Azərbaycan
   
   25 may 1936 - Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası yaradılıb. Filarmoniyanın yerləşdiyi bina 1912-ci ildə “İctimai toplantılar üçün yay binası” olaraq inşa edilmişdi və burada müxtəlif musiqi məclisləri keçirilirdi. 1920-ci ildə təşkil edilən Azərbaycan Dövlət Simfonik Orkestri, digər musiqi kollektivləri də burada çıxış edirdilər. 1936-cı ildə respublikanın musiqi qurumları Azərbaycan Dövlət Filarmoniyasında birləşdirildi. Hazırda Filarmoniyada 7 kollektiv (Azərbaycan Dövlət Simfonik Orkestri, Dövlət Xor Kapellası, Q.Qarayev adına Dövlət Kamera Orkestri, Dövlət Fortepiano Triosu, Dövlət Simli Kvarteti, F.Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblı və bu kollektivin nəzdində yaradılan Dövlət Xalq Çalğı Alətləri Orkestri) fəaliyyət göstərir.
   25 may 1942 - Əməkdar mədəniyyət işçisi, xormeystr, Prezident təqaüdçüsü Səidə Müslüm qızı Məmmədova anadan olub.
   25 may 1949 - Əməkdar artist Tofiq Əbdürrəhim oğlu Hüseynov Qusarın Hil kəndində anadan olub. İrəvan, Sumqayıt, Gənc Tamaşaçılar Teatrında çalışıb. 2001-ci ildən Milli Dram Teatrının aktyorudur. “O dünyadan salam”, “Biz qayıdacağıq”, “Cavid ömrü” filmlərində çəkilib.
   
   26 may 1877 - Maarifçi-alim Məhəmmədəli Tərbiyət (1877 - 17.1.1940) Təbrizdə doğulub. Şəhərin bələdiyyə rəisi olub, yeni tipli "Tərbiyət" mədrəsəsi və kitabxana açıb. Qədim zamandan XX əsrədək Azərbaycan mədəniyyəti tarixini əhatə edən "Danişməndani-Azərbaycan" ensiklopedik toplusunun müəllifidir.
   26 may 1894 - Ədəbiyyatşünas alim, publisist Vəli Məmmədhüseyn oğlu Xuluflu (1894-1938) Şəmkir rayonunun Xuluflu kəndində doğulub. 20-ci illərdə Azərbaycanda latın qrafikalı əlifbanın tətbiqi, digər türkdilli ölkələrdə yayılmasında aktiv fəaliyyət göstərib, «El aşıqları” toplusunu tərtib edib. Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru işləyib. Stalin repressiyasının qurbanı olub.
   26 may 1914 - Xalq yazıçısı, görkəmli nasir və dramaturq İlyas Əfəndiyev (1914 - 3.10.1996) Füzuli şəhərində anadan olub. "Söyüdlü arx", "Körpüsalanlar", "Dağlar arxasında üç dost", “Geriyə baxma, qoca” və s. romanların, povest və hekayələrin, Azərbaycan dramaturgiyasında yeni mərhələ təşkil edən pyeslərin («Atayevlər ailəsində», «Sən həmişə mənimləsən», «Unuda bilmirəm», «Məhv olmuş gündəliklər», «Mahnı dağlarda qaldı», «Natəvan», «Hökmdar və qızı», “Şeyx Xiyabani», «Sevgililərin cəhənnəmdə vüsalı» və s.) müəllifidir.
   26 may 1938 - Şair Adil Rəsul (1938-1997) anadan olub.
   26 may 1941 - Xalq artisti, tanınmış televiziya və radio diktoru Ofelya Hacağa qızı Sənani anadan olub. Uzun illər "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində işləyib, 100-dən artıq filmin qəhrəmanlarını səsləndirib. "Dağlarda döyüş", "Ulduzlar sönmür" bədii, "Bakı bulvarı", "Mücrü" və s. televiziya filmlərində çəkilib.
   26 may 1953 - Tanınmış jurnalist, publisist, tərcüməçi, ədəbiyyatşünas Elmira Hüseyn qızı Axundova anadan olub. "Poliqrafçının ölümü", "Həqiqət anı" və s. kitabların müəllifidir. Azərbaycan yazıçılarının (İ.Şıxlı, B.Bayramov,V.Babanlı, M.Süleymanlı və s.) əsərlərini rus dilinə tərcümə edib. 2005-ci ildən Milli Məclisin deputatıdır.
   
