Azərbaycan
   
   20 yanvar 1882 - Şair Bədri Seyidzadə (Bədrəddin Mir Kazım oğlu Seyidzadə; 1882-1945) Bakının Keşlə kəndində anadan olub.
   20 yanvar 1928 - Akademik, etnoqraf Teymur Əmiraslan oğlu Bünyadov Qazax rayonunun Şıxlı kəndində doğulub. Azərbaycan etnoqrafiyası, musiqi mədəniyyəti, respublikamızda arxeologiya elminin inkişafı, qədim tarixlə bağlı tədqiqat əsərlərinin müəllifidir.
   20 yanvar 1977 - Şair, publisist Zeynal Əliabbas oğlu Cabbarzadə (31.12.1920 -1977) vəfat edib.
   20 yanvar 2010 - Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində 20 Yanvar abidə kompleksinin açılışı olub. Abidə kompleksinin memarı Ədalət Məmmədov, heykəltəraşları Cavanşir Dadaşov və Azad Əliyevdir.
   
   21 yanvar 1893 - Dünya şöhrətli türkoloq alim, şair Bəkir Çobanzadə (1893-1938) Krımın Simferopol qəzasının Qarasubazar kəndində anadan olub. Azərbaycanda dilçilik elmi və türkologiyanın təşəkkülü və inkişafında böyük rol oynayıb. Stalin repressiyalarının qurbanı olub.
   21 yanvar 1907 - Akademik Əlisöhbət Sumbat oğlu Sumbatzadə (1907-1992) Bakının Əmircan kəndində doğulub. Azərbaycan xalqının etnogenezinə həsr olunmuş dəyərli tədqiqatların müəllifidir.
   21 yanvar 1924 - Görkəmli bəstəkar, Xalq artisti Şəfiqə Qulam qızı Axundova Şəkidə doğulub. Azərbaycanda opera ("Gəlin qayası") yazmış ilk qadın bəstəkardır. “Ev bizim, sirr bizim" operettasının, populyar mahnıların ("Mehriban olaq", "Nədən oldu", "Gözlərimin işığı" və s.), romansların müəllifidir.
   21 yanvar 1939 - Publisist, nasir Asif Xeybər oğlu Axundov anadan olub.
   21 yanvar 1950 - Xalq şairi Zəlimxan Yusif oğlu Yaqub Borçalı mahalının (Gürcüstan) Bolnisi rayonunun Kəpənəkçi kəndində doğulub. “Könlümün səsi”, “Yolum eldən başlanıb”, “Od aldığım ocaqlar”, “Biz bir eşqin butasıyıq”, “Şair harayı”, “Bir əlim torpaqda, bir əlim haqda”, “Şairin taleyi” və s. kitabların müəllifidir. Azərbaycan Aşıqlar Birliyinin sədridir.
   21 yanvar 1999 - Görkəmli bəstəkar, Xalq artisti Süleyman Ələsgərov (22.2.1922, Şuşa - 1999) vəfat edib. “Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu” və s. operettaları, “Bahadır və Sona”, “Solğun çiçəklər” operaları, “Bayatı-Şiraz” simfonik muğamı və digər musiqi əsərlərinin müəllifidir.
   21 yanvar 2008 - Tanınmış opera müğənnisi, SSRİ Xalq artisti Lütfiyar İmanov (17.4.1929, Sabirabad - 2008) vəfat edib.
    22 yanvar 1892 - Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, tanınmış boyakar və qrafika ustası Bəhruz Kəngərli (1892-1922) anadan olub. Əsərlərində Vətəninin gözəlliklərini (“Gecə mənzərəsi”, “İlan dağı”və s.) tərənnüm edib. Kömür, karandaş, akvarel və yağlı boya ilə müxtəlif janrlarda yaratdığı 500-ə yaxın əsəri muzeylərdə sərgilənir.
   22 yanvar 1926 - Nasir, publisist, tərcüməçi Məmmədrza Abdulla oğlu Afiyət (Mərəndi; 1926-1995) anadan olub.
   22 yanvar 1944 - Xalq artisti, görkəmli aktyor Hacı Məcid oğlu İsmayılov Bakıda doğulub. Akademik Milli Dram Teatrında çalışır. «Ad günü», “Bəyin oğurlanması”, “Həm ziyarət, həm ticarət” filmlərində maraqlı obrazlar yaradıb.
   22 yanvar 1967 - Tanınmış aktyor Elşən Rüstəmov Masallıda doğulub. Filmləri: “İtkin gəlin”, “Özgə vaxt”, “Seçilən”, “İstanbul reysi” və s.
   
   23 yanvar 1927 - Xalq artisti, tanınmış rəqqas Böyükağa Məmmədov anadan olub.
   23 yanvar 1935 - Şair, dramaturq Cahangir Atakişi oğlu Məmmədov anadan olub.
   23 yanvar 1951 - Kamança ifaçısı, sənətşünaslıq doktoru Rafiq Hüseyn oğlu İmrani anadan olub.
   23 yanvar 2011 - Əməkdar jurnalist Valid Möhsün oğlu Sənani (12.5.1935-2011) vəfat edib. Azərbaycan televiziyasının ilk futbol şərhçisi idi.
   
