Dahi Mirzə Cəlilin böyük Həmidəsi...
   
   Tale eyni yüzilliyin eyni onilliyində doğulmuş bu iki nəhəngi - Cəlil Məmmədquluzadə ilə Həmidə Cavanşiri birləşdirməliydi. Yoxsa, nə müəllim Cəlil dahi milli Mirzə olardı, nə “ev işi, paltar tikiş”çisi, mülk sahibi, silk davamçısı Həmidə böyük irfan sahibi, ziyalı xanım...
   
   Bəli, onların birincisi Naxçıvanın Nehrəmindən, ikincisi Şuşanın Kəhrizlisindən öz şəxsi işləri və tale “göndəriş”lərilə mütləq eyni əcnəbi şəhərə - Tiflisə getməli, orada birləşməli, millətin maarif-mədəniyyəti naminə əlləşməliydilər.
   Birləşməsəydilər, birincinin yenicə ixtira (!) edib, təzəcə hərəkətə gətirdiyi milli-mənəvi “lokomotiv”imizin (“Molla Nəsrəddin”) yanacağı qurtarıb o qərib yolun ortalığında qala, ikincinin mal-mülkü gündə bir “çiçi”yə, qol-boyunbağılara xərclənə-xərclənə heçə-puça çıxa bilərdi.
   Bu “iki”lik qovuşub-qoşalaşmasaydı, “Molla Nəsrəddin” dərgi-nəşriyyatını yaratmasaydı, millətin böyük aydın iyirmilikləri, fəal yüzlükləri, ayıq minlikləri, “gərnəşib”-oyanmağa başlayan statistik milyonları da istənilən kondisiyaya çatmayacaqdı.
   Cinslik istisna olmaqla, heç bir ayrı-seçkiliyə yer qoymayan bu “tərəflər” bu izdivacla əzəli-əbədi gen-gender probleminin həlli bünövrəsini də qoymuş oldular. Öz intellekti, dünya dərki, milli dərdlər təbibliyilə “ictimai şüur” abidəsini xatırladan Bəy və görkəmli maarifçi-ziyalı, tarixçi Əhməd bəy Cavanşir ocağında böyümüş Xanım! Onlar mənşə-tayfa, nəsil-əsilzadə genindən çox yüksəkdə duran milli-mədəni gen dönəminə önəm verdilər.
   
   Xatirələrəbənzər...

   
   Qadınlar ən çox bənzədilən, oxşadılan və oxşanılan məxluqdur. Klassik şairlərimizin bədii yaradıcılığını, real aşiqlərin “dilə-dişə”düşmə macəralarını, “pünhanə düşüb, eşqə dair söhbət”lərimiz zamanı işlətdiyimiz yalan-gerçək epitetlərimizi xatırlasaq, yetər.
   Fikir-xəyalın bədii məqamlarında “canlı qəzəl Leyli”ni, “boyu uzun Burlaxatun”u, “ala gözlü Nigar”ı xatırladan Həmidə xanım, bir az ciddi, vətəndaşanə kirpik çalıb baxanda - real xanımdan çox, xatirə-xatuna bənzəyir. Rənglərinin əksər çəkisi əzab çalarlı qaralardan, dərd-sər nüvəli bozluqlardan ibarət canlı bir portret-xatirəyə. Bu rənglərdə ilk həyat yoldaşı - zadəgan nəslindən olan polkovnik İbrahim bəy Davatdarovun müharibədə həlakı canlanır, atasının dünyadəyişimi boylanır, zəngin ata mülkünü təkbaşına idarəçilik çətinliyi ifadə olunur, Mirzə Cəlilin “anlamaq dərdi”ni necə yüngülləşdirmək çapaları ritmlənir, “millətçi balası” damğası ilə yaşayası övladları üstünə qanadgərmə çabaları, bolşevik-sovet rejiminin gözünə çox görünməmək xofları dalğalanır.
   Xalqa (külli-Qarabağ timsalında) kifayət qədər maddi kömək əli uzatmış bir şəxs olan Həmidə xanım - Mirzə Cəlilin əlindən-qolundan yapışıb millətə mənəvi dəstək olmaqla, şəxsiyyətə çevrildi. O, bu intellektual-universallığın bir çox elementini ata evindən mənəvi “cehiz” olaraq gətirmişdi; hələ yeniyetmə ikən rus dilini səlis şəkildə qavrayıb-öyrənmiş, kənd qızları üçün o qədər də səciyyəvi olmayan milli və dünyəvi mədəni-maarif təmrinlərinə yiyələnmişdi. Tale bu ucqar, ibtida-həyat məktəblisini ali Mirzə Cəlil məktəbinə çox mükəmməl hazırlamışdı. Bir neçə məqalə, məruzə, “doklad” (!), çıxış və “Mirzə Cəlil haqqında xatirələrim” kitabını qələmə alsa da, onu yaradıcı, yazıçı silk-sinfinə aid etmək olmaz. Lakin o, böyük yazıçı Mirzə Cəlilin dahi universal yaradıcıya çevrilməsində iştirak etmiş canlı həyatın yeganə yaradıcı-şərikidir. Yeri gəlmişkən, evliliklərinin ilk illərində Həmidə xanıma çatdırırlar ki, epidemiya Qarabağ uşaqlarının axırına çıxmaqdadır. O, peyvəndlə bağlı bir çox tibbi və maddi ehtiyat tədarükünə başlamaqla bərabər, xəstəliklərə qarşı “türkəçarə”likdən savay heç bir çarə bilməyən anaları maarifləndirmək üçün bir məruzə də hazırlamağa başlayır. Bunun daha təsirli çıxması üçün, bir az çəkinə-çəkinə, ərinə müraciət edir. İşləri başından aşan Mirzə Cəlil onun bu xahişini can-başla yerinə yetirsə də, sonda Həmidə xanımın: “Mirzə, hazırdırmı?” sualına belə cavab verir: “Hazırdır... amma, arvad nədir, “doklad” nədir?..”
   
