Azərbaycan
   
   10 aprel 1923 - Yazıçı-dramaturq Salam Qədirzadə (1923 - 16.11.1987) anadan olub. "46 bənövşə", "Nar çiçəyi nağılı", "Sevdasız aylar", "Sən olmasaydın" və s. nəsr əsərlərinin, "Şirinbala bal yağır", "Hardasan, ay subaylıq", "Həmişəxanım" komediyalarının müəllifidir.
   10 aprel 1941 - Ədəbiyyatşünas alim, nasir Allahverdi İsgəndər oğlu Eminov anadan olub.
   
   11 aprel 1914 - Xalq yazıçısı Qılman İlkin (Qılman İsabala oğlu Musayev; 1914 - 6.11.2009) Bakının Mərdəkan kəndində doğulub. "Şimal küləyi", "Qalada üsyan", "Dəniz qapısı", "Ömrün oğlan çağları", "Dəniz həmişə göy olmur", "Madam Qədri" və s. roman və povestlərin müəllifidir. "Kölgələr sürünür", "Yenilməz batalyon" filmlərinin ssenarisini yazıb.
   
   12 aprel 1866 - Teatr və maarif xadimi Əbülqasım Sultanov (12.04.1866-1916) anadan olub. Naxçıvan teatrında aktyor kimi çıxış edib. Molla Nəsrəddinin lətifələrini rus dilinə çevirib, “Ədəbi nümunələr müntəxəbatı”nı (XIX-XX əsr şairlərinin əsərləri) tərtib edib.
   12 aprel 1889 - Məşhur xanəndə, Xalq artisti Seyid Şuşinski (Mir Mövsüm ağa Seyid İbrahim oğlu; 1889 - 1.10.1965) Şuşa qəzasının Horadiz kəndində (indiki Füzuli rayonunun kəndi) anadan olub. 1920-ci illərdə Azərbaycan Dövlət Dram Teatrında çalışıb, 1930-1960-cı illərdə Dövlət Filarmoniyasının solisti olub, pedaqoji fəaliyyət göstərib.
   12 aprel 1903 - Azərbaycan mətbuatının, ictimai fikrinin inkişafında mühüm rol oynamış «Şərqi-Rus» qəzeti Tiflisdə nəşrə başlayıb. Şərqşünas-alim, Rusiya Dumasının deputatı Məmmədağa Şahtaxtinskinin redaktoru olduğu qəzet tanınmış yazarları ətrafında birləşdirmişdi. Məhəmməd Əmin Rəsulzadənin ilk mətbu yazısı burada dərc olunub. Qəzetin son sayı 1905-ci il yanvarın 15-də işıq üzü görüb.
   12 aprel 1907 - Tanınmış folklorşünas, dramaturq Məmmədhüseyn Abbasqulu oğlu Təhmasib (1907 - 5.10.1982) anadan olub. "Kitabi-Dədə Qorqud" eposunun, dastanların, nağılların toplanması və tədqiqində mühüm xidməti var. Ssenariləri əsasında "Bir qalanın sirri", "Onu bağışlamaq olarmı?" filmləri çəkilib.
   12 aprel 1912 - Əməkdar artist, aktyor Məmmədağa Ağakərim oğlu Dadaşov (1912-3.12.1996) anadan olub. Gənc Tamaşaçılar Teatrının yaradıcılarındandır, ömrünün sonunadək burada çalışıb. “Dədə Qorqud”, “Yol əhvalatı” filmlərində çəkilib.   

   Dünya
   
   10 aprel 1847 - Amerika jurnalisti, naşir Cozef Pulitser (Joseph Pulitzer, 1847-1911) anadan olub. Jurnalistika aləmində məşhur Pulitser mükafatının yaradıcısıdır.
   10 aprel 1932 - Məşhur Misir və Amerika aktyoru Ömər Şərif (əsl adı Mişel Demetri Şalhub) İsgəndəriyyə şəhərində doğulub. Filmləri: “Ərəbistanlı Lourens”. “Çingiz xan”, “Makkennanın qızılı”, “On üçüncü döyüşçü”, “Sirli ada” və s.
   10 aprel 1937 - Tatar əsilli tanınmış rus şairəsi Bella Axmadulina (1937-2010) anadan olub. “Titrəmə”, “Musiqi dərsləri”, “Çovğun”, “Şam”, “Bağ” və s. poetik topluların müəllifidir. “Belə bir oğlan vardı”, “İdman, idman, idman” filmlərində çəkilib.
   10 aprel 1951 - Amerikalı kinoaktyor Stiven Siqal (Steven Seagal) anadan olub. Filmləri: “Mühasirədə”, “Məhv etmək əmr olunub”, “Nə ölü, nə diri”, “Əcnəbi” və s.
   
   11 aprel 1888 - İtalyan kinosunun ulduzlarından Françeska (Francesca) Bertini (əsl adı - Elena Seracini Vitiello, 1888-1985) anadan olub.
   11 aprel 1894 - Məşhur sirk ustası, illüzionist, Rusiyanın Xalq artisti Emil Kio (Qirşfeld-Renard; 1894-1965) anadan olub.
   11 aprel 1914 - Kanada kinorejissoru və rəssamı, məşhur multiplikator, “Oskar” mükafatı laureatı Norman MakLaren (1914-1987) anadan olub.
   11 aprel 1944 - Amerika ssenaristi Con (John) Milius anadan olub. “Apokalipsis bu gün”, “Konan-barbar”, “Qırmızı sübh” və s. filmlərin ssenarisini yazıb.
   
   12 aprel 1823 - Rus dramaturqu Aleksandr Nikolayeviç Ostrovski (1823-1886) anadan olub. “Öz adamlarımızdır - anlaşarıq”, “Kasıblıq eyib deyil”, “Gəlirli yer”, “Tufan”, “Cehizsiz qız”, “Balzaminovun evlənməsi” və s. pyeslərin müəllifidir. Bir sıra pyesləri əsasında filmlər çəkilib.
   12 aprel 1932 - Fransız komediya aktyoru Jan-Pyer Marel (Jean-Pierre Marielle) anadan olub.
   12 aprel 1933 - Dünya şöhrətli ispan opera müğənnisi (soprano) Montserrat Kabalye (Caballe) anadan olub.
   12 aprel 1956 - Kuba əsilli Amerika kinoaktyoru Endi Qarsia (Andy Garcia - Andres Arturo Garcia Menendez) anadan olub. “Xaç atası -3”, “Qara yağış” və s. filmlərdə çəkilib.
   
   Hazırladı: Vüqar Orxan