   27 may 1906 - Xalq artisti, rejissor Soltan Baba oğlu Dadaşov (1906-1969) anadan olub.
   27 may 1926 - Xalq şairi, görkəmli nasir Söhrab Tahir (Söhrab Əbülfəz oğlu Tahiri) Cənubi Azərbaycanın Astara şəhərində doğulub. 1946-cı ildə sovet Azərbaycanına gəlib. Onlarla poema, mindən çox şeir, bir sıra roman və povestlər, hekayə və publisistik məqalənin müəllifidir. Kitabları : “Vətənlə sevgi arasında”, “Qonşu qızın məktubları”, “Əmanət” və s.
   27 may 1956 - Böyük şair, dramaturq, ictimai xadim Səməd Vurğun (Səməd Yusif oğlu Vəkilov; 21.3.1906 - 1956) vəfat edib. XX əsr Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindəndir. 20-dən çox poemanın ("Muğan", "Aygün", “Komsomol poeması”, “Zəncinin arzuları” və s.), "Vaqif", "Fərhad və Şirin", “ İnsan” və s. mənzum dramların, dillər əzbəri olan onlarla şeirlərin müəllifidir. A.Puşkinin "Yevgeni Onegin", N.Gəncəvinin "Leyli və Məcnun" (fars dilindən) poemalarını tərcümə edib.
   27 may 1992 - Azərbaycan parlamenti “Azərbaycan Respublikasının Dövlət himni haqqında" qanun qəbul edib. Üzeyir Hacıbəyli və Əhməd Cavadın yazdıqları "Azərbaycan marşı" (1919) Dövlət himni kimi təsdiq edilib. Azərbaycanın himninin yazılması barədə qərar hələ 1920-ci ilin yanvarında Xalq Cümhuriyyəti parlamenti tərəfindən qəbul edilsə də, 1920-ci il 28 aprel işğalı onun icrasına imkan verməmişdi.
   
   28 may 1918 - Tiflisdə Azərbaycan Milli Şurasının iclasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan olunub. Əhməd bəy Ağayevin sədrlik etdiyi iclasda iştirak edən 26 deputatın səsi ilə «İstiqlal Bəyannaməsi» qəbul edilib. Fətəli xan Xoyskinin başçılığı ilə ilk hökumət təsdiqlənib. Hökumətdə «Müsavat» 3, müsəlman sosialistlər 2, «Hümmət» və «İttihad» hərəyə 1 yer almışdı, 2 nəfər bitərəf nazir (o cümlədən F.Xoyski) vardı.
   28 may 1927 - Xalq artisti, tanınmış kamança ustası Habil Mustafa oğlu Əliyev Ağdaş rayonunun Üçqovaq kəndində doğulub. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Yüksək ifaçılıq sənəti ilə yanaşı, 10-dan çox mahnının da müəllifidir. “Qanun naminə” filmində çəkilib, “Dəli Kür”, “Sarı gəlin” filmlərində musiqiləri ifa edib.
   28 may 1947 - Görkəmli bəstəkar, pianoçu, Xalq artisti, professor, Bəstəkarlar İttifaqının sədri (2007) Firəngiz Əliağa qızı Əlizadə Bakıda anadan olub. "Vətən haqqında nəğmələr" oratoriyası, “İntizar”, “Sənin adın dənizdir” operaları, "Ağ atlı haqqında əfsanə" rok-operası, "Üç akvarel" vokal silsiləsi, "Boş beşik" baleti və s. əsərlərin, filmlərə (“Əlaqə”) musiqilərin müəllifidir.
   28 may 2002 - Prezident Heydər Əliyev "İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi haqqında" fərman imzalayıb.
   
