Kabus illərin salnaməsi
   
   
   Və ya yox olmaq arzusu ilə
   
   Milli məfkurəmizin təməlini təşkil edən əndər ziyalılarımızın yaxın dostu, sirdaşı, məsləkdaşı kimi çətin, şərəfli, bəzən isə acı tale qisməti yaşayan qadınlarımız çox olub. Ötən əsrin əvvəlində cəhalət, din pərdəsi altındakı arxaik baxışlar, qadınların yalnız məişətə məhkumluğu kimi cəfəng təfəkkürün hakim olduğu bir dövrdə Azərbaycanın ictimai-mədəni həyatında parlaq düşüncəsi, demokratik təfəkkür tərzi və ən əsası millətçi ruhu, ictimai-siyasi fəaliyyəti ilə seçilən qadınların da adları hallanmağa başladı. Dövlət quruculuğunda, elm, maarif, mədəniyyət sahəsində qadınların söz haqqını, fikir azadlığını müdafiə edən belə xanımlar arasında bir ad tez-tez eşidilirdi:
   
   Göylü qızı
   
   Gülarə İbrahim Xəlil qızı Qədirbəyova 1903-cü ildə Nuxa (Şəki) qəzasının Baş Göynük kəndində, molla ailəsində anadan olmuşdu. Dövrün imkanları çərçivəsində atası ona yalnız ibtidai təhsil verə bilmişdi. Amma bu təhsil ona yeni cəmiyyətdə addımlar atmaq üçün kifayət etmiş, gələcək taleyinə işıq salmışdır. Təsadüfi deyil ki, Gülarə ətrafındakı həmyaşıdlarından ötkəmliyi, azad düşüncəsi, fikirlərini dürüst, sərrast və çəkinmədən ifadə etmək qabiliyyəti ilə seçilərmiş. Hətta anası qızının bu sərbəst düşüncə tərzindən narahat olarmış. Gənc Gülarə də bunu sezir, anasının narahatlığına təbəssümlə cavab verirmiş. Bütün bu yaşantılar fonunda onu bir şey maraqlandırırdı - mükəmməl təhsil almaq və xalqına, millətinə, heç olmasa, doğma kəndinin insanlarına xeyir vermək. Elə bu amalla da gənc qız 1920-ci ildə Şəkidə fəaliyyətə başlayan pedaqoji kursu bitirərək müəllim kimi doğma kəndinə qayıdır, kiçik qızlara savad öyrətməyə başlayır. Qızların məktəbə, təhsilə cəlb edilməsinin çətin olduğu o günlərdə gənc müəllimə hər gün sinif otağına daxil olarkən uşaqları ürəyində həyəcanla sayar, dərsə gəlməyən qızların evinə gedərək uşağın məktəbə buraxılması üçün valideynlərinə dil tökməkdən bezməzmiş.
   
   Məktəb divarları onu sıxmağa başladı
   
   Təbii ki, buna səbəb onun içindəki coşqun hisslər, ona bir an belə rahatlıq verməyən arzular idi. Əslində bir gənc xanım üçün XX əsrin təlatümlü illərində kənd məktəbində müəllimə olmaq böyük cəsarət idi. Amma bütün bunlar daim yeniliyə, irəliyə və qlobal anlamda inkişafa can atan gənc qadın üçün az idi. O ictimai həyata qaynayıb-qarışmaq, yeni həyat yollarında öz izlərini qoymaq istəyirdi. Məhz bu istək zərif, gözəl xanımı qadın azadlığı uğrunda mübarizənin ən qaynar axarına salmışdı. Gülarənin bu amalları artıq hər kəsə bəlli idi. Yaşadığı mühitdə də məhz bu keyfiyyətləri ilə seçilən gənc pedaqoq tezliklə ictimai-siyasi fəaliyyətə cəlb olunmuş, 20 yaşında qəza qadınlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmişdi. 1927-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi (respublika hökuməti - red.) Qadınlar şöbəsinin müdiri təyin edilir. Qadın azadlığı ideyasını, sərbəst düşüncə tərzini daha geniş yaymaq, bütün cəmiyyətə təbliğ etmək üçün tez-tez mətbuat səhifələrində də çıxış edirdi. «Şərq qadını» jurnalı nəşrə başlayanda 20 yaşlı Gülarə onun ilk xanım müxbirlərindən biri olur, yazıları ilə məşhurlaşır.
   
