Azərbaycan
   
   21 fevral 1906 - Tanınmış kinorejissor, Əməkdar incəsənət xadimi Həbib Ələkbər oğlu İsmayılov (1906 - 31.12.1966) Naxçıvanda doğulub. Azərbaycan kinosundə dəyərli yeri olan ekran əsərlərinə - “Ögey ana” (1958), “Böyük dayaq” (1962) filmlərinə quruluş verib.
   21 fevral 1921 - Müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Böyükağa Mirzəzadə (1921 - 3.11. 2007) Bakıda anadan olub. Yaradıcılığa tematik tablolarla başlayan rəssam portret janrında da uğurlu nümunələr yaradıb, bir sıra teatr tamaşalarına bədii tərtibat verib.
   21 fevral 1994 - Azərbaycan Respublikasının Prezidenti yanında UNESCO üzrə Azərbaycanın Milli Komissiyası yaradılıb. Komissiyaya Azərbaycanın xarici işlər naziri sədrlik edir.
   21 fevral 1955 - Tarzən, Əməkdar artist Elxan Bəhram oğlu Mənsurov anadan olub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestrində solist-konsertmeyster işləyir.
   21 fevral 1997 - Görkəmli tarixçi və şərqşünas, akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov (21.12.1923 - 1997) dünyasını dəyişib. Uzun illər Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna rəhbərlik edib. Akademiyanın vitse-prezidenti (1990-1997), Milli Məclisin deputatı (1995-1997) olub.
   
   22 fevral 1869 - Böyük yazıçı, jurnalist Cəlil Məmmədquluzadə (1869 - 4.1.1932) Naxçıvanda doğulub. Hekayə və povestləri, dram əsərləri, məşhur "Ölülər" komediyası ilə Azərbaycan ədəbiyyatına misilsiz töhfələr verib. "Molla Nəsrəddin" jurnalının nəşri (1906-cı il aprelin 7-dən) ilə Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.
   22 fevral 1898 - Ədəbiyyatşünas alim, akademik Feyzulla Səməd oğlu Qasımzadə (1898 - 29.3.1976) anadan olub.
   22 fevral 1908 - Şair, yazıçı Əkbər Ruhinin (1908-1980) doğum günüdür.
   22 fevral 1917 - Yazıçı-dramaturq, publisist Yusif Əhmədulla oğlu Əzimzadə (1917-1984) anadan olub. “Çiçəklər səltənəti”, “Anacan”, “Nəsrəddin”, “Aprel səhəri” və s. pyeslərin müəllifidir, rus ədəbiyyatından tərcümələr edib.
   22 fevral 1924 - Görkəmli bəstəkar, Xalq artisti Süleyman Əyyub oğlu Ələsgərov (1924 - 22.1.2000) Şuşada doğulub. «Ulduz», «Özümüz bilərik», «Olmadı elə, oldu belə», «Milyonçunun dilənçi oğlu», «Həmişəxanım» operettalarının, «Bahadır və Sona», «Solğun çiçəklər» operalarının müəllifidir.
   22 fevral 1939 - Yazıçı-publisist Yusif Yaqub oğlu Əhmədov anadan olub. “Ruhların qayıtması”, “Səninlə sənsiz”, “Ürək bağışlamır” və s. kitabların müəllifidir.
   
   23 fevral 1909 - Azərbaycan ədəbiyyatı tarixinin görkəmli tədqiqatçısı, akademik Həmid Məmmədtağı oğlu Araslı (1909-20.11.1983) Gəncədə anadan olub.
   23 fevral 1911 - Xalq artisti, rejissor, Azərbaycan musiqili teatrının yaradıcılarından biri Şəmsi Bədəl bəy oğlu Bədəlbəyli (1911 - 23.5.1987) Şuşada anadan olub. Azərbaycan Dövlət Dram Teatrında rejissor (1932-1942), Musiqili Komediya Teatrında bədii rəhbər və direktor (1943-1949, 1956-1961, 1963-1974), Filarmoniyanın bədii rəhbəri və direktoru olub (1974-1976).
   23 fevral 1927 - Xalq artisti, aktrisa Roza Heydər qızı Cəfərxanova anadan olub.
   23 fevral 1943 - Şair, publisist Səyavuş Əli oğlu Sərxanlı (1943-2005) anadan olub.
   23 fevral 2003 - Görkəmli aktyor, Xalq artisti Həsənağa Turabov (24.3.1938-2003) vəfat edib. 1960-cı ildən ömrünün sonuna qədər Akademik Dram Teatrında çalışıb, 1987-2001-ci illərdə teatra rəhbərlik edib. Bir çox filmlərdə (“Yeddi ogul istərəm”, “Babək”, “Qəm pəncərəsi” və s.) unudulmaz obrazlar yaradıb, rejissor kimi “Qaçaq Nəbi” (“Atları yəhərləyin”) filmini çəkib.
   
