Azərbaycan
   
   29 may 1946 - Aktyor, rəssam Elçin Məmmədov (1946- 18.2.2001) anadan olub. Görkəmli sənətkarlar Mehdi Məmmədov və Barat Şəkinskayanın ailəsində dünyaya göz açan E.Məmmədov “Yeddi oğul istərəm” (Mirpaşa), “Dədə Qorqud” (Qaraca çoban), “Dantenin yubileyi” (Səyavuş) və s. filmlərdə çəkilib. Ölkəmizdə, eləcə də Rusiya teatrlarında bir çox tamaşaların rəssamı olub.
   
   30 may 1862 - Böyük satirik şair, maarifçi və mütəfəkkir Mirzə Ələkbər Sabir (1862-1911) Şamaxıda anadan olub. “Molla Nəsrəddin" jurnalında fəaliyyəti Sabirin yaradıcılığının ən yetkin, məhsuldar dövrüdür. Ölümündən sonra (1912) şeirləri «Hophopnamə» adlı topluda nəşr olunub.
   30 may 1930 - Şair, publisist Fikrət Abbas oğlu Sadıq Şamaxı şəhərində doğulub. Uşaqlar üçün çoxsaylı əsərlərin, sənədli filmlərin ssenarilərinin müəllifidir. Kitabları: “İşığın yaşı”, “Göydə nə var”, “Ağ cığır”, “Gözlədiyim ömür” və s.
   30 may 1954 - Tanınmış aktrisa, Xalq artisti Şükufə Mühəddin qızı Yusupova Bakıda anadan olub. 1976-cı ildən çalışdığı Milli Dram Teatrının səhnəsində yaddaqalan rollar oynayıb. “Tütək səsi” (Tutu), “Ad günü” (Rəna), «Asif, Vasif, Ağasif» (Ana), “Tənha narın nağılı” (Mədinə), “Gümüşgöl əfsanəsi” (Səidə) və s. filmlərdə çəkilib.
   30 may 1967 - Tanınmış aktyor, rejissor İsmayıl Mahmud oğlu Əfəndiyev (10.8.1910, Şamaxı - 1967) vəfat edib. “Arşın mal alan” (1945), “Fətəli xan”, “Koroğlu”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Kölgələr sürünür” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb, onlarla xarici filmin Azərbaycan dilinə dublyajında iştirak edib.
   
   31 may 1568 - Klassik Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair Qövsi Təbrizi (1568-1640) anadan olub. Füzuli ədəbi məktəbinin davamçısı kimi Azərbaycan şeirinin inkişafında mühüm rol oynayıb. Divanının iki qədim nüsxəsi London və Tbilisi muzeylərində saxlanılır.
   31 may 1922 - Xalq artisti, görkəmli müğənni Sara Bəbiş qızı Qədimova (1922 - 12.5.2005) Bakıda anadan olub. Əslən Ağdamın Abdal-Gülablı kəndindəndir. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasının, Opera və Balet Teatrının solisti olub, Azərbaycan musiqisinin xaricdə təbliğinə böyük töhfə verib.
   31 may 1929 - Tanınmış bəstəkar, Xalq artisti Oqtay Qədir oğlu Zülfüqarov anadan olub. "Əlibaba və 40 quldur" (balet), "Azərbaycan gəncləri" (oda), uşaqlar üçün çoxsaylı musiqi əsərləri, 300-dən çox mahnının müəllifidir.
   
   Dünya
   
   29 may 1489 - Türk memarlıq tarixinə məşhur tikililərin müəllifi kimi imza atmış memar Sinan (Sinanəddin Yusif-Əbdülmannan oğlu Sinan, 1489-1588) anadan olub.
   29 may 1830 - Fransız yazıçısı Luiza Mişel (Louise Michel, 1830-1905) anadan olub.
   29 may 1874 - Məşhur ingilis yazıçısı, filosof, jurnalist Gilbert Çesterton (Gilbert Keith Chesterton, 1876-1936) anadan olub. Əsərləri: “Əbədi insan”, “Dünyaya nə olub?”, “Şar və xaç”, “Uçan meyxana” və s.
   29 may 1953 - Tanınmış aktyor, Rusiyanın Xalq artisti Aleksandr Abdulov (1953-3.1.2008) anadan olub. Filmləri: “Həmin o Münhauzen”, “Sevdiklərinizdən ayrılmayın”, “Ən məftunedici və cazibədar”, “Məhbəs romansı”, “Günah. Ehtirasın tarixi” və s.
   
   30 may 1778 - Böyük fransız yazıçı-dramaturqu, şair, mütəfəkkir və tarixçi Volter (əsl adı Fransua-Mari Arue, 21.11.1694-1778) vəfat edib. Əsərləri: “Edip”, “Brut”, “Zaira”, “Sezar” tragediyaları, “Zadiq və ya tale”, “Mikromeqas”, “Kandid” fəlsəfi romanları və s.
   30 may 1937 - Məşhur aktyor, Rusiyanın Xalq artisti Aleksandr Demyanenko (1937-1999) anadan olub. L.Qaydayın komediyalarında («Qafqaz əsiri», «I əməliyyatı») Şurik rolu ilə şöhrət qazanıb. Digər filmləri: “İvan Vasilyeviç peşəsini dəyişir”, “Dima Qorinin karyerası” və s.
   30 may 1960 - Rus şairi, “Nobel” mükafatı laureatı (1958) Boris Pasternak (10.2.1890-1960) vəfat edib. Əsərləri: “Doktor Jivaqo” (roman), "Doqquz yüz beşinci il", "Leytenant Şmidt", "Spektorski" (poema), "Bacım həyat", "Erkən qatarlarda" (şeirlər kitabı).
   
   31 may “Tütünsüz dünya günü” kimi qeyd olunur (World No Tobacco Day). 1988-ci ildə Dünya Səhiyyə Təşkilatı tərəfindən təsis edilib.
   31 may 1802 - İtalyan bəstəkarı Çezare Punyi (1802-1870) anadan olub. Uzun müddət Rusiyada yaşayıb, “Qozbel at” baletinin müəllifidir.
   31 may 1887 - Fransız şairi, “Nobel” mükafatı laureatı (1960) Sen-Jon Pers (Saint-John Perse, 1887-1975) anadan olub.
   31 may 1892 - Rus yazıçısı Konstantin Georgiyeviç Paustovski (1892-1968) anadan olub. “Həyat haqqında povest” silsilə kitablarının müəllifidir.
   31 may 1899 - Rus yazıçısı Leonid Leonov (1899-1994) anadan olub. Əsərləri: “Porsuqlar”, “Rus meşəsi” (romanlar); “Canavar”, “Çovğun”, “Adi adam” (pyeslər) və s.
   31 may 1930 - Məşhur Amerika aktyoru və kinorejissoru Klint İstvud (Clinton Elias Eastwood) anadan olub. “Çağırılmamış”, “Balaca üçün milyon” filmlərinə görə “Ən yaxşı rejissor” nominasiyasında “Oskar” mükafatına layiq görülüb. 
   
   Hazırladı: Vüqar Orxan