   “Xatirələrəbənzər” xanım xatirələrdə
   
   Onun o vaxtlar “Şuşa qəzası” adında olan yurdu indilər kriminal-qəza ladında...
   Bu böyük xanımın oralarla bağlı xatirələri onun özünün də yardım, mərhəmət əli uzatdığı, humanizm dili yetirdiyi erməni fələyin badında...
   Sabah “20 Yanvar”, birisigün “26 Fevral”, ta biri gün “8 May”...
   Bunlar Mirzə Cəlil atamızın bütün ömrü uzunu axıtdığı milli-irfani göz yaşlarını silib-qurulamış Həmidə anamız haqda xatirələrin “neytral” “epiloq”u...
   Məsələnin “proloq”una qədər yol isə uzun, çox uzun! O qədər uzun ki, səfərimizi yorulmadan başa vurmaq üçün, bu yola şairlərimizdən birinin misralarıyla “körpü” salmaq gərək: “Qış gecəsi uzun olur, çox uzun. Lakin onu utandırdı - hörükləri bu qızın...”
   Bu yazıya daxil etdiyim bu misralar bu məsələyə dəxli olmamış deyil.
   Xoş o xanımın halına ki, haqqında bəhs açdıqda, onlarlıq üçün əbədi atribut olan gözəllikdən başqa, bir evlik-elatlıq özəlliyi barədə də, incə-mincəliklərilə bərabər, məhəlli-ictimai düşüncəlikləri, naz-qəmzələri, uzun, qara, kəsmə-şikəstə saçları ilə bahəm, ətrafa nur saçmaları haqda da vurğulayıb-vurğulana biləsən...
   Öz böyük “Cavanşir”lik şəcərəsindən sonra “kəndçi” “Məmmədquluzadə” kimi “nimdaş” nam-nişanı da soyad kimi qəbul edən bir xanım barədə, “Mirzə Cəlil haqda xatirələrim”ində böyüklük, şərəf-şöhrət közünü büsbütün həyat yoldaşının qabağına çəkən bir xatun haqda daha nə xatirə söyləyib, nə xatircəmlik yaratmağa çalışasan?!.
   Bununçün gərək onun xeyriyyəçilik etdiyi cümlə-Qarabağın yüz ildi ərşə bülənd olmuş “ağız ədəbiyyatı” dualarını, sonralar - yardıma ehtiyacı olan ziyalılarımızın memuar-“cüng”lərindəki minnətdarlıq mətnlərini, “El anası”, “Xalq xanımı” başlıqlarını qələm ayağına çəkəsən.
   Amma elə şifahi və yazılı ədəbiyyat nümunələri də var ki, onları bütün əski ləhcə-üslublarına, nöqtə-vergülünədək köçürüb-xatırlatmamaq mümkünsüz.
   Bir vaxt Abbas Səhhətin “Bu Mirzənin övrəti kürreyi-ərz kadınlarına bir xalisi-nümunədir” sözlərini özünəməxsus təsdiqi-sükutla qarşılamış M.Ə.Sabir sonralar ona ünvanladığı məktubda yazırdı: “Mirzə Cəlil və Həmidə cənablarından çox razıyam. Bilmirsən mənə nə qədər ehtiram edirlər! Bu qərib şəhərdə mehmanxana, ya xəstəxanada yatmağıma da razı olmayıb, öz evlərində mənə mənzil ayırdılar. Xülasə, bilmirəm onlara nə dil ilə təşəkkür edim...”
   Üzeyir bəy Hacıbəyli onun böyük vətən-insanpərvərliyi haqda yazdığı ayrıca məqaləsini belə bitirirdi: “Qoy ədəbiyyat tarixinə yazılsın ki, Sabir kimi şairi diriliyində təqdir edən bir kişi olmasa da, bir nəfər arvad oldu ki, o ölməz şairin iadeyi-səhhəti üçün, milyonçu kişilərə rəğmən, öz varından keçəcək qədər böyük bir hamiyyət göstərdi”.
   Allah sizə qəni-qəni rəhmət eləsin, ey təkrarsız cütlük abidəsi...
   
   Tahir Əhmədalılar