   Dünya
   
   21 fevral Beynəlxalq Ana Dili Günüdür (International Mother Language Day). 1999-cu ildə UNESCO tərəfindən milli dillərin və mədəni müxtəlifliyin qorunması məqsədilə təsis edilib. UNESCO-nun məlumatına görə, dünyada 6 minə yaxın dil var və onların yarısı yox olmaq təhlükəsi qarşısındadır.
   21 fevral 1885 - Fransız dramaturqu, aktyor, rejissor Saşa Qitri (Sacha Guitry - Alexandre Georges-Pierre Guitry, 1885-1957) Sankt-Peterburqda doğulub.
   21 fevral 1906 - Rus boyakarı, qrafik, kitab illüstrasiyasının tanınmış ustası, SSRİ Xalq rəssamı Yevgeni Adolfoviç Kibrik (1906-1978) anadan olub.
   21 fevral 1907 - İngilis şairi Uisten Hyu Oden (Wystan Hugh Auden, 1907-1973) anadan olub. 1939-cu ildən Amerikada yaşayıb.
   21 fevral 1925 - Amerika rejissoru və ssenaristi Sem Pekinpa (David Samuel "Sam" Peckinpah, 1925-1984) anadan olub. Kinoda vestern janrının tanınmış simalarındandır.   

    22 fevral 1788 - Görkəmli alman filosofu, irrasionalizmin banilərindən biri Artur Şopenhauer (Arthur Schopenhauer; 1788-1860) anadan olub.
   22 fevral 1810 - Dünya şöhrətli polyak bəstəkarı və pianoçusu, romantizmin parlaq nümayəndəsi Frederik Şopen (Frederic François Chopin; 1810-17.10.1849) anadan olub. Bəzi mənbələrdə bəstəkarın doğum tarixi 2 mart göstərilir.
   22 fevral 1900 - İspan rejissoru, kinematoqrafiyada sürrealizmin tanınmış nümayəndəsi Luis Bunuel (Luis Bunuel Portoles, 1900-1983) anadan olub.
   22 fevral 1959 - Tanınmış Hollivud aktyoru Kayl Maklaxlen (Kyle Merritt MacLachlan) anadan olub.
   
   23 fevral 1685 - Alman bəstəkarı Georq Hendel (George Frideric Handel; 1685-1759) anadan olub.
   23 fevral 1878 - Polyak əsilli görkəmli rus abstraksionist rəssamı Kazimir Severinoviç Maleviç (1878-1935) Kiyevdə doğulub.
   23 fevral 1878 - Məşhur tatar yazıçı-publisisti, ictimai xadim Qayaz İsxaki (1878-22.7.1954) anadan olub. Rusiya müsəlmanlarının liderlərindən olub, çarizmin süqutundan sonra tatar milli dövlətçiliyi uğrunda mübarizə aparıb. Sovetləşmədən sonra Almaniya və Türkiyədə yaşayıb, orada vəfat edib.
   23 fevral 1883 - Alman filosofu və psixoloqu, ekzistensializmin əsas simalarından biri Karl Yaspers (Karl Theodor Jaspers, 1883-1969) anadan olub.
   23 fevral 1889 - Amerika kinorejissoru Viktor Fleminq (Victor Fleming, 1889 - 1949) anadan olub. “Küləklə sovrulanlar” filminə görə “Oskar” mükafatı alıb.
   23 fevral 1944 - Rus aktyoru, SSRİ Xalq artisti Oleq Yankovski (1944-2009) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan