Azərbaycan
   
   16 dekabr 1898 - Xalq rəssamı Qəzənfər Xaliqov (1898-1981) anadan olub. "Molla Nəsrəddin" jurnalında karikaturaçı kimi çalışıb, teatr və kino dekorativ sənətkarı kimi fəaliyyət göstərib. “Sehrli xalat”, “İstintaq davam edir” filmlərində geyim rəssamı olub.
   16 dekabr 1934 - Görkəmli şair və tərcüməçi Tofiq Bayram (1934 - 18.4.1991) anadan olub. “Ədəbiyyat və incəsənət” qəzetində, “Ulduz” jurnalında, Televiziya və Radio Verilişləri Komitəsində, “Yazıçı” nəşriyyatında işləyib. Onlarla şeir və tərcümə kitabının müəllifidir.
   16 dekabr 1961 - Tanınmış jurnalist, Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) Salatın Əziz qızı Əsgərova(1961 - 9.1.1991) anadan olub.
   16 dekabr 1979 - Dünya şöhrətli caz musiqiçisi, bəstəkar, pianoçu, caz-muğamın yaradıcısı Vaqif Mustafazadə (16.3.1940 - 1979) vəfat edib. "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının ("Tallin-66", "Tbilisi-78", Monte-Karlo) laureatı olub.
   
   17 dekabr 1905 - Şair Osman Sarıvəlli (Osman Abdulla oğlu Qurbanov, 1905 - 3.7.1990) Qazax rayonunun Şıxlı (Sarıvəlli) kəndində anadan olub.
   17 dekabr 1924 - Görkəmli alim, pedaqoq, professor Şirməmməd Hüseynov Şəkidə anadan olub. Mətbuat tariximizin, Azərbaycan Xalq Cümhuriyyətinin, Məmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli irsinin öyrənilməsi və təbliğində misilsiz xidmətləri var.
   17 dekabr 1925 - Filosof-alim, professor Vəli Hüseynəli oğlu Nəsirov (1925 - 16.6.1987) anadan olub.
   17 dekabr 1993 - Görkəmli yazıçı, dramaturq, akademik, ictimai xadim Mirzə Əjdər oğlu İbrahimov (15 (28).10.1911, Cənubi Azərbaycan, Sərab - 1993, Bakı) vəfat edib. «Gələcək gün», «Böyük dayaq» romanları, povest və hekayələr, “Həyat”, “Kəndçi qızı” və s. pyeslərin müəllifidir. Azərbaycan Nazirlər Soveti sədrinin müavini (1946-1950), Ali Sovetin Rəyasət Heyətinin sədri (1954-1958) olub. Azərbaycan Yazıçılar Birliyinə rəhbərlik edib.
   17 dekabr 1999 - Tanınmış jurnalist, ictimai xadim Nəcəf Adil oğlu Nəcəfov (24.6.1955 - 1999) vəfat edib. Prezident İlham Əliyevin 21 iyul 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan jurnalistikasının inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə (ölümündən sonra) təltif olunub.
   18 dekabr 1928 - Görkəmli xanəndə Qulu Rüstəm oğlu Əsgərov (1928 - 1989) Salyan rayonunda doğulub. Milli operalarımızda yaddaqalan obrazlar yaradıb: Məcnun, İbn-Salam, Kərəm (Ü.Hacıbəyli - “Leyli və Məcnun”, “Əsli və Kərəm”), Şah İsmayıl (M.Maqomayev - “Şah İsmayıl”) və s.
   18 dekabr 1934 - Şair-dramaturq Teyyub Qurban (Teyyub Yarməmməd oğlu Qurbanov) anadan olub.
   18 dekabr 1957 - Yazıçı, şair, dramaturq Əyyub Cəbrayıl oğlu Abbasov (1905, Zəngəzur qəzası, Şəki kəndi - 1957) vəfat edib. İkicildlik «Zəngəzur» romanının, “Qadın azadlığı”, “Şəfəq”, “Bahar nəğməsi” və s. pyeslərin müəllifidir. Bakı Teatr Məktəbinin direktoru olub.
   
