3 may Xalq artisti Kamal Xudaverdiyevin doğum günüdür

   Son illər sənətdə yarpaq tökümüdür... Bir-birinin ardınca bənzərsiz sənətkarlarımızı itiririk. O insanları ki, kimsə onları uzun illər sonra belə sənətdə, səhnədə və elə həyatda əvəz edə bilməyəcək.
   
   70-ə çatmağa ömür vəfa etmədi. Səhnəmizin bu ləngərli, əzəmətli sənətkarı 69 yaşında səssiz-səmirsiz çox sevdiyi Akademik Milli Dram Teatrının səhnəsi və yaşamaq istədiyi həyatla vidalaşdı.
   ...Səhnədə hər şey “Yalan”dan başladı. Sabit Rəhmanın “Yalan”ında yaratdığı Fərman obrazı onun yeganə komik rolu oldu. Qarşıda isə uzun illər vardı və bu illərdə o, saysız-hesabsız dramatik, faciəvi rollar yaradaraq milyonların sevimlisi olacaqdı...
   “Atabəylər”də Qızıl Arslan, “Alov”da Cəlal Qaşqay, “Atayevlər ailəsi”ndə İldırım Atayev, “Yurd yeri”ndə Mahal kişi”, “Kral Lir”də Kral Lir, “Dar ağacı”nda Aqşin, “Şah Edip”də şah Edip və bir-birinə bənzəməyən 60 fərqli, təkrarsız rol...
   Yeddi il bundan əvvəl, baharın elə bu çağları sevimli aktyorumuzla ad günü ərəfəsində doğma teatrında görüşüb söhbət etmişdik. Yadımdadır, söhbətə belə başlamışdı: “40 ildir hər səhər bu teatra gəlirəm. Məşqim olanda da, olmayanda da. Düzdü, sənətə bir az gec - 27 yaşımda gəlmişəm, ancaq bütün aktyorlar kimi mən də xırda rollardan başlamışam. Səhnənin tozunu uda-uda sənətkar olmuşam. Çalışmışam ki, teatrın adını həmişə uca tutam. Korifeylərimizdən Sona Hacıyeva, Fatma Qədri, Hökumə Qurbanova, Möhsün Sənani, Həsənağa Salayevlə səhnədə tərəf-müqabil olumşam. Onların ruhunu şad etmək üçün biz bu teatrı qoruyub saxlamalıyıq”.
   Uzun illər səhnədə can qoyan sənətkar söhbət zamanı maraqlı məqamlara toxunmuşdu: “Rolların başı-ayağı yoxdur. Böyük rolların böyük, kiçik rolların kiçik dərdi var. Fikrimcə, dramatik, faciə oynayan aktyor 2-3 ildən bir sümüyünü sındırmaq üçün komediya da oynamalıdır” - demişdi. Teatra şan-şöhrətə görə gəlmədiyini deyən aktyor söhbət zamanı ömrünün bəzi anlarına da nəzər salmışdı. “Hər kəsin ömrü onu taleyidir. İnsan 100 il də yaşasa, arzusu tükənmir”, - demişdi. O zaman Kamal müəllimə belə bir sual da vermişdim: “Ürəyinizdə qalan rol varmı?”. “Onu deməyəcəm, artıq qatar keçib. Ancaq 40 il əvvəlki Kamalın arzularını gerçəkləşdirə bilmişəm”, - cavabını vermişdi.
   Ömrünün son illərində Kamal Xudaverdiyev Bəxtiyar Vahabzadənin “Hara gedir bu dünya”, Əli Əmirlinin Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən “Mesenat” əsərinin tamaşasında yaddaqalan rollar yaratmışdı.
   Dörd il bundan əvvəl dünyasını dəyişsə də, Kamal Xudaverdiyevin xatirəsi doğma teatrında, əzizlərini və doğmalarının yaddaşında, milyonlarla tamaşaçının qəlbində yaşayır.
   Mənə elə gəlir ki, ən çətin rol insanın həyatdakı roludur. Elə bir rol ki, onu səhnədə oynamaq mümkün deyil. Kamal Xudaverdiyev səhnədə də, həyatda da öz rolunu ləyaqətlə oynamağı bacardı.
   
   Təranə Vahid