   Dünya
   
   25 may 1803 - Amerika şairi, filosof, esseist Ralf Uoldo Emerson (1803-1882) anadan olub.
   25 may 1905 - Ukrayna yazıçı-dramaturqu, akademik, dövlət xadimi Aleksandr Yevdomikoviç Korneyçuk (1905-1972) anadan olub.
   25 may 1942 - Rusiyanın Xalq artisti, tanınmış aktyor Aleksandr Aleksandroviç Kalyagin anadan olub. Azərbaycanda rejissor Rasim Ocaqovun “İstintaq” (SSRİ Dövlət mükafatı), “Bağlı qapı”, “Park”, “Özgə ömür” filmlərinə çəkilib.
   
   26 may 1822 - Fransız yazıçısı Edmon de Qonkur (Edmond Huot de Goncourt ; 1822 - 16.7.1896) anadan olub. Məşhur yazıçı Jül de Qonkurun (1830-1870) böyük qardaşıdır. Fransanın ən nüfuzlu ədəbi təltifi olan Oonkur mükafatı (Prix Goncourt) onların şərəfinə təsis edilib.
   26 may 1842 - Tanınmış gürcü yazıçısı və şairi Georgi Seretelli (1842 -1900) anadan olub. Əsərləri: “İlk addım”, “Asimat xala”, “Boz qurd” və s.
   26 may 1878 - Amerikalı balerina, baletdə modern rəqsin banilərindən biri Aysedora Dunkan (Isadora Duncan; 1878-1927) anadan olub.
   26 may 1894 - Macar əsilli Amerika aktyoru Pol Lukas (Paul Lukas, 1894-1971) anadan olub.
   26 may 1904 - Görkəmli türk şairi və mütəfəkkiri Nəcib Fazil Qısakürək (1904 - 25.5.1983) anadan olub.
   26 may 1908 - Rus yazıçı-dramaturqu Aleksey Nikolayeviç Arbuzov (1908-1986) anadan olub. Əsərləri: “Köhnə dəbli komediya”, “Tanya”, “On ikinci saat” və s.
   27 may 1840 - Məşhur italyan bəstəkarı və skripkaçısı Nikkollo Paqanini (1782-1840) vəfat edib.
   27 may 1922 - Məşhur Amerika kinoaktyoru Kristofer Li (Christopher Frank Carandini Lee) anadan olub. 260-dan çox filmdə (o cümlədən 70-dək qorxu filmi) rol almış aktyor kimi adı “Ginnesin rekordlar kitabı”na düşüb.
   27 may 1956 - İtaliya rejissoru Güzeppe Tornatore (Giuseppe Tornatore) anadan olub. Filmləri: “Yeni kinoteatr “Paradiso” (“Oskar” laureatı), “Malena” və s.
   
   28 may 1740 - Görkəmli rus heykəltəraşı Fedot İvanoviç Şubin (1740-1805) anadan olub.
   28 may 1779 - İngilis şairi, mütəfəkkir Tomas Mur (Thomas Moore; 1779-1852) anadan olub.
   28 may 1877 - Rus şairi, rəssam, ədəbiyyatşünas Maksimilian Voloşin (Kiriyenko) (1877-1932) anadan olub.
   28 may 1908 - İngilis yazıçısı, Ceyms Bond haqqında romanların müəllifi Yan Lankaster Fleminq (Ian Lancaster Fleming; 1908-1964) anadan olub.
   28 may 1934 - Məşhur gürcü aktrisası Liya Eliava (1934-1998) anadan olub. Azərbaycanda “Dəli Kür” (Şahnigar), “Tütək səsi” (Sayalı) filmlərinə çəkilib.
   
   Hazırladı: Vüqar Orxan