   Dünya
   
   20 yanvar 1586 - Alman bəstəkarı İohann German Şteyn (Johann Hermann Schein, 1586-1630) anadan olub.
   20 yanvar 1804 - Fransız yazıçısı Ejen Syu (Marie Joseph Eugene Sue, 1804-1857) anadan olub. “Parisin sirləri”, “Matilda”, “Məhəbbət uşaqları”, “Əbədi Jid” və s. romanların müəllifidir.
   20 yanvar 1884 - Rus yazıçısı Yevgeni İvanoviç Zamyatin (1884-1937) anadan olub. Sosial-fantastik mövzulu “Biz” romanı ilə məşhurlaşıb.
   20 yanvar 1884 - Amerika fantast yazıçısı Abraham Merrit (Abraham Grace Merritt, 1884-1943) anadan olub.
   20 yanvar 1920 - Dünya şöhrətli italyan kinorejissoru, 5 dəfə “Oskar” laureatı Federiko Fellini (Federico Fellini, 1920 - 31.10.1993) anadan olub.
   20 yanvar 1926 - Amerika aktrisası, “Oskar” mükafatçısı Patrisiya Nil (Patricia Neal, 1926-2010) anadan olub.
   20 yanvar 1946 - Amerika kinorejissoru, Kann festivalının qalibi, ssenarist Devid Linç (David Keith Lynch) anadan olub.
   
   21 yanvar 1861 - Fransız rejissoru, dünya kinematoqrafının banilərindən biri Jorj Melyes (Maries-Georges-Jean Melies, 1861-1938) anadan olub. 1897-ci ildə yaratdığı “Star Film” studiyasında qısametrajlı filmlər çəkib.
   21 yanvar 1905 - Polyak əsilli sovet yazıçı-dramaturqu, şair, ssenarist Vanda Lvovna Vasilyevskaya (1905-1964) anadan olub. “Sular üzərində nəğmə” trilogiyası, “Vətən”, “Çaylar yanır” romanlarının müəllifidir.
   21 yanvar 1906 - SSRİ Xalq artisti, məşhur baletmeyster İqor Aleksandroviç Moiseyev (1906-2.11.2007) anadan olub.
   21 yanvar 1920 - SSRİ Xalq artisti, aktyor Nikolay Nikolayeviç Trofimov (1920-2005) anadan olub.
   21 yanvar 1941 - Dünya şöhrətli ispan opera (tenor) müğənnisi Plasido Dominqo (Jose Placido Domingo) Madriddə doğulub.
   
   22 yanvar 1561 - İngilis filosofu, empirizmin banisi, tarixçi, şair Frensis Bekon (Francis Bacon, 1561-1626) anadan olub.
   22 yanvar 1729 - Alman klassik ədəbiyyatının banisi, dramaturq, incəsənət nəzəriyyəçisi Qothold Efraim Lessinq (Gotthold Ephraim Lessing, 1729-1781) anadan olub.
   22 yanvar 1788 - Məşhur ingilis romantik şairi Corc Qordon Bayron (George Gordon Byron, 1788-19.4.1824) anadan olub.
   22 yanvar 1882 - Rus filosofu Pavel Aleksandroviç Florenski (1882-1937) Azərbaycan ərazisində, Yelizavetpol (Gəncə) quberniyasının Yevlax qəsəbəsində rus hərbçisi ailəsində doğulub.
   22 yanvar 1898 - Görkəmli rus rejissoru, ssenarist, kino nəzəriyyəçisi və pedaqoq Sergey Mixayloviç Eyzenşteyn (1898-1948) anadan olub. Məşhur tarixi filmlərin (“Oktyabr”, “Aleksandr Nevski”, “İvan Qroznı”) müəllifidir.
   22 yanvar 1904 - Rus yazıçısı Arkadi Petroviç Qaydar (Qolikov, 1904-1941) anadan olub. Uşaqlar üçün məşhur əsərlərin (“Timur və onun komandası” və s.) müəllifidir.
   
   23 yanvar 1783 - Görkəmli fransız yazıçısı, XIX əsrdə realist roman janrının banilərindən biri Anri Mari Stendal (Marie-Henri Beyle - Stendhal, 1783-1842) anadan olub. “Qara və qırmızı”, “Parm sakini” və s. romanların müəllifidir.
   23 yanvar 1832 - Fransız rəssamı, impressionizmin banilərindən biri Eduar Mane (Edouard Manet, 1832-1883) anadan olub.
   23 yanvar 1903 - Rus kinorejissoru, SSRİ Xalq artisti Qriqori Vasilyeviç Aleksandrov (Mormonenko; 1903-1983) anadan olub. Sovet kinosunda ilk musiqili komediyaları (“Şən uşaqlar”, “Volqa-Volqa”) çəkib.
   23 yanvar 1923 - Fransız rejissoru, ssenarist Jak Vilfrid (Jacques Vilfrid, 1923-1988) anadan olub. Jandarmlardan bəhs edən komediyaların (baş rolda Lui de Fünes) ssenari müəllifidir.
   23 yanvar 1989 - Dünya şöhrətli ispan sürrealist rəssamı Salvador Dali (Salvador Felipe Jacinto Dali i Domenech; 11.5.1904-1989) vəfat edib. 
      
   Hazırladı: Vüqar Orxan