Ulduz-səma elminin banisi Tusi hər sahənin Ulduzu idi
   
   Dünyada elm-bilik universallığı baxımından Nəsirəddin Tusi ilə müqayisə edilən nəhəng ya bir ola, ya iki. Bünövrəsi Bəhmənyar və Tusilərimizin düşüncələri üzərində qurulmuş Şərq fəlsəfəsi, astronomiya, elm-irfan mədəniyyəti sonrakı tənəzzül fasilələrilə Avropa renessansına uduzmayıb, inşası da onlara məxsus, onlar gücündə irs ornamentləri ilə davam etdirilsəydi, bu gün “ya bir ola, ya iki” ehtimalına da yer qalmazdı...
   
   Məşhur tarixçi H. Xəlifənin “Dünya haqqında kitab”ından: ”Nəsirəddin Marağadakı astronomiya rəsədxanasının tikintisinə başlamaq üçün lazım olan xərci Hülaku xana (Çingiz xanın nəvəsi) deyəndə, o, məbləğin çoxluğuna şübhə ilə soruşur: “Yəni ulduzlar haqqında elm bir elə faydalıdır ki, o rəsədxanaya bir belə pul xərcləyək?”
   Nəsirəddin cavabında söyləyir: “İzn verin, bir nəfər həmin dağa qalxıb boş bir tası oradan üzüaşağı dığırlatsın. Ancaq elə eləsin ki, bunu heç kəs görüb-bilməsin. Belə də edirlər. Tas daş-qayalara çırpıla-çırpıla qorxulu səs-sədalar çıxarır. Hülaku xanın ordusu vahiməyə düşür, hətta zabitlər də o yan-bu yana boylanırlar. Nəsirəddinsə həmin dəqiqələr xanla birlikdə sakitcə oturub qoşundakı çaxnaşma-vahiməni seyr edirlər. Nəsirəddin deyir: “Hökmdar, biz bu səslərin səbəbini bildiyimizdən sakitcə əyləşmiş, qoşun isə bilmədiyi üçün həyəcan və qorxu içindədir. Deməli, əgər biz səmada baş verən hadisələrin mahiyyətini irəlicədən bilsək, yer üzü bizim ikimiz kimi rahat olar”.
   Nəsirəddinin bu sözlərinə həm inanan, həm də valeh olan Hülaku xan bu işə xəzinədən 20 min dinar pul ayırır...”
   
