Xocalı faciəsi ədəbiyyatımıza elə o gecədən - fevralın 25-dən 26-na keçən gecədən - səhəri olmayan gecədən boylandı. O gündən taleyimizə yazılan Xocalı yazısını yazmağa çalışırıq...
   İlahi! Sən onlara rahatlıq ver...
   İlahi! Təskin et!..
   Sən onlara səma
    nəğmələri göndər,
   Təsəlli səp...
   Bu misralar Nurəngiz Günün “Xocalı simfoiyası”ndandır. Və əslində “Xocalı simfoniyası” Xocalı faciəsinin ağısı, oxşamasıdır. Və bir də, “Xocalı simfoniyası” balasını itirmiş ananın qorxu, təlaş, hıçqırıq, hönkürtü qarışıq harayıdır:
   Yox, ruzgar! O cürə əsmə sən!
   Torpaqda...
   Torpağın altında dip-diri
   ölülər var...
   Diksinə bilər Onlar...
   Hər kəs Xocalı faciəsini gördüyü, hiss etdiyi, duyduğu və yaşadığı kimi yazır. Bir dərdin yüz yozumu, bir dərdin yüz çaları dil açıb danışır.
   Bu il yenə
   Xocalının ad günündə
   Azdramaya getdik,
   Xocalı faciəsinə
   tamaşa etdik...
   Bu misralar şair Qəşəm Nəcəfzadənin “Xocalı mövsümü Fevral” başlığı altında dərc etdirdiyi silsilə şeirindəndir. Qəşəm Nəcəfzadə Xocalı faciəsinə ağı demir, Xocalı faciəsinə içində yaşadığı vaxtın içindən baxır:
   Xocalı uşaqlarının
   Soyuqdan donduğunu görəndə,
   Uşağımızın paltosunu
   Yaxşıca düymələdik,
   Əlinə peçenyə verdik
   Üzündən öpdük
   Başını sığalladıq...
   Əslində bu, səmimi, çox səmimi bir etirafdı. Həyat öz axarı ilə gedir. Uşaqlar böyüyür... böyüməyən, lentlərin yaddaşında yaşayan, don vurmuş, güllələnmiş, qar üstünə səpələnmiş uşaqlardı. İblisin divan tutduğu mələk sifətli uşaqlar... İnsan ovunun qurbanları, qisası alınmayan tifillər... Biz ilin bir günü yox, ilin 365 günü Xocalı faciəsini yaşamalıyıq. Bir gün çox azdı, o qədər azdı ki, Xocalı soyqırımının qurbanlarının adını belə sayıb qurtarmağa çatmaz...
   Şair Ələmdar Quluzadənin qələmə aldığı “Şəhid şəhər” poeması da Xocalı faciəsinin dəhşətlərinə, ağrılarına, faciələrinə həsr olunub.
   
   Bəşər görməmişdi bu qovhaqovu,
   Danışa bilmirəm, dilim də əsir.
   Bülənd olub ərşə qalxdı alovu,
   Sağlar girov düşdü, şəhidlər əsir.
   
   Ələkbər Salahzadənin “Xocalı xəcilləri”, Ədalət Əsgəroğlunun “Dərdimizin qan rəngi” poemaları da Xocalı faciəsinə həsr olunub.
   Xocalı faciəsindən danışarkən yadıma jurnalist Səriyyə Müslümqızı düşür. Xocalı hadisəsi onun gözlərinin qabağında baş verib, bu faciənin bütün ağrı-acısını, insan ağlına sığmayan müsibətlərini yaddaşından əvvəl gözlərinə köçürüb. Üstündən 20 il keçməsinə baxmayaraq, hər dəfə onunla qarşılaşanda özlərində Xocalının qanlı mənzərəsini görürəm. Bir jurnalist, bir vətəndaş, bir xocalılı, bir şahid kimi Səriyyə Müslümqızının qələmə aldığı "Qar üstünə qan yağdı", "Ölümündən o yandakı Xocalı" və s. kitablarını ədəbiyyatımızın Xocalı dərdi ilə bağlı canlı salnaməsi sayıram...
   Çox güman ki, Xocalı faciəsi ilə bağlı adlarını çəkə bilmədiyim çoxlu əsərlər, şeirlər, hekayələr yazılıb. Ola bilsin ki, kimsə hələ Xocalını qəlbindən qələminə köçürməyib, ola bilsin ki, kimsə sözünü deməyib, amma Xocalı mövzusunun Azərbaycan ədəbiyyatında daimi mövzulardan birinə çevriləcəyinə gərək kiminsə şübhəsi olmasın. Biz dərdimizi sözlə deməyi bacarmalıyıq. Zaman-zaman Xocalı lövhələri ədəbiyyatımızdan boylanıb qanlı gecənin dəhşətini, faciəsini, qətlə yetirilən günahsız insanların səsini batmağa qoymamalıdır. Çünki zamanın, vaxtın, yaddaşın unutduğunu ədəbiyyat unudulmağa qoymur...
   
   Təranə Vahid