Azərbaycan
   
   23 dekabr 1911 - Tanınmış şərqşünas, professor, şair, tərcüməçi Məmməd Mübariz Əli oğlu Əlizadə (1911-1994) anadan olub. Nizaminin, Xəqaninin tədqiqatçısı olub. Mücirəddin Beyləqaninin şeirlərini farscadan tərcümə edib.
   23 dekabr 1946 - Xalq artisti, balerina Çimnaz Məmməd qızı Babayeva anadan olub.
   23 dekabr 1961 - Yazıçı-dramaturq Elçin Hüseynbəyli Cəbrayıl rayonunda anadan olub. «Şah Abbas», “Balıq adam” və s. romanların müəllifidir. “İlğım”, “Labirint”, “İki nəfər üçün oyun” və s. pyesləri tamaşaya qoyulub. "Ulduz" jurnalının baş redaktorudur.
   
   24 dekabr 1921 - Görkəmli tarixçi və şərqşünas, akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Musa oğlu Bünyadov (1923 - 21.2.1997) Astarada anadan olub. 1973-cü ildə Azərbaycan Elmlər Akademiyasının akademiki, 1990-cı ildə vitse-prezidenti seçilib. Uzun illər EA-nın Şərqşünaslıq İnstitutuna rəhbərlik edib. YAP-ın sədr müavini, Milli Məclisin deputatı (1995-1997) olub.
   24 dekabr 1926 - Əməkdar artist, balaban və klarnet ifaçısı Bəhruz Mahmud oğlu Zeynalov (1926-1998) anadan olub.
   24 dekabr 1939 - Tanınmış şair, Əməkdar mədəniyyət işçisi Məmməd Muxtar oğlu Aslan Kəlbəcər rayonunun Laçın kəndində doğulub.
   24 dekabr 1979 - Xalq artisti, aktrisa Sona Salman qızı Hacıyeva (25.6.1907, Şəki - 1979) vəfat edib. «Bəxtiyar» (Zəhra xala), “O olmasın, bu olsun”, “Qızmar günəş altında” və s. filmlərdə çəkilib.
   
   25 dekabr 1906 - Görkəmli rejissor, ssenarist, operator, rəssam Əlisəttar Ələsgər oğlu Atakişiyev (1906-7.11.1990) anadan olub. “Bir qalanın sirri”, “Bizim küçə” “Sehrli xalat”, “İstintaq davam edir” filmlərinə quruluş verib, “Fətəli xan”, “O olmasın, bu olsun”, “Uzaq sahillərdə” filmlərinin operatoru olub.
   25 dekabr 1906 - Filologiya elmləri doktoru , professor Əli Abdulla oğlu Sultanlı (1906-1960) Naxçıvanda anadan olub. Antik ədəbiyyat, Azərbaycan dramaturgiyasının tarixinə dair kitabların müəlllifidir.
   25 dekabr 1909 - Teatr rejissoru, Xalq artisti Ələsgər Məmmədtağı oğlu Şərifov (1909-8.9.1982) Şamaxıda doğulub. Uzun illər Akademik Milli Dram Teatrında çalışıb, "Səbuhi" filmində Mirzə Şəfi Vazeh rolunda çəkilib.
   25 dekabr 1910 - Tarixçi, professor Zülfəli İmaməli oğlu İbrahimov (1910-1972) anadan olub.
   25 dekabr 1920 - Bakıda rus “Tənqid-Təbliğ teatrı” (“Satir-agit”) fəaliyyətə başlayıb. 1923-cü il oktyabrın 25-də Bakı İşçi Teatrı şəklində yenidən təşkil edilib. 1937-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrı adlanır.
   25 dekabr 1930 - Filologiya elmləri doktoru, publisist Teymur Əkbər oğlu Əhmədov Şəmkirdə anadan olub. N.Nərimanovun yaradıcılığına dair tədqiqatların, "Azərbaycan yazıçıları” ensiklopedik məlumat kitabının və s. müəllifidir.
   25 dekabr 1931 - Respublikamızda kitabxanaşünaslıq elminin banisi, tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi, Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki Abuzər Alı oğlu Xələfov anadan olub.
   25 dekabr 1934 - Ədəbiyyatşünas alim, professor, şair-publisist Famil Mehdi (Famil Ağalar oğlu Mehdiyev; 1934 - 18.9.2003) Ağdam rayonunun Sarıhacılı kəndində doğulub.
   25 dekabr 1935 - Xalq yazıçısı, ictimai xadim Yusif Səmədoğlu (Vəkilov) (1935 - 17.8.1998) anadan olub. "220 saylı otaq", "Qalaktika", "Qətl günü" və s. kitabların müəllifidir. “Yeddi oğul istərəm”, “Qətl günü" filmlərinin ssenarisini yazıb. Milli Məclisin deputatı (1995-1998) olub.
   25 dekabr 1941 - Xalq artisti Zemfira Məmmədəli qızı Əliyeva (1941- 26.11.1995) Şəmkirin Morul kəndində doğulub. "Böyük dayaq" filmində (1962) yaratdığı Pərişan obrazı ilə məşhurlaşıb. Gəncə və Naxçıvan teatrlarında, Akademik Milli Dram Teatrında çalışıb. "İtkin gəlin" teleserialında çəkilib.
   25 dekabr 1991 - Ali Sovetin Milli Şurası 31 dekabrın “Dünya azərbaycanlılarının həmrəyliyi günü” elan olunması barədə qərar qəbul edib.
   
