Şuşa ağrılı, Bakı azarlı, Paris məzarlı Ceyhun Hacıbəyli...
   
   Onun konservatorial-intellektual Şuşa ab-havasında tumurcuqlayan ilham “ting”i, ədəbi ahəngi ölkənin universal-qaynar qafasında - Bakıda istedadlar çiçəklədi.
   Onun publisistik qələmi dövri mətbuat redaksiyalarında püxtələşdi, intellekti, ədəbi-bədii qənimətləri, ictimai-siyasi qənaətləri milli aktlarda, mənəvi aksiyalarda formalaşdı.
   
   Şuşada müəllimsiz - doğal könül-sənət dərsləri alan, Bakıda - proletarların qəlbini sarmaqda olan bolşevizmin vəd etdiyi qəlp siyasət perspektivindən sarsılan gənc ədib o çağlar Hüqo, Balzak sədalı (və bu çağlar Sarkozi “brend”li!) Fransaya mühacirət edir...
   Deyirlər, Ceyhunun da qəlbi - böyük qardaşları Üzeyir bəy və Zülfüqar bəy Hacıbəylilərinki kimi - nəğmə ilə döyünür, musiqiylə nəfəs alırmış. Lakin bir çox səbəbdən məram-məqsədini “sazla” yox, sözlə deməyi qərarlaşdırıb. Onun təbirincə, bu “səbəblərdən biri də budur ki, bütün səbəblər və nəticələr sözlə daha aydın, daha ətraflı ifadə edilir”.
   Doğrudan da belədir. Onun qələm çaldığı “Rusiya demokratları hansı məqamlarda bolşeviklərlə qovuşurlar?” məqaləsindəki fikirləri hansı musiqi alətində çalmaq olar? Böyük istiqlal və himn şairimiz Əhməd Cavadın faciəvi taleyilə əlaqədar qürbətdə yazıb çap etdirdiyi “Düşmən tikanları” kimi elegial, alov saçan düşüncələri, qəlb sızladan faktları hansı nəğmə taktları ilə vermək mümkün? Bəzən adama şedevr bir roman qədər təsir bağışlayan böyük musiqi, bəzən, heç Ceyhunun “Dağıstan məktəblisi” kimi kiçik bir şeirinin də yerini vermir...
   
   Onun qəbri və qədri...
   
   Onun qəbri Parisdədir. O şəhərdə ki, Hüqonun, Bizenin, Berliozun, Ravelin, Balzakın da məzarları oradadır. O Balzak ki; “Dahilər ucqarlarda doğulur, Parisdə ölür” - deyib. O deyim ki, bunu dünyanın bütün məmləkətlərinin “ucqar-paytaxt” tandeminə şamil etmək mümkün. Və o “ölülər” ki, bəşəriyyətin bütün elm, sənət, mədəniyyət olumları onlardan başlayıb, bu gün də onların bənzərlərinə bağlıdır və elə elələrilə də davam edəcək.
   Kim ki qəbir-kurqan kültürünə “...orda alim də uyuyur, gəda da uyur, “...burda şah da yatır, nökər də yatır” kimi poetik-ritorik prizmalardan baxır, əlbəttə, yanılır. Ona görə ki, dəbdəbə mərtəbələriycə bu dünyadakı “ilk mənzil”lərdən tam fərqlənən o “son mənzil”lər qiblə və formatca bir-birinə bənzəsələr də, sakinləri yadigar qoyub gəldikləri milli irs baxımından bir-birindən çox seçilirlər. Məsələn, biz hər gün Nizami-Füzulilərin, Şah Xətai-Səttarxanların və artıq sadaladığım “birgəyatış”lı fransızların adlarını diri qohum-qövmlərimizdən də çox anırıq.   

   O adlardan...
   
   O ad-sanlardan biri də Ceyhun ki, topsuz-tüfəngsiz böyük sənət strategiyasını bolşevizmlə mübarizə üçün siyasət-qürbət taktikası müstəvisinə keçirməsəydi, nə özü o qədər istedad və qabiliyyətlə bu qədər “az” yazıb-yaradar, nə də qardaşlarını - Üzeyir, Zülfüqar kimi mənşə və sənət bəylərini hər gün, hər saat repressiv səksəkələrə düçar etmiş olardı...
   Bizim “arxaik” praqmatiklərimizin belə bir “məclisi-üns”vari qənaətləri də vardı ki, o vaxtlar ermənilərin daha çox məhz Qarabağ və Naxçıvan bölgələrinə köçmə (və köçürülmə) hədəfi tək elə perspektiv ərazi qəsbi, eko-bioloji ab-hava həsbi deyil, həm də bu elatların oturaq mədəniyyətini, əkin-biçinçilik “institut”unu, sivil etno-mental elementlərini, istedad fitrətini də mənimsəmək qəsdi imiş. Vurğuladığımız bu bölgələrin bu keyfiyyətlərə malik olmasının isə özəl səbəbləri vardır ki, indiki halda Qarabağ haqda. Bunun baiskarı - bəzi sovet “şünas”larının qəlibi ilə desək, bu “tarixi-müqəddəm” səbəbin səbəbkarı Nadir şah Əfşar idi ki, Qarabağ “müdiriyyətini” çağırdığı “qurultay”a gəlmədiklərinə görə cəzalandırmağa başlamışdı; həbslər, sürgünlər, canadoymalardan dağlara doğru çəkilmələr və sair. O dağlıq ucqarlardan biri də Şuşa idi ki, şahın yeni-yeni şikarlarına çevrilmək istəməyən bütün “dikbaş”lar, ayıq-oyaqlar, istedadlar qaçıb oraya sığınmışdılar. Ceyhun Hacıbəyli 1891-ci il fevralın 3-də dünyaya bu qaçqınlar (əslində, yığma-seçmə elitarlar) şəhərində - Şuşada göz açıb.
   Yaradıcılığa felyetonla başlayan Ceyhun ustadlarından və yaşıdlarından fərqli olaraq, düşüncələrində “inqilab içində inqilab”a meyillənir. O, fikirləşirdi: xalqa nə mühazirə oxumuşuq, nə öyrətmişik ki, bu gün ondan seminar-“zaçot” tələb edir, imtahana çəkirik? Kütlənin “anlam” sətəlcəminə nə çarə qılmışıq ki, yeri gəldi-gəlmədi - “korazehinlik”dən əziyyət çəkən bu “xəstə”ni tənqid atəşinə tuturuq? Deməli, maarif, maarifçilik! “Hər bədəni idarə edən sər” - çiyinlər üstündə gödən-baş yox, vətən-daş!..
   Dostları onun “Proqress” qəzetində (1907) “Daqestanskiy” imzası ilə çap etdirdiyi və ədəbi ictimaiyyətin hadisə kimi dəyərləndirdiyi “Pristav Ağa” felyetonuna rəğmən, daha çox bu janrda işləməsini tövsiyə etsələr də, Ceyhun fikrindən dönmür; “əvvəlcə bu millətə nəsə bir düz verməli, sonra - əgər onu əyri qaytararsa, tənqid etməli” - deyir.
   Beləliklə, Ceyhun milli-mənəvi məhəbbət dolu bir enerji ilə mətbuatın əzəli və əbədi janrında - publisistik yazılarla məhsuldar fəaliyyətə başlayır. Maarif və mədəniyyətin bütün sahələrinə, dil, din, xeyriyyəçilik mövzularına dair cari və problematik məqalələr çap etdirir. Gənc olmasına baxmayaraq, həyatın ən “qoca” və ən “fidan” ictimai nüanslarına da toxunur. Onun o dövr qaçqın-köçkünlərimiz və digər sosial durumumuz haqda qələmə aldığı materiallar müasir çağlarımızçün də ibrətamizdir. Mühacirətə qədər “Kaspi”, “Bakı”, “Proqress”, “Azərbaycan” və digər qəzetlərdəki saysız yazıları (it-bata düşənlərlə birlikdə) ilə mükəmməl publisist kimi tanınan Ceyhun Hacıbəyli elə həmin dövrdə “İttihad” və rus dilində çap edilən “Azərbaycan” qəzetlərinin redaktoru olub.
   Ceyhun Hacıbəyli ədəbi əsərlər də yazırdı. Əvvəlcə bir neçə hekayə, 1910-cu ildə isə “Hacı Kərim” povestini yazır və bir il sonra onu kitab şəklində çap etdirir. Lakin həmin dövrlər xalqın ədəbi-bədii əsərlərdən daha çox, dövri-mətbu yazılara - “gündəlik tələbat”a ehtiyacı olduğundan, “hekayət”çiliyə fasilə vermək qərarına gəlir. Böyük qardaşı - artıq opera və operettaları ilə məşhurlaşmış Üzeyir bəy Hacıbəyli ilə müştərək bir libretto işləməsini istisna etsək, o, yalnız mətbu yaradıcılıqla məşğul olmağa başlayır.
   Nəhayət, adını çoxdan eşidib, üzünü yenicə gördüyü, iç üzünə isə “dabbaq gönü” qədər bələd olduğu bolşeviklər, bütün ömrü uzunu qəbul etməyəcəyi sovetlər ərəfəsi...
   Fitrətən azad düşüncəli bu böyük istedad sahibi Fransaya gedir və orada dərhal diqqət mərkəzinə düşür. Əvvəlcə “La Fiqaro” və “La Revul du Mond Müsulman” qəzetlərilə əməkdaşlıq edir, “La Revul des Deux Mende” jurnalında çalışır. Və bunlar öz bəhrəsini verir; o, Parisdə çıxan (fransız dilində) “Qafqaz” jurnalının redaktoru seçilir. Sonralar Münhendə nəşr olunan “Azərbaycan” jurnalının redaktoru, “Azadlıq” radiostansiyasının Azərbaycan dilində yayımlanan proqramının yaradıcılarından biri olur. “İslam əleyhinə” kampaniya və onun Azərbaycanda metodları”. Bu irihəcmli tədqiqat əsəri Ceyhun Hacıbəylinin yaradıcılığında xüsusi yer tutur. Bu işi onun “sovet davalarından” ən güclüsü, ən nümunəvisi, həmin imzanı isə Azərbaycanın Azadlıq, mədəniyyətimizin vətəndənkənar təbliği tarixinə qızıl hərflərlə yazılmışlardan hesab etmək olar.
   Azərbaycanın bugünkü azad vətəndaşları içərisindəki az bixəbərlər də zaman-zaman tam baxəbər olacaqlar ki, bu yurdun müstəqilliyi uğrunda canlarını qərib-qürbətliyə qurban verənlər daha böyük milli sevgilərə, ehtiramlara layiqdirlər...
   
   Və... elegiyavari “ölegiya”
   
   Görəsən, olmamış, baş verməmiş “genosid”ə etiraz senzi qoyan cənab Sarkozi bu “demokrasion” həbs qanununu Fransa məzarlarında yatanlara da şamil etməyəcək ki?..
   Əgər etsə, onda Mopassanın “Gombul”undan Sarkozi kişiyə namuslu salyutlar, Ceyhunların əcr ruhlarından Balzakların xəcil ruhlarına atəşin salamlar!..
   
   Tahir Abbaslı