan olub. Psixoanalizin banisi Ziqmund Freydin qızıdır.
   3 dekabr 1927 - Amerikalı estrada müğənnisi və aktyor Endi Uilyams (Andy Williams - Howard Andrew Williams) anadan olub.
   3 dekabr 1930 - Fransız kinorejissoru, aktyor, ssenarist Jan-Lük Qodar (Jean-Luc Godard) anadan olub. Fransa kinosunda “yeni dalğa”nın banilərindən biridir. Filmləri: “Kiçik əsgər”, “Motsart - həmişəlik”, “Birnəfəsə”, “Ağılsız Pyero” və s.
   3 dekabr 1948 - Məşhur britaniyalı rok-müğənni, «Black Sabbath» qrupunun lideri Ozzi Osborn (Ozzy Osbourne - əsl adı John Michael Osbourne) anadan olub.
   
   4 dekabr 1131 - Dünya şöhrətli tacik (fars) şairi, filosof, riyaziyyatçı Ömər Xəyyam (Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri; 18.5.1048 - 1131) vəfat edib.
   4 dekabr 1595 - Fransız şairi, yazıçı, ədəbiyyat nəzəriyyəçisi Jan Şaplen (Jean Chapelain; 1595-1674) anadan olub.
   4 dekabr 1875 - Avstriyalı ekzistensialist şair Rayner Maria Rilke (Rainer Maria Rilke, 1875-1926) anadan olub.
   4 dekabr 1882 - Rusiya yazıçısı, elmi-populyar ədəbiyyatın banilərindən biri Yakov İsidoroviç Perelman (1882-1942) anadan olub.
   4 dekabr 1896 - Rus şairi və yazıçısı Nikolay Semyonoviç Tixonov (1896-1979) anadan olub. Azərbaycan şairlərinin əsərlərini rus dilinə tərcümə edib.
   4 dekabr 1913 - Avstriya-amerikalı ixtiraçı alim, televizor pultlarının ixtiraçısı Robert Adler (1913 - 2007) anadan olub.
   4 dekabr 1921 - Kanada-Amerika kinoaktrisası, 1940-50-ci illərin Hollivud ulduzu Dina Durbin anadan olub.
   4 dekabr 1922 - Görkəmli fransız aktyoru Jerar Filipp (Gerard Philipe, 1922 - 1959) anadan olub. Filmləri: “Fanfan-zanbaq”, “Böyük manevrlər”, “Monparnas 19”, “Təhlükəli əlaqələr” və s.
   4 dekabr 2009 - Məşhur rus aktyoru SSRİ-nin Xalq artisti Vyaçeslav Vasilyeviç Tixonov (8.2.1928 - 2009) vəfat edib. “Baharın on yeddi anı” telefilmində Ştirlis obrazı ilə şöhrət qazanıb. “Hərb və sülh”, “Qara qulaq ağ Bim” və s. filmlərdə çəkilib.
   
   5 dekabr Beynəlxalq Könüllülər Günüdür (İnternational Volunteer Day). BMT Baş Assambleyasının tövsiyəsi ilə 1985-ci ildən qeyd olunur.
   5 dekabr 1791 - Dahi Avstriya bəstəkarı, Avropa klassik musiqisinin ən nüfuzlu nümayəndələrindən biri Volfqanq Amadey Motsart (Wolfgang Amadeus Mozart, 27.1.1756 - 1791) vəfat edib.
   5 dekabr 1803 - Rus lirik şairi Fyodor İvanoviç Tyutçev (1803 - 1873) anadan olub.
   5 dekabr 1861 - Rus rəssamı Konstantin Korovin (1861 - 1939) anadan olub.
   5 dekabr 1870 - Fransız yazıçısı, məşhur tarixi və macəra romanlarının müəllifi Aleksandr (ata) Düma (Alexandre Dumas, pere, 24.7.1802 - 1870) vəfat edib.
   5 dekabr 1901 - Məşhur amerikalı multiplikasiya rəssamı, rejissor, ssenarist, prodüser Uolt Disney (Walter Elias "Walt" Disney, 1901 - 15.12.1966) anadan olub. «Walt Disney Productions» şirkətinin qurucusudur, çizgi filmləri üzrə 26 dəfə “Oskar” mükafatına layiq görülüb.
   5 dekabr 1903 - Niderland əsilli Almaniya aktyoru, müğənni Yohannes Hesters (Johannes Heesters) anadan olub. Dünyanın ən qocaman aktyoru kimi 1997-ci ildə “Ginnesin rekordlar kitabı”na daxil edilib.
   
   6 dekabr 1813 - Rus şairi, publisist və naşir Nikolay Oqaryov (1813 - 1877) anadan olub.
   6 dekabr 1841 - Fransız rəssamı, impressionizmin banilərindən biri Frederik Bazil (Jean Frederic Bazille, 1841-1870) anadan olub.
   6 dekabr 1950 - Yapon əsilli məşhur Amerika bəstəkarı Co Hisaisi (Joe Hisaishi Joe, əsl adı Mamoru Fudzisava) anadan olub.
   6 dekabr 1957 - Rusiyanın estrada artisti, kinoaktyor Mixail Yevdokimov (1957-2005) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan