31 dekabr böyük ədib Cəfər Cabbarlının xatirə günüdür
   
   Görkəmli dramaturq, şair, yazıçı, teatrşünas, kinossenarist Cəfər Cabbarlı (1899-1934) mədəniyyət tariximizə adı qızıl hərflərlə yazılmış şəxsiyyətlərdəndir.
   
   Onun qısa ömrünün 20 ilə yaxın dövrü ədəbi yaradıcılıq, səhnə və kino həyatı ilə bağlı olub. Ədibin yaradıcılığı üç fərqli ictimai-siyasi quruluşa təsadüf edib: çar üsul-idarəsi (1915-1917), Xalq Cümhuriyyəti (1918-1920) və sovet rejimi (1920-1934).
   Yaradıcılıq yolu çətin və ziddiyyətli olsa da, əsasən yüksəliş və tərəqqi yolu olub. 1915-1916-cı illərdə "Aslan və Fərhad", "Mənsur və Sitarə" adlı ilk hekayələrini qələmə alır.Yaradıcılığa şeirlə başlasa da, ən gözəl əsərlərini dram janrında yazır, Azərbaycanın dramaturgiyasında realizmin yaradıcılarından olur, teatrımızın inkişafına misilsiz töhfələr verir. Azərbaycanda ilk dəfə olaraq tarixi dram janrını azadlıq ideyaları ilə zənginləşdirir. "Nəsrəddin şah" onun ilk tarixi (1916) pyesi olub. Əsərdə Cabbarlı İranda hökm sürən şah despotizmi fonunda kəndlilərin ağır həyatını, xanların azğınlığını, mütərəqqi İran gənclərinin azadlıq uğrunda mübarizəsini göstərir. Azərbaycan dramaturgiyasında bu tarixi mövzunun işlənilməsi həm də yeni mərhələ olur. Əsər ilk dəfə Aşqabadda 1919-cu ildə tamaşaya qoyulub.
   1920-ci illər Cəfər Cabbarlı dramaturgiyası üçün dərin sarsıntılar, çətin axtarışlar, eniş-yoxuşlar mərhələsi olub. Gənc Cabbarlının milli iftixar, qürur və vətənpərvərlik ruhu ilə yazdığı "Ulduz və ya Trablis müharibəsi" (1917), "Ədirnə fəthi" (1917) pyesləri tənqid edilir. Obraz və mövzu yaxınlığını nəzərə alaraq "Ədirnə fəthi" pyesi "Ulduz və ya Trablis müharibəsi" pyesinin davamı hesab edilir. Bu əsərlər türk məişətini, türk qəhrəmanlığını və şücaətini təbliğ etdiyi üçün hələ yazıldığı gündən vulqar tənqid tərəfindən "pantürkist", "panislamist" təmayüllü əsərlər kimi qarşılanır. Sovet dövründə isə tamamilə səhnədən çıxarılır. "Ulduz və ya Trablis müharibəsi" və "Ədirnə fəthi" əsərlərinin mövzusu qardaş Türkiyə türklərinin mübarizə dolu tarixinin çətin illərindən (1911-1913) bəhs edib. Birinci pyesdə hadisələr İtaliya-Türkiyə müharibəsi fonunda cərəyan edib. "Ədirnə fəthi" faciəsi Balkan müharibələri dövründə təslimçi, riyakar mövqe tutan hakim dairələrə qarşı türk xalqının qəzəbi, itirilmiş Ədirnə torpaqları uğrunda vətənpərvərlik hərəkatı və qəhrəmanlıq təşkil edib.
   Yazıçının "Bakı müharibəsi" dramında 1918-ci ilin martında Bakıda baş verən qanlı hadisələr, erməni daşnaklarının azərbaycanlılara qarşı etdiyi zülmlər təsvir olunub. Əsərdə Nuru Paşanın başçılığı ilə xilaskar türk ordusunun şəhəri erməni vəhşilərindən xilas etməsindən bəhs olunur. Əsər 1919-cu il sentyabrın 16-da Azərbaycan Dövlət Teatrında tamaşaya qoyulub.
   Cəfər Cabbarlının tamaşaçı kütlələrinin hiss və duyğuları, fikir və düşüncələri üzərindəki əsl dramaturq hakimiyyəti "Aydın" (1919), "Oqtay Eloğlu" (1921) pyesləri ilə başlayır. Bu əsərlərin məzmunu həm də onun milli teatr yaratmaq uğrunda mübarizəsini ehtiva edir. O, deyirdi: "Yaşamaq istəyiriksə, yaratmalıyıq. Səhnəmiz yox, fəqət olmalıdır. Onu da mən yaradacağam...”.
   Həyatını teatra bağlamasına baxmayaraq, dramaturq incəsənətin vacib sahələrindən olan kinoya da böyük əhəmiyyət verir. Milli kinonun yaranması və inkişafı üçün əlindən gələni əsirgəmir. Onun ssenarisi üzrə “Sevil” filmi (1929) çəkilir. Film Azərbaycan kinematoqrafçılarının qadın hüquqsuzluğuna, qadın əsarətinə etiraz səsi olur. Filmdə Sevil rolunu oynayacaq azərbaycanlı qızı axtarmaq üçün çox çalışır, Bakının küçələrinə düşüb qapı-qapı gəzir. O, istəyirdi ki, filmdə Sevili mütləq azərbaycanlı qız oynasın. Bu arzusuna da nail olur. Bu axtarışdan aldığı təəssürat əsasında "Gülər" adlı hekayə də yazır. Sevil rolunu Azərbaycan Dövlət Neft İnstitutunun tələbəsi İzzət Orucova oynayır. "Sevil" filmi böyük müvəffəqiyyət qazanır. Kinodakı bu işindən hədsiz dərəcədə sevinir. Bunun ardınca "Almaz" və "1905-ci ildə" pyesləri üzrə kinossenarilər yazır və "Almaz " filminin çəkilişlərinə hazırlaşır. Lakin 1934-cü ilin son gecəsi gələn qəfil ölüm onun arzularını yarımçıq qoyur.
   Cəfər Cabbarlı ömrünün yetkin çağında, yaradıcılığının ən coşqun dövründə dünyasını dəyişir. Bu dünyada qalıb əbədi yaşayan isə zəngin irsi, ölməz əsərləridir.
   
   Savalan Fərəcov