Azərbaycan
   
   13 aprel 1918 - Tanınmış kinooperator, Əməkdar incəsənət xadimi Arif Əmir oğlu Nərimanbəyov (1918 - 16.5.1992) anadan olub. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Bir qalanın sirri”, “İnsan məskən salır”, “Həyat bizi sınayır” və s. filmlərin quruluşçu operatorudur.
   13 aprel 1929 - Şair, Əməkdar incəsənət xadimi Tofiq Mütəllim oğlu Mütəllibov (1929 - 2.11.1992) anadan olub. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir.
   13 aprel 1946 - Rejissor, Xalq artisti Ramiz Həsənoğlu (Mirzəyev) İrəvan şəhərində doğulub. "Ötən ilin son gecəsi", "Qatarda", "Topal Teymur", "Günahsız Abdulla", "Ordan-burdan", "Ac həriflər", “Nigarançılıq” və s. teletamaşalara, "Cavid ömrü", “Sübhün səfiri” filmlərinə quruluş verib.
   13 aprel 1937 - Əməkdar jurnalist, yazıçı-publisist Osman Mirzə Hüseyn oğlu Mirzəyev (1937-20.11.1991) anadan olub. "Adlarımız", "Bir dəfə yaşayırıq", "Damla və göl", "Qartal uçuşda" kitablarının müəllifidir.
   
   14 aprel 1870 - Yazıçı-publisist, maarifçi, dövlət xadimi Nəriman Nərimanov (1870 - 19.3.1925) anadan olub. 1894-cü ildə Bakıda müsəlman əhali üçün ilk kitabxananı təşkil edib. "Nadanlıq", "Nadir şah", “Bahadır və Sona”, “Şamdan bəy”və s. əsərlərin müəllifidir. Azərbaycan SSR Xalq Komissarları Şurasının sədrı (1920-1922), SSRİ Mərkəzi İcraiyyə Komitəsinin həmsədri (1922-1925) olub.
   14 aprel 1907 - Xalq artisti Fatma Qədir qızı Qədri (1907- 29.2.1968) anadan olub. Səhnə fəaliyyətinə 1927-ci ildə Bakı Türk İşçi Teatrında başlayıb. Rus Dram Teatrında, Milli Dram Teatrında çıxış edib, pedaqoji fəaliyyət göstərib.
   14 aprel 1952 - Telejurnalist, Milli Qəhrəman Alı Mustafa oğlu Mustafayev (1952-20.11.1991) Qazax rayonunda doğulub.
   
   15 aprel 1892 - Nasir, tərcüməçi Əli Səbri (Əli Camal oğlu Qasımov; 1892-19.2.1983) anadan olub.
   15 aprel 1905 - Memar Sadiq Ələkbər oğlu Dadaşov (1905-1946) anadan olub. Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin və s. tikililərin layihələşdirilməsində iştirak edib.
   15 aprel 1907 - Tanınmış rəssam, Azərbaycan Rəssamlar İttifaqının ilk sədri İsmayıl Hüseyn oğlu Axundov (1905 - 13.9.1969) anadan olub. Qrafika, dekorativ-tətbiqi sənət, teatr rəssamlığı sahəsində çalışıb. «Koroğlu» operasının ilk geyim eskizlərinin yaradılmasında iştirak edib.
   15 aprel 1912 - Şair, publisist Əkbər Məftun (Əkbər Qurban oğlu Əkbərov; 1912-14.9.1990) anadan olub.
   15 aprel 1928 - Cənubi Azərbaycan şairi Səhənd (Bulud Qaraçorlu Səhənd; 1928-1979) Marağa şəhərində doğulub.
   
   16 aprel 1906 - Bakıda "Dəbistan” maarifçi jurnalı nəşrə başlayıb. 1908-ci ilin martınadək nəşr olunan jurnalda uşaqların təlim-tərbiyəsinə dair bədii əsərlər, elm-texnika yenilikləri dərc edilirdi. Jurnalın fəaliyyətində N.Nərimanov, H.B.Zərdabi, M.Ə.Sabir, M.Hadi, A.Şaiq və s. tanınmış ziyalılar iştirak ediblər.
   16 aprel 1916 - Görkəmli bəstəkar Qəmbər Muxtar oğlu Hüseynli (1916 - 1.8.1961) anadan olub. Dünyaca məşhur "Cücələrim" mahnısının (sözləri - Tofiq Mütəllibov), "Ay işığında", "Gecələr uzanaydı", "İlk məhəbbət", "Düşür yadıma" və s. populyar mahnıların müəllifidir.
   16 aprel 1934 - Bəstəkar Ramiz Mirişli Naxçıvanda doğulub. Musiqili komediyalar (“Qaçırılmış qız”, “Gəl, qohum olaq” və s.), simfonik əsərlər, yüzlərlə mahnı yazıb. 40-dan çox teatr tamaşasına, “Sahilsiz gecə”, “Qəzəlxan” və s. filmlərə musiqi bəstələyib.
   
   Dünya
   
   13 aprel 1883 - Bəstəkar və dirijor, keçmiş SSRİ-nin (və indiki Rusiya Federasiyasının) dövlət himninin müəllifi Aleksandr Aleksandrov (1883-1946) anadan olub.
   13 aprel 1906 - İrland yazıçısı və dramaturqu, ədəbiyyat üzrə “Nobel” mükafatı (1969) laureatı Semuel Bekket (Samuel Beckett; 1906-1989) anadan olub. “Qodonun intizarında”, “Oyunun sonu”, “Xoşbəxt günlər” pyeslərinin, “Molloy”, “Malon ölür”, “Adsız” romanlarının müəllifidir. Absurd teatrının yaradıcılarındandır. Bir çox əsərlərinə (o cümlədən azərbaycanlı bəstəkar Fərəc Qarayev tərəfindən “Qodonun intizarında” əsərinə) musiqilər yazılıb.
   13 aprel 1939 - İrland şairi, ədəbiyyat üzrə “Nobel” mükafatı (1995) laureatı Şeymas Hini (Seamus Justin Heaney) anadan olub.
   