   Bu hələ başlanğıc idi
   
   Qabaqcıl həyat mövqeyi, öz fikri, düşüncəsi olan bu mübariz xanım “Göylü qızı” təxəllüsü ilə yazdığı məqalələrində alovlu publisist kimi tanınmış, diqqəti özünə cəlb edə bilmişdi. İşləməkdən zövq alan, yorulmaq nə olduğunu bilməyən azadlıq carçısı az sonra «Şərq qadını» jurnalının baş redaktoru olmuş, qadınların mətbuat, söz azadlığı uğrunda mübarizələrinin önündə getmişdir. Gülarə xanım 1930-1937-ci illərdə o zaman bütün ittifaqda şöhrət qazanmış Əli Bayramov adına Mərkəzi Qadınlar Sarayının da direktoru vəzifəsində çalışmış, Azərbaycan qadınlarının mədəniyyətin ən müxtəlif sahələrində təmsil olunmasına can atmışdır. Bir müddət Azərbaycan Xalq Maarif Komissarlığının kütləvi mədəni-maarif işləri üzrə şöbəsinin rəhbəri vəzifəsini də icra edərək respublikanın tərəqqisi işində xidmətlər göstərmişdir.
   Böyük millət sevgisi, xalq məhəbbəti və ruhunu əsir alan azadlıq arzuları onu respublikadan kənarda da tanıtmış, qəzet yazılarının, jurnal məqalələrinin qəhrəmanına çevirmişdi. SSRİ-nin aparıcı mətbu orqanı olan «Pravda» qəzetinin 1936-cı il 7 yanvar tarixli sayında Göylü qızı haqqında maraqlı oçerk dərc edilmişdi.
   
   Birdən hər şey alt-üst oldu
   
   Onu gözü götürməyənlər də çox idi. Bir azərbaycanlı qadının azad ruhundan, demokratik düşüncəsindən və mübarizliyindən qorxuya düşənlər peyda olmağa başladı. Məşum repressiyanın iti nəzərləri Gülarə xanımı da aldı. Sadəcə, xalqını sevmək, onun insanlarının maariflənməsi üçün çalışan bir zərif qadının etdikləri və edə biləcəkləri millətçilik, antisovet təbliğatı kimi dəyərləndirildi. Və bu cəfəng ittihamlar nəticəsində o da adının üzərindən qara xətt çəkilənlərin siyahısına daxil edildi. “Səbəb” də tapılmışdı. 1936-cı ildə Əli Bayramov adına Mərkəzi Qadınlar Sarayının 15 illiyi ilə əlaqədar Göylü qızı Gülarənin redaktəsi ilə nəşr olunmuş "Bir sarayın tarixi" kitabı millətçilik ruhunda yazılmış əsər kimi ciddi tənqid edildi və tezliklə yuxarı dairələrin gündəminə çevrildi. Amma səbəb təbii ki, təkcə bu deyildi. Gülarə xanımın Hüseyn Cavid, Əhməd Cavad, Seyid Hüseyn kimi millətsevər ziyalılarla dostluq əlaqələrinin olması da suç kimi önə çəkilir, «əksinqilabçı təşkilatın fəal üzvü» kimi ittiham olunurdu.
   Respublika kommunal təsərrüfat komissarı Həmid Sultanovun dindirilməsi zamanı təzyiq altında alınan böhtançı ifadələrdə Göylü qızı Gülarənin də əks-inqilabçı təşkilatın üzvü olması göstərilmişdi. Guya o, 1937-ci ilin oktyabrında güllələnmiş İbrahim Tağıyev tərəfindən əks-inqilabi təşkilata cəlb olunmuşdur. 1938-ci il iyulun 23-də Göylü qızının həbsi barədə order verilir, üç gün sonra isə o, İsmayıllı rayonunun Basqal kəndində anasının dəfn mərasimində həbs olunur.
   
   İttihamları rədd etsə də...
   