   26 dekabr 1919 - Görkəmli rəqqasə, Xalq artisti Əminə Paşa qızı Dilbazi (1919 - 30.4.2010) anadan olub. "Çinar", "Sevinc" qızlar rəqs ansambllarını yaradıb. 1949-cu ildən Xoreoqrafiya Məktəbində dərs deyib. “O olmasın, bu olsun” filminə çəkilib. “Ulduz”, “Arşın mal alan” (1965) filmlərində rəqslərə quruluş verib.
   26 dekabr 1950 - Xalq artisti Nuriyyə Əliağa qızı Əhmədova Şəkidə anadan olub. ”Bəxt üzüyü”, “Bağ mövsümü”, “Sahilsiz gecə”, “Həm ziyarət, həm ticarət” , “Yuxu” və s. filmlərə çəkilib.
   
   27 dekabr 1932 - Məşhur bəstəkar, Xalq artisti Oqtay Kazımi (Oqtay Məmməd oğlu Kazımov; 1932 - 9.8.2010) Astara şəhərində anadan olub. 200-dək mahnının, tamaşalara musiqinin, "Şəhidlər" simfoniyası, "Hophopnamə" oratoriyası, "Yaşa Respublikam" kantatası və s. əsərlərin müəllifidir.
   27 dekabr 1938 - Tanınmış aktrisa, Xalq artisti Safurə Ağabala qızı İbrahimova Bakıda doğulub. 1961-ci ildən Akademik Milli Dram Teatrında çalışıb. “Sevil” (Dilbər), “Arşın mal alan” (Telli), “Qatır Məmməd” (Həbibə), “Alma almaya bənzər” (Mədinə), “Dərviş Parisi partladır” (Sənəm), “Qayınana” (Sədaqət) və s. filmlərə çəkilib.
   27 dekabr 1947 - Məşhur pianoçu, Azərbaycan və SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Fərhad Şəmsi oğlu Bədəlbəyli anadan olub. 1991-ci ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektorudur.
   27 dekabr 1990 - Tanınmış müğənni, Xalq artisti Əbülfət Əliyev (30.12.1926, Şuşa - 1990) vəfat edib. Bir çox opera tamaşalarında ("Leyli və Məcnun", “Əsli və Kərəm", "Aşıq Qərib", "Şah İsmayıl") əsas rolları oynayıb.
   
   Dünya
   
   23 dekabr 1802 - İngilis şairi Sara Kolric (Sara Coleridge, 1802 - 1852) anadan olub.
   23 dekabr 1858 - Görkəmli rus rejissoru, dramaturq və teatr xadimi, SSRİ Xalq artisti Vladimir İvanoviç Nemiroviç-Dançenko (1858 -1943) anadan olub. 1898-ci ildə K.S.Stanislavski ilə Moskva Bədaye Teatrını təşkil edib.
   23 dekabr 1931 - Məşhur aktyor, SSRİ-nin Xalq artisti Lev Konstantinoviç Durov anadan olub. “Qorxma, mən səninləyəm” (San Sanıç) Azərbaycan filmində, “Baharın on yeddi anı” (agent Klaus), “Piliqrim” kapitanı” (kapitan) və s. filmlərə çəkilib.
   
