30 dekabr 1909 - Tarixçi, ictimai xadim Məmməd Salman oğlu İsgəndərov (1909-1965) anadan olub.
   30 dekabr 1926 - Tanınmış müğənni, Xalq artisti Əbülfət Əliyev (1926 - 27.12.1990) Şuşada doğulub. Bir sıra opera tamaşalarında ("Leyli və Məcnun", "Aşıq Qərib", "Şah İsmayıl" və s.) əsas rolları ifa edib.
   30 dekabr 1954 - Xalq artisti Fatma Yaqub qızı Mahmudova Ağdam rayonunda doğulub. Səhnə fəaliyyətinə Ağdam Dövlət Dram Teatrında başlayıb, 1994-cü ildən Dövlət Musiqili Komediya Teatrının aktrisasıdır.
   30 dekabr 1962 - Kamança ifaçısı, Əməkdar artist Elşən Məmməd oğlu Mənsurov anadan olub.
   
   31 dekabr 1903 - Azərbaycan kinosunun ilk rejissorlarından olan Mikayıl Mikayılov (1903-1986) anadan olub. Çoxsaylı sənədli-xronika filmlər çəkib. "Lətif" (1930), "İsmət" (1934) və s. bədii filmlərə quruluş verib.
   31 dekabr 1907 - Yazıçı Eynulla Xankişi oğlu Ağayev (1907-5.11.1978) Bakının Ramana kəndində doğulub. Əsərləri: “Şişpapaq”, “Dağlarda şimşək çaxır”, “ Baba nağılı”, “Teleqram” və s.
   31 dekabr 1910 - Yazıçı-dramaturq Əbil Məmməd oğlu Yusifov (Əbil Yusif, 1910 - 29.3.1984) anadan olub.
   31 dekabr 1920 - Şair Zeynal Cabbarzadə (Zeynal Əliabbas oğlu Cabbarov, 1920 - 20.1.1977) anadan olub.
   31 dekabr 1925 - Ədəbiyyatşünas alim, professor Sadiq Cəfər oğlu Şükürov anadan olub.
   31 dekabr 1934 - Böyük yazıçı-dramaturq Cəfər Cabbarlı (22.3.1899, Xızı - 1934) vəfat edib. Azərbaycan dramaturgiyasında realizmin əsasını qoyub, kinossenarilərin, şeir və hekayələrin müəllifidir.
   31 dekabr 1935 - Ədəbiyyatşünas, mətnşünas Ofelya Əşrəf qızı Bayramova anadan olub.
   31 dekabr 1989 - Naxçıvan Muxtar Respublikasında minlərlə insan SSRİ-İran (Azərbaycan-İran) sərhədində aksiya keçirərək sərhəd dirəklərini sökməyə başlayıb. Onilliklər ərzində ayrı düşmüş şimallı-cənublu azərbaycanlılar Araz çayı üzərində qovuşublar. Bu hadisə Azərbaycan tarixinə həmrəylik aksiyası kimi düşdü. Azərbaycan Ali Sovetinin qərarı ilə (25 dekabr 1991) 31 dekabr “Dünya azərbaycanlılarının həmrəyliyi günü” elan olunub.
   