   19 dekabr 1921 - Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Mikayıl Abdullayev (1921 - 21.8.2002) anadan olub. Rəssamın müxtəlif janrlarda yaratdığı sənət əsərləri dünyanın bir sıra muzey və qalereyalarında nümayiş olunur. Dövlət mükafatı və Beynəlxalq Nehru mükafatı laureatıdır.
   19 dekabr 1943 - Bəstəkar, Əməkdar incəsənət xadimi, professor Fərəc Qara oğlu Qarayev anadan olub. Simfonik orkestr üçün əsərlərin müəllifidir. 1999-cu ildə "Humay" mükafatına layiq görülüb.
   19 dekabr 1947- Əməkdar incəsənət xadimi, rejissor, dramaturq Rəhman Balarza oğlu Əlizadə Bakıda doğulub. Gənclər Teatrında baş rejissor işləyib. A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rejissorudur.
   19 dekabr 1950 - Xalq artisti Gülşən Ağadadaş qızı Qurbanova (1950-2007) anadan olub. Gənc Tamaşaçılar Teatrında çıxış edib. Kinoda, televiziya tamaşalarında (“Bala başabəla”, “Ordan-burdan”) yaddaqalan obrazlar yaradıb.
   19 dekabr 1969 - Məşhur pianoçu, caz ifaçısı, bəstəkar Əzizə Vaqif qızı Mustafazadənin doğum günüdür.
   
   Dünya
   
   16 dekabr 1770 - Dahi alman bəstəkarı, dirijor və pianoçu Lüdviq van Bethoven (Ludwig van Beethoven, 1770 - 26.3.1827) anadan olub. Dünya musiqisinin inciləri sırasına daxil olan 9 simfoniyanın, sonataların müəllifidir.
   16 dekabr 1775 - İngilis yazıçısı, Britaniya realist ədəbiyyatında “qadın romanları”nın banisi Ceyn Ostin (Jane Austen, 1775 - 1817) anadan olub.
   16 dekabr 1863 - İspan əsilli Amerika yazıçısı və filosofu Corc Santayana (George Santayana, ispanca Jorge Agustin Nicolas Ruiz de Santayana, 1863 - 1952) anadan olub.
   16 dekabr 1866 - Rus rəssamı, təsviri sənətdə abstraksionizmin banilərindən biri Vasili Kandinski (1866 - 1944) anadan olub.
   16 dekabr 1917 - Dünya şöhrətli ingilis fantast-yazıçısı, futuroloq, ixtiraçı Artur Klark (Sir Arthur Charles Clarke, 1917 - 19.3.2008) anadan olub. Məşhur “Kosmik odisseya 2001” filminin ssenari müəllifidir.
   16 dekabr 1928 - Amerikalı fantast-yazıçı Filip Kinred Dik (Philip Kindred Dick, 1928 - 1982) anadan olub. Əsərləri əsasında “Hər şeyi xatırlamalı” (P.Verxoven), “Peyğəmbər” (L.Tamaxori) və s. filmlər lentə alınıb.
   16 dekabr 1932 - Görkəmli rus bəstəkarı Rodion Konstantinoviç Şedrin anadan olub. Əsərləri: “Ölü canlar”, “Lolita” (opera), “Qozbel at”, “Anna Karenina”, “Qağayı” (balet) və s.
   
