Azərbaycan
   
   7 dekabr 1918 - Bakıda məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Qızlar Məktəbinin binasında (indiki AMEA-nın Əlyazmalar İnstitutu) Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti işə başlayıb. Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev onun müavini seçilib. Parlamentdə 11 fraksiya vardı. Bu, müsəlman Şərqində demokratik əsaslı ilk parlament idi.
   7 dekabr 2010 - Tanınmış şair, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Ramiz Heydər (Məmmədov; 1933-2010) vəfat edib. Şair 30-dək kitabın, poeziya toplusunun müəllifidir. Neftçilər haqqında silsilə əsərlər yazıb. Şairin sözlərinə bəstələnmiş "Ayrılma məndən", "Toy olsun, bayram olsun", "Əgər sevgi olmasa" və s. mahnılar çox populyardır.
   
   8 dekabr 1901 - Görkəmli aktrisa, SSRİ Xalq artisti Mərziyyə Yusif qızı Davudova (1901 - 6.1.1962) Həştərxanda doğulub. 1920-ci ildə Bakıya gələn Mərziyyə Davudova Azərbaycan teatr sənətinin inkişafında misilsiz xidmət göstərib. Görkəmli aktyor və rejissor Abbas Mirzə Şərifzadənin həyat yoldaşı olub. “Bəxtiyar” (Gülbadam), “Bir məhəllədən iki nəfər” (Fatma), “Əsl dost” (Sənəm) və s. filmlərdə çəkilib.
   8 dekabr 1930 - Tanınmış bəstəkar, Xalq artisti, professor Tofiq Əhmədxan oğlu Bakıxanov anadan olub. Simfonik muğamların («Nəva», «Humayun», «Rahab» və s.), “Xəzər balladası», "Şərq poeması", «Xeyir və Şər» baletinin, "Altılardan biri", "Məmmədəli kurorta gedir", "Qız görüşə tələsir" (hər ikisi N. Məmmədovla birgə) musiqili komediyalarının müəllifidir.
   8 dekabr 1930 - Tanınmış ədəbiyyatşünas alim, tərcüməçi Qara Mustafa oğlu Namazov anadan olub.
   8 dekabr 1942 - Xalq artisti Elxan Ağahüseyn oğlu Ağahüseynov (1942 - 2.8.2009) Bakıda doğulub. Milli Dram Teatrında çalışıb. Televiziya tamaşalarında maraqlı obrazlar yaradıb. «Ömrün səhifələri», «Dantenin yubileyi», «Qəm pəncərəsi» bədii filmlərinə çəkilib.
   8 dekabr 1946 - Xalq artisti, balerina Tamilla Xudadat qızı Şirəliyeva anadan olub.
   8 dekabr 1957 - Bəstəkar Sərdar Fərəculla oğlu Fərəcov anadan olub. “Səhnədə məhəbbət" operettasının (libretto Ə.Əmirli), simfonik süitaların, digər musiqi əsərlərinin müəllifidir. Üzeyir Hacıbəylinin ev-muzeyinin direktorudur.
   
   Dünya
   
   7 dekabr 1598 - Görkəmli italyan memarı və heykəltəraşı, İtaliya barokkosunun məşhur nümayəndəsi Covanni Lorenso Bernini (Giovanni Lorenzo Bernini; 1598 - 1680) anadan olub.
   7 dekabr 1872 - Niderland filosofu, tarixçi, kulturoloq Yohan Heyzinqa (Johan Huizinga, 1872 - 1945) anadan olub.
   7 dekabr 1889 - Fransız filosofu, ekzistensializmin tanınmış nümayəndəsi Qabriel-Onore Marsel (Gabriel Honore Marcel, 1889 - 8.10.1973) anadan olub.
   7 dekabr 1901 - İtalyan aktrisası, səssiz kinonun məşhur simalarından biri Marçella Albaninin (Marcella Albani, 1901 - 1959) doğum günüdür.
   7 dekabr 1926 - Məşhur aktyor, Rusiyanın Xalq artisti Pyotr Sergeyeviç Velyaminov (1926 - 14.6.2009) anadan olub. Filmləri: “Kölgələr günorta yox olur” (Zaxar Bolşakov), «Əbədi çağırış», «XX əsrin dəniz quldurları», «Çelyuskinçilər» və s.
   7 dekabr 1935 - Tanınmış Meksika musiqiçisi və bəstəkarı Armando Mansanero (Armando Manzanero) anadan olub.
   7 dekabr 1956 - Məşhur türk yazıçı-dramaturqu Rəşad Nuri Güntəkin (25.11.1889 - 1956) Londonda vəfat edib. “Çalıquşu”, “Dodaqdan qəlbə”, “Yarpaq tökümü” və s. romanları əsasında populyar filmlər çəkilib. Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyənin UNESCO-da təmsilçisi olub.
   
   8 dekabr 1723 - Alman əsilli fransız yazıçısı, filosof Pol Anri Holbax (Paul Heinrich Dietrich von Holbach, 1723 - 1789) anadan olub.
   8 dekabr 1844 - Fransız kinematoqrafı, ilk cizgi filminin müəllifi Emil Reno (Charles-Emile Reynaud, 1844 - 1918) anadan olub.
   8 dekabr 1865 - Görkəmli fin bəstəkarı Yan Sibelius (Johan Christian Julius Sibelius, 1865 - 20.9.1957) anadan olub. “Finlandiya” simfonik poeması, “Kədərli vals”, yeddi simfoniya, simfonik süitalar və s. əsərlərin müəllifidir.
   8 dekabr 1934 - Məşhur rus aktrisası, SSRİ Xalq artisti Alisa Brunovna Freyndlix anadan olub. Filmləri: “İşdə məhəbbət macərası” (Lyudmila Kaluqina), “Zolaqlıların səfəri”, “Qəddar romans” və s.
   8 dekabr 1943 - Amerika şairi və musiqiçisi Ceyms Duqlas Morrison (Douglas Morrison, 1943-1971) anadan olub.
   8 dekabr 1966 - Tanınmış İrlandiya müğənnisi Şineyd O’Konnor (Sinead Marie Bernadette O’Connor) anadan olub.
   8 dekabr 1980 - Dünya şöhrətli ingilis musiqiçisi, məşhur «The Beatles» qrupunun yaradıcılarından biri Con Lennon (John Winston Ono Lennon, 9.10.1940 - 1980) vəfat edib.
      
   Hazırladı: Vüqar Orxan