Azərbaycan
   
   13 dekabr 1929 - Şərqşünas alim, tarix elmləri doktoru, professor Saleh Əliyev (1929-2006) Gəncədə anadan olub. Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda çalışıb. İran tarixi üzrə tədqiqatların müəllifidir. Moskvada "Ocaq" Mədəniyyət Cəmiyyətinin yaradıcılarından biri və rəhbəri olub.
   13 dekabr 1935 - Şair, publisist Əjdər Qiyaslı (Əjdər Xanlar oğlu Əsgərov) Ağdam rayonunun Qiyaslı kəndində doğulub. İxtisasca iqtisadçıdır. 10-dan çox şeirlər kitabının müəllifidir.
   13 dekabr 1956 - Əməkdar incəsənət xadimi, şair, publisist, dramaturq Abdulla Novruz oğlu Qurbani Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Mahmudkənd kəndində anadan olub.
   
   14 dekabr 1915 - Görkəmli müğənni, SSRİ Xalq artisti Rəşid Behbudov (1915- 9.6.1989) Tiflisdə anadan olub. "Arşın mal alan" (Əsgər), "Bəxtiyar" (Bəxtiyar) filmlərində baş rollara çəkilib. Operada (Balaş , "Sevil" - F.Əmirov) çıxış edib. Bakıda Mahnı Teatrını yaradıb, Azərbaycan musiqisinin dünyada təbliğinə misilsiz töhfələr verib.
   14 dekabr 1927 - Kristalloqrafiya sahəsində məşhur alim, ədəbiyyatşünas, Azərbaycan EA-nın müxbir üzvü Xudu Məmmədov (1927-15.10.1988) Ağdamın Mərzili kəndində doğulub. SSRİ-də ilk dəfə "Kristalloqrafiya və kristallofizika" ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edib, bu sahədə kəşfləri dünya elmi mərkəzlərində yüksək qiymət alıb. «Naxışların yaddaşı», «Qoşa qanad» kimi populyar kitabların müəllifidir.
   14 dekabr 1929 - Ədəbiyyatşünas, filologiya elmləri doktoru, tərcüməçi Dilarə Ələkbər qızı Əliyeva (1929-1991) Tiflisdə doğulub. "Nizami və gürcü ədəbiyyatı" mövzusunda tədqiqatların, gürcü dilindən tərcümələrin müəllifidir. Azərbaycan Ali Sovetinin deputatı olub. 1991-ci il aprelin 19-da görkəmli alim Aydın Məmmədovla birlikdə Qax rayonunda avtomobil qəzasında həlak olub.
   
   15 dekabr 1905 - Rəssam Reyhan İbrahim qızı Topçubaşova (1905 - 5.3.1970) anadan olub.
   15 dekabr 1909 - Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli boyakar, Xalq rəssamı Səttar Bəhlulzadə (1909 - 14.10.1974) Bakının Əmircan kəndində doğulub.
   15 dekabr 1912 - Azərbaycanın ilk qadın bəstəkarlarından biri Ağabacı Rzayeva (1912 - 4.7.1975) anadan olub. Bir çox mahnı və romansların, simli kvartet üçün pyeslərin və s. əsərlərin müəllifidir.
   15 dekabr 1920 - Azərbaycan İnqilab Komitəsi “Vahid dövlət arxiv fondunun təşkili və Xalq Maarif Komissarlığı yanında Mərkəzi Dövlət Arxivinin yaradılması haqqında” dekret imzalayıb.
   15 dekabr 1924 - Xalq şairi Hüseyn Arif (Hüseyn Camal oğlu Hüseynzadə, 1924 - 14.9.1992) Ağstafa rayonunun Yenigün kəndində anadan olub. "Azad", "Yolda" pyesləri, “Bahar gələndə”, “Sən mənimlə get”, “Söylə, yadındamı?”, “Qocalan deyiləm”, “Dilqəm” və s. kitabların müəllifidir. Azərbaycan Aşıqlar Birliyinin yaradıcısı və rəhbəri (1984-1992) olub.
   15 dekabr 1946 - Şair, kinodramaturq, tərcüməçi Ramiz Rövşən (Ramiz Məmmədəli oğlu Əliyev) Bakının Əmircan kəndində doğulub. Kitabarı: “Göy üzü daş saxlamaz”, “Gedək biz olmayan yerə”, “ Nəfəs - kitablar kitabı” və s. Rus şairlərinin əsərlərini dilimizə tərcümə edib. “Babamızın babasının babası”, “Şəhərli biçinçilər”, “Özgə vaxt” (H.Mehdiyevlə birgə), “Qala” (Ş.Nəcəfzadə ilə birgə) flimlərinin ssenari müəllifidir.
   