   17 dekabr 1273 - İslam mütəfəkkiri, panteizm (vəhdəti-vücud) fəlsəfəsinin tanınmış nümayəndəsi, tacik (fars) əsilli şair Mövlana Cəlaləddin Məhəmməd Rumi (30.9.1207 - 1273) vəfat edib. İndiki Əfqanıstan ərazisində, Bəlx şəhərində doğulan Rumi ömrünün çox hissəsini Türkiyədə, Konyada yaşayıb və orada dünyasını dəyişib.
   17 dekabr 1749 - İtalyan bəstəkarı Domeniko Çimarozo (Domenico Cimarosa, 1749 - 1801) anadan olub.
   17 dekabr 1830 - Fransız yazıçısı Jül de Qonkur (Jules de Goncourt, 1830 - 20.6.1870) anadan olub. Məşhur yazıçı Edmon de Qonkurun (1822-1896) kiçik qardaşıdır. Fransanın ən nüfuzlu ədəbi təltifi olan Qonkur mükafatı (Prix Goncourt) onların şərəfinə təsis edilib.
   17 dekabr 1842 - Fransız tarixçisi, dünya və Avropa tarixi üzrə məşhur alim Ernest Laviss (Ernest Lavisse, 1842 - 1922) anadan olub.
   17 dekabr 1893 - Məşhur alman teatr rejissoru və nəzəriyyəçisi Ervin Piksator (Erwin Piscator, 1893 - 1966) anadan olub.
   17 dekabr 1903 -Amerika yazıçısı Erskin Kolduell (Erskine Preston Caldwell, 1903 - 1987) anadan olub. Əsərləri: “Tənbəki yolu”, “Amerika eninə və boyuna” və s.
   17 dekabr 1905 - Sovet kinorejissoru İosif Yefimoviç Heyfis (1905 - 1995) anadan olub. Azərbaycan rejissoru Rza Təhmasiblə birlikdə “Bakının işıqları” (1950) filmini çəkib.
   
   18 dekabr 1921 - Görkəmli rus aktyoru, SSRİ Xalq artisti Yuri Vladimiroviç Nikulin (1921 - 21.8.1997) anadan olub. Filmləri: “I” əməliyyatı və Şurikin başqa macəraları”, “Qafqaz əsiri”, “Brilyant əl”, “Qoca quldurlar”, “Müqəvva” və s. Moskva Sirkinə rəhbərlik edib.
   18 dekabr 1946 - Məşhur Amerika kinorejissoru (“İndiana Cons”, “Şindlerin siyahısı” və s.), ssenarist, prodüser Stiven Spilberq (Steven Allan Spielberg) anadan olub. Filmləri: “Yadplanetli”, “Yura dövrünün parkı”, “Dünyaların savaşı”, “Sıravi Rayanı xilas etməli” və s.
   18 dekabr 1963 - Amerika aktyoru və prodüseri Bred Pitt (William Bradley «Brad» Pitt) anadan olub.
   18 dekabr 1980 - Amerika aktrisası və pop-müğənnisi, beş dəfə “Qremmi” mükafatçısı Kristina Aqilera (Christina Maria Aguilera) anadan olub.
   19 dekabr 1864 - Alman bəstəkarı Adolf Zanberqer (Adolf Sandberger, 1864 - 1943) anadan olub.
   19 dekabr 1915 - Dünya şöhrətli fransız müğənnisi və aktrisası Edit Piaf (Edith Piaf - Edith Giovanna Gassion; 1915 - 10.10.1963) anadan olub.
   19 dekabr 1933 - Məşhur rus aktrisası və teatr rejissoru (“Sovremennik” teatrı) Qalina Borisovna Volçek anadan olub.
   19 dekabr 1944 - Rusiyanın Xalq artisti, tanınmış aktrisa Anastasiya Vertinskaya anadan olub. Filmləri: “Al yelkənlər” (Assol), “Ovod” (Cemma), “Amfibiya-adam” və s.
   19 dekabr 1963 - Alman aktyoru və rejissoru Tilman Valentin Şvayger (Tilman Valentin Schweiger) anadan olub.
   19 dekabr 1996 - Dünya şöhrətli İtaliya aktyoru Marçello Mastroyanni (Marcello Vincenzo Domenico Mastroianni, 28.9.1924 - 1996) vəfat edib. Filmləri: “Şirin həyat”, “İtalyansayağı boşanma”, “Səkkiz yarım” və s.
   
   Hazırladı: Vüqar Orxan