   24 dekabr 1798 - Görkəmli polyak şairi, milli-azadlıq hərəkatının rəhbərlərindən biri Adam Miskeviç (Adam Bernard Mickiewicz, 1798 - 26.11.1855) anadan olub.
   24 dekabr 1901 - Rus yazıçısı Aleksandr Fadeyev (əsl soyadı Bulıqa; 1901 - 13.5.1956) anadan olub. “Tarmar”, “Udeqedən sonuncu”, “Gənc qvardiya” romanlarının müəllifidir. SSRİ Yazıçılar İttifaqına rəhbərlik edib. Stalin repressiyalarında iştirakına görə peşmançılıq keçirərək intihar edib.
   24 dekabr 1906 - Məşhur ingilis yazıçısı, detektiv əsərlər müəllifi Ceyms Hedli Çeyz (James Hadley Chase - Rene Brabazon Raymond, 1906-1985) anadan olub. Bir çox əsərləri əsasında filmlər (“İlğım”, “Daş cəngəlliklər” və s.) çəkilib.
   24 dekabr 1908 - SSRİ Xalq artisti Lyubov Dobrjanskaya (1908-1980) anadan olub. Filmləri: “Avtomobildən qorun”, “Qəribə təsadüf və ya həmişə təmizlikdə” (Jenya Lukaşinin anası) və s.
   24 dekabr 1910 - Amerika fantast-yazıçısı Fris Leyber (Fritz Reuter Leiber, 1910-1992) anadan olub.
   24 dekabr 1946 - Tanınmış aktyor, rejissor, Rusiyanın Xalq artisti Leonid Filatov (1946-2003) anadan olub. Filmləri: “Fleyta üçün unudulmuş melodiya”, “Çiçerin” və s.
   
   25 dekabr Qriqorian təqvimindən istifadə edən xristian ölkələrində (pravoslavlardan savayı) Milad bayramı - İsa peyğəmbərin Fələstindəki Vifleyem şəhərində doğulduğu gün qeyd olunur.
   25 dekabr 1813 - Alman şairi Fridrix Vilhelm Veber (Friedrich Wilhelm Weber, 1813 - 1894) anadan olub.
   25 dekabr 1883 - Fransız rəssamı Moris Utrillo (Maurice Utrillo, 1883 - 1955) anadan olub.
   25 dekabr 1927 - Dünya şöhrətli hind musiqiçisi (“saranqa” simli musiqi aləti) Ram Narayan anadan olub.
   25 dekabr 1977 - Dünya şöhrətli ingilis aktyoru, rejissor, ssenarist Çarli Çaplin (Charles Spencer Chaplin, 16.4.1889 - 1977) vəfat edib.
   
   26 dekabr 1867 - Fransız yazıçısı, filosof Jülyen Benda (Julien Benda; 1867-1956) anadan olub. “İntellektualların satqınlığı” kitabı ilə məşhurlaşıb.
   26 dekabr 1891 - Amerika yazıçısı və rəssamı Henri Miller (Henry Valentine Miller; 1891-1980) anadan olub. “Xərçəng tropiki”, “Oğlaq tropiki”, “Qara bahar” trilogiyasının müəllifidir.
   26 dekabr 1949 - Məşhur aktyor və müğənni, Rusiyanın Xalq artisti Mixail Boyarski anadan olub. Filmləri: “D’Artyanyan və üç muşketyor”, “Qardemarinlər, irəli”, “İlf” qəsrinin məhbusu” və s.
   
   27 dekabr 1901 - Dünya şöhrətli alman aktrisası, müğənni Marlen Ditrix (Marlene Dietrich - Marie Magdalene Dietrich; 1901 - 6.5.1992) anadan olub. 30-50-ci illərdə Hollivud ulduzlarından biri olub. Filmləri: “Şanxay ekspressi”, “Sarışın Venera”, “Qanlı imperatriçə” və s.
   27 dekabr 1939 - Rusiyanın Xalq artisti Emmanuil Vitorqan Bakıda doğulub. Filmləri: “Kortik”, “Mariya Mediçinin mücrüsü” və s.
   
   27 dekabr 1948 - Dünya şöhrətli fransız aktyoru Jerar Depardye (Gerard Xavier Marcel Depardieu) anadan olub. Filmləri: “Sonuncu metro”, “Sirano de Berjerak”, “Bəxti gətirməyənlər”, “Qraf Monte-Kristo” və s.
   
   Hazırladı: Vüqar Orxan