   Dünya
   
   13 dekabr 1720 - İtalyan dramaturqu, nağıl-pyeslərin müəllifi Karlo Qotsi (Carlo Gozzi, 1720 - 1806) anadan olub.
   13 dekabr 1797 - Yəhudi əsilli məşhur alman şairi, yazıçı, ədəbiyyatşünas Henrix Heyne (Christian Johann Heinrich Heine, 1797 - 17.2.1856) anadan olub. Əsərləri: “Nəğmələr kitabı” (poeziya), ”Hars dağına səyahət” (nəsr) və s. Məşhur bəstəkarlar (F.Şubert, R.Şuman, P.Çaykovski) Heynenin şeirlərinə musiqi yazıblar.
   13 dekabr 1908 - Polyak-yəhudi əsilli məşhur sovet aktyoru, SSRİ Xalq artisti Rostislav Yanoviç Plyatt (1908 - 1989) anadan olub. Filmləri: “Baharın on yeddi anı” (pastor Şlaq), “Rezidentin səhvi” və s.
   13 dekabr 1927 - Rus aktyoru, SSRİ Xalq artisti Leonid Vasilyeviç Markov anadan olub. Filmləri: “Til haqqında əfsanə”, “Qaraj” və s.
   
   14 dekabr 1503 - Məşhur fransız astroloqu, həkim və kimyagər Nostradamus (Michel de Nostredame; 1503 - 1566) anadan olub.
   14 dekabr 1895 - Fransız şairi, poeziyada dadaizm və sürrealizmin banilərindən biri Pol Eluyar (Paul Eluard - Eugene Emile Paul Grindel, 1895 - 18.11.1952) anadan olub.
   14 dekabr 1898 - Rus kinorejissoru Yefim Lvoviç Dziqan (1898 - 31.12.1981) anadan olub. “Fətəli xan” (1947) Azərbaycan filminin rejissorudur.
   14 dekabr 1924 - Dünya şöhrətli hind aktyoru, rejissor, ssenarist, prodüser Rac Kapur (Raj Kapoor; 1924 - 2.6.1988) anadan olub. Filmləri: “Avara”, “Cənab 420”, “Abdulla” və s.
   
   15 dekabr Beynəlxalq Çay Günüdür (İnternational Tea Day). Beynəlxalq Təhsil və Ünsiyyət Mərkəzi tərəfindən çay içkisini dünyada populyarlaşdırmaq məqsədilə təsis olunub. Hindistan, Şri-Lanka, İndoneziya və s. ölkələrdə qeyd olunur.
   15 dekabr 1798 - İtalyan şairi Antonio Qvandanoli (Antonio Guadagnoli, 1798- 1858) anadan olub.
   15 dekabr 1832 - Məşhur fransız mühəndisi, Parisdəki Eyfel qülləsinin müəllifi Aleksandr Qustav Eyfel (Alexandre Gustave Eiffel; 1832-1923) anadan olub.
   15 dekabr 1859 - Esperanto beynəlxalq dilinin yaradıcısı, yəhudi əsilli Polşa linqvisti Lüdoviq Lazar Zamenhof (Ludwik Lejzer Zamenhof, 1859 - 1917) anadan olub.
   15 dekabr 1903 - Rus kinorejissoru, SSRİ Xalq artisti Yuli Yakovleviç Rayzman (1903 - 1994) anadan olub. Filmləri: “Kommunist”, “Qəribə qadın” və s.
   15 dekabr 1966 - Amerika kinorejissoru, məşhur cizgi filmlərinin yaradıcısı Uolt Disney (Walter Elias "Walt" Disney, 5.12.1901- 1966) vəfat edib.
   
   Hazırladı: Vüqar Orxan