   1 yanvar 1880 - Şərqşünas, tərcüməçi, maarif xadimi Muxtar İsmayıl oğlu Əfəndizadə (1880 - 17.10.1975) anadan olub.
   1 yanvar 1883 - Yazıçı, pedaqoq Abdulla bəy Divanbəyoğlu (Sübhanverdixanov; 1883-1936) Qazağın Hüseynbəyli kəndində doğulub. Əsərləri: "Şahzadə və Əbdül", "Duman", “Ərdoy dərəsi" və s. Azərbaycan Dövlət Arxivinin müdiri (1923-1927) olub.
   1 yanvar 1924 - Filologiya elmləri doktoru, professor Vaqif Vəliyev (1924-1998) Qazax rayonunun Pirili kəndində anadan olub. Kitabları: “Azərbaycan qəhrəmanlıq dastanları”, “Qaynar söz çeşməsi”, “Azərbaycan folkloru” və s.
   1 yanvar 1925 - Yazıçı Emin Qasıməli oğlu Mahmudov anadan olub. Uşaq və gənclər üçün kitabların, fantastika mövzusunda əsərlərin müəllifidir: “Kainat gəmisi”, “Zülmət dənizi”, “Atlant qızı” və s. Rus ədəbiyyatından tərcümələr edib.
   1 yanvar 1926 - Filosof, akademik Aslan Məmməd oğlu Aslanov (1926 - 23.8.1995) Ağstafa şəhərində anadan olub.
   1 yanvar 1929 - Azərbaycanda ərəb əlifbasından latın qrafikalı əlifbaya keçid başlanıb.
   1 yanvar 1930 - Yazıçı, əməkdar mədəniyyət işçisi Tahir İsmayıl oğlu Hüseynov (1930-1993) Borçalı mahalının Qaçağan kəndində doğulub. Kitabları: “İnsan düşünür", "Nigaran baxışlar", "Gecikmiş heykəl", "Borçalı əhvalatları","Çətin görüş", "Yanıq Abdullanın yuxuları" və s. kitabları
   1 yanvar 1937 - Görkəmli aktyor, Xalq artisti Eldəniz Zeynalov (1937 - 5.11.2001) anadan olub. “Əhməd haradadır?”, “Bir cənub şəhərində”, “Ömrün səhifələri”, “Yol əhvalatı”, “Babamızın babasının babası” və s. filmlərdə, teatr və televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.
   1 yanvar 1940 - Azərbaycan SSR-də latın qrafikalı əlifbadan kiril (rus) qrafikalı əlifbaya keçid gerçəkləşib. 1939-cu il iyulun 11-də Azərbaycan SSR Ali Soveti bununla bağlı qanun qəbul etmişdi.
   1 yanvar 1945 - Sənətşünaslıq elmləri doktoru Röya Seyfəddin qızı Tağıyeva anadan olub. Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktorudur.
   1 yanvar 1947 - Tanınmış aktyor, Xalq artisti Mikayıl Mirzə (Mikayıl Şahvələd oğlu Mirzəyev, 1947 - 3.6.2006) Şamaxı rayonunun Talış kəndində (indiki Ağsu rayonu) doğulub. “Qatır Məmməd”, “Babək”, “Üzeyir ömrü” və s. filmlərdə, tamaşalarda maraqlı rollar oynayıb.
   2 yanvar 1945 - Tanınmış aktyor, teatr və kinoda yaddaqalan obrazlar yaratmış Səməndər Rzayev (1945 - 27.3.1986) Ağsuda anadan olub. “Nəsimi”, “Babək”, “Babamızın babasının babası”, “Evlənmək istəyirəm”, “Bağ mövsümü”, “Bəyin oğurlanması” və s. filmlərdə maraqlı obrazlar qalereyası yaradıb.
   
   3 yanvar 1804 - Gəncə xanı Cavad xan (1748-1804) oğlu ilə birlikdə rus generalı Pavel Sisianovun qoşunları ilə döyüşdə həlak olub. Rus qoşunları Gəncə xanlığını işğal ediblər. Cavad Şahverdi xan oğlu Ziyadoğlu Qacar 19 il Gəncənin xanı olub, Azərbaycanın tarixində cəsur sərkərdə kimi qalıb.
   3 yanvar 1907 - Məşhur pianoçu, Xalq artisti, professor Kövkəb Kamil qızı Səfərəliyeva (1907 - 1985) anadan olub. Konservatoriyada (Bakı Musiqi Akademiyası) dərs deyib, konservatoriyanın nəzdində orta ixtisas musiqi məktəbinin (hazırda Bülbül adına məktəb) direktoru olub.
   
   4 yanvar 1878 - Tanınmış satirik şair, “Molla Nəsrəddin” ədəbi məktəbinin görkəmli nümayəndəsi Əli Nəzmi (1878-1946) anadan olub.
   4 yanvar 1932 - Görkəmli yazıçı, dramaturq, publisist, naşir Cəlil Hüseynqulu oğlu Məmmədquluzadə (22.2.1869, Naxçıvan - 1932) vəfat edib. Bir çox hekayə və povestləri, dram əsərləri, məşhur "Ölülər" komediyası ilə Azərbaycan ədəbiyyatına misilsiz töhfələr verib. "Molla Nəsrəddin" jurnalı ilə Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.
   4 yanvar 1946 - Xalq artisti Rafael Məlik oğlu Dadaşov Naxçıvanda doğulub. “Bəxt üzüyü”, “Mənim ağ şəhərim” filmlərində, televiziya («Ordan-burdan», «Göz həkimi») və teatr tamaşalarında yaddaqalan rollar oynayıb.
   4 yanvar 1950 - Tanınmış aktrisa, Rusiyanın Əməkdar artisti İnarə Quliyeva Moskvada doğulub. “Alma almaya bənzər” (Aliyə), “Dədə Qorqud (Selcan), “Qayınana” (Afət) filmlərində çəkilib.
   4 yanvar 2000 - Xalq artisti Sofiya Bəşir qızı Bəsirzadə (Vəzirova; 28.2.1918, Kazan - 2000) vəfat edib. “Şərikli çörək”, “Romeo mənim qonşumdur”, “Yol əhvalatı” və s. filmlərdə çəkilib.
      
   Hazırladı: Vüqar Orxan