Şəkidə Xalq şairinin xatirəsi anılıb
   
   Xalqımızın unudulmaz və əbədiyaşar şairi, müasir Azərbaycan poeziyasının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadənin (1925-2009) vəfatının ildönümü ilə əlaqədar şairin anadan olduğu Şəki şəhərində xatirə tədbiri keçirilib. Böyük ədib 2009-cu il fevralın 13-də dünyasını dəyişib.
   
   Şəhər icra hakimiyyəti və “Qafqaz” Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Şəkidən dünyaya - Bu dünyadan bir Bəxtiyar keçdi” adlı tədbirdə ziyalılar, poeziya həvəskarları, ictimaiyyət nümayəndələri, habelə qonaqlar iştirak ediblər.
   Tədbir iştirakçıları əvvəlcə Şəki Musiqi Kollecinin foyesində “Poeziyamızın Bəxtiyarı” mövzusunda sərgi ilə tanış olublar.
   Xatirə gecəsində Milli Məclisin deputatı Cavanşir Feyziyev, “Qafqaz” Universitetinin rektoru Əhməd Sanıç çıxış edərək B.Vahabzadənin müasir Azərbaycan poeziyasının inkişafındakı xidmətlərindən danışıblar. Bildirilib ki, dəyərli əsərləri ilə müasir Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlər göstərmiş B.Vahabzadənin yaradıcılığı bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Onun əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunmuşdur. Böyük ədibin əbədiyaşar seirləri Tükiyədə və türkdilli ölkələrdə sevə-sevə oxunur.
   Çıxışlarda qeyd olunub ki, B.Vahabzadə Vətəninə, doğulduğu yerə, soykökünə bağlı bir insan idi. O, anadan olduğu yurdu - Şəkini çox sevirdi. Əsərlərində Şəki mühitinə xas olan kolorit, dərin düşüncə, ağıllı zəka özünü aydın büruzə verirdi.
   Şairin xatirəsini əbədiləşdirmək məqsədilə Şəkidəki mərkəzi parklardan birində onun büstü qoyulub, şəhərdəki məktəb və küçələrdən birinə onun adı verilib. Hər il avqustun 16-da, şairin doğum günündə Şəkidə “Bəxtiyar poeziya günləri” keçirilir.
   Tədbirdə B.Vahabzadənin həyat və yaradıcılığından bəhs edən film nümayiş etdirilib, musiqi kolleci tələbələrinin ifasında şairin sözlərinə yazılmış mahnılar oxunub, şeirləri ifa olunub.