   Tarix və tarixçilər

   
   Belə də demək olar: qoca tariximizin ahıl tarixçiləri. Yazıb-oxumaqla qurtarmayan qədim tariximizin 17 fevral 1201-ci ilində Tus şəhərində doğulmuş Nəsirəddin öz əqli inqilabları ilə on üçüncü əsri sonrakı yüzilliklərin daimi gündəmində, diqqət mərkəzində saxlayır. O, səkkiz yüz ilə yaxındır ki, dünyaya əxlaq və astronomiya elmlərindən dərs deyir. Elmin riyaziyyat, fizika, fəlsəfə, tibb, etika, məntiq və digər sahələri üzrə yazdığı yüzdən çox əsəri qaynaqlara istinad edən mütəxəssislərə yeni-yeni ideyalar verir. Riyaziyyat üzrə apardığı iyirmidən artıq tədqiqat-araşdırma isə bu işlər içərisində xüsusi yer tutur. Otuz yaşında ikən bütün ətrafına səs salmış bu gənc saraya dəvət edilir və Kuhistan rəhbəri N. Möhtəşəm ondan əxlaq barədə bir kitab yazmasını xahiş edir. Otuz dörd yaşında tamamladığı “Əxlaq-Nasiri” əsəri bir çox dillərə çevrilir və ona dünya şöhrəti qazandırır. Az sonra isə əlçatmaz şöhrətli “Ələmut” (“Qartal yuvası”) qalası! On iki illik həbs-sürgün həyatını elə orada yazdığı elmi əsərlərindən birində - “Şərh əl- İşarat”ın sonunda özü daha müfəssəl ifadə edir: “Mən bu kitabın əksər fəsillərini olmazın dərəcədə ağır şəraitdə yazdım. Ürək bundan artıq sıxıntı çəkə bilməz”.
   1256-cı ildə Hülaku qoşunları fətholunmaz Ələmutu tutur, alim məhbuslar azad edilir və Hülaku xan Nəsirəddini şəxsi məsləhətçisi təyin edir. 1259-cu ildə Bağdadı fəth edib Abbasilər sülaləsinə son qoyan xan İlxanilər (el xanları) adlandırdığı dövlətinin mərkəzini Azərbaycanda qərarlaşdırır. Paytaxt kimi, əvvəlcə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Marağanı, daha sonra Təbrizi seçir. Bu seçimin ilkində Nəsirəddin, artıq bildiyimiz kimi, Marağa rəsədxanasının tikintisinə başlayır.
   Nəinki Şərqdə, eləcə də bütün dünyada qeyri-adi elmi hadisə kimi qarşılanan bu maddi-faktoloji tikinti Nəsirəddin Tusi və ümumən türk-Azərbaycan mədəniyyəti, intellekti, zehni ilə ilgili mənəvi-informativ “tikinti”nin də əsasını qoymuş olur. Buna misal olaraq, əqli-fiziki fəsahəf və fərasətini Məhəmməd peyğəmbərin də təsdiq etdiyi (Əgər elm Çində olmuş olsa belə ardınca gedin) ən qədim ölkə ilə əlaqədar bir faktı xatırladaq.
   Görkəmli siyasi xadim və tarixçi Rəşidəddin salnamələrindən birində yazır: “Həmin dövrdə Camaəddin Buxariyə də Pekində rəsədxana qurmaq tapşırılmışdı, lakin o bu işin öhdəsindən gələ bilmirdi. Nəhayət, o, Çin alimi Fao Mun-Çi ilə birlikdə Marağaya gəlib, Nəsirəddinlə məsləhətləşmələr apardıqdan və rəsədxana tikilişi üçün zəruri olan çertyojları, habelə digər ən vacib avadanlıq və alətləri əldə etdikdən sonra Pekində də işlər başa çatdırılır.
   Tarix və Nəsirəddin Tusi dövrü tarixçiləri poeziya aləmindəki “Vazeh - Bodenşted “ olaylarına bənzər bəzi elmi “paralellərimiz”i də ortaya çıxarır. AMEA-nın müxbir üzvü Zakir Məmmədov Tusi irsini araşdırarkən çox ciddi mənbələr əsasında bu faktı da qeyd edir ki, 1266-cı ildə Marağa rəsədxanasında Nəsirəddinlə birgə çalışan azərbaycanlı mühəndis Kəriməddin Səlmasinin düzəltdiyi cihazlar arasında Yer kürəsi (içiboş) modeli də olub. Üzərində iqlimlərin təsviri verilmiş bu fiqur coğrafi qlobus idi. Bu isə elm aləmində ilk coğrafi qlobusun alman alimi Martin Böhaymın (1459-1507) hazırlaması haqdakı faktı elmi dəlil əsasında təkzib edir.
   Tusi ilə ilgili tarixçilər tarixə daha nə kimi ilmə-izlər salmışdır? Tikdirdiyi və yaratdığı «səma institutu»nun həcminə görə də Şərqin bütün rəsədxanalarını kölgədə qoymuş Tusi və burada çalışan müxtəlif millətlərin nümayəndələrinin elmi fəaliyyəti, astronomik müşahidələri «İlxanilərin astronomik cədvəlləri» adlandırılan dörd kitabdan ibarət çox ciddi bir əsərin yaranması ilə nəticələnmişdir. Birinci kitabda yunan, fars, türk, ərəb təqvimləri təsvir olunur və bir təqvimdən digərinə keçməyin qaydaları göstərilirdi. İkinci - ulduzların hərəkətinə və onların elliptik koordinatlarının yerləşməsinə həsr olunub ki, burada sinus və tangeslərin cədvəlləri, habelə 256 məntəqənin yerləşdiyi uzunluq və en dairəsi də göstərilir. Nəsirəddin uzunluq dairəsinin ölçüsünü, indiki zamanda ekvatorial xətlərin şəriksiz müəllifi kimi tanınan Qrinviçdən 34-45 dərəcə qərbdən götürərək, Cənubi Amerikanın şərq hissəsindən keçirir. Elə buna əsasən də belə bir müasir ehtimal (professor H. C. Məmmədbəyli) irəli sürülür ki, o dövr mütəxəssisləri hələ Kolumbdan çox qabaq Qərb yarımkürəsində sonralar Amerika adlandırılası materikin varlığından xəbərdar imişlər.
   Və... o tarixçədən bu tarixçəyə bir tarixi ərməğan: Tusi ilə çiyin-çiyinə, beyin-beyinə işləmiş Müəyyidəddin Ordinin oğlu Məhəmmədin hazırladığı göy qlobuslarından biri - bizlərdə olmasa da - bugünümüzə qədər qalır (Drezdendə saxlanılır).
   Bu dahi «göy adamı»nın həm də -
   
   Böyük Yer alimliyi...
   