   14 aprel 1744 - Rus dramaturgiyasının banilərindən Denis İvanoviç Fonvizin (1744-1792) anadan olub. Pyesləri: “Gənc cahil”, “Briqadir”.
   14 aprel 1889 - Məşhur ingilis tarixçisi və sosioloqu Arnold Cozef Toynbi (Arnold Joseph Toynbee, 1889-1975) anadan olub. Sivilizasiyaların tarixindən bəhs edən “Tarixin dərk olunması” adlı 12 cildlik əsərin müəllifidir.
   14 aprel 1925 - Amerika aktyoru, dəfələrlə «Oskar» mükafatının laureatı Rod Stayger (Rodney Stephen Steiger, 1925-2002) anadan olub. “Al Kapone”, “Vaterloo”, “Doktor Jivaqo” flimlərində çəkilib.
   14 aprel 1930 - Tanınmış Litva kinorejissoru Vitautas Jalakyəviçus (1930-1996) anadan olub. Filmləri: “Heç kim ölmək istəmirdi”, “Bu şirin söz - azadlıq” (filmdə azərbaycanlı aktyorlar Rasim Balayev, Cahangir Mehdiyev, Eldar Əliyev çəkiliblər) və s.
   14 aprel 1930 - Məşhur rus şairi Vladimir Vladimiroviç Mayakovski (19.7.1893, Kutaisi - 1930) vəfat (intihar) edib. Poemaları: “Şalvarlı duman”, “150 000 000”, “Vladimir İliç Lenin”, “Yaxşı”. Satirik pyesləri: “Misteriya Buff”, “Birə”, “Hamam” və s.
   
   15 aprel 1452 - Böyük italyan rəssamı, heykəltəraş, memar, ixtiraçı, Avropa İntibahının görkəmli nümayəndəsi Leonardo da Vinçi (Leonardo di ser Piero da Vinci, 1452 - 2.5.1519) Florensiyada doğulub. Məşhur rəsm əsərləri: “Mona Liza” (“Cokonda”), “Sonuncu şam” və s.
   15 aprel 1489 - Məşhur türk memarı, mühəndis Memar Sinan (Sinaneddin Yusif Abdülmennan oğlu; 1489-7.2.1588) Kayseridə doğulub. İstanbuldakı məşhur Süleymaniyə camisinin, Ədirnədə Selimiye camisin, körpülərin və s. tikililərin müəllifidir.
   15 aprel 1886 - Məşhur rus şairi Nikolay Stepanoviç Qumilyov (1886-1921) anadan olub.
   15 aprel 1933 - Rusiya yazıçısı Boris Natanoviç Struqatski anadan olub. Qardaşı Arkadi Struqatski (1925-1991) ilə məşhur fantastik əsərlərin müəllifidir: “Allah olmaq çətindir”, “Bazar ertəsi şənbə günü başlayır”, “Axsaq tale” və s.
   15 aprel 1939 - Tanınmış italyan aktrisası Klaudiya Kardinale (Claudia Cardinale) anadan olub. Filmləri: “Rokko və onun qardaşları”, “Kartuş”, “Səkkiz yarım”, “Bir dəfə vəhşi Qərbdə”, “İnteryerdə ailə portreti” və s.
   15 aprel 1949 - Məşhur rus estrada müğənnisi, SSRİ Xalq artisti Alla Puqaçova anadan olub. İfa etdiyi mahnılar 100-dən çox qramplastinka və diskdə (ümumi tirajı 250 milyondan çox) yayılıb.
   15 aprel 1949 - Tanınmış türk aktyoru Kadir İnanır anadan olub. Əslində 1949-cu ilin avqustunda doğulub, amma doğum şəhadətnaməsində 15 aprel qeyd olunub. Filmləri: “Tatar Ramazan”, “İllərin qisası”, “Bir udum sevgi” və s.
   
   16 aprel 1844 - Fransız yazıçısı, ədəbiyyat üzrə “Nobel” mükafatı (1921) laureatı Anatol Frans (Anatole France - François-Anatole Thibault; 1844-1924) anadan olub. Əsərləri: “Müasir tarix” silsilə romanları, “Mələklərin üsyanı” və s.
   16 aprel 1889 - Dünya şöhrətli ingilis aktyoru, rejissor, ssenarist Çarli Çaplin (Charles Spencer Chaplin, 1889 - 25.12.1977) Londonda doğulub. 1910-1940-cı illərdə Amerikada yaşayıb, 1952-ci ildə İsveçrəyə (Cenevrə) köçüb. Filmləri: “İt həyatı”, “Uşaq”, "Qızıl hərisliyi", "Yeni zamanlar", “Böyük diktator", “Sirk” və s. 1972-ci ildə fəxri “Oskar”a layiq görülüb.
   16 aprel 1924 - Amerika bəstəkarı və dirijoru Henri Mançini (Enrico Nicola Mancini, 1924-1994) anadan olub. 500-dək filmə musiqi yazıb, 4 dəfə “Oskar”, 20 dəfə “Qremmi” mükafatlarına layiq görülüb.
   
   Hazırladı: Vüqar Orxan