O il qara at üstündə təhvil olmuşdu. Xalq arasında belə söylənilirdi ki, bu, soyuq müharibəyə işarədir... 1990-cı ilin yanvarı Azərbaycan xalqı üçün çox ağır gəldi. O dəhşətli günlər millətimiz üçün bir imtahan oldu...
   
   1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən xalqımıza qarşı tarixdə görünməyən qəddarlıq-zorakılıq törədildi. Bu hərbi təcavüzün məqsədi öz suverenliyi uğrunda ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli azadlıq hərəkatını boğmaq idi.
   Artıq o faciədən iyirmi iki il keçir. Bu sağalmayan dərdin fövqündə dayanıb ötənlərə baxanda tariximizin qanla yazılmış xatirələrində oxuyuruq: “Ağlama, qəhrəmanların var, mərd ol, düşmənlərin var!”.
   "20 Yanvar şəhidi" fəxri adının təsis edilməsi haqqında 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən imzalanan fərmanda deyilir: "20 Yanvar xalqımızın qəhrəmanlıq günüdür. Azərbaycan xalqı hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin müstəqilliyini qorumaq üçün şəhid olmaq əzmini bütün dünyaya nümayiş etdirmişdir. Azadlıq yolunda özünü qurban vermiş şəhidlərimizin fədakarlığı xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq məktəbi olacaqdır".
   O qanlı-qadalı qış gecəsində doğulan körpələrin indi 22 yaşı var. İnanmaq olmur ki, aradan bu qədər illər keçib. Sanki hər şey dünən olmuşdu. Hələ də gözlərimiz önündən boz havalı, tutqun Bakının o dərdli-naləlı günləri çəkilmir. Əlbəttə, 20 Yanvar, əslində, millətimizin qürur və şərafət günüdür. Nail olunan azadlıq kimdənsə pay alınmadı. O, qanımızla, canımızla, torpağa tapşırılan müqəddəs əmanətlər hesabına əldə olundu. Tapşırıldıqları torpağı millətin hünər dastanına çevirən şəhidlərin ruhu ilə qazanıldı. Ötən əsrin əvvəllərində də, həmin yerdə erməni daşnaklarının və bolşeviklərinin qətlə yetirdiyi soydaşlarımız torpağa tapşırılmışdı. Amma sovet rejiminin sərt qanunları yaddaşımızın üstündən qara xətt çəkmişdi. Torpaq isə heç nəyi unutmur. Yeni qurbanlarını qoynuna alanda isimsiz şəhidlərin-qəhrəmanların dağılmış sümükləri aşkar olundu...
   Şahidlər yaxşı xatırlayırlar ki, o gecənin səhəri Bakının çox təzadlı bir görüntüsü vardı. Havanın ovqatından ürəksıxıcı bir boşluq, ona həmahəng atəş səsləri, küçələrdə zirehli maşınlar, yad əsgərlər, qara bayraqlı evlər, damlar, pəncərələr, şəhidlərin qanı tökülmüş torpağa döşənmiş al qırmızı qərənfillər və bir də ağır ləngərli insan izdihamı. O gün hər birimiz həyatla ölümün qovuşuğunda çırpınan millətimizin birliyini, eyni dərdin, fəlakətin içində candan, qandan yaratdığı həmrəyliyin şahidi olduq. O günü hamımızın bir Vətən adlı dərdli anamız vardı. Yaşından asılı olmayaraq hamı bu mərd və dərdli ananın başına qara şal bağlatdırmış qatillərə, qaniçənlərə nifrət edirdi. O gün insanlar elə qorxmaz, cəsarətli, vüqarlı görünürdülər ki. Dərd bizi yensə də, ürəyimizi dağlasa da, gözümüzü ağlatsa da, vüqarımızı əyə bilmədi...
   O gün Azərbaycan xalqının səsini içində boğurdular. Boğurdular ki, harayını kimsə eşidib köməyinə gəlməsin. O ağır günlərdə jurnalist həmkarlarımız dəridən-qabıqdan çıxırdılar. Mərhum Elmira Əmrahqızının 1990-cı ilin yanvarındakı fəaliyyəti əsl qəhrəmanlıq nümunəsi idi. Bakının ağır dərdləri Elmira xanımın titrək səsi ilə dünyaya yayılırdı. O vaxt təkcə xarici ölkələrdə yaşayan soydaşlarımız deyil, Azərbaycanın özündə də məhz Elmira xanımı dinləyir, onun həyəcan dolu məlumatları əsasında Bakıda baş verənlərdən xəbər tuturdular.
   Şairlərimizdən Məmməd Araz, Nəbi Xəzri, Xəlil Rza Ulutürk, Mədinə Gülgün, Cabir Novruz, Tofiq Mütəllibov, Şahmar Əkbərzadə, Nüsrət Kəsəmənli, Məmməd Aslan və digərləri də o ağır günlərin dərdini kəlmə-kəlmə, misra-misra qələmə aldılar. Unudulası mümkün olmayan o günlərin ürəyimizə toxtaqlıq gətirən məqamlarından biri də Qazaxıstan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi Oljas Süleymenovun Bakıya gəlməsi oldu. O, həmkarları, ziyalılar və gənclərlə görüşərək dərdimizə şərik çıxdı. Yaşadığı mehmanxananın divarlarına sovet əsgərlərinin tuşladığı avtomatları görərkən demişdi: "Qışdan sonra mütləq bahar gələcək“.
   O günlərdə Ramiz Quliyevin tarı, Habil Əliyevin kamanı, Kamil Cəlilovun qaboyu millətin dərdini öz yanıqlı avazında ehtiva edirdi. Hər kəs bu səsi Azərbaycan xalqının haqq səsi hesab edirdi. Ona görə də o səsin durdurulmasını istəmirdi...
   20 Yanvar faciəsi millətimizin tarixinə azadlıq uğrunda ümummilli savaş kimi daxil oldu. Dünyaya bir daha özünü var olduğunu sübut etdi...
   
   Savalan Fərəcov