Azərbaycan
   
   28 dekabr 1920 - Əməkdar elm xadimi, professor Firudin Qasım oğlu Köçərli (1920 - 3.6.2005) anadan olub.
   28 dekabr 1927 - Bəstəkar Nəriman Həbib oğlu Məmmədov Naxçıvan şəhərində doğulub. Əsərləri: “Qurbanəlibəy” musiqili komediyası, «Şeyx Sənan» baleti və s.
   28 dekabr 1936 - Görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti Zeynəb Xanlarova anadan olub. Azərbaycan musiqisinin dünyada təbliği və tanınmasına böyük töhfələr verib. Opera tamaşalarında ("Leyli və Məcnun", "Əsli və Kərəm") baş rolları ifa edib. “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunub.
   28 dekabr 1937 - Ədəbiyyatşünas alim, professor Əliyar Qurbanəli oğlu Səfərli Ordubad rayonunun Anabad kəndində doğulub. Azərbaycanın İran İslam Respublikasında səfiri (1994-1998) işləyib.
   28 dekabr 1941 - Tanınmış şair, publisist Şahmar Əkbər oğlu Əkbərzadə (1941 - 31.8.2000) Ağdam rayonunun Çəmənli kəndində anadan olub. "Anama layla", "Sevgi borc verilməz", "Ona yanıram ki...", "Haqqa pəncərə" və s. kitabların müəllifidir. 1991-2000-ci illərdə "Mədəniyyət" qəzetinin baş redaktoru olub.
   
   29 dekabr 1921 - Xalq yazıçısı, filologiya elmləri doktoru, professor Əzizə Məmməd qızı Cəfərzadə (1921 - 4.9.2003) anadan olub. "Aləmdə səsim var mənim" (Seyid Əzim Şirvani haqqında), "Yad et məni" (Abbas Səhhət), "Bakı-1501" (Xətai), "Eldən elə" (coğrafiyaşünas Zeynalabdin Şirvani) və s. romanların müəllifidir. "Fatma xanım Kəminə", "Könül çırpıntıları", "Azərbaycanın aşıq və şair qadınları" (iki cilddə) və s. kitabları tərtib edib.
   29 dekabr 1929 - Tarix elmləri doktoru, professor, Azərbaycan EA-nın akademiki Püstəxanım Əzizağa qızı Əzizbəyova (1929 - 8.1.1998) anadan olub. Azərbaycan EA Tarix İnstitutunun direktoru olub.
   29 dekabr 1929 - Xalq rəssamı Kamil Nəcəf oğlu Nəcəfzadə (1929 - 29.9.2011) Lənkəran şəhərində doğulub. "Azərbaycanfilm" kinostudiyasında “Bizim küçə”, “Ulduz”, “Mən ki gözəl deyildim”, “Bir cənub şəhərində”, “Ad günü”, “Qanlı zəmi” və s. filmlərin quruluşçu rəssamı olub. Akademik Milli Dram və Rus Dram teatrlarında tamaşaların bədii tərtibatını verib.
   29 dekabr 1946 - Məşhur şair, publisist Nüsrət Yusif oğlu Kəsəmənli (1946 - 16.10.2003) anadan olub. 100-dən çox şeirinə musiqi bəstələnib, sənədli filmlərin ssenari müəllifidir. «Azərbaycanfilm»də baş redaktor işləyib, “Doğma sahillər” (1989) filmində çəkilib.
   
   Dünya
   
   28 dekabr Beynəlxalq kino günüdür. 1895-ci ilin həmin günü Parisdəki “Qran-kafe”də Lui və Ogüst Lümyer qardaşları özlərinin icad etdikləri “Sinematoqraf” aparatı ilə ilk kinofilmi (“Fəhlələrin fabrikdən çıxması”) nümayiş etdiriblər.
   28 dekabr 1888 - Alman kinorejissoru, səssiz kinonun görkəmli nümayəndəsi Fridrix Vilhelm Murnau (Friedrich Wilhelm Murnau, 1888-1931) anadan olub.
   28 dekabr 1903 - Rus kinorejissoru Mixail Konstantinoviç Kalatozov (1903 - 1973) anadan olub. “Durnalar uçur” filmi Kann kinofestivalının qalibi (1957) olub.
   28 dekabr 1908 - Məşhur monumentalist heykəltəraş, SSRİ Xalq rəssamı Yevgeni Viktoroviç Vuçetiç (1908-1974) anadan olub.
   28 dekabr 1925 - Görkəmli rus şairi Sergey Yesenin (3.10.1895 - 1925) vəfat (intihar) edib. 1924-cü ildə Bakıda yaşayıb. Mərdəkan qəsəbəsində şairin xatirə muzeyi var.
   28 dekabr 1945 - Məşhur Amerika yazıçısı Teodor Drayzer (Theodore Herman Albert Dreiser; 27.8.1871 - 1945) vəfat edib.
   
   29 dekabr 1775 - İtalyan əsilli məşhur Rusiya memarı Karl Rossi (Carlo di Giovanni Rossi; 1775-1849) Neapolda anadan olub. Sankt-Peterburq şəhərində bir çox görkəmli buna və memarlıq ansambllarının müəllifidir.
   29 dekabr 1915 - Amerikalı fantast-yazıçı Çarlz Leonard Harness (Charles Leonard Harness) anadan olub.
   29 dekabr 1938 - Amerika aktyoru Con Voyt (Voight) anadan olub. Filmləri: “Evə dönüş” (“Oskar” mükafatı), “Gecəyarısı kovboy”, “Qeyri-mümkün missiya”, “Perl Harbor”, “Transformerlər” və s. Aktrisa Ancelina Colinin atasıdır.
   
   Hazırladı: Vüqar Orxan