   1938-ci il noyabrın 21-dək 4 dəfə dindirilən Gülarə xanımı müttəhim etmək, «günahını sübuta yetirmək» o qədər də asan olmamışdır. Hər ifadəsində bu cəfəng ittihamlara rədd cavabı verən xanım daim «Mən heç bir əksinqilabçı təşkilatda olmamışam. Azərbaycanda olan millətçi təşkilatla heç bir əlaqəm olmayıb və bu təşkilat haqqında mən qəzetlərdən bilmişəm. Haqqımda olan ifadələrə gəlincə, mən onların hamısını rədd edirəm. Məni əksinqilabçı kimi təqdim edən Həmid Sultanovu mən məsul işçi kimi tanıyırdım, o mənə böhtan atır. Mizə Məmməd Qasımova gəlincə, o, mənə kinli idi, bəlkə də buna görə haqqımda belə böhtanlar yayır. Bir daha bütün məsuliyyətimlə deyirəm ki, mən heç bir əksinqilabçı təşkilatın üzvü olmamışam», - deyirdi. Hər dindirmədə təxmini eyni cavablar verən və çarəsiz şəkildə «Mən partiyanın namuslu və sadiq üzvü olaraq qalıram» deyən Gülarə xanımın etirafları nəzərə alınmır və ədalətsiz qərar çıxarılır.
   Cəfəng iddialar və böhtan ifadələrlə şişkin ittiham aktını yenidən nəzərdən keçirən müstəntiqlər 1939-cu il yanvarın 20-də Gülarə xanımın cinayət işi ilə bağlı istintaqın bitməsi haqqında protokol tərtib edirlər. Orada göstərilir: «Qədirbəyova Gülarə xanım İbrahim Xəlil qızı müqəssirdir. O, əksinqilabi-millətçi təşkilatın fəal üzvü olaraq həmin təşkilatın üzvləri ilə əlaqə saxlayırdı. O, Azərbaycan K(b)PMK rəhbərliyini hörmətdən salmaq üçün millətçi söhbətlərdə iştirak edirdi və əksinqilabi iş aparırdı. Ona görə də Azərbaycan SSR CM-in 72 və 73-cü maddələri ilə cinayət məsuliyyəti daşıyır. Qədirbəyova özünü müqəssir bilmir. Təqdim olunan ittihamın sübut olunmasını nəzərə alaraq həmin işin baxılması SSRİ Xalq Daxili İşlər Komissarı yanında olan Xüsusi Müşavirəyə verilsin...».
   Xüsusi Müşavirənin 1939-cu il 9 iyun tarixli qərarına əsasən Qədirbəyova Gülarə İbrahim Xəlil qızı 5 il müddətinə həbs düşərgəsinə göndərilmişdir. “Xalq düşməni” damğası ilə həyat yoldaşı Asəf Rəhmanovu (1938-ci il yanvarın 3-də güllələnmişdir) və qardaşı Kərim Qazıyevi (Müsavat Partiyasının fəal üzvü kimi sürgün edilmişdir) də itirən bu qadın, sadəcə, yox olmaq, baş verən dəhşətləri görməmək üçün qeyb olmaq istəyirdi. Bəlkə elə ona görə də…
   
   Ölümü də müəmma oldu
   
   Beləliklə, Xüsusi Müşavirənin 1939-cu il 9 iyul tarixli (protokol №14) qərarı ilə Göylü qızı Gülarə Sibirə sürgün edilir. Bəzi mənbələrdə onun 1942-ci ildə Sibir sürgünündə dünyasını dəyişməsi qeyd olunur.
   Amma bu fakt özü mübahisəlidir. Digər bir fakt göstərir ki, Gülarə xanımın sonrakı taleyi naməlumdur. Belə ki, 1950-ci il oktyabrın 4-də Azərbaycan DTK-nın 5-ci şöbəsinin 3-cü bölməsinin rəisi, podpolkovnik Ələkbərov polkovnik Kərimovun adına belə bir raport yazır: «1942-ci il may ayında məhbus Qədirbəyova Gülarə İbrahim Xəlil qızı Sibir lagerlərindən (Marinskidən) yox olub və onun indi harada olduğu məlum deyil. Qədirbəyova Gülarə DTK və SSRİ Prokurorluğunun 1948-ci il 28 oktyabr tarixli qərarına görə yenidən həbs olunmalıdır. Xahiş edirəm, Qədirbəyovanın axtarılmasına sərəncam verəsiniz. Kərimov məktuba belə bir dərkənar yazır: «Axtarış elan edilsin. Həbs müddəti qurtarandan sonra Qədirbəyova yox olub və olduğu yer müəyyən edilməyib, faktiki olaraq Qədirbəyova axtarılmalı, tapılmalı və yeri müəyyən edildikdən sonra həbs olunmalıdır».
   Məhz bu məktub Gülarə xanımın ölümü ilə bağlı fikri bir növ təkzib edir. Onda belə bir sual yaranır: Gülarə xanım haradadır?
   1957-ci il oktyabrın 30-da Azərbaycan SSR Ali Məhkəməsi Gülarə Qədirbəyova haqqında 1939-cu il 9 iyul tarixli qərarı ləğv etmiş və ona bəraət verilmişdir. Lakin bu gecikmiş bəraət sönmüş bir ömrün, naməlum bir taleyin, acı sonluğun saysız suallarını cavabsız qoymuşdur. Gah sürgün düşərgəsindən yox olduğu, gah da sürgündə vəfat etdiyi bildirilən nisgilli taleli xanımdan geriyə qalan isə adı və əməlləri oldu. İndi Şəkinin Baş Göynük kəndindəki 1 saylı orta məktəbə gələnlər onu haqqında qısa məlumatın əks olunduğu kiçik lövhə ilə xatırlayırlar...
   
   Həmidə Nizamiqızı