   Nəsirəddin ilk təhsilini atasından almış, böyük və “ağır” elm yükünü isə şöhrətləri Həmədan və Tus şəhərlərindən çox-çox uzaqlara yayılmış alimlərdən (İbn Sina və Bəhmənyarın davamçılarından), habelə 12 il «yatdığı» həbsxana-qaladakı zəngin kitabxanadan tutmuşdur.
   Çağdaş tədqiqatçıların çoxusu Nəsirəddin Tusini - digər kimliklərindən öncə, fenomenal riyaziyyatçı hesab edir, onun əsərlərinin nəinki Şərqdə, həmçinin Avropada həndəsə və triqonometriyanın inkişafında mühüm rol oynadığını vurğulayırlar. Belə ki, 1594-cü ildə Romada ərəb, daha sonra isə latın dilində çap olunan “Evklid “Başlanğıc”ının təsviri” əsəri Tusi ideya və sisteminin Avropada yayılmasında böyük təkan olmuşdur. Onun beş kitabdan ibarət “Bütöv dördtərəfli haqqında risalə”si də Avropada triqonometriyanın inkişafına böyük töhfə sayılır. Hətta qeyd olunur ki, dünya elmi tarixində ilk dəfə məhz bu əsərdə triqonometriyaya müstəqil elm sahəsi kimi yanaşılıb. Bu əsər tezliklə ingilis, fransız və rus dillərinə çevrilib. Cəbr sahəsindəki araşdırma və yenilikləri onun elmi mövqe və şöhrətini daha da artırır. Bu araşdırma-nəticələr içərisində bütün dərəcələrdən kökalma metodu və Binom düsturu daha çox maraq doğurur. Mineralogiyaya, fizika, tibb, iqtisad, coğrafiya, musiqi və tarixə dair çoxsaylı əsərləri onu dünya elmi ictimaiyyətinin diqqət mərkəzinə çatdırır. Gənc yaşlarında yazdığı “Əxlaqi-Nasiri” əsəri ilə bütün bəşəriyyətə fərdi və ictimai əxlaq, davranış, ər-arvad münasibətləri haqqında kitab dərsi verməkdə olan alim, yaşlaşdıqca, ayrı-ayrı təbəqə və qövmlərin bilik, anlayış, intellekt qavramlarına işləyir. “İşığın əks olunması və sınması haqda risalə”, “Evklid optikası”, “Göy qurşağının öyrənilməsinə aid risalə”, “Qiymətli daşlar haqqında kitab”, “Dövlət maliyyəsi haqqında risalə”, “ Tibb qanunları”, “Bağdadın tarixi”, “Xoşbəxt günlərin seçilməsi” və neçə-neçə digər mövzulu əsərlər. Bu kitabların bu gün də saxlandığı və istifadə edildiyi saysız kitabxanaların adlarını sadalamamaq üçün bir sözlə ifadə edək: hamısında!
   Nəsirəddin Tusinin varisləri də, irsi kimi, öz əməlləri ilə tarixə düşmüşlər. Onun üç oğlu - Sədrəddin Əli, Əsiləddin Həsən və Fəxrəddin Əhməd böyük alim-filosof atalarının yolunu davam etdirmiş, sələf-bünövrə üzərində xələf-tikililər ucaltmışlar. Böyük oğlu atasının ölümündən sonra rəsədxanaya rəhbərlik etmiş, ortancıl - qüdrətli riyaziyyatçı və şair kimi ad çıxarmış, XIV əsrin ilk ilində Sivasda öldürülmüş, böyük astronom və riyaziyyatçı olan kiçiyi isə həm də vəqf müdiri işləmişdir.
   Dünya tarixinin XIII əsr həlqəsinin davamında mühüm rol oynayan, türk dünyası korifeyləri içərisində ən seçkin bir yer tutan Nəsirəddin Tusi 1274-cü il iyunun 25-də dünyasını dəyişir və Bağdadın Cami məscidində torpağa tapşırılır. 1201-1274. Yetmiş üç ildə hələlik yeddi yüz otuz səkkiz illiyə bu qədər şöhrət daşımaq və rəhmət qazanmaq asan iş olmasa da, çox “çətin” bir xoşbaxtlıq deyilmi, hörmətli alim-oxucularımız?!
   
